Polkovnik Baranets: “Rusiya Baş qərargahı Xəzərdə Azərbaycanın da cəlb olunduğu toqquşmaya hazırlaşır”

“Xəzəryanı neft dövlətlərinə tərəf Rusiyaya dost olmayan dövlətlər tez-tez “sürüşür”. Həmin ölkələrdən olan Azərbaycana eyham vurmağa başlayıblar: bizimlə dost olun, əgər neft rayonlarının bölüşdürülməsi məsələsi qalxsa sizə kömək edəcəyik. Belə plan üzrə perspektiv toqquşma təhdidi bizim Baş qərargah tərəfindən də nəzərə alınır”.

Virtualaz.org xəbər verir ki, bu sözləri “Komsomolskaya Pravda” qəzetinin hərbi şərhçisi, polkovnik Yuri Baranets Rusiyanın Xəzər donanmasının bazasının Həştərxandan Dağıstana, Kaspiysk şəhərinə köçürülməsini şərh edərkən deyib.

Bazanın köçürüləcəyi barədə müdafiə naziri Sergey Şoyqu bu günlərdə bildirib. Nazir elan edib ki, yeni bazada donanma hərbçilərinin və gəmilərin sayı dəfələrlə artırılacaq. Bu, hərbi-ekspert çevrələrində geniş rezonans doğurub.

Polkovnik Baranets deyir ki, bazanın yerinin dəyişdirilməsi donanmaya daha çevik olmağa, ilin istənilən fəsillərində qarşıya qoyulmuş vəzifəni operativ yerinə yetirməyə imkan verəcək.

“Nə Kreml, nə Müdafiə Nazirliyi gizlətmir ki, cənub istiqamətindən də təhdidlər var. Bu, bir sıra amillərlə əlaqəlidir. Xəzər rayonu perspektivdə, hətta indi energetika resursları uğrunda ümumdünya savaşı zonasına çevrilir. O cümlədən Suriyada əzilmiş terrorçu qüvvələr də bu regiona can atır. Hələ mən sizə neft qaçaqmalçılığı haqda demirəm…”-Baranets riafan.ru-ya bildirib.

Hərbi ekspert deyib ki, Xəzər təbii sərvətlər baxımından hələ də bölünməmiş dəniz olaraq qalır. Ona görə də onun ehtiyatlarının bölünməsi uğrunda mübarizə davam edəcək. “Rusiya bunu görür və istənilən vəziyyətə operativ reaksiya vermək üçün Xəzər donanması sahildən sürətlə aralanmaq və qarşıya qoyulmuş vəzifəni yerinə yetirmək imkanında olmalıdır”-Yuru Baranets deyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button