Piter reketirlərinin “Papa”sı – Aleksandr Malışev

tapancha

1992-ci ilin payız günlərinin birində Sankt-Peterburqun Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi əməkdaşları Nevski prospektində keçirdikləri “Zaxvat” əməliyyat tədbirləri nəticəsində çoxsaylı camaat qarşısında bir neçə reketiri “Moskva” vağzalının darvazaları önündə soyuq asfalt üzərinə uzadaraq qolarını “braslet”lə (qandal) bəzədilər. Yerə uzananlar arasında ağ “Volvo”dan dartılaraq çıxarılan Aleksandr Malışev və Ded Xasan da vardı. Yekəpər serjant asfaltda uzananların birini ayağa qaldıranda mentlərin ”Malış”, dəstə üzvlərinin “Papa” adlandırdıqları Malışevin qoltuq cibindən “Kolt” tapançası yerə düşdü. Bir qədər kənarda dayanmış podpolkovnik rütbəli zabit ildırım sürətilə irəli atılaraq silahı götürdü:

– Bu nədir, bratan? – deyərək gözlərini qıydı, istehzalı tərzdə gülümsündü.

– Stvolu gətirib sizin idarəyə təhvil vermək niyyətində idim… – Malışev halını pozmadan etinasızlıqla dilləndi. –  Məni tutmaqla məqsədimi gözümdə qoydunuz, vətəndaş polkovnik…

– Yenə səhv edirsən, bratok… – zabitin üzünün istehza ifadəsini ciddilik bürüdü. – Mən hələ iki ulduz daşıyıram. Doğrudanmı, sən on səkkiz il içəridə otursan da, hələ də polkovniklə podpolkovnik arasındakı fərqi bilmirsən?

“Malış” kinayəli təbəssümlə dilləndi:

– Bu əməliyyatdan sonra sizə daha bir ulduz veriləcəyini nəzərdə tutaraq söylədim.

– Deməli, tapançanı təhvil vermək istəyirdin, eləmi? – Podpolkovnikin sifətində yenidən əyri təbəssüm yarandı. – Səhərdən sizin dəstələri otarırıq, bratuxa. Bu vaxt ərzində sən bir neçə milis bölməsi yanından ötmüsən, amma maşından düşməmisən. Restoranda qəlyanaltı edəndə də bu barədə söhbət olmayıb. Bütün danışıqların yazıları bizim diktofondadır, mənim “Malışım”. Əyləş maşına, alibilərini İdarədə ifadə verərkən sadalayarsan. Podelnikin Ded Xasanı başqa taçkada, “Qazik”də aparacaqlar…

Operativ məlumat:

“Aleksandr İvanoviç Malışev, 1958-ci ildə anadan olub. Orta təhsillidir. İki dəfə məhkumluq həyatı yaşayıb – birinci dəfə 1977-ci ildə qəsdən adam öldürməkdə, ikinci dəfə (1984-cü ildə) yenə də adam öldürmə, amma “ehtiyatsızlıqdan”…, daimi yaşayış yeri – “Pulkovskaya” mehmanxanası. Sankt-Peterburqdakı ən güclü, yüzdən çox üzvü olan cinayətkar qrupun başçısıdır.”

Qanunsuz silah gəzdirməkdən savayı, milis bölməsində Malışevin işinə banditizmlə əlaqədar maddə də əlavə olundu. Sən demə, dörd gün əvvəl onun dəstə üzvləri biznesmen Dodonovu zalojnik (girov) götürüblər…

…Almaniyadan Rusiyaya pivə gətirmək məqsədilə iki milyon doyç marka məbləğində saziş bağlayn Dodon da başqa kommersantlardan pul yığaraq Münhenə göndərib. Lakin nədənsə pivə sisternlərinin gəlişi ləngiyib. Dağıstanlı müştərilər  Dodonla danışığa əsasən deyilən saatda pivəni götürməyə gəliblər. Müqavilədə qeyd olunan vaxt yetişəndə qafqazlılar hay-haray qaldırıblar – “bu dəqiqə ya bizim pulumuzu, ya da pivəmizi verin!” Çıxılmaz vəziyyətdə qalan Dodonov aranı sakitləşdirmək, qafqazlılardan qorunmaq üçün Ded Xasanla görüşüb, o isə yerini isti salmaq məqsədilə Malışevə müraciət etmək lazım gəldiyini bildirərək onu “Pulkovskaya” mehmanxanasına gətirib.

