Prezident Elşad Abdullayevin təhlükəsizliyini təmin etdi

04.10.2012

Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin Azərbaycan prezidenti İlham Əliyevə müraciəti nəzərə alınaraq, qardaşı Mahir Abdullayevin 13 oktyabr 2003-cü il tarixdə itkin düşməsi və digər faktlarla bağlı istintaq olunan cinayət işi üzrə baş prokurorun qərarı ilə Baş Prokurorluğun nəzdində tam yeni tərkibdə istintaq-əməliyyat qrupu yaradılıb.

 Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Qrupa rəhbərlik baş prokurorun böyük köməkçisi Elmar Camalova həvalə edilib.

 Məlumatda həmçinin bildirilir ki, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” qanuna müvafiq olaraq E. Abdullayevin Azərbaycana gəldiyi təqdirdə qeyd olunan cinayət işi üzrə zərərçəkmiş şəxs kimi şəxsi təhlükəsizliyi təmin ediləcək.

Xatırladaq ki, Elşad Abdullayev prezident İlham Əliyevə ünvanladığı 02.10.2012 tarixli məktubunda şəxsi təhlükəsizliyinə təminat istəmişdi:

” Cənab Prezident!

Mən bir Azərbaycan vətəndaşı olmaqla vətəndaş hüquqlarımın qarantı kimi Sizə müraciət etmək məcburiyyətindəyəm. Hesab edirəm ki, Baş prokuror Zakir Qaralov başda olmaqla onun rəhbərlik etdiyi Prokurorluğun bütün əməkdaşlarının mənim təqdim etdiyim sənəd və sübutlar əsasında başlanmış cinayət işi üzrə istintaq aparmaq və istintaqa prosesual rəhbərliyi həyata keçirmək üçün mənəvi və qanuni haqları yoxdur. Buna görə də Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32 bəndində nəzərdə tutulmuş hüququnuzdan istifadə edərək bu işin araşdırılması üçün müstəqil istintaq komissiyası yaratmanızı xahiş edirəm. Əgər belə bir komissiya yaradılacaqsa və mənim şəxsi toxunulmazlığıma və həyatıma Sizin tərəfinizdən təmint veriləcəksə, Azərbaycana qayıtmağa və istintaqa istənilən köməyi etməyə hazıram. Əks təqdirdə mənə qarşı təzyiq və təqiblər davam edəcəksə, Azərbaycan Respublikasının vətəndaşlığından imtina etməyə məcbur olacam.

P.S. müraciətimin Sizə çatacağına əmin olmaq üçün onu KİV-lərə göndərmək məcburiyyətindəyəm.”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button