“Prezidentə xəyanət edən məmurun anasını Hafiz Hacıyev…” – VİDEO

Hafiz Hacıyevdən Samir Şərifov və Elman Rüstəmova qarşı ağır sözlər…

Azərbaycanda manatın devalvasiyasından sonra baş verən hadisələr və yaranmış vəziyyət siyasətçilər tərəfindən müxtəlif aspektlərdən işıqlandırılır. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin də son aylar yaşanan proseslərə özünəməxsus fikirləri var. Yenicag.az-a müsahibəsində o yaranmış ağır durumun günahını bəzi məmurların xalqa zidd siyasətində axtarmağı lazım bildi.

– Son zamanlar ölkədə manatla bağlı baş verən prosesləri necə qiymətləndirərdiniz?

– Bu məsələlərə mənfi prizmadan baxıram. Zamanında iqtisadi sektorda fəaliyyət göstərən məmurlar məsələ ətrafında qəti mövqelərini ortaya qoymuş olsaydı, düzgün proqnoz və təhlillər aparsaydılar, Azərbaycan manatı da bu dərəcədə aşağılanmazdı. Yəni, baş verən hadisə ölkənin iqtisadi sektorunda olan ciddi nöqsanlarla bağlıdır. Azərbaycan Mərkəzi Bankı və maliyyə naziri bu sahədə ciddi nöqsanlara yol verib. Düzdür, bununla bağlı bütün məsələni Beynəlxalq Bankın üzərinə atıblar. Məlumatıma görə hazırda həbsdə olan Beynəlxalq Bankın sədri maliyyə naziri və Mərkəzi Bankın sədrilə üzləşmək istəyir. Bu gün Azərbaycan banklarında baş verən özbaşınalıq ölkəmizi bu vəziyyətə gətirib çıxarıb. Ölkədən milyardlarla dollar çıxarılıb. Sahibkarlıq adı ilə rəsmiləşdirilərək böyük həcmdə pullar mənimsənilib. Bunu isə Mərkəzi Bank rəhbərliyi və maliyyə naziri də bilirdi. Ona görə ki, Beynəlxalq Bankın səhmlərinin 51 faizi dövlətə aiddir. Maliyyə naziri bununla bağlı dövlət başçısına lazımı məlumatları vaxtında çatdırsaydı, bunlar baş verməyəcəkdi. Yaxud da Mərkəzi Bank sədri həmin məsələdə qəti mövqe ortaya qoysaydı, bu baş verməzdi. Məndə belə bir təəssürat formalaşıb ki, onların hamısı əlbir olaraq prezidentə düzgün məlumat verməyiblər. Təəssüf edirəm ki, ölkə prezidenti bu gün çox çətinliklə üzləşib. Bu çətinlikdən çıxmaq üçün də ciddi fəaliyyət göstərir. Millətini sevən insan həmişə onun yanında olur. Amma təəssüf ki, iqtisadi sahədə olan yarıtmaz kadrlar ölkə prezidentini fakt qarşısında qoyurlar. Prezident məsələn, bir ay öncə deyirdi ki, manat öz dəyərini itirməyəcək. Amma bir gecə içində manat dəyər itirdi. Bunun hamısını Prezidentə qarşı qurulmuş oyun hesab edirəm. Prezident iradə ortaya qoyur. Amma onun səhərisi manat devalvasiyaya uğrayır. Bu isə böyük bir siyasi sabotajdır. Bu prezidenti nüfuzdan salmağa hesablanmış addımlardır. Həmin məqamlar üzə çıxmalıdır.  Hakimiyyət daxilində olan bəzi insanlar isə dövlət başçısına qarşı sabotajla, ədalətsizliklə məşğuldur. Həmişə demişəm, bu gün də onun cəzasını çəkirəm, mənə qarşı təzyiqlər olur. Lakin mən qardaşımı müdafiə etmək üçün hər bir maskalanmış, hakimiyyət daxilində kiflənmiş insanların iç üzünü açacağam. Nəyə əsas var idi ki, ölkədə manat birdən-birə bu qədər devalvasiyaya uğradı? Buna ehtiyac yox idi. Məmurların hakimiyyətdə olarkən oğurladığı pulların bir faizini fond yaradıb ora yatırmaqla problemlərin həllinə yönəltsəydilər, ölkə bu vəziyyətdən çıxa bilərdi. Görürsünüz ki, manatın devalvasiyaya düşməsilə nə qədər iş yerləri bağlandı. Bağlanan iş yerlərindən çıxarılan insanlar bu hökumətdən razı ola bilərmi, qətiyyən yox. Bu baxımdan deyirəm ki, hakimiyyət daxilində olan məmurlar dövlət başçısına xəyanıt edirlər. Bu birmənalı şəkildə belədir, onu sübut etməyə əlimdə kifayət qədər faktlar da var.

