Penitensiar Xidmətin yeni rəisi kim olacaq?

medet-quliyev

Gəncə təcridxanasının rəisi Mədət Quliyevin yerinə gətirilir?!

Prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik nazirinin 1-ci müavini təyin olunan Penitensiar Xidmətin sabiq rəisi Mədət Quliyevin boşalan yerinə namizəd axtarışı başlayıb. Penitensiar Xidmətin rəisi postu hazırda ölkənin ən ciddi vəzifələrindən biri hesab edilir. General Mədət Quliyevin fəaliyyəti və cəzaçəkmə müəssisələrində yaratdığı sərt nizam-intizam onun şəxsiyyətini hər zaman önə çıxarıb. Görünür, bu fəaliyyət Prezident İlham Əliyevin də diqqətini çəkib və təqdirini qazanıb ki, Mədət Quliyevi birbaşa “qurdlar süfrəsi”nin başına oturtdu. Bu da təbii ki, Penitensiar Xidmətin rəisi vəzifəsinin nə qədər strateji post olduğunu bir daha diqqətə gətirdi.

Bəs Mədət Quliyevin yerinə kim təyin ediləcək?

gəncə istintaq təcridxanası

İmran Tağızadə, yoxsa Şakir Bayramov?

Artıq namizədlər var. Strateq.az saytını yazdığına görə, bu posta təyin ediləcək namizədlərdən biri Mədət Quliyevin əsas adamı və birinci müavini İmran Tağızadədir. Saytın dəyərləndirməsində deyilir: “…İndi belə görünür ki, Prezident Mədət Quliyevə nəinki öz qisasını almaq, həm də bu strukturda əməlli-başlı düzən yaratmaq üçün onu daha da irəliyə aparacaq çox böyük bir şans verib. Belə məlumatlar var ki, Mədət Quliyevə MTN-dəki bu qruplaşmanın cinayətkar fəaliyyəti barədə indiyədək ölkə rəhbərliyinə məruzə etdiyi bütün məsələləri birdəfəlik çözmək üçün bir sınaq, aralıq möhləti və geniş səlahiyyətlər verilib: əgər general Mədət Quliyev bu sınaqdan üzüağ çıxacaqsa, ona göstərilən etimadı doğruldacaqsa və həqiqətən də, MTN-də kök atmış və dövlət əleyhinə fəaliyyət göstərən böyük bir cinayətkar şəbəkəni neytrallaşdırmağı bacaracaqsa, o, daha böyük bir mükafata layiq görüləcək – Milli Təhlükəsizlik naziri postuna gətiriləcək! Onun hazırki yerinə – birinci müavin postuna isə bütün bu proseslərdə Mədət Quliyevə çox yaxından köməklik göstərmiş və peşəkar əməliyyatçılardan sayılan general İmran Tağızadənin gətiriləcəyi gözlənilir…”

İmran Tağızadə Penitensiar Xidmətin ən sanballı adamlarından biridir və bu posta hər zaman təyinat ala bilər.

şakir bayramov

xural.com-un əldə etdiyi səhih məlumatlara görə,  Penitensiar Xidmətinin rəisi vəzifəsinə daha bir namizəd var. Bu, 2 saylı Gəncə İstintaq Təcridxanasının rəisi Şakir Bayramovdur. Şakir Bayramovun yaxınlarına bu haqda danışdığı və tezliklə Bakıya getməyə hazırlaşdığı bildirilir. O, öz ətrafına yaxınlarda Mədət Quliyevin yerinə təyinat alacağı və general rütbəsi ilə təltif olunacağı haqqında məlumat verib. Saytımızı məlumatlandıran mənbə onu da deyir ki, 2 saylı Gəncə İstintaq Təcridxanasının rəisi Şakir Bayramov Mədət Quliyevin özünün kadrıdır və uzun illərdir yaxın münasibətlərə malikdir. Hətta bu günlərdə xural.com-un poçtuna Şakir Bayramovun Gəncənin ən bahalı səmtlərində özünə və Mədət Quliyevə aldığı torpaqlar və o torpaqlarda tikdirdiyi villalar haqqında məlumatlar da daxil olmuşdu. Həmin məlumatların araşdırılması nəticəsində faktın doğruluğunu, Gəncənin Abbas Səhhət adlanan və 3-cü mikrorayon ərazisində yerləşən həyətyanı torpaq sahələrində həqiqətən belə pay torpaqlarının olduğunu dəqiqləşdirmişdik. Burada Şakir Bayramovun bir yox, bir neçə villası var…

Məsələ ilə bağlı “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Birliyinin sədri Oktay Gülaliyevin münasibətini öyrəndik. O.Gülalıyev bunları dedi: “Şakir Bayramov dustaqlara, xüsusilə siyasi məhbuslara ən amansız rəftarı ilə tanınan rəislərdən biridir və onun adı bizim “qara siyahı”mızdadır. Mən onun Mədət Quliyevin yerinə təyin olunacağına inanmıram, amma bizim hakimiyyətin elə qeyri-standart hərəkətləri var ki, ondan hər şeyi də gözləmək mümkündür. Məncə, Mədət Quliyevin yerinə Penitensiar Xidmətdə daha güclü namizədlər ola bilər. Güman ki, onlardan birini də təyin edəcəklər.”

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button