Piterin nüfuzlu oğrularından sayılan “Kirpiç”lə görüşüb məsləhətləşən Malışev bu “nakolka”dan yaxşı qazanc götürmək mümkün olacağını anlayaraq qollarını çırmalayır. O, Dodonova bu işi yoluna qoymaqla bahəm, həm də pay sahibi olmaq istədiyini deyir və sağ əli saydığı Andrey Berlini pivə məsələsinin nüanslarını öyrənmək üçün Almaniyaya göndərir.

Münhendə iki gün ərzində Dodonun bağladığı müqavilə ilə yaxından tanış olan Berlin podelniki Malışa telefon açaraq bu işin milyonlarla dollar gəliri olacağını bildirir. Həmin gün “Papa”nın idmançıları və dağıstanlılar kommersantı girov götürərək şəhərdən kənardakı xataya gətirirlər. Bir neçə saatlıq təhqiramiz işgəncələrdən sonra Dodon sınır və səhnəyə “mələk” sifətli Kirpiç daxil olur. Effektli tamaşanın epiloqunda yarımcan hala düşmüş kommersant quldurların əlindən xilas edilir. Ancaq bir şərtlə – Dodon onların adamlarını tərəf müqabili kimi sazişə daxil etməlidir.

– Biz yoldan ötən quldurlar deyilik ki, podelnikimizin axırınci altuşkilərini (pullarını) əlindən alaq, – Kirpiç mizin üstündəki qaynar kofe fincanını Dodonun qarşısına tərəf sürüşdürərək dillənir. – Amma biz də bir qədər qazanmaq, ailəni dolandırmaq, çörəyi yavan yox, üstünə yağ sürtərək yemək istəyirik. Məgər dostlar başqa cür hərəkət edərlərmi? Biz sizinlə dostuq.

– Əlbəttə… – Dodon bilirdi ki, müqaviləyə imza atan kimi onun likvidasiyası həyata keçiriləcək. Meyitdən ifadə almırlar. Nəyin bahasına olursa olsun, buradan sağ çıxmaq, özünü RUOP-a çatdırmaq lazım idi.

Kirpiç isə hələ də onu yola gətirmək naminə doğrayıb tökürdü:

– Həyəcanı boşlayın, əziz dostum. Bu iş yenə sizin icraatınızda qalacaq. Biz öz pilumuzu xərcləyib, öz qazancımızı götürəcəyik… Kolya Karate filosof Pifaqor olmasa da, yaxşı deyib: “çörəyin elə bir parçası yoxdur ki, onu dostlar arasında bölmək mümkün olmasın”. Biz sizinlə dostluq əlaqələri qurmaq niyyətindəyik.

Ded Xasan da istəsəydi “pivə” əməliyyatından əldə olunacaq çistoqandan (böyük miqdarda nağd pul) bir qədər cibişdanlaya bilərdi. Axı müştərini “Malış”ın yanına o gətirmişdi. Amma uzaqgörən Usoyan saxlanılmazdan azacıq əvvəl restoranda nahar edərkən bu nakolkada (əməliyyat) iştirak etməyəcəyini bildirərək – “mən pas” demişdi. Pivə işindən ürəkbulandıran, bərk qıcqırma qoxusu gəldiyini lap əvvəldən, Kirpiçevin bu biznesə qoşulduğu andan hiss etmişdi Ded.