IMG_0606– Maliyyə naziri Samir Şərifov bildirmişdi ki, Beynəlxalq Bankda baş verənlərdən xəbərimiz olmayıb, bizə yalan danışıblar. Yəni illərlə Cahangir Hacıyev onları aldadıb. Buna inanırsınız?

– Qətiyyən. Samir Şərifov bu fikirdədirsə, deməli o yerində olmayıb. Tabe olan bir qurumdan düzgün məlumat ala bilmirsənsə, daha niyə həmin vəzifədə oturmusan? S. Şərifov, sən yerində olmayan bir adamsan. Necə olur ki, xarici dövlətlərə əlin uzanır, özünü gələcək prezident kimi görə bilirsən, Beynəlxalq Bankın səhmlərinin 51 faizini dövlət sənə etibar edib, amma deyirsən ki, məni aldadıblar. Hər ay yoxlamalar gedirdi və yoxlanılıb onlara məruzə olunurdu. Onlarin dedikləri fikirlərlə gördüyü əməllər bir-birinə düz gəlmir. Maliyyə naziri bilmirdi ki, Azərbaycanda 7-8 milyard kredit verilir? Bilirdi,çünki onlara özü qol çəkib, bunlar onun razılığı ilə baş verib. Cahangir Hacıyev üzləşmə tələb edib, üzləşəndə görün ortaya nələr çıxacaq. Bir il öncə dediyim fikirlər belədə öz təsdiqini tapacaq. Düşünürəm ki, bu məsələdə Cahangir Hacıyevlə bərabər, Beynəlxalq Bankın sədri və maliyyə naziri də istintaqa cəlb olunmalıdır, Azərbaycan xalqına və prezidentə etdikləri xəyanətə görə cavab verməlidirlər. Bu kimi insanlar Azərbaycan büdcəsini dağıtdı. Bir il bundan öncəki Azərbaycan bu gün gəlib zəif bir günə düşdü.  Prezident bu problemlərin həlli üçün onların üzərinə gedir, qoymur ki, xalq əziyyət çəksin. Amma daxildə sabotajlıqla məşğul olan, başqa dövlətlərdən asılı qüvvələr, hakimiyyət daxilindəki müəyyən qruplara işləyən nazirlər prezidenti nüfuzdan salmaq, xalq arasında çaxnaşma yaratmağa çalışırlar.  Birinci şaxnaşma baş verdi, ikinci çaxnaşmaya ciddi hazırlıq gedir. Onlar başlarının altına yastıq qoyub yatmasın. Məmurlar prezidentin tapşırığı ilə guya ki, rayonlarda görüş keçirirlər. Amma həmin görüşü rayon icra hakimiyyəti işçiləri, partiya aktivləri, büdcədən maliyyələşən vəzifəli adamların iştirakı ilə keçirirlər. Onların ora getməsinə ehtiyac yoxdur, arxa tərəfdə məmurlarla görüşmək istəyən kəndçi, fəhlə, əzabkeşlə görüşsünlər. Samir Şərifov televiziyaya çıxaraq Mərkəzi Bank sədrinin dediyinin əksini danışır, onun düz demədiyini bildirir. Mərkəzi Bank sədri də onun əksinə danışır.  Millət kimə inansın və nə etsin?

– Bu məmurlar isterikaya düşərək bir-birini təkzib edir, yoxsa planlanmış bir oyundur?

