“”Panama sənədləri” və Azərbaycan hökuməti…”

Əli Əliyev
Əli Əliyev Vətəndaş və  İnkişaf  Partiyasının  (VİP) sədri 

Müharibənin qaynar fazası yekunlaşdı. Proses kabinetlərə transfer etdi. Ölkə tədricən əvvəlki ahənginə qayıtmalıdır.

Ölkənin iç həyatı ilə kənar həyatına yanaşmada fərqliliklər olmalıdır. Düşmənlə savaşda müxalifətin davranışı qənaətbəxş sayılmalıdır. İç düşmənə qarşı isə müxalifət prinsipial olmalıdır. İç düşmənimiz dövləti zəif salan korrupsuya, fırıldaqçılıq, dələduzluq, regionçuluq, qohumbazlıq, proteksiyadır.

Müharibənin sıcaq mərhələsində dünya “Panama sənədləri” adlı ifşaedici sızma zəlzələsini yaşadı. Hal-hazırda offşor bölgənin biznes qurumundan əldə edilmiş 11,5 mlyn sənəd dünya siyasi infrastrukturunu ələməyə başlayıb. Əlbəttə ki, ciddi reaksiyalar dünyanın mədəni hissəsindən gəlir. Sızmanın nəticəsi olaraq, İslandiyanın Baş naziri istefa verdi, Böyük Britaniya Baş naziri Kemeron, Argentina və Ukrayna prezidentləri ictimaiyyətə izahat vermək məcburiyyətində qaldılar. Salvador prokurorluğu məlumatlardakı faktlarla bağlı cinayət işinə başlayıb. Rusiya da araşdırma aparacağına söz verib. Yeni Zelandiyanın Baş naziri dövlətini müdafiə edərək, offşor fəaliyyətdən imtina etdiklərini bildirir. Azərbaycan prezidentinin köməkçisi də bu günlərdə “Panama sənədləri” olayı ilə bağlı açıqlama vermək məcburiyyətində qaldı.

Hadisələri yaxından izləsəm də, müharibə dövründə susmalıydım. Lakin bu günlərdə məsələyə diqqət yönəltmək lazımdır. Çünki, torpaqlarımızın düşməndə olmasının da səbəblərindən biri ölkənin daxili zəifliyi, məmurların gözünün kölgəli olmasıdır. Biz daxili mühitimizi sanasiya etməsək, düşmən bizdən güclü olacaq. Ən azı bu səbəbdən dövləti daxildən gücləndirməli, həyatımızın ictimai, siyasi, hüquqi aspektlərinə fikir verməliyik.

Dünya sızmadan sonra siyasi tektonik fazaya girsə də, bizlərdə sakitlikdir. Bu sakitliyin səbəbləri sırasında maarifsizlik də yer alıb. Elə isə baş verənlərə baxaq.

Özü-özlüyündə offşor bölgələrdə biznes aparmaqda hüquq pozuntusu yoxdur. Lakin bir halda – bu fəaliyyət ölkə qanunvericiliyinə zidd deyisə və fisqal orqanlar bu fəaliyyətlə bağlı məlumatlandırılıbsa. Bəs onda beynəlxalq hay-küyün səbəbi nədir?

Suala cavab verməmişdən əvvəl, offşor biznesin özəlliklərinə diqqət yetirək. Offşor bölgələr dünyanın təxminən 50 yerində fəaliyyət göstərir. Belə “vergi limanlarının” yaradılmasında məqsəd, dünyanın “çirkli” sayılan pullarını cəlb etməklə gəlir əldə etməkdir. “Çirkli” pul sahibləri də pullarını belə ərazilərə gətirməkdə məqsədləri öz ölkələrinin hüquq-mühafizə və fisqal orqanlarından yayınmaq, dələduzluqla əldə etdikləri pulları “yumaqdır”. Göründüyü kimi hər 2 tərəf prosesdən razıdır. Maraqlısı odur ki, dünyada belə ərazilər indi həşir salan dövlətlərin özünə məxsusdur. Məsələn: ABŞ, Böyük Britaniya, Yeni Zelandiya və s. Ekspertlər bildirirlər ki, offşor xəzinələrdə dünyanın təqribən 32 trln vəsaiti gizlənir.

İndi isə qalmaqalın faktiki tərəflərinə nəzər salaq. Mədəni dövlətlərdə siyasi və ictimai fiqurların hər hansı bir formada offşorlarla əlaqəsi dələduzluq və fırıldaqçılıq kimi qiymətləndirlir. Belə şəxslərin yüksək post tutması yolverilməz sayılır. İslandiya Baş nazirinə iradlar, hakimiyyətə gələnə qədər həmin bölgələrdə şirkətə malik olmasıdır. Kemeron isə atasına məxsus offşor şirkətində, diqqət edin, cəmi 30 min dəyərində aksiyalara malik olmasıdır.

Baxmayaraq ki, Baş nazir olan andaca həmin səhmləri sataraq dövlətin bütün vergilərini ödəyib, Krallığın ictimai rəyi onu rahat buraxmır. Argentina prezidenti də təxminən eyni iradlarla üzbəüzdür. Deməli, dünyanın gəlişmiş demokratiyalı hissəsi, hətta qanuni offşor fəaliyyətini dələduzluğa bərabər qiymətləndirir. Onlara görə, ictimai əhəmiyyətli fiqurlar, onların ailə üzvləri heç bir formada offşor regionlarla biznes əlaqələrinə malik olmamalıdırlar.

Çünki dövlətin xəzinəsinə girişi olan, dövlət adından sifariş və satınalma səlahiyyəti olan ailələr və ya soyadlar vergi yayınmalarına yol verməməli, biznes fəaliyyəti isə şəffaf olmalıdır. Offşor bölgələr isə dünyanın heç bir yerinə müştərilərinin fəaliyyəti barədə məlumat vermirlər.

Deməli, belə çıxır ki, özünü bu ərazilərlə bağlayan şəxslər apreore ya “çirkli” pul sahibləridir, ya da dövlətinə vergi verməkdən yayınanlardır. Adı çəkilən dövlətlərin ictimai rəyinə görə isə, belə şəxslər hakimiyyətdə təmsil oluna bilməzlər.

Qayıdaq bizə. Əvvəldə qeyd etdim ki, Prezidentin köməkçisi Panama sənədləri ilə bağlı açıqlama verib. Açıqlama birinci ailənin üzvləri haqdadır, bunda işim yox. Bəs ölkədə icra hakimiyyətinə cavabdeh instansiya kimi, Prezidentin nümayəndəsi qalmaqalda adı keçən, qanunlarımızla biznes fəaliyyəti qadağan olunmuş Vergilər naziri Fazil Məmmədov haqda niyə danışmır? Nədən Baş prokuror həmin şəxs haqda cinayət işinin başlanmasına qərar vermir? Əlbəttə ki, suallar çoxdur.

P.S. İslandiya etirazçılarından biri mitinqdə Banan ölkəsinə işarə edərək əlində çürük banan tutmuşdu. Bizdə cəmiyyət oyanıb, etiraza qalxsa, etirazçılar əllərində nə tutmalıdırlar? Biz hansı bitkiyə bənzər ölkəyik?

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button