Ötən il 8 jurnalist cinayət təqibinə məruz qalıb

23.12.2011

Media Hüququ İnstitutu (MHİ) dekabrın 23-də “2011 – Azərbaycanda İfadə Azadlığı” hesabatını açıqlayıb. Hesabatın təqdimatı RATİ-Azərbaycan Media Mərkəzinin mətbuat mərkəzində keçirlib. Hesabatı Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı və MHİ-NİN koordinatoru Xalid Ağaliyev təqdim ediblər. Mərasimdə Turan İA-nin rəhbəri Mehman Əliyev, jurnalistlər Şahvələd Çobanoğlu, Rövşən Hacıbəyli, Üzeyir Cəfərov və digər qonaqlar da çıxış ediblər.

“2011 – Azərbaycanda İfadə Azadlığı” hesabatının qısa özəti:

Hesabat 6 bölümdən ibarətdir. Birinci bölüm hesabatın metodologiyasını, 2-ci bölüm 2011-ci ildə Azərbaycanda ifadə azdlığı hüququ kontekstində baş verən nəzərəçarpan olayları əhatə edir. Üçüncü bölümdə məhkəmə işləri, dördüncü bölümdə fiziki, psixoloji basqı hallarının şərhi yer allıb. Beşinci bölüm internet azadlığının, altıncı bölümsə teleradio düzənlənməsinin durumu kontekstində 2011-ci ildə baş verən olaylardan bəhs edir. Sənədin sonunda tövsiyyələr əksini tapıb. Hesabatın hzırlanmasına ABŞ-ın İREX təşkilatı, Britaniya FCO və ATƏT dəstək verib.
Hesabatın önəmli olaylar bölümündə publisist-yazar Rafiq Tağının qətlə yetirilməsi, həmin qətlin, eləcə də 2005-ci ildə öldürülən Elmar Hüseynovun qatillərinin hələ də tapılmadığı vurğulanıb. Ötən ilin nəzərəçarpan olayları sırasında Ölkə Parlamentinin Cinayət Məcəlləsinə dini təyinatlı ədəbiyyat, əşya və dini məzmunlu başqa məlumat materiallarının ölkəyə gətirilməsinə, yayımına görə ağır cəzalar nəzərdə tutan əlavələr etməsi də yer alıb. Bu əlavələrin Ölkə Konstitusiyanın tələbləri və Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsi ilə təmin edilən ifadə azadlığı haqları ilə daban-dabana ziddiyyət təşkil etdiyi vurğulanıb. Həmin bölümdə “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin qurucusu və baş redaktoru Eynulla Fətullayevin 4 il 1 aydan artıq həbsdən sonra azadlığa çıxması, il boyunca fəal gənclərin basqılara məruz qaldığı, Bəxtiyar Hacıyev, Cabbar Savalan, Dəyanət Babayev, Rəşadət Axundov, Səxavət Soltanlının, habelə Milli Azadliq Hərəkatının fəallarından olmuş Nemət Pənahlının qurama olduğu şübhə doğurmayan ittihamlarla həbs edildiyi də yer alıb. Hesabatda jurnalistlər barəsində cinayət təqiblərinin artması, hökuməti tənqid edən professor Rafiq Əliyevin Azərbaycan Dövlət Neft Akademiyasından uzaqlaşdırılması, tənqidçi veb-resurslara görünməmiş kiberhücumlar ölkədə ifadə azadlığını hədələyən tendensiyalar kimi dəyərləndirilib.
Hesabatın 3-cü bölümündə məhkəmə işlərinin detallı statistikası yer alıb. Ötən bir ildə ifadə azadlığı məzmunlu 60-dan artıq məhkəmə prosesi davam edib. Həmin işlərin 32-i defamasiya (nüfuzun qorunması) ilə bağlı olub. 2011-ci ildə mediaya, jurnalistlərə qarşı böhtan və təhqirə görə, azı 32 iddia və şikayət irəli sürülüb. 