Pensiyaçılara tətbiq edilən qadağa hansı problemlər yarada bilər?

samir eliyev-1

“Palata tərəfindən dünən növbəti qadağa addımının şahidi olduq. Pensiyaçılara istehlak kreditlərinin verilməsi dayandırıldı. Əlbəttə bu qərar hələki rəsmi təsdiqini tapmayıb, ancaq təkzib gəlməyibsə, deməli məlumat dəqiqdir”.

Strateq.az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert Samir Əliyev deyib.

Onun sözlərinə görə, Palata fəaliyyətə başlayandan hələki qadağalar üzərində işini qurur:

“Bir neçə həftə öncə xarici valyutada istehlak kreditlərinin ən azı 1 ay verilməsinin dayandırılması haqqında qərar vermişdi. İndi də oxşar qadağa pensiyaçılara münasibətdə tətbiq edilir. Yəqin ki istər xarici valyutada istehlak kreditlərinin verilməsinə, istərsə də pensiyaçılara kredit verilməsinə tətbiq edilən qadağanın taleyi ilə bağlı yaxın zamanlarda Palata son qərarını verəcək. Hər bir halda ümid edirəm bu qadağalar qısa müddətli olacaq. Əks halda çürümüş taxta körpü üstündə birtəhər duruş gətirən bankların ayağı altındakı dirəkləri çəkmək onların dərin çaya düşməsinə gətirib çıxara bilər”.

Samir Əliyev bildirib kİ, Maliyyə Bazarlarına Nəzarət Palatası siyasəti qadağalar yox, məhdudiyyətlər üzərində qurmalıdır:

“Pensiyaçılara tətbiq edilən qadağa bütün banklara yox, bir neçə banka, xüsusilə də pensiyaların verilməsini həyata keçirən banka zərər vuracaq. Pensiyaçılarn isə kreditə əlçatanlığını məhdudlaşdıracaq. Əslində bu sahədə müəyyən islahatların aparılmasına ehtiyac var idi. Çünki aylıq pensiyası bir neçə yüz manat olan və riskli kateqoriyaya daxil olan pensiyaçılara uzun müddətə iri məbləğdə (15 min manata qədər) kreditin verilməsi təhlükəli idi. Əlbəttə pensiya kimi stabil olan və arxasında dövlət duran aylıq gəlir bu riskləri azaldırdır. Çünki pensiyaçının ixtisar olunmaq və ya iş yerinin bağlanması kimi riski yoxdur. Ən əsası isə vaxtlı-vaxtında bank hesabına oturur və bank onu problem çəkmədən hesabdan götürə bilir. Düzdür pensiyaçılardan kartı yığan banklar da var və bu qanunsuzdur. Burda yeganə təhlükə sağlamlıqla bağlıdır. O da aydındır ki, aylıq qazancını rəsmi təsdiq edə bilməyən ailə üzvləri üçün pensiyaçı ata-ana və ya baba-nənə kreditə çıxış imkanı idi. İndi bu imkan da bağlandı”.

Samir Əliyevin sözlərinə görə, Palata pensiyaçılara verilən krediti məhdud da olsa bərpa etməlidir:

“Məhdudiyyət ilk növbədə kreditin məbləğində tətbiq edilməlidir. Bu məbləğ ən çoxu 5 min manat ola bilər. Kreditin verilmə müddətini 1-2 ilə qədər azaltmaq olar. Üstəgəl, banklar da öz növbəsində digər müştərilərlə müqayisədə pensiyaçılara verilən kreditlərin illik faiz dərəcələrini aşağı salmalıdır”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button