Poçt şöbələrinin ünvanlarının axtarışını asanlaşdıran mobil tətbiq istifadəyə verilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən poçt şöbələrinin ünvanlarının axtarışını asanlaşdıran mobil tətbiq istifadəyə verilib. Nazirliyin Məlumat Hesablama Mərkəzinin hazırladığı “Poçt Ünvanları” adlı mobil tətbiq vasitəsilə poçt ünvanları, poçt indeksləri, poçtla mobil rabitə, poçtların iş rejimi, poçt məntəqəsinə gedən marşrut barədə məlumat əldə etmək mümkün olacaq.

Nazirlikdən azertag.az-a bildirilib ki, artıq iOS və Android əməliyyat sistemində işləyən qurğular üçün aktivləşdirilib. Bu tətbiq “Azərpoçt” MMC-nin 1600-dən çox poçt şöbəsinin ünvanları barədə məlumatların xəritə üzərində bir neçə saniyədə axtarışına şərait yaradır.

“Poçt Ünvanları” mobil tətbiqinin funksional imkanları genişdir. Bu funksionallıqlar poçt məntəqəsi üzrə axtarış zamanı istifadəçinin işini sadələşdirəcək: “mətni kopyala” funksionallığı əldə olunan məlumatların saxlanılmasına kömək edəcək; “zəng et” vasitəsilə seçilmiş poçt məntəqəsinə zəng etmək olar; “marşrutu göstər”i seçdikdə lokasiya üzrə poçt məntəqəsinə olan nəqliyyat marşrutu göstərilir; “Google Maps”da göstər funksiyasını seçdikdə lokasiya üzrə poçt məntəqəsinə olan məsafə, həmin məsafəni qət etmək üçün vasitələr (şəxsi nəqliyyat, ictimai nəqliyyat və piyada marşrutu) və bu vasitələrə uyğun olaraq sərf ediləcək vaxt göstərilir.

Tətbiqdə istifadə olunan xəritə Google Maps üzərindən çalışır. Bunun üçün də, tətbiqin istifadəsi zamanı cihazın GPS naviqasiya sistemi açıq olmalıdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button