Özünü ülgüclə doğrayan məhkumun ölüm ayağında olduğu deyilir

Yan Raznobarski

Həyat yoldaşı: “Cənab prezident, vitse-prezident müdaxilə etməsə, Yan öləcək”

“Yan prezidentin və ya vitse-prezidentin onun işinə müdaxilə etməsini tələb edir. Özünü aprelin 29-da doğrayıb. Barəsindəki qanunsuz məhkəmə hökmünə etiraz edir. Mayın 2-dən ölüm aclığı keçirir. Hazırda Penitensar Xidmətin Müalicə Müəssisəsindədir. Müdaxilə olmasa, o, öləcək” – məhbus Yan Raznobarskinin həyat yoldaşı Sofiya Xaliman belə deyir.

Yan qanunsuz hökmə etiraz edir

Onun sözlərinə görə, həyat yoldaşı barəsindəki hökmə etiraz olaraq aylardır ki, aclıq aksiyası keçirir:

“Həbsdə olduğu müddətdə özünə 5 dəfə qəsd edib. Tələb edir ki, əməli düzgün tövsif olunsun. O, tanıdığı, işgüzar münasibətdə olduğu şəxsə ehtiyatsızlıqdan atəş açıb. Amma barəsində həmin maddə ilə deyil, qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlayıb, 15 il 6 ay müddətinə azadlıqdan məhrum ediblər. Yan bu qanunsuz, əsassız, olduqca sərt hökmə etiraz edir. Cənab prezident, vitse-prezident müdaxilə etməsə, o, öləcək”.

Zərərçəkən Yandan şikayətçi deyil

Sofiya Xaliman deyir ki, həyat yoldaşının atəş açdığı şəxs sağdır və ondan şikayətçi deyil:

“Həmin adam məhkəmədə də dedi ki, Yandan şikayətçi deyil. Amma Yanla istintaqçılar arasında mübahisə olduğuna görə ona sərt ittiham verdilər. Yanın barəsində sərt ittihamın verilməsində Səbail rayon prokurorunun müavini Əhməd Məmmədovun da əli var. Vaxtilə Yanın tikinti briqadası onun üçün villa tikib. O vaxt aralarında mübahisə yaranıb. Yan barəsində əsassız olaraq cinayət işi başladıb. Sonradan iş məhkəməyə göndərilib və Yan bəraət alıb. O dövrdən Əhməd Məmmədov Yanla düşmənçilik aparıb. Hazırda da səlahiyyətlərindən istifadə edib onun ağır şəkildə cəzalandırılmasına nail olub. Biz bu haqda bütün dövlət orqanlarına yazmışıq. Sanki müraciətlərimiz dibsiz quyuya gedir. Yan barəsindəki qanunsuz hökmlə razılaşmayacaq. Mən prezidentdən və vitse-prezidentdən dönə-dönə xahiş edirəm, müdaxilə etsinlər, Yanın həyatını xilas etsinlər”.

Ülgüclə damarlarnı kəsib

Sofiya Xaliman deyir ki, Yan Raznobarski saxlanıldığı cəzaçəkmə yerlərində 5 dəfə intihara cəhd edib. Mayın 1-də, səhər 9-un yarısında növbəti dəfə ülgüclə boğazının damarlarını kəsib. Bundan əvvəl isə videomüraciət yayıb. O, videomüraciətində qeyd edir ki, üzləşdiyi ədalətsizliklər onu canına qəsd etməyə sövq edir. Məhkum videomüraciətində qeyd edir ki, sifarişlə, qeyri-obyektiv istintaq aparmaqla onu 15 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasına nail olublar. Buna etiraz olaraq 1 il ərzində ardıcıl olaraq bir neçə dəfə aclıq aksiyası keçirib. Nəticədə çəkisi 100 kiloqramdan 48 kiloqrama qədər azalıb.

Yan Raznobarski CM-in 29.120-ci (tamah məqsədi ilə qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq silah gəzdirmək) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrlik etdiyi kollegiyanın hökmü ilə 15 il 6 ay müddətinə azadlıqdan mərhum edilib.