– Bu planlanmış hadisədir. Onların ağılı olmasaydı dövlətdən bu qədər pul oğurlamazdılar. S. Şərifov xalqı yastıqda gizlətdikləri pulu çıxarmağa səsləyir. Xalqın məgər yastıqda pulumu var? S. Şərifov gedib özü xaricdə banklarda qoyduğu pullarını çıxarsın. Yəni, bunlar düşünülmüş məsələlərdir. Dövlət başçısına xəyanət etmək üçün bütün bu variantlara gedirlər. İki nazirin bir-birini təkzib etməsilə millətdə bir çaşqınlıq yaranıb. Onlar qorxu həddinə gəlib çatıb. Biri deyir, dollarla kredit alanların məsələsinə baxılacaq, Şərifov isə elan edir ki, qətiyyən bu fikirdə deyillər. Necə yəni sənin həmin məsələni həll etmək üçün 2 milyard manat pulun yoxdur. Avstriya, İsveçrə banklarında qoyduğunuz pullardan gətirin və xalqa vurduğunuz ziyanı ödəyin. Bunlar qurulmuş oyunlardır ki, prezidenti nüfuzdan salsınlar. Hakimiyyət daxilində olan insanlar istəyir ki, neqativ məqamların hamısını prezidentin üzərinə yükləsinlər. Prezident bütün səylərini düşdüyümüz böhrandan çıxmağa yönəldib. Məmurlar isə millətin düşdüyü bu günkü vəziyyətdən də istifadə edir, yumurtalarını, toyuqlarını baha satıb, özləri üçün mənfəət güdürlər. Onlar prezidentə qarşı sabotajla məşğuldurlar. Ürəyim ağrayır, Azərbaycanın belə bir gözəl prezidenti ola-ola, ətrafındakılar ona xəyanət edir. Xəyanətin qarşısını almaq üçün də “Qocalar evi” adlanan Nazirlər Kabineti istefaya getməlidir. Nə qədər ki, bu baş verməyib ölkənin vəziyyəti yaxşı olmayacaq. Bu məmurlar o qədər piylənib ki, belədə onlara atılan siyasi güllələrin də təsirinin olmayacağını düşünürlər. Siz prezidentə nə qədər xəyanət edəcəksiniz? Onun mənim kimi qorxmaz qardaşı var. Məni də hədələyirsiniz ki, niyə prezidenti müdafiə edirəm. Demişəm və yenə də deyirəm, yaxın günlərdə də gözləyirik, prezident iqtisadi sektorda olan nazirləri istefaya göndərməsə Azərbaycanda qarışıqlıq labüddür. Mart-aprel aylarında ölkədə böyük qarışıqlıq gözlənilir. Ölkə daxilində də qarışıqlıq yaradılmasına böyük önəm verənlər var ki, bununla da məmurlar oğurladıqlarının yaddan çıxmasına  və öz işlərini görməkdə davam edə bilmələrinə çalışırlar. Məsələnin kökündə o dayanır ki, bu gün gedən proseslərin hamısı bir nəfərin üzərinə hesablanmış oyunlardır. Cahangir Hacıyev sizləri də çağırır, sizlərin də yeri türmədir.

IMG_0611– Əvvəl 10 min, sonra da 5 min dollaradək olan kreditlərin 1.05 manat kursu ilə qaytarılacağı bildirildi. Sonradan isə bunlar da unuduldu. Amma S. Şərifov xalqı qıcıqlandıraraq deyir ki, banklar xeyriyyə təşkilatları deyil…

