Prezident idarəçiliyinin dünya təcrübəsi – kim neçə yaşında?

Qubad İbadoğlu

İqtisadi Tədqiqatlar Mərkəzinin və ADR Hərəkatının sədri

Şotlandiyada prezident olmaq üçün 16, İtaliyada isə 50 yaşa çatmaq tələb olunur.

Avropa Şurası Venesiya Komissiyası (VK) sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklər məqsədilə keçiriləcək referendumla bağlı rəyini açıqlayıb. VK rəyində diqqəti cəlb edən ən ciddi məqam təklif edilən düzəlişlərin bir çoxunun prezidentin səlahiyyətlərinin artırılmasına yönəlməsidir. VK dövlət başçısına vaxtından əvvəl prezident seçkilərini elan etmək, Milli Məclisi buraxmaq, təyinatlı vitse-prezidentlər institutunu yaratmaq səlahiyyətlərinin verilməsindən narahatdır. Onlar hesab edirlər ki, bütün bunların nəticəsində hakimiyyətin qolları arasında balans pozula və onların bir çoxu müstəqilliyini itirilə bilər.
Bununla yanaşı, VK referendumun parlamentdə və ictimaiyyət arasında ilkin müzakirələr aparılmadan, həm də çox qısa müddətdə keçirilməsini tənqid edib və layihə referenduma təqdim edilənə qədər hakimiyyətin onunla məsləhətləşmə aparmamasına təəssüflənib.
VK vaxt azlığından ən vacib məqamlara toxunub. Onlar arasında yaş limitinin ləğv olunması yoxdur. Çünki bir çox ölkələrdə, xüsuslə də Avropa dövlətlərində – Danimarkada, Hollandiyada, Estoniyada, Fransada, Norveçdə, Almaniyada, Böyük Britaniyada yaş limiti çoxdan ləğv edilib, həmin ölkələrdə 18 yaşından, Şotlandiyada isə hətta 16 yaşından yuxarı hər bir vətəndaşa prezidentlik marafonuna qoşulmaq hüququ verilib. Onların yanaşmasına görə, seçən hər bir şəxs həm də seçilmək hüququna malik olmaldır. Buna baxmayaraq, bəzi ölkələrdə isə yaş senzi çox yuxarı təyin olunub. Məsələn, Pakistanda, Fillipində, Türkiyədə prezidentlik üçün minimum yaş həddi 40 yaş, İtaliyada hətta 50 yaş müəyyənləşdirilib. Dünyanın əksər ölkələrində isə yaş həddi 35-dir.
Prezidentlik müddətinə gəlincə, prezidentlər 7 ildən bir Tacikistanda (2 dəfə ardıcıl), Qırğızıstanda (yalnız 1 dəfə), Özbəkistanda (2 dəfə ardıcıl), İrlandiyada (yalnız 1 dəfə), İsraildə (yalnız 1 dəfə), Qabonda, Ekvatorial Qvineyada və Kamerunda (həmişəlik) seçilirlər.
Efiopiyada və Uqandada prezidentlik müddəti uyğun olaraq 6 və 5 il müəyyən edilsə də, onlarda da prezident üçün seçim müddətinə məhdudiyyət aradan qaldırılıb. Zimbabvedə əvvəllər prezident istədiyi qədər seçilmək imkanına malik olsa da, 2013-cü ildən tətbiq olunan konstitusiya dəyişikliklərinə görə, bu ölkədə prezident hər dəfə 5 il olmaqla ardıcıl surətdə 2 dəfə seçilə bilər. Bu sahədə ən maraqlı təcrübə Qazaxıstana məxsusdur. Bu ölkədə prezidentlik müddətinə limit ilk prezident istisna olmaqla digərlərinə tətbiq olunacaq.
Vitse-prezidentlik institutlarına gəlincə, bu daha çox Cənubi Amerika dövlərtlərinə (Braziliya, Argentina, Kolumbiya, Meksika və s.) və ABŞ üçün xarakterikdir. Lakin bu ölkələrin hamısında vitse-prezidentlər seçilirlər. Azərbaycanda təklif olunan yeni idarəçilik qaydalarına görə, vitse-prezidentlər prezident tərəfindən təyin olunacaq.
1-ci vitse-prezident prezident səlahiyyətini idarə edəndə parlamenti buraxmaq səlahiyyətinə malik olacaq. Yəni bu halda təyinatlı şəxs seçkili strukturu buraxa bilər. Bu isə demokratik idarəçiliyə ziddir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button