Hadisənin məğzi

Yan Raznobarskinin həbsinə səbəb 16 iyun 2015-ci ildə Suraxanı qəsəbəsindəki “Dostluq” kafesinin kabinetlərindən birində baş verən olaydır. Yan Raznobarski üzərində olan silahdan atəş açıb və Murad Seyidov ayağından yaralanıb. Yan Raznobarski Murad Seyidovu Sabunçudakı 3 saylı Xəstəxanaya aparıb. Elə oradaca hüquq-mühafizə orqanlarına təslim olub. Sonradan müstəntiq ifadəsini alarkən Y.Raznobarski deyib ki, Murad Seyidovu öldürmək niyyəti olmayıb. Həmin gün onu kafeyə söhbətə çağırıb. Söhbətin məğzi isə budur ki, 2 övlad atası olan, mənzil, villa, bağ evlərinin tikintisi ilə məşğul olan Y.Raznobarskinin maddi durumu 2014-cü ilin ortalarında çətinləşib. Həmin ilin iyununda Əmircan qəsəbəsindəki mənzilini satıb. Borclarını ödəyəndən sonra qalan pulu – 25 min dolları Xaliq Cəfərova, Məryəm Cəfərovaya və Namiq Əliyevə verib. Əvəzində isə bu şəxslər ona bankdan külli miqdarda kredit vəd ediblər.

Y.Raznobarskinin Xaliq Cəfərova və digərilərinə inanması təsadüfi deyil. Məhkəmə ifadələrinə görə, bu şəxslər, xüsusən X.Cəfərov özünü nazirlərdən birinin qohumu kimi təqdim edib. 15 min manatı Y.Raznobarskidən Məryəm Cəfərova alıb. Qalanlarını da digər 2 şəxsə verib ki, onlar ona ipoteka krediti ayrılmasına kömək etsinlər. Amma bu adamlar pulu götürsələr də, vədlərinə xilaf çıxıblar. Bundan sonra Y.Raznobarski hüquq-mühafizə orqanlarına müraciət edib, ona qarşı dələduzluq edildiyini bildirib, araşdırılması üçün ərizə yazıb. Y.Raznobarskinin yaxınları deyir ki, ərizə bugünə qədər araşdırılmamış qalıb. 25 min dolları verdikləri şəxslərdən ala bilmirlər…

Y.Raznobarski əlində olan pula Murad Seyidovdan köhnə bir ev alıb. Evin dəyərinin bir hissəsini – 20 min dolları Murad Seyidova ödəyib, ona 25 min 500 manat borclu qalıb. Yan maddi durumunun pis olduğunu görüb və evi geri qaytarmaq istəyib. Lakin Murad Seyidov deyib ki, narahat olma, mən nə qədər desən gözləyəcəyəm, pulu verərsən. Ev təmirsiz olduğundan Yan Raznobarski ailəsi ilə birgə kirayədə yaşamağa başlayıb. Lakin 2014-cü ilin sentyabrında həmin ev qısaqapanmadan yanıb. Evin 25 min manat sığortası olub. “Xalq sığorta” sığorta şirkəti pulun yalnız 5 min 700 manatını ödəyib, qalan pulu ödəməkdən imtina edib. Əlindəki pula evi söküb yenidən tikməyə başlayıb. Evin olduğu torpağın alqı-satqısı üzrə sənədlər Yan Raznobaskinin ögey qızı Məryəm Əzimova ilə Tahirə Seyidova arasında bağlandığından sonrakı bütün müqavilələr də onların arasında olub. Buna görə də M.Əzimova ilə T.Seyidova arasında evin tikilərək satılması və əldə olunan pulun 40 min 500 manat sonuncuya ödənilməsi haqda razılıq əldə ediblər. Y.Raznobarski ilə M.Seyidovun bütün söhbətlərində onları tanış edən dəllallar – Elnur və Nahid iştirak ediblər. Y.Raznobarski 7 otaqlı evin divarlarını tikib dama çatanda Suraxanı rayon İcra Hakimiyyətindən gəlib işi dayandırıblar. 2014-cü ilin mayından 2015-ci ilin martına qədər tərəflər arasında münasibətlər müqavilə üzrə tənzimlənib.

Lakin Y.Raznobarskinin gəlirləri olmadığından o vəziyyətdən çıxa bilməyib və müqavilə şərtlərinə də müvafiq olaraq əməl edə bilməyib. Ona görə də növbəti dəfə M.Seyidova müraciət edərək evi geri qaytarmasını təklif edib. M.Seyidov isə xoş münasibət göstərərək, bu dəfə də vaxtı uzadıb. 2015-ci ilin martında M.Seyidov deyib ki, pulun qalan hissəsini təcili ödə, evin sahibləri mənim həyat yoldaşımın bacılarıdır. Qaytarmasan, səni məhkəməyə verəcəklər.