 “Krestı” kiçmanında “istirahət”

Malışın “Krestı”ya gəlişini bratva bayram hay-küyü ilə qarşıladı. “Malış”la birlikdə kiçmana bir neçə “Qazel” (birini Usoyan göndərmişdi) yük maşını da daxil oldu. Usoyan “Papa” qazamatda darıxmasın deyə, ərzaqla birlikdə bir rəngli televizor da “qrev” göndərmişdi. Ded Xasan bilirdi ki, “Papa”nın “Krestı”dəki oturuşu yetərincə uzunmüddətli olacaq.

“Papa”nın həbsindən sonra Sankt-Peterburqda və ümumiyyətlə Leninqrad vilayətində kriminal qruplaşmalar arasında misli görünməmiş hərc-mərclik baş qaldırdı. Qətllərin qarşısını almaq məqsədilə Moskvada Ded Xasanın da müntəzəm iştirak etdiyi sxodkalar çağrıldı. Qərara alındı ki, Şimal Paytaxtında nüfuz dairələrinə yalnız qanuni oğrular nəzarət etməlidirlər. Bu qərara qarşı çıxan avtoritet Andrey Berzin (“Beda”) az sonra öldürüldü. Sankt-Peterburqun “smotryaşısı” statusuna içində Ded Xasanin adı da olmaqla bir neçə zakonnik namizəd vardı. Namizədlərin seçimində Usoyan yalnız bircə səs qazana bildi. Sxodka Kudryaşı seçdi, onun köməkçisi isə Kostya-Moqila təyin olundu. Aslanın adı heç müzakirə edilmədi. Piter bratvası isə bu təyinatla barışmaq zorunda qaldı.

Kudryaşın dövründə Aslan Usoyanın Sankt-Peterburqda və ümumiyyətlə, Leninqrad vilayətində nüfuzu daha da artdı.

Çoxları güman edirdilər ki, Kirpiçevdən sonra Peterburqun cinayət aləminə Ded Xasan başçılıq edəcək, lakin onların versiyası elə güman olaraq da qaldı. Slavyan oğrular qafqazdan gələnlərin çiyinlərinin lider yükünün ağırlığına davam gətirəcəyinə inanmırdılar…

Yezidi kürdlərin ən birinci oğrusu özü də Rusiyanın ikinci paytaxtında ilişib qalmaq fikrindən uzaq idi. Burada oğru qanunlarına riayət edilmir, qoluzorlu idmançılar hətta “nepmenski” zakonniklərə əl də qaldıra bilərdilər. O, Moskvaya, oğru elitasının toplaşdığı, Olimpin yüksəkliklərə doğru qalxan pilləkənlərinin yerləşdiyi məkana can atırdı. Çünki klassik oğruların əksəriyyəti qətlə yetirilmış, bəziləri tutularaq içəri alınmış, üzdə olanlar isə xarici ölkələrə qaçmışdılar.

…Əslində, Malış Leninqradda cinayətkar imperiya yaratmışdı və bütün qruplaşmalar onunla hesablaşmalı idilər. Malışevi qruplaşma liderləri öz aralarında “stasionarnıy vojd” adlandırır və hər həftə ona ya “Pulkovsksya” mehmanxanasındakı qəbul otağında, yaxud “Arxipelaq” kimi tanınan “Beryozalı xiyaban”dakı ofisində hesabat verirdilər. Xasanla “Malış”ın mü­na­si­bə­ti səmimi olmasa da, eti­ke­tə ri­a­yət et­mək, qəlbində nifrət qaynasa da, rastlaşanda gülümsəmək, əl uzatmaq la­zım gəlirdi. Ded səbrini basır, dözürdü. Xasanın hamı tərəfindən bəyənilən xüsusiyyətlərindən biri də hirsini, nifrətini içəridə gizlədərək gülümsəməyi bacarmaq qabiliyyəti idi. Bunu hələ iyirmi il öncə Yuri Vasilyeviç Alekseyev – “Yura Qorbatıy” onlar peresılkada iki ay xlebnik kimi oturarkən demişdi: – “Sən yəhudilər kimi ağıllı, ermənilər qədər hiyləgərsən! Bunların ikisi birləşəndə fenomenlik alınır. Əzmkarlığın səni kriminal aləmin Olimpinə qaldıracaq. Amma çalış ki, Qafqazın şeyxi Şamil demişkən, “ucaldıqca sadələşməyi, varlandıqca alicənablığı bacarasan”.

