Prezident İlham Əliyev depo açılışında!

ilham novruz

Prezident İlham Əliyev “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin ikinci deposunun açılışında iştirak edib.

Xural.com strateq.az-a istinadən xəbər verir ki, dövlət başçısına burada yaradılan şərait barədə məlumat verilib. Bakı metrosunun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən depoda 300 avtobusun eyni anda park edilməsi mümkündür.

Prezident İlham Əliyev deponun rəmzi açılışını bildirən lenti kəsib və inzibati binada yaradılan şəraitlə tanış olub.

Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Prezident İlham Əliyevə “BakuBus” MMC-nin on aylıq fəaliyyəti barədə məlumat verib.

İlham Əliyev “BakuBus” MMC tərəfindən gələcəkdə alınması nəzərdə tutulan avtobuslara da baxıb. Avtobusların hamısı rahatlığı və təhlükəsizliyi ilə seçilir. Sərnişinlərin təhlükəsizliyi və ətraf mühitə vurula biləcək zərərin minimum səviyyəyə endirilməsi məqsədilə STQ mühərriki ilə işləyən avtobuslara üstünlük verilib. “BakuBus” MMC gələcəkdə də sərnişindaşıma sahəsində müasir standartlar səviyyəsində fəaliyyət göstərməyi qarşısına məqsəd qoyub. Bu məqsədlə avtobus parkının yenilənməsi və müasirləşdirilməsi istiqamətində mühüm layihələr icra edilir.

Diqqətə çatdırılıb ki, “BakuBus” MMC tərəfindən ilk dəfə olaraq hava limanı ekspress xətti istifadəyə verilib. Müasirliyi və rahatlığı ilə seçilən 5 avtobus sərnişinləri metronun “28 May” stansiyasından Heydər Əliyev Beynəlxalq Aeroportuna və əks istiqamətə fasiləsiz olaraq daşıyır. Avtobusların sərnişin tutumu 48 yerlikdir.
Deponun buraxılış və tibbi yoxlama məntəqəsi də var. Burada sürücülərin xəttə çıxmazdan əvvəl tibbi müayinəsi və zəruri sənədləşmə prosesi aparılır. Depo tam fəaliyyətə başladıqdan sonra 1500-dək əlavə iş yerinin açılması planlaşdırılır.

Yaradılan şəraitlə tanış olan prezident kollektivə uğurlar arzulayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button