Prezidentliyə namizədlərin 3-cü masası-QİYMƏTLƏNDİRMƏ

Əvəz Zeynallı

 

Yorucu və darıxdırıcı masalardan biri oldu. Qənimət Zahidov demiş, buna heç debat demək doğru da deyil. Bu, bir komandaya daxil olan 8 nəfərin eyni məsələ ətrafında müzakirəsindən, təlimatlandırılmış söhbətindən başqa bir şey deyil. Sərdar Cəlaloğlu və Hafiz Hacıyev nə qədər rəng qatmaq istəsələr də, alınmır. İndi gör vəziyyət nə yerdədir ki, Hafiz Hacıyev də bu 8 adam arasında favoritdir. Həqiqətən, sözün bitdiyi yerdəyik…

Əvvəlcə 3-cü masanın qiymətlərini sıralayaq:

1. Zahid Oruc – 2
2. Araz Əlizadə – 2
3. Qüdrət Həsənquliyev – 3
4. Əli Əhmədov – 2 (İlham Əliyevin nümayəndəsi)
5. Razi Nurullayev – 2
6. Sərdar Cəlaloğlu (Məmmədov) – 4
7. Fərəc Quliyev – 2
8. Hafiz Hacıyev – 5

Bugünkü mövzu “Milli Təhlükəsizlik və Ordu quruculuğu” idi. Bu mövzu məsələsi ağlıma batmadı. Təyin olunan mövzular debat mühiti yaratmır. Hamı bir-birini dəstəkləməklə və imkan olan kimi tərifləməklə məşğuldur. Hiss olunur ki, ümumi razılaşma var, ya da kimə nə və hara qədər danışmağı tapşırıblar. Mövzuların seçimi və təyini də bilərəkdən elə seçilib ki, təxminən insanları və kütlələri narahat edən problemlərdən danışılmasın. Nail olunub da. Təhlükəsiz mövzular təyin ediblər. Bu dəfə çıxışları vaxtında bitirməməyə də çarə tapılıb. “Çıxışı yekunlaşdırmağa fürsət tapmırsınız” dedi Anar Yusifoğlu. Deməli, onu da danlayıblar. Bu dəfə Anar xəbərdarlıq da etmədi, texnika yardıma gəldi. Açığı, texniki səsin xəbərdarlığı Anarın xəbərdarlığından çox mədəni və incə idi. Gör nə qədər həssaslaşıblar…

Zahid Oruc yenə rabitəsiz və yersiz danışdı. Hazırlıqsız idi. Yeri gəldi-gəlmədi dövləti onu idarə edənə oxşatdı. Yeni kitab oxuyub deyəsən. Amma dövləti kimə oxşatdığını demir – özünə, Heydər Əliyevə, yoxsa İlham Əliyevə. Tamam fərqli şeylərdir. Uyğun oldu-olmadı Heydər Əliyevdən, onun böyüklüyündən danışdı. Adam Heydər Əliyevdən nə istəyir, anlaşılmır. Eldar Mahmudovun həbsini tələb etdi. Onu Yejovla müqayisə etdi. Avropada onları tənqid edənləri Eldar Mahmudova bağladı. Zakir Qaralovu bir neçə istiqamətdə hədələdi. Baş prokurora “Nə gözükölgəliliyiniz var?” dedi. Hakimiyyətdaxili qarşıdurma çox açıq formada təzahür edir – bütün təlimatlara baxmayaraq. Ümumən, çox zəif idi.

 

Araz Əlizadədən bəlkə də normal yazıçı da olardı. Bu gün bir az romantik, şeirsəl bir halı vardı. Ümumi və keçmiş xatirələrindən danışdı. Yenə vaxt tapıb AXC-Müsavat dönəmini tənqid etdi, ürəyini boşaltdı. Ordu sahəsində İlham Əliyevin gördüyü işləri təriflədi. Zəif idi. Hazır deyildi.

 

Qüdrət Həsənquliyev başlayan kimi siyasi məhbusların hamısının – xüsusilə ağır cinayətlərdə məhkum olunanlar xaric – əfv fərmanı ilə buraxılacağını dedi, amma nəyə əsaslandı, bilinmədi. Ümumi və nəzəri danışdı. Vaxt edib Yavər Camalovu təqdir etdi. Dünənə nisbətən daha hazırlıqlı idi.