Leninqradda biznes qurarkən Ded Xasan məhz bu nüfuzlu zakonnikə, Qorbatıya yol tapır, sxodkalarda, yas mərasimlərində, ad günlərində təşkil olunan ziyafətlərdə onunla yanaşı olmağa çalışırdı. Aslanın Leninqradda nüfuz qazanmasında Qorbatının rolu həddindən ziyadə böyük idi və Ded fürsət düşdükcə bunu ucadan söyləməklə həm də özünə imic qazanırdı.

Malışevin həbsindən azacıq sonra Vladimir Kumarın srokunu başa vuraraq Peterburqa qayıtdı. Yenidən mübahisələr, strelkalar, atışmalar, qətllər başlandı. “Tambovlular”la “Kazanlılar” arasında isə enerji daşıyıcıları üstündə əsl müharıbə qızışdı. Demək olar ki, hər gün hansısa bir avtoritetin, qrup başçısı və ya üzvünün qətlə yetirildiyi barədə məlumatlar eşidildi. “Vstreça” kafesinin önündə baş verən qətl isə onlarla insanın gözü qrşısında icra olundu. Killer “Kalaşnikov”un mağazasındakı bütün güllələri avtoritetin üstünə boşaltmışdı. “Mersedes”ə oturmaq istəyən “Kum” yerindəcə dünyasını dəyişdi. Kumarini isə cangüdəni öz həyatı bahasına xilas edə bildi. Müstəntiqlər Andrey Berezinin maşınında 28 güllə deşiyi aşkarladılar. Kumarinin üzərinə qapanmış cangüdənin meyitində isə dörd ölümcül yara vardı. Şahidlər qəfil gülləborandan elə şaşırmışdılar ki, qatilin kişi, yaxud qadın olduğunu dəqiq söyləməkdə çətinlik çəkirdilər. İzahatı alınan şahidlərin yeddisi killerin qadın olduğunu israr edirdi. Üç nəfər isə başına parik örtmüş kişinin atəş açdığını bildirirdi. Qatili yaxalamaq mümkün olmadı.

Başından, sinəsi, qarnı və qolundan yaralanmış Kumarini təcili olaraq xəstəxanaya çatdırmasaydılar, o da çoxlu qan itkisindən gözlərini əbədi olaraq yumacaqdı. Həmin dəqiqə onlarla “tambovlu” boyets onun keşiyini çəkməyə başladı. RUOP əməkdaşları isə xəstəxananın ətrafını nəzarətə götürdülər. Xəstəxanada olan “boyeviklər” saxlanıldı və onlardan altı ədəd tapança götürüldü.

Bir neçə gün sonra isə Andrey Berlinin yoxa çıxması barədə sensasiya xarakterli məlumatlar eşidildi. Bəziləri onun meşədə öldürüldüyü və meyitin yandırıldığı barədə danışırdı. Bəziləri isə Berlinin DTK əməkdaşları tərəfindən tutularaq zirzəmiyə atıldığını güman edirdi. Onu milislər tapdılar. Düşmən qrup tərəfindən girov götürülmüş Berlin əlləri qandallanmış, başına polietilen torba keçirilmiş halda, yarımcan vəziyyətdə zirzəmidə otururdu.

Həmin günlər “Krestı”də oturan “Xmurıy” ayamalı zek danışır: “Malışev onun halını xəbər almaq üçün “Bombey”ə gəlmiş müstəntiqə deyib ki, burada sağ-salamat çifir içə bildiyim üçün sizə minnətdaram. Əgər azadlğqda qalsaydım, bu vaxtadək meyitimi salardılar. Burada bit əzdiyim üç ay ərzində 40-dan çox avtoritet başını torpağa qoyub”.

Bəhram Çələbi

Xural.com

behram chelebi

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button