Y.Raznobarski isə M.Seyidova deyib ki, gəl evi yarımçıq tikilmiş vəziyyətdə sataq, ilkin razılıq şərtində olduğu kimi 25 min 500 manatı ödəyim. Çünki razılaşma şərtini bu dəfə pozan M.Seyidov olub. Amma Murad Seyidov bu təkliflə razılaşmayıb. Tələb edib ki, evi həyat yoldaşı Tahirə Seyidovanın adına keçirsin. Y.Raznobarski növbəti dəfə ondan 2015-ci ilin iyununa qədər vaxt istəyib, deyib ki, əgər evi tikib sata bilməsə, heç bir qeyd-şərtsiz ona qaytaracaq… Y.Raznobarskinin pulunun olmadığını bilən dəllallar Elnur və Nahid Natiq adlı şəxsə təklif ediblər ki, 30 min ödəyib evin tikintisini yekunlaşdırsınlar. Ev satılandan sonra isə ona 39 min manat pul verilsin. Bu təklif M.Seyidovun iştirakı ilə Elnur, Nahid, Natiq və Y.Raznobarski ilə müzakirə edilərək razılıq əldə olunub. Növbəti gün notariusa gedib razılığı rəsmiləşdirməyi qərarlaşdırıblar. Amma növbəti gün M.Seyidov yoldaşını özü ilə gətirib və nəticədə razılaşma pozulub. Sonradan Y.Raznobarski M.Seyidovun evinə gedib, deyib ki, imkan verin evi tikib sataq. Əvvəlcə razılıq verilsə də, sonradan razılıqdan yenidən əl çəkiblər.

Olay günü

Məhkəmədəki ifadəsinə görə, hadisə baş verən gün Y.Raznobrski Murad Seyidovu kafeyə çağırıb və onu qorxutmaq istəyib ki, qadınlarsız onunla danışsın. Kafedə kabinetdə silahı Murada göstərib, deyib ki, kişi kimi özü razılıq verdiyi sözü tutsun. Həmin vaxt kafedəki kabinetin qapısı açılıb, ofisiant qapıdan içəri girib və Murad Seyidov Yan Raznobarskinin üstünə cumub. Həmin vaxt silahdan atəş açılıb…

Yan Raznobarski videomüraciətində bildirir ki, müstəntiq Şamil Şəmmədli əməlini daha yüngül maddəyə 131-ci (ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma) tövsif olunması üçün ondan 20 min manat və evin M.Seyidovun adına keçirilməsini tələb edib. Əks təqdirdə maddəni ağırlaşdıracağını deyib. Sonda belə də olub. Bundan sonra Y.Raznobarski aclığa başlayaraq tələb edib ki, işi Respublika Prokurorluğu araşdırsın. İşin sonrakı araşdırılması Bakı Prokurorluğuna həvalə olunub. Müstəntiq İlyas Seyidov işi obyektiv şəkildə araşdırdığı bir vaxtda Nardaran hadisələri baş verib və İlyas Seyidovu həmi hadisələri araşdıran istintaq qrupuna keçiriblər. Beləcə Y.Raznobarskinin işi müstəntiq Asim Səfərəliyevə həvalə olunub. Y.Raznobarskinin yaxınları deyir ki, A.Səfərəliyev faktiki olaraq istintaq aparmayıb. Ballistik ekspertiza keçirməklə işini bitmiş hesab edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin barəsindəki hökmü ilə razılaşmayan Yan Raznobarski Bakı Apelyasiya Məhkəməsinə üz tutub. Lakin bu məhkəmə instansiyasında da onun Murad Seyidovu öldürmək niyyətini olmadığını, hadisənin bir təsadüf nəticəsində meydana gəlməsini, onun zərərçəkəni xəstəxanaya aparmasını, özünün polisə təslim olmasını nəzərə almayıblar. Bütün bunlara etiraz əlaməti olaraq davamlı aclıq aksiyaları keçirən, 5 dəfə intihara cəhd edən məhbus özünü asmaq yolu öldürmək niyyətində olduğunu bildirib. “Yan Raznobarskinin bir məqsədi var – istəyir ki, ölkə rəhbərliyi iş üzrə ədalətli araşdırma aparılması üçün müvafiq göstərişlər versin” – həyat yoldaşı deyir.(meydan.tv)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button