2011-ci ildə 8 jurnalistin yazılarına, ifadələrinə görə cinayət məsuliyyətinə cəlb edilməsi istənilib. Bakı şəhər Baş Polis İdarəsinin rəisi “Bizim Yol” qəzetinin əməkdaşı Hacı Zeynalovun və vəkil Xalid Bağırovun, Qafqaz Müsəlmanları İdarəsi rəhbərinin Lənkəran şəhər nümayəndəsi Qəni Axundzadə “Xural” qəzetinin əməkdaşı Aydın Caniyevin, iş adamı Mustafa Tayat “Polit-press” qəzetinin baş redaktoru Ədalət Nəbibəylinin, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev “Yeni qəzet”in redaktoru Yaqub Muradzadənin, Müdafiə Nazirinin müavini Cənab Çingiz Məmmədov “Yeni Müsavat” qəzetinin əməkdaşının, Azərbaycanın Ordu Korpuslarından birinin qərargah rəisi cənab Heydər Piriyev “Yeni Müsavat” qəzetinin əməkdaşının, Şirvan şəhər sakini Meymənət Rzaquliyeva “Kriminal” qəzetinin redaktoru Aqil Hüseynovun həbs olunmasını tələb edib.
2011-ci ildə defamasiya iddia və şikayətləri əsasən tənqidi məzmunu ilə seçilən “Yeni Müsavat” və “Xural” qəzetlərinə yönəlib.
Ötən il qaldırılan defamasiya iddiaları ilə jurnalistlərdən 2 700 000 AZN-dən artıq təzminat istənilib. Jurnalistlərin üzərinə ümumilikdə 46 200 AZN-dən artıq təzminat ödəmək vəzifəsi qoyulub. Təzminat yükü “Yeni Müsavat” və “Xural” qəzetlərinin üzərinə qoyulub. Hesabata görə, defamasiya iddia və şikayətlərinin müəllifləri adi vətəndaşlar deyillər. 2 iddiaçı istisna olmaqla digər iddiçı və xüsusi ittihamçıların hamısı ictimai fiqurlardır. Onların əksəriyyəti məmurlar və millət vəkilləridir – Bakı şəhər Baş Polis İdarəsinin rəisi, millət vəkilləri Cəlal Əliyev, Novruz Aslan, Etibar Hüseynov, Prezident Adminstrasiyasının rəhbəri Cənab Ramiz Mehdiyev, KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri Cənab Vüqar Səfərli, Azərbaycanın Nəqliyyat nazirinin oğlu Cənab Anar Məmmədov, Yasamal, Hacıqabul rayon İcra Hakimiyyəti başçıları, Dövlət Gömrük Komitəsinin işçisi, Müdafiə Nazirinin müavinləri və s. Digər iddiaçı və şikayətçilər monopol müəsisə rəhbərləri olan tanınmış iş adamları, müğənnilərdir.
Qeyd olunan 32 iddia və şikayətə baxarkən məhkəmələr ümumilikdə 70-dən çox qərar veriblər. Həmin qərarlardan yalnız bir neçəsi defamasiya iddia və şikayətlərini əsassız sayıb. Digər qərarların hamısı defamasiya məzmunlu iddia və şikayətlərə haqq qazandırıb. Məhkəmə qərarlarının heç birində Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququna, AİHM-nin Azərbaycanla bağlı ifadə azadlığı hüququnun pozuntusunu tanıyan qərarlarına istinad olunmayıb.
Ötən il 8 jurnalist cinayət təqibinə məruz qalıb. Sərt siyasi tənqidləri ilə seçilən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı millət vəkilinin şübhəli ittihamı ilə həbs olunub. “Xural” qəzetinin əməkdaşı Aydın Canıyevi isə xuliqanlıq ittihamı ilə Lənkəranda həbs ediblər. “Xural” qəzeti sıradan çıxarılıb, qəzetin əmlakı qanunsuz müsadirə edilib, bütün nəşriyyatlar qəzetin çapından imatina ediblər. Qəzet kollektivinin başqa adda qəzet nəşr etməsinə də imkan verilməyib. Dini məzmunlu islamazeri.az xəbər portalının redaktoru Ramin Bayramovu da həbs olunub, o, narkotik maddə saxlama və qanunsuz olaraq silah saxlamada ittiham olunub. “Gündəm xəbər” qəzetinin təsisçisi və redaktoru Şirin Cəfəri vergidən yayınmada, naxçıvanlı jurnalist Həkimeldostu Mehdiyev təbii qazı, elektrik enerjisini, istilik enerjisini talamada, müstəqil jurnalis Elnur Məcidli dövlət əleyhinə açıq çağırışlarda, “Güzgü” qəzetinin əməkdaşı Kamran Bəyəliyevsə sağlamlığa zərər vurmada ittiham edilib.

