Prezidentlə şəkil şəkdirən iriçaplı reketlər – İfşa

Jurnalistlərin şəkil qalmaqalı böyüyür: Mətbuat Şurasının İdarə Heyətini üzvü öz yoldaşlarını söydü!

Azərbaycan mətbuatını rəsmi və qeyri-rəsmi şəkildə idarə edən iki qurumun – Mətbuat Şurasının (MŞ) və KİV DDF-nin (KİV-ə Dövlət Dəstəyi Fondu) rəhbərliyində təmsil olunan şəxslər arasındakı qeyri-sağlam münasibətlər getdikcə sosial şəbəkələrə də sıçramaqdadır. Əksər media vasitələri mənzil, ad və digər mükafatlarla susdurulduğundan, bir hissəsinin də gələcək siyahılarda yer almaq gözlənti və ümidləri böyük olduğundan, bu mövzunun üzərindən sükutla keçirlər. Ancaq necə deyərlər, “cidanı çuvalda gizlətmək də olmaz”: hər iki qurumda təmsil olunan şəxslər arasında ciddi intriqa, ziddiyyət, hətta düşmənçilik münasibətləri mövcuddur və bu münasibətlər, gec-tez, media üzərində oynanılan bir çox oyunların indiyədək qapalı saxlanan bir çox məqamlarını ictimaiyyət üçün aşkarlayacaq. Baxmayaraq ki, hər kəsin susdurulduğu düşünülür, ancaq hələlik sosial şəbəkələr vasitəsilə üzə çıxan həqiqətlərin bir azdan daha böyük auditoriyalarda səslənəcəyi ehtimalı daha böyükdür. Çünki bu iki qurumun ədalətsiz rəftarıyla üzləşmiş xeyli sayda jurnalist var ki, sadəcə, abırlarına qısılıb susmağa və kənardan müşahidəyə üstünlük verirlər. Ancaq qədim yunan filosofu Aristotel deyirdi: “Bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir”…

Mövzudan uzaqlaşmadan, qısaca olaraq deyək ki, MŞ və KİV DDF-də təmsil olunan və özlərini “media kapitanları” sayan (halbuki, bəzilərinin hərbi biletində açıqca “yararsız” yazılıb və üstəlik, heç “yefreytor” səviyyəsində də deyillər-red.) bu “baş redaktorlar”ın münasibətlərindəki qeyri-sağlam mühitə nəyin səbəb olduğunu biz bilmirik. Ancaq görünən odur ki, ortada “qaranlıq” çox şey var: bu, hansısa dövlət vəsaitlərinin çırpışdırılıb mənimsənilməsi uğrunda ənənvi açıq-gizli rəqabət də ola bilər, bir-birini qəbul etməməzlik də, iddia və hikkə də, maraqların toqquşması da, kiminsə kimin yerinə göz dikməsi də… Hər nədisə, bir azdan gerçəklik üzə çıxacaq, hələliksə bu “media kapitan”larından birinin eyni qurumda təmsil olunduğu digər “səngər yoldaşı”na “açdığı atəş”ə baxaq.

Bəli, söhbət “Paralel” qəzetinin baş redaktoru, MŞ İdarə Heyətinin üzvü Tapdıq Abbasın bu günlərdə ardıcıl olaraq özünün facebook səhifəsində “öz çevrəsi” haqda yazdıqlarından gedir.

Xatırladaq ki, bir neçə gün əvvəl Tapdıq Abbasın ilk statusu ilə bağlı Strateq.az-da “Mətbuat Şurası İdarə Heyətinin üzvü nədən narazı qalıb? – Vicdanın ədalətsizliyə etirazı, yoxsa…” sərlövhəli yazı getmişdi.

Təsəvvür edin ki, yazı gedən gündən MŞ və DDŞ “mənbə” axtarışına çıxıb – bizimlə əməkdaşlıq edən jurnalistləri saf-çürük edirlər. Bir adam demir ki, özünüzü yormayın, mənbə elə özünüz, öz yazdıqlarınız, öz bulaşıq və çirkli keçmişiniz, qaranlıq fəaliyyətinizdir…

tapdıq-abbas.jpg

Mənbə axtaranlara isə Tapdıq Abbasın facebook-da yazdığı növbəti qeydlərini təqdim edirik: “Deməli, belə – belə işlər, dostlar, dünya həqiqətən çox sadə göründüyü qədər mürəkkəb, mürəkkəb göründüyü qədərdən də çətin olan keçməkeşlərin, dərin ziddiyyətlərin, qızğın ehtirasların toqquşduğu, naqisliyin, həsədin, nadanlığın, məkrin, dünya malı və mənsəb uğrunda hər şeydən keçənlərin göstərisi üçün əsil səhnə rolunu oynayır! Cənab Prezidentlə onun iqamətgahı qarşısında MŞ İH – nin üzvləri ilə birlikdə yanaşı şəkil çəkdirdiyimə indi lap çox şad olmuşam! Çünki soradan mənə məlum olub ki, Prezidentlə yanaşı dayanıb şəkil çəkdirdiyim üçün arxada məni xeyli müzakirə edib, haqqımda hədyan danışan bəzi şərəfsizlərin mənim yerimdə dayanıb şəkil çəkdirmək üçün gözlədiyi fürsəti onların əlindən almışam, o kəslərin ki, Prezidentlə şəkil çəkdirib, həmin şəkili bayaraq edib qap-qapı düşüb xeyli mal, mülk qazanmaq istəyən bəzi üzdəniraqların naqis məramına maneə olmuşam! İndi çox mutluyam!!!”.

Biz özünü “media nəhəngi” sayan baş redaktor Tapdıq Abbasın üslübunu, cümlə quruluşunu, yazılarında yol verdiyi səhvlərini bir kənara tullayaraq (baxmayaraq ki, bu, yazı-pozu adamı üçün çox vacib şərtdir – red.), ikicə məqama diqqət çəkməklə, hələlik fikirlərimizi yekunlaşdırmaq istəyirik:

1. Görün, bu “media kapitanları” nə gündədir ki, müharibə aparan bir ölkənin taleyüklü məsələləri, informasiya təhlükəsizliyi, medianın problemləri və s. qalıb bir yanda, bunlar hətta necə şəkil çəkdirmək – kimin harada, kimin yanında durmasının gərəkliyi üstündə bir-birini qıracaq qədər düşük müzakirələr, intriqalar aparırlar: deməli, bunların elementar siyasi mədəniyyət anlayışından, etiket qaydalarından, rəsmi və qeyri-rəsmi davranış normalarından belə, xəbərləri yoxdur;

2. Tapdıq Abbas özü etiraf edir ki, bu şəkil çəkdirənlər sırasında onun yerində dayanıb Prezidentlə şəkil çəkdirmək istəyən və sonra da bu şəkli qoltuğuna vuraraq qapı-qapı gəzib mal-mülk toplayan “şərəfsiz” və “üzdəniraq”lar var. Bu, klassik “mətbu reketçiliyin” ən geniş yayılmış “priyomu”dur ki, Tapdıq Abbas bunu hədsiz dərəcədə dəqiqliklə və çox gözəl ifadə edib. Əla! Bəs, bu Mətbuat Şurası özü reketçiliyə qarşı mübarizə aparan qurum deyildimi? Əgər belə “şərəfsiz və üzdəniraq reketlər”i Prezident kabinetinədək və hətta onunla şəkil çəkdirməyədək aparıb çıxarırsınzsa, budurmu sizin “reket jurnalisitikası”na qarşı mübarizəniz?!

Ayıbdır, vallah! Bir utanan sifətiniz olsun, barı, susun!!!

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button