Orxan Kərimli dəfn olundu – VİDEOREPORTAJ

Orxan Kərimli dəfn olundu - VİDEOREPORTAJAnası Elza Kərimova: “Ondan sonra yaşaya bilməyəcəyəm…”

İyulun 21-də Təhsil Nazirliyinin maliyyə şöbəsinin keçmiş müdir müavini, şair Əli Kərimin oğlu Orxan Kərimli ilə vida mərasimi keçirilib. Mərhum “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində  media və ictimaiyyət nümayəndələri iştirak edib. 
Mərhumun qardaşı Paşa Əlioğlu “Yeni Müsavata”a  deyib ki, fevral ayında Orxanda xərçəng xəstəliyi aşkar edilib: “Müalicəsi üçün əlimizdən gələni elədik. Artıq gec idi. Xərçəng bütün bədəninə yayılmışdı. Son 2 həftə yataq şəraitində qaldı”.
Mərhumun anası Elza Kərimova hələ də oğlunun həyatda olmadığına inana bilmədiyini dedi: “Ürəyindən əməliyyat keçirmişdi. Üç dəfə stend qoyulmuşdu Orxanın ürəyinə. Əvvəl bilmirdim xəstə olduğunu. Heç özünün də xəbəri yox idi. Sağlam idi. O düz eləmədi, kəfənimi əlimdən aldı. Ondan sonra yaşaya bilməyəcəyəm…”
Müsavat Partiyasının üzvü Tural Abbaslı xatirələrini belə bölüşdü: “Orxan Kərimli ilə Kürdəxanı təcridxanasında eyni vaxtda olmuşuq. Onu həmin dövrdə saxta ittihamla həbs etmişdilər. Biz neçə ay məhbəs dostu olmuşuq. 15 yaş kiçik olduğuma görə məsləhətlər verərdi mənə. Məhbəsdə olduğumuz zaman siyasətdən, iqtisadiyyatdan danışardıq. Zamanında siyasətlə də məşğul olmuşdu. O dönəmdə də, Orxanın ürəyində problemi var idi. Yəqin həbs dönəmindədə həmin problemlər qalıb. Allah rəhmət eləsin. Ailə üzvlərinə bir daha başsağlığı verirəm. Son qəmləri olsun.”
 
Xatırladaq ki, Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin sabiq müdir müavini Orxan Kərimli 2011-ci il iyunun 6-da həbs olunmuşdu. Ona Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma – passiv rüşvətxorluq) maddələri ilə ittiham irəli sürülmüşdü. Orxan Kərimli ittihamları böhtan adlandırırdı və günahsız olduğunu deyirdi. Səhhəti ilə bağlı azadlığa buraxılan O.Kərimli 2012-ci il iyunun 27-də Mərkəzi Klinikada üçüncü dəfə ürəyindən əməliyyat olunmuşdu. Qeyd edək ki, mərhumun iki övladı, 14 yaşlı oğlu və 5 yaşlı qızı var. 
Allah rəhmət eləsin.











Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button