 

İlham Əliyevin nümayəndəsi Əli Əhmədov sabit hazırlıqsız idi. Başdansovdu və candərdi çıxış etdi. 20 ildir təkrarladıqlarını bir də təkrar etdi. Sabirlik və əmin-amanlıq haqqında danışdı. Heç bədahətən də danışmırdı, üzündən oxuyurdu. O da rabitəsiz idi. Əli Əhmədov baş nəzarətçidir elə bil. Hökumət haqqında kim nə danışır, cavab verir – o da dişsiz. Hafiz Hacıyevi hakim komandanın arasında ziddiyyət salmaqda ittiham etdi. Sərdar Cəlaloğluna da qadınlar haqqında dediklərinə görə böhtançı. Qocalıb Əli Əhmədov.

 

Razi Nurullayev bu gün bərbad idi. Çıxışına başlayanda baş əydi – çox uyğunsuz oldu. Qturanda baş əymək alınmır. İlham Əliyevə yersiz jest etdi. AXC-Müsavat hökumətinin başıpozuqluğundan danışdı və bunda Rahim Qazıyevi günahlandırdı. Onu bu hakimiyyətin səhvi hesab etdi. Amma Rahim Qazıyev AXC-Müsavat hakimiyyətinin təyin etdiyi nazir deyildi ki? Çox uğursuz və əlaqəsiz hansısa nüvə silahından danışdı. Dini ekstremizm təhlükəsindən bəhs etdi və nə hikmətsə sona 2 dəqiqə qalmış bunu Əli Kərimlinin ayağına yazdı. Yenə adam Əli Kərimlidən danışdı. Öhdəlik olduğu açıqca göründü. Məişət qazı və elektrik enerjisi haqqında ötən çıxışında dedikklərini təkzib etdi. Nə lüzum vardı?

 

Sərdar Cəlaloğlu bu seçkinin favoritlərindən olsa da, bu gün havasında deyildi. Çıxışı elmi, fəlsəfi və yumşaq idi. Belə namizədlik çıxışı olmur. Çox geniş və qlobal yanaşdı məsələlərə. Eyni zamanda çox ütülü, abstrakt idi və ümumi tənqidlərlə günü yola verdi. Heç İlkin Rüstəmzadənin adını və baş verən hadisəni doğru-dürüst deyə bilmədi. Məlum oldu ki, o haqda geniş məlumatlı deyil. Bu gün hazırlıqsız idi.

 

Fərəc Quliyevin bu gün işi çox yüngül idi. Mövzu onun sevdiyi mövzu idi – gündəmlə əlaqəsiz. Tarixi və strateji mövzulardan danışdı. Əsdi, coşdu, fərmanlar verdi. Bəziləri də çox rabitəsiz.

 

Hafiz Hacıyev öz mövqeyində idi. Bu gün hamıdan cəld və çevik idi. Eldar Mahmudovun şantaj kasetlərindən danışdı və bu kasetlərin Avropadakı müxaliflərin əlinə düşdüyünü dedi. Bu, sensasiya da sayıla bilər. İki Əli Həsənovdan bəhs etdi və birinin – baş nazirin müavini Əli Həsənovun xəyanətindən, o brinin – prezidentin köməkçisi Əli Həsənovun dövlətçiliyə sədaqətindən. Daha total nəzarətdən danışdı və seçkilərdən sonra siyasi vəziyyətin daha pis olacağının anonsunu verdi. Tənqidçiləri nəzərdə tutaraq İlham Əliyevin və özünün əvəzindən “ayağından asacağıq” dedi. Ölüm anonsları verdi. Hafiz Hacıyev Baş prokuroru – deyəsən Zakir Qaralovun qələmini qırıblar -, Hacıbala Abutalıbovu, Şeyx Allahşükür Paşazadəni, İsmət Abbasovu, Əli Həsənovu vurdu. Hakimiyyətin daxilində olan ermənilərdən danışdı. ““Dınq” edəndə ermənilərdədir” dedi. Doğulub böyüdüyü kəndin ləhcəsini Azərbaycan siyasi gündəminin zirvəsinə daşımağa nail oldu. “Gəlirəm… İrəvanda ermənilərin kökünü kəsəcəyəm…” dedi.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button