Partiyadan çıxarılan AXCP üzvündən sərt ittihamlar – “Zombiləşmiş qruplaşma…”

ağaşirinAXCP sıralarından kənarlaşdırılan Ağaşirin Tanrıverdi oğlu: “Əli Kərimli və Fuad Qəhrəmanlının “zombiləşmiş” qruplaşmasına elə-belə tabe olmaram ki…”

AXCP Nərimanov Rayon Təşkilatının Təşkilat Məsələləri üzrə şöbə müdiri, AXCP-nin Nərimanov rayon Təşkilatının Məclis üzvü  Ağaşirin Tanrıverdi oğlunu AXCP sıralarından azad ediblər. Ağaşirin Tanrıverdi oğlu partiya sıralarından kənarlaşdırılmasını heç cür qəbul etmir və partiya rəhbərliyinə üsyan bayrağını qaldırır. O, AXCP-də baş verənləri partiyadaxili qruplaşmaların müstəqil cəbhəçilərə qarşı təzyiqi kimi qiymətləndirir və partiyanı məhkəməyə verəcəyini söyləyir.

Qərardan dərhal sonra xural.com-la əlaqə saxlayan Ağaşirin Tanrıverdi saytımıza aşağıdakı açıqlamaları verdi. Hansı ki, AXCP-də təlatümlərdən xəbər verir…

 

– Bu gün (artıq dünən – red.) axşam saatlarında “Cümhuriyyət Günü” münasibətilə müşavirə keçirilirdi. Hamıya müşavirənin keçirilməsi ilə bağlı məlumat veriblər, mənə isə yox. Saat 19.30-da AXCP Nərimanov rayon şöbəsinin sədri zəng vurub dedi ki, müşavirəyə gəl. Getdim. Müşavirəni də qanuni, ya qanunsuz Gözəl Bayramlı aparırdı. Orada bildim ki, təşkilat məsələləri də müzakirə olunacaq. O zaman dedim ki, əgər təşkilati məsələlərə baxılacaqsa, o zaman iş qurtarandan sonra bunu edin. Dedilər, elə də ciddi məsələ yoxdur, 3 nəfəri qəbul edəcəyik. 3 nəfəri üçdə birlə Məclis üzvlüyünə qəbul etdilər. Sonra mənə dedilər ki, sənin məsələni gündəliyə qoyuruq. Etiraz etdim ki, burada elə adamlar var, ümumiyyətlə, məni tanımırlar, necə mənim məsələmə baxa bilərsiniz? Gözəl Bayramlı da telefonla danışır ki, “Bəy, narahat olma, hər şey yaxşı olacaq.” İndi bilmirəm, Fuad Qəhrəmanlı ilə, yoxsa Əli Kərimli ilə danışırdı? Tam qeyri-qanuni, hər hansı bir yetərsay gözləmədən qərar qəbul etdilər ki, Ağaşirin Tanrıverdioğlu partiyadan xaric olunsun. Hələ orada iddia da etdilər ki, mən Əvəz Zeynallı ilə partiyadaxili məsələləri müzakirə edərkən, o mənə deyib ki, “burada həmin müzakirələri aparma!”

– Necə ola bilər?

– Məmməd İbrahim belə bir iddia ilə danışdı. Dedi ki, həmin söhbətdə guya Ramiz Tağıyev də iştirak edib.

– Maraqlıdır…

– Daha maraqlı şeylər var. Rəyasət Heyətində cəmi 15 nəfər üzv var. Onlar da bir araya gəlmirlər. Yarısı bir tərəfdədir, yarısı o biri tərəfdə. Bir yerə yığılanda da ağır ifadə işlətmirlər ki, hakimiyyətin acığına gələr. İşləri-gücləri “İsanı keçmək” və Cəmil Həsənlini müzakirə etməkdir. Əli Kərimli Milli Şuraya sədr getməli, AXCP-ni Fuad Qəhrəmanlıya ötürməlidir. Bütün davaları budur. Millət də eşitsin, çünki cəmi 6 aydan sonra bütün dediklərim həyata keçəcək.

fuad_eli– Bunu etməkdə partiyanın məqsədi nədir?

