Pambıq kənd təsərrüfatı deyil, “təbliğat bitkisi”nə çevrilib

Qubad İbadoğlu

İqtisadi Tədqiqatlar Mərkəzi və ADR Hərəkatının sədri

Tarlalarda çürüyən pambığın 1 kiloqramının yığımı üçün 10 qəpik ödəniş vəd olunur.

Bu il 51 min hektar sahədə pambıq əkilib ki, bu da ötən illə müqayisədə təxminən üç dəfə çoxdur. Cari ildə əkin sahələrindən ötən ildəkindən 3 dəfəyədək çox, təxminən 100 min ton pambıq toplanması gözlənilir. Bununla yanaşı, ötən il hər hektardan məhsuldarlıq 20 sentner olduğu halda, rəsmi prizmadan bu il üçün daha ambisioz məhsuldarlıq göstəriciləri (30-35, hətta 40 sentner) səsləndirilb.
Dünən regiona səfərim zamanı Mugan düzündə yerləşən pambıqçılıq rayonlardan keçərkən yol boyu təsərrüfatların vəziyyətini müşahidə edirdim. İstəyirdim ki, sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində bəyan olunan yuxarıdakı rəqəmlərin gerçəkliyini dəyərləndirirm. İlk növbədə diqqətimi çəkən indiyədək tarlalarda pambığın yığılmaması oldu. Odur ki, fürsət tapan kimi bu istiqamətdə suallarla yerli sakinlərin rəyini öyrənməyə, vəziyyəti dəyərlədnriməyə çalışdım.
Bəlli oldu ki, pambıq sahələrə bu ilin aprel ayında deyil, may ayında əkildiyindən bəzi tarlalarda hələ yığım növbəsi çatmayıb. Baxmayaraq ki, ənənəvi olaraq pambıq əkini aprel ayında başa çatırdı və yığım oktyabrın ortalarına qədər yekunlaşırdı. Çünki, adətən oktyabr ayında müşahidə olunan yağışlı havalar vaxtında yığılmayan pambığın toplanmasını çətinləşdirməklə yanaşı keyfiyyətini də aşağı salır.
Yerli əhali ilə müzakirələrimizin gedişində o da məlum oldu ki, pambıq yığımı xeyli əziyyətli olmasına, hətta bəzən qul əməyi adlandırılmasına baxmayaraq, bu işə görə ödəniş həddindən çox aşağıdır. Belə ki, kəndlilərə yığılan hər kiloqram pambıq üçün 10 qəpik ödəniş vəd olunur, onun da yerində nağd formada ödənilməməsi bu işə marağı xeyli aşağı salıb. Beləliklə də, hətta yığıma hazır olan sahələrdə də pambıq tarlalarda qalıb çürüyür. Hava proqnozuna görə, bu həftədən başlayan fasiləli yağışlar, gələn həftə boyunca aramsız olacaq. Bu isə o deməkdir ki, pambıq sahələrində məhsuldarlıq və keyfiyyət göstəriciləri gözləniləndən və bəyan olunandan xeyli aşağı olacaq.
Yekun olaraq onu qeyd etmək istərdim ki, respublikada pambıq kənd təsərrüfatı deyil, təbliğat bitkisinə çevrilib. Ən pisi odur ki, belə yanaşma ilə bu il ərzində pozitiv artım nümayiş etdirən aqrar sahədə də sonda tənəzzül başlaya bilər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button