– Onlar xalqın hissiyyatı ilə oynayır. Xalqda böyük ümid var idi ki, 5 yaxud 10 min dollar civarında olan kreditlər bağışlanacaq. Bu proses Qazaxıstanda baş verdi. Azərbaycanda da bu borc xərcləri bağlamaq üçün böyük bir məbləğə ehtiyac yoxdur.  Məmurların vicdanı olsa, prezidenti çox istəsələrdi, bizdə də buna gedərdilər. Amma söhbət ondan gedir ki, həmin məmurlar xalqın heysiyyatı ilə oynayır, onu ələ salırlar.  Bu baxımdan həmişə demişəm, yenə də deyirəm ki, məmurların xaricdə və daxildə qanunsuz yolla əldə etdiyi mülklərin bir hissəsini satsaydılar, millətin borcunu da ləğv etmək olardı. Millət də öz prezidenti ilə həmişə fəxr edib, bu gün də fəxr edərdi. Amma məmurlar milləti ümidsizlik bataqlığına yuvarlayıb. Görürsünüzmü ümidsizlik üzündən son zamanlar nə qədər insan intihar edir. Məmurların vicdanları yoxdurmu bəyəm? 2 milyard dollar onlar üçün heç nədir. Necə olur ki, xaricdə milyonlarla hektar yer alıb, villalar tikə bilir, qaynatası, atası nazir olan oğul Londonda 30 milyon dollara özünə ev alır, amma insanların kreditlərini bağlamağa getmirlər? Prezidentə sadiq adamlardırlarsa, bunu etməli idilər. Adi bir katibəyə Quba rayonunda tikdirdikləri villanın qiyməti milyon manatlarla ölçülür. Korrupsiyaya qarşı mübarizə idarəsinin rəhbərliyi iki dağ arasında 10 milyardlara başa gələn malikanələri görmür? İcra başçısından soruşmurlar ki, aldığı əmək haqqı 900 manat olduğu halda, bu malikanələri hansı vəsaitlə tikib? Soruşmurlar, çünkü hamısı şərikdir. Əvəzində korrupsiya adı ilə xəstəni əməliyyat edən və bu zaman 100 manat pul alan həkimi tuturlar. Ona görə də bu yolda mücadilə edirəm, həyatımı risqə qoyuram ki, məmurların Azərbaycanı diz çökdürməsinin qarşısını ala bilim. Neftdən gələn gəlir azalan kimi Azərbaycan çökməlidir, niyə? Niyə kənd təsərrüfatını qaldırmayıblar? Hanı zavod və fabriklərimiz? “Azərsun” dollarla bağlı olmadığı halda, Azərbaycan çayının qiymətini qaldırır. Bu şirkət dünən 90 qəpiyə satdığı çayı, indi 1.80 manata satır. Məsələnin kökündə dayanan budur. İcazə versinlər məhsullları biz gətirək, qardaşıma kömək edim ki, xalqımız aclığı hiss etməsin. Amma qoymurlar. Nəyə ehtiyac var idi ki, Fazil Məmmədov müşavirlərin sayını bu günkü durumda artırır? Ölkədə real vəziyyət bundan ibarətdir. Nöqsanları demək lazımdır. Hər şey yaxşıdır deyib, özümüzü məhv etməyə dəyməz. Gəlin nöqsanlardan çıxış yollarını axtarıb tapaq. Apardığım mücadilə, qardaşıma etdiyim kömək budur. Ayrı nə edə bilərəm? Özüm kirayədə qalan, bir qarın ac, bir qarın tox yaşayan bir insanam. Amma məmurlar özlərinin saxladığı 10-12-ci xanımlarına xarici ölkələrdə malikanələr, vilalar  tikirlər.  Maaşları 1700 manatdır, belə olan halda bu qədər villalara pulu hardan alıblar? Niyə bu haqda tədbir görülmür? Həyatım təhlükədə də olsa məcburam ki, qardaşımın yolunda ölümə gedəm. Prezidentə yalandan hər şeyin yaxşı olduğunu deyən məmurlarla sona qədər mübarizə aparacağam.  Məni hədələmələrinin mənası yoxdur.

– Bu günlərdə prezidentin üstünə düşdüyü məsələlərdən biri də sahibkarlıqla bağlı olan məsələdir. Prezident dəfələrlə bəyan edib ki, sahibkarları qorumaq lazımdır. Amma dəfələrlə görmüşük ki, məmurlar bunun əksinə gedirlər…

– Bütün bunlar ölkənin birinci şəxsinə qarşı atılmış oyunlardır. Bunları da söyləyəndə düşmən olursan. Xalq səni sevir, amma hakimiyyətdə olan 5-6 nəfər səninlə düşmən olur. Yaxşı ki, canım qardaşım, prezidentim hələ mənə inanır, məni müdafiə edir, yoxsa məni diri-diri udarlar. Biz nə deyirik? Deyirik, canın çıxsın, bir ildə rüşvət alma. Öləcəksən? Canın çıxsın sahibkarı incitmə! Canın çıxsın, xalqın qanını sovurma! Sənə ayrı nə deyirəm? Deyirəm, gəl mənə ev ver? Kirayədə qalıram, dostlarım ayda 600 manat  kirayə pulumu verirlər. Gündə bir dəfə çörək yeyirəm. İki kiloda sizin qiymətini qaldırdığınız kartofdan alıram, gündə birini yeyirəm. Mən bununla yaşayacam. Ancaq siz belə həyatda yaşaya bilmirsiniz.  Siz artıq “orientrovka”nı itirmisiniz və prezidentə xəyanət edirsiniz. Prezidentə xəyanət edənin anasını da Hafız Hacıyev ağladacaq.

yenicag.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button