Prezidentdən səmimi etiraflar: “Hobbim yoxdur, amma…”

Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində siyasətdən kənar sualları da cavablandırıb.

Dövlət başçısı hansısa məsələ ilə bağlı xüsusi narahat olub yuxusuz gecələr keçirib-keçirməməsi ilə bağlı suala belə cavab verib: “Səmimi deyim ki, yuxusuz gecələr tələb edəcək dərəcədə narahatlıq doğuran bir məsələni xatırlamaqda çətinlik çəkirəm. Bilirsinizmi, elə ciddi çətinlikləri yada sala bilmirəm. Əlbəttə, işdə elə məqamlar olur ki, müəyyən məyusluq keçirirsən, çünki təlimatlar və tapşırıqlar lazımınca yerinə yetirilmir. Lakin bütövlükdə bu illər ərzində bizim bütün işlərimiz plan üzrə gedib. Ona görə mən lap əvvəldən bunu əsas götürmüşəm ki, dövlətin davamlı inkişafı yalnız atılmalı addımların ardıcıllığı, onların prioritetləri düzgün planlaşdırılmış olduqda mümkündür və onlar nəticəyə yönəldilməlidir. Biz həmişə populizmdən, populist ritorikadan uzaq olmuşuq. Bəzən hətta çalışmışıq ki, özümüzü o qədər də nümayiş etdirmədən, sadəcə, ölkənin uğurla inkişaf etməsi üçün lazım olan işi görək. Bir daha deməliyəm ki, bizim daxili inkişafla bağlı məsələlər sarıdan heç bir çətinliyimiz olmayıb və düşünürəm ki, olmayacaq. Vaxtaşırı olaraq yalnız narahatlıq doğuran məsələlər regional vəziyyətlə bağlı olub: regionda vəziyyətin kəskinləşməsi bizim vətəndaşlara, ölkəmizə necə mənfi təsir göstərə bilər və bizim vətəndaşları və ölkəni risk təhlükəsindən qorumaq üçün nə etmək lazımdır. Zənnimcə, hər hansı çətinliklər barədə danışmalı olsaq, bu nümunəni göstərə bilərdim, o da yalnız o mənada ki, bu amillər bizdən asılı deyil. Bizim qərarlarımızdan və hərəkətlərimizdən asılı məsələlərlə əlaqədar heç bir çətin məqam yadıma gəlmir. Bir daha deməliyəm ki, hər işimiz plan üzrə gedib və yolun əvvəlində verdiyimiz bütün vədlər artıqlaması ilə yerinə yetirilib”

Dövlət başçısı xüsusi hobbisi olmadığını söyləyib: “Lakin hesab edirəm ki, sənə sevinc, məmnunluq gətirən işlə məşğul olmaq elə hobbidir. Mənə gəldikdə, əməyimin nəticələrini görmək ən böyük sevincdir. İnanın, bu sözləri elə-belə, kamera üçün demirəm, bu, həqiqətən belədir. Əlbəttə, görəndə ki, nəzərdə tutulan işlər yerinə yetirilib, görəndə ki, Azərbaycanın inkişafının bu və ya digər sahəsində irəliləyiş var, bu, mənə böyük mənəvi zövq verir. Bu, hər bir hobbidən yaxşıdır. Buna görə düşünürəm ki, mən hansısa məxsusi hobbinin olmamasını bu yolla kompensasiya edirəm. Bundan əlavə, əlbəttə, asudə vaxtımı ailəmlə keçirirəm və yəqin ki, orada həm də həyat üçün enerji alıram. Mən o insanlardanam ki, işə sevinə-sevinə gedir və işdən evə sevinə-sevinə qayıdır”.(musavat.com)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button