Ombudsmanın nümayəndələri Ə.Zeynallı ilə görüşüblər

05.01.2011

İşgəncələr əleyhinə preventiv mexanizmin funksiyalarının icrası məqsədi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Bakı İstintaq Təcridxanasında olublar. Onlar saxlanılanlarla söhbət apararaq, həmin şəxslərə malik olduqları hüquqları izah ediblər. Ombudsmanın nümayəndələri bu müəssisədəki şərait, həmçinin saxlanılmanın qanuniliyini təsdiq edən sənədlərlə də tanış olublar.
Söhbət aparılan şəxslər saxlanma şəraitindən, müəssisələrin rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan narazı olmadıqlarını bildiriblər.
Ombudsman Aparatının əməkdaşları Nəsimi rayon məhkəməsinin 3 aylıq hökmü ilə, saxta ittihamla Bakı İstintaq Təcridxanasında saxlanılan «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə də görüşüblər. Təcridxana rəhbərliyinin də iştirak etdiyi görüşdə Əvəz Zeynallı saxlanılma şəraitindən narazı olmadığını bildirib. Bununla yanaşı qeyd edib ki, haqqında istintaq işi gedən şəxslər məhkəmələrə aparılarkən 10 nəfərlik «voronok»larda təxminən 20-30 nəfər daşınır, maşınların kondisioner sisteminin işləməməsi nəticəsində təxminən saatyarımlıq yolu isnanlar soyuqdan üşüyərək gəlməli olurlar. Digər tərəfdən, məhkəmələri günorta saatlarında keçiriləcək saxlanılan şəxslər səhər saat 8.00-dan «voronok»larla məhkəmələrə daşınır və onlar təxminən 6-7 saat məhkəmənin vaxtını qeyri-normal şəraitdə gözləməli olurlar. Əvəz Zeynallının sözlərinə görə, «qandalların qabaqdan və ya arxadan bağlanması da, məqsədli prinsipiallıqla rüşvət obyektinə çevrilib. Bir çox hallarda insanlar heç bir səbəb olmadan mühafizəçilər tərəfindən qeyri-insani rəftarla rastlaşmalı olurlar. Onların kobud hərəkətləri, saxlanılan şəxsləri təxribata sürükləmələri bir çox hallarda mənasız narazılıqlarla başa çatır. O baxımdan mühafizəçilərin vəzifə səlahiyyətlərini onlara dönə-dönə əzbərlətmək, qanuna riayft etmələrini anlatmaq heç də pis olmazdı. Daha sonra təcridxanadakı tibbi xidmət məsələsinə də toxunan ombudsman nümayəndələrinə Ə.Zeynallı bildirib ki, tibbi xidmət normal səviyyədədir, lakin lazım olan zaman şəhərdən mütəxəssis dəvət etmək problem yaradır. Qeyd edək ki, Ə.Zeynallının bu iradından bir-iki gün sonra onu narahat edən problemlərin müayinəsi üçün təcridxanaya şəhərdən mütəxəssis həkim gəlib.
Sonda nümayəndələr saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr veriliblər.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button