Parlament büdcə zərfini təsdiqlədi

Büdcə kəsiri ilkin proqnozla müqayisədə 142 mln. manat artırılıq 920 mln. manata çatdırılıb

Eşitmə və ürək qüsurlu əməliyyatlar dövlət hesabına həyata keçiriləcək

“2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkillərinin səsləndirdiyi təkliflər hökumət tərəfindən ilkin təhlil edilib. Təkliflərə uyğun olaraq bəzi tədbirlər üzrə xərclər üçün tələb olunan maliyyə təminatını yaratmaq məsələsi nəzərdən keçirilib və bəzi istiqamətlər üzrə xərclər artırılıb. Prezident İlham Əliyevin tapşırığı ilə eşitmə və ürək qüsurlu insanların müalicəsi üçün 4 milyon manat vəsait ayrılıb. Bu məsələlər Maliyyə Nazirliyi və Səhiyyə Nazirliyi ilə birgə iştirakı ilə dəqiqləşdiriləcək. Növbəti ildən dövlət büdcəsi hesabına eşitmə və ürək qüsurlu insanların əməliyyat ediləcək”. Bunu Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsi ilə bağlı çıxışında Maliyyə naziri Samir Şərifov deyib. O bildirib büdcənin xərclərində dəyişiklik zərurəti yaranıb.
“Prezident İlham Əliyev tərəfindən “Ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə düzəliş edilib. Düzəlişə əsasən gələn il üçün Azərbaycanda ehtiyac meyarı 14 manat və ya 12% artırılaraq 130 manata çatdırılıb. Ehtiyac meyarının artırılması cənab prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə diqqətinin artırılmasını sübut edir. Artımla əlaqədar maliyyə təminatının formalaşdırılması üçün qanun layihəsində dəyişikliklərin edilməsi zərurəti yaranıb. Bundan başqa, prezidentin tapşırığına əsasən, bir sıra təşkilatların büdcələri üzrə xərclərin artırılması üçün üçün əlavə vəsait ayrılacaq. Bakı şəhərində sahibsiz heyvanların idarə olunması probleminin həlli üçün də əlavə vəsaitin ayrılması nəzərdə tutulub. Bu məsələlərlə əlaqədar əlavə 3,8 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Təhsil bölməsində Təhsil Nazirliyinin sair xərclər maddəsində nəzərdə tutulmuş vəsaitin 46 milyon manatının təyinatı dəyişdirilərək tələbələrə verilən təqaüdlər xərc maddəsinə yönəldiləcək. Beləliklə, 2018-ci il üçün həmin maddə üçün xərclər 70 milyon manata çatdırılacaq ki, bu da cari il ilə müqayisədə 11,3 milyon manat və ya 19,3% çoxdur. Hesab edirik ki, bu da 2018-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı təqaüdlərlə bağlı yaranmış anlaşılmazlıqları tam aradan qaldırır”.
Nazir əlavə edib ki, gələn il üçün siyasi partiyalar üçün vəsait 20% və ya 500 min manat artırılaraq 3,1 milyon manata çatdırılıb. QHT-lərə ayrılan vəsait isə 600 min manat və yaxud 2017-ci il illə müqayisədə 12,1% artırılaraq 5,6 mln. manat olub.
Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üçün gəlir və xərcləri 3 mlrd. 578,760 mln. manat səviyyəsində təsdiqlənib. Fondun büdcəsində nəzərdə tutulan pensiyaçıların sosial müdafiəsi tədbirlərinin reallaşdırılması nəticəsində növbəti ildə əmək pensiyalarının orta aylıq məbləği 6,9% artaraq 216,5 manat təşkil edəcək.
Növbəti ildə əhaliyə ödənişlər Fondun xərclərinin 97,7%-i səviyyəsində və ya 3 mlrd. 495,1 mln. manat proqnozlaşdırılır. Gələn il əmək pensiyaları üzrə xərclərdə 193,2 mln. manat artım, məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 16,3 mln. manat azalma və digər xərclər üzrə – 1,9 mln. manat artım gözlənilir.
Pensiya xərclərində artımın 178 mln. manatı cari ilin 1 iyul tarixindən qüvvəyə minmiş yeni qaydaya əsasən qulluq stajına görə əlavə çıxılmaqla əmək pensiyalarının bütün məbləğinin ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi üçün nəzərdə tutulub.
Gələn il üçün Dövlət Neft Fondunun (ARDNF) xərcləri Fondun büdcəsi ilə bağlı ilkin proqnoza nisbətən azaldılıb. Samir Şərifov deyib ki, gələn il üçün ARDNF-nin xərcləri 1,879 mlrd. manat azaldılıb.
Nazir əlavə edib ki, Fondun 2018-ci ildə gəlirlərinin 883 mln. manat artırılması nəzərdə tutulub.
Milli Məclisin 2018-ci il üçün saxlanma xərcləri 1,2 mln. manat artırılaraq 25 mln. 432,055 min manata çatdırılıb.
Gələn il üçün Hesablama Palatasının saxlanma xərcləri 3 mln. 852 min manat səviyyəsində təsdiqlənib. Bu da ötən il ilə müqayisədə 0,8% və ya 29,1 min manat çoxdur.
Dövlət büdcəsinin gəlirləri ilkin proqnozla müqayisədə dəyişdirilməyərək 20,127 mlrd. manat, xərcləri isə ilkin proqnozla müqayisədə 141,3 mln. artırılaraq 21, 047 mlrd. manata çatdırılıb. Kəsir ilkin proqnozla müqayisədə 142 mln. manat artırılıq 920 mln. manata çatdırılır. Büdcə kəsiri ÜDM-in 1,3%-nə bərabər olacaq.
Qeyd edək ki, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat müəyyən edilib.

 

Bizimyol.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button