Prezident 3 gəminin istismara verilməsində iştirak etdi

ilham metro

Prezident İlham Əliyev bu gün Bakı gəmiqayırma zavodunda “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə inşa edilən “Üfüq”, “Zəfər” və “Turan” sərnişin gəmilərinin istismara verilməsi mərasimində iştirak edib.

Strateq.az xəbər verir ki, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev dövlət başçısına zavodda inşa edilən gəmilər barədə məlumat veriblər.

Bildirilib ki, hazırda gəmiçiliyin donanması üçün zəruri olan müxtəlif təyinatlı gəmilərin inşası ilə bağlı danışıqlar aparılır. Onların arasında tankerlər, quru yük gəmiləri, konteynerdaşıyan gəmilər, kran, yanğınsöndürən, yedək-təchizat, təchizat və nəqliyyat gəmiləri var.

Dövlət başçısı gəmilərin istismara verilməsini bildirən lenti kəsib.

Sonra Prezident İlham Əliyev “Üfüq” sərnişin gəmisinin istismara verilməsini bildirən düyməni basıb.

Xatırladaq ki, Azərbaycan neftçilərinin dəniz platformalarına çatdırılması üçün nəzərdə tutulan sərnişin gəmilərinin inşasına dair müqavilə 2014-cü ilin mayında imzalanıb. Müvafiq layihə və hazırlıq mərhələsindən sonra tikinti işlərinə 2014-cü ilin oktyabrında başlanılıb. Gəmilərin hamısı körpüdə və dənizdə sınaqlardan uğurla keçib və istismara hazır vəziyyətdədir. Onların hər biri 80 sərnişin tutumuna malikdir. Uzunluğu 38 metr, eni 8 metr, suya oturumu 2,25 metr olan gəmilərin gövdəsi polad, üst tikililəri isə alüminium materialdan hazırlanıb. Yüngül materialların tətbiqi, hərəsinin gücü 1920 kilovat olan iki baş mühərrikin qoyulması sərnişin gəmilərinə saatda 35 kilometrə yaxın sürət yığmağa imkan verir. Bu, mövcud gəmilərlə müqayisədə iki dəfə çoxdur. Eyni zamanda, yeni gəmilər göyərtələrinə 10 tonadək müxtəlif yük də götürə bilir.

Beləliklə, neftçilərin və yüklərin dəniz platformalarına daha tez və rahat çatdırılması təmin ediləcək.

Qeyd edək ki, hazırda Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə “Xankəndi” sualtı tikinti gəmisinin inşası aparılır. Bu, indiyə qədər Bakı gəmiqayırma zavodunda icra olunan ən mühüm sifarişdir. Gəmi Xəzər dənizində xüsusi təyinatlı əməliyyatların həyata keçirilməsi üçün nəzərdə tutulub və DNV GL Norveç və Almaniya təsnifat cəmiyyətinin nəzarəti altında tikilir. Gəmidə 600 metr dərinlikdə sualtı quraşdırma və yükqaldırma işləri üçün 900 tonluq əsas kran qoyulacaq. Bundan əlavə, dərin sularda mürəkkəb dalğıc əməliyyatları üçün 18 nəfərlik dalğıc kameraları və məsafədən idarə olunan iki sualtı robotla təchiz ediləcək. Dinamik mövqe idarəetmə sistemi-DP3 ilə təchiz olunmuş gəminin uzunluğu 155, eni 32, bortunun hündürlüyü isə 13 metr təşkil edir. Ümumi gücü 32 min kilovat olan gəmidə 8 mühərrik quraşdırılıb ki, bu da onun layihəyə uyğun olaraq 13,5 uzel sürətini təmin edəcək. 175 nəfərlik kayutlarla təchiz olunan gəminin layihəsi üzrə işlərin artıq 80 faizi yerinə yetirilib və 2017-ci ilin aprelində sifarişçiyə təhvil verilməsi planlaşdırılır.

Gəmiçiliyin strategiyasına müvafiq olaraq, Xəzərdən kənar sularda fəaliyyətin genişləndirilməsi məqsədilə yaxın vaxtlarda hər birinin 5500 ton yükgötürmə qabiliyyəti olan altı quru yük gəmisi istismara veriləcək. Bununla da Xəzərdən kənarda, Qara və Aralıq dənizləri hövzələrində Azərbaycan bayrağı altında üzən gəmilərimizin sayı 11-ə çatacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button