Hesabatın 4-cü bölümündə fiziki, psixoloji basqılar, hədələmə halları yer alıb. Həmin bölümdə 2011-ci ildə 72 jurnalistin ən azı 90 dəfə fiziki basqıya, psixoloji təhdidə məruz qaldığı vurğulanıb. Belə basqılara əsaən “Xural”, “Azadlıq”, “Yeni Müsavat”, “Bizim Yol” qəzetlərinin, “Azadlıq” radiosunun, “Turan” İnformasiya Agentliyinin, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşları məruz qalıblar. Ötən il6 əcnəbi jurnalist də Azərbaycanda basqı ilə üzləşib. Hüquq mühafizə orqanları “Vaşinqton post” və “Nyu-York tayms” qəzetləri ilə əməkdaşlıq edən amerikalı jurnalist Amanda Erikson və Böyük Britaniyadan olan hüquq müdafiəçisi Silya Devisi döyənləri tapıb, onlar barədə cinayət işi başlanıb, qalan hallarda jurnalistlərə basqı edənlər barədə heç bir tədbir görülməyib. Jurnalistlər əsasən kütləvi aksiyalardan, açıq toplantılardan bilgi toplayarkən, reportaj hazırlayarkən təzyiqə məruz qalıblar. Jurnalistlər kütləvi aksiyalardan bilgi yığarkən 60 dəfədən artıq təzyiqə məruz qalıblar. 11 halda onların peşə aıətləri əllərindən alınıb və ya yararsız hala salınıb. 6 halda jurnalistlər zorla avtomobilə əyləçdirilərək şəhər ucqarlarına aparılıblar
Sənədin 5-ci bölümü “İnternet və ifadə azadlığı” adlanır. Həmin bölümdə Azərbaycanda domen qeydiyyatının inhisarda olduğu, inhisarçı Network Texnologies Şirkətinin bu işi daha effektiv vasitələrlə reallaşdırmadığı qeyd olunur. Hesabata görə, Azərbaycanda internetdən istifadəni məhdudlaşdıran xüsusi hüquqi mexanizmlər, qanunların mövcud olmadığı, provayderlərə lisenziya tələbi də qoyulmadığı vurğulanır. Bununla belə kibercinayətkarlıqla bağlı müvafiq qurumlar yaradılsa da onların fəaliyyəti barədə toplumun bilgiləndirilmədiyi, tənqidçi veb-resursların aramsız hücumlara məruz qalmasına rəğmən həmin qurumların gərəkən addımları atmadığı qeyd edilir. Ölkədə internet təhlükəsizliyini təmin etməli olan qurumlar demək olar ki, formal olaraq yaradılıb. Həmin qurumların internet saytların dağıdılması, xüsusən media quruluşlarının veb səhifələrinə kiber hücumların araşdırılmasında fəaliyyəti nəzərə çarpmır. Həm Milli Təhlükəsizlik, həm də Daxili İşlər Nazirlikləri kiber hücuma məruz qalan veb səhifələrin adminstratorlarının araşdırma müraciətlərinə baxmır. Hesabatın “Teleradio düzənlənməsi” bölümündə ötən ilin əsas olaylarının milli teleradio məkanına daha bir telekanal və 103.3 fm tezliyində yayımlanacaq yeni radionun gəlməsi olduğu bildirilir. “Az TV-yə verilən 44-cü tezlik resursu üzərindən Mədəniyyət kanalının yayımına başlanıb. Az TV-nin yeni telekanalının yayıma başlaması Azərbaycanda teleradio sahəsini düzənləyən qanunların pozuntusu fonunda baş verib. “Televiziya və radio yayımı haqqında” Qanunun 15-ci maddəsinə görə, “yayım üçün xüsusi razılıq (lisenziya), dövlət və ictimai teleradio yayımı istisna olmaqla, müsabiqə əsasında verilir”. Qanuna görə, yayım tezlikləri özəl və bələdiyyə yayımçıları üçün müsabiqə qaydasında verilə bilər. Son müsabiqənin qalibi elan edilmiş Az TV özəl və bələdiyyə quruluşu deyil. Bu baxımdan Az TV-yə yeni telekanal açması üçün müsabiqə əsasında tezlik resursunun verilməsi qanunsuz olub. Sözügedən müsabiqədə Az TV-nin iştirakı da qanuni olımayıb. Azərbaycan qanunvericiliyi teleradio yayımına məhdudiyyətlər müəyyən edir. “Televiziya və radio yayımı haqqında” Qanuna görə, “kabel şəbəkəsi ilə yayım və xarici ölkələrə yayım istisna olmaqla, bir teleradio yayımçısı, həmçinin onun struktur bölmələri televiziya ilə iki, radio ilə üç proqramdan artıq yayımla məşğul ola bilməz”. Bu baxımdan Az TV-nin tezlik resursları əldə etmək limiti hələ İdman Azərbaycan kanalı üçün tezlik resursu əldə edərkən, 2008-ci ildə bitmişdi. Qanunvericilik heç bir yayımçıya 3-cü tezliyə yiyələnmək imkanı vermir. Ancaq Şura Az TV-yə belə bir qanunsuz imkan yaradıb. Hazırda Az TV üç tezliklə yayımlanan ayrı-ayrı kanallara sahibdir. Belə sahiblik inhisarçılıqdır, “Televiziya və radio yayımı haqqında” Qanunun 5-ci maddəsinin ciddi pozuntusudur. Milli Teleradio Şurasının 103.3 fm tezlik resursu üzrə elan etdiyi müsabiqənin yekunları da ciddi hüquqi mübahisələr doğurub” deyə sənəddə vurğulanır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button