– Əli Kərimli yaxşı başa düşür ki, AXCP daxilində Fuad Qəhrəmanlının heç bir nüfuzu yoxdur, ona görə də indidən ona qarşı olan adamları partiya sıralarından xaric edir ki, sabah partiyanı Fuada həvalə edəndən və Milli Şuranın rəhbərliyini əlinə alandan sonra onlar üçün problem yaradan olmasın. Həsən Kərimli ilə Gözəl Bayramlı qruplaşması, Fuad Qəhrəmanlı ilə Məmməd İbrahim qruplaşması birgə fəaliyyət göstərməyə startdadırlar. Yəni bunların niyyəti bütün azad insanları, müstəqil fikir yürüdən üzvləri birmənalı olaraq partiya üzvlüyündən azad etməkdir. Beləlikllə, Fuad partiyaya sədr keçəndən sonra Ağaşirin orada oturub iradını bildirməməlidir ki, ay qardaş, 23 ildir fəaliyyətiniz bu günə qədər yanıb, bundan sonra da camaatı özünüzə inandırıb 23 il yandırmayın. Bunlar üçün partiya maraqları, bu partiyaya inanan insanların taleyi maraqlı deyil. Bunlar hər zaman partiyaya şəxsi sexləri, gəlir mənbələri kimi baxıblar. Sıravi üzvlər bunlar üçün alət və vasitədirlər. Mən də bütün bunlara göz yuma bilmədiyim, zaman-zaman iradımı bildirdiyim üçün bu cür davrandılar. 27 ildir AXCP üçün canını qurban verən AXCP-nin Nərimanov rayon şöbəsinin Məclis üzvü Marif bəy də üzvlükdən çıxdı. Dedi, “tüpürüm sizə də, sizin partiyaya da…” İndi yüzlərlə Məclis üzvü var ki, mənə zəng vurub etiraz edirlər. Mən bu qərarla bağlı məhkəməyə müraciət edib, ədalətli qərar alacam, o zaman da öz sözümü dostlarıma deyəcəm.

– İndi AXCP-ni məhkəməyə vermək niyyətindəsiniz?

– Bəli, bəli. Bəs mənim 25 illik haqqım, zəhmətim hara getdi? Mən bu partiyaya həyatımı vermişəm, taleyimi bağlamışam. İllərlə bu partiyanın üzvü olduğum üçün təzyiqlərə məruz qalmışam. İndi Əli Kərimli və Fuad Qəhrəmanlının “zombiləşmiş” qruplaşmasına elə-belə tabe olmaram ki… Xalqımın taleyini onlara həvalə edə, tapşıra bilmərəm. Açıq şəkildə partiya daxilində baş verən bu haqsızlıqlara etirazımı bildirirəm. Niyə partiya qurultaya gedərkən Fuad Qəhrəmanlıya alternativ namizəd olmamalıdır? Cəmil Həsənli AXCP-ni bataqlıqdan çıxarıb. İndi Avropa Birliyi, Avropa Şurası müxalifət kimi Milli Şuranı tanıdığı üçün niyə Əli Kərimli Cəmil Həsənlinin yerinə göz dikir? Cəmil Həsənli mübarizə aparan adamdır. Niyə bu quruma nüfuz qazandırandan sonra onu kimlərəsə həvalə etməlidir? Əli Kərimli Milli Şuraya transfer olmaqla, Fuad Qəhrəmanlını AXCP-yə sədr gətirməklə həm özünün, həm də partiyasının təhlükəsizliyinə təminat almaq istəyir. Bu addımın özü Fuad Qəhrəmanlının hakimiyyət dairələrinə yaxın olmasının sübutudur.

 

Xüsusi qeyd:

Yazıda adı keçən hər kəsin cavab haqqı var və onların düşüncələrini də məmnuniyyətlə yayınlamağa hazırıq

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button