Professor İmamverdi Əbilov vəfat edib

imamverdi ebilov

Filologiya elmlər doktoru, professor, əməkdar müəllim İmamverdi Əbilov vəfat edib. “Report”un xəbərinə görə, İ.Əbilov Neftçala rayonunda 89 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İ.Əbilov 1927-ci ildə Neftçala rayonunun Qoltuq kəndində anadan olub. Buzovna pedaqoji məktəbini, ADU-nun filologiya fakültəsini bitirib.

1955-ci ilə qədər pedaqoji fəaliyyətlə yanaşı, Neftçala Rayon Partiya Komitəsinin 2-ci katibi vəzifəsində çalışıb.

Azərbaycan yazıçılarının 8-ci qurultayında təftiş komissiyasının, 9-cu qurultayında isə idarə heyətinin üzvü seçilib.

Moskva, Tehran, Təbriz, Bağdad, Zaqafqaziya Respublikalarının paytaxtlarında keçirilən elmi simpozium və konfranslarda məruzələrlə çıxış edib. Yeni dərsliklər yaradılması üzrə respublika komissiyasının üzvü olub. 800-dən artıq məqaləsi dərc edilib. Filologiya elmləri doktorudur. “Rəsul Rza” (1960), “Azərbaycan ədəbiyyatında yeni insan”, “Siyasi lirikanın tədrisi”, “Tvorçeskiy put Rasul Rzı”, “Könül dünyamıza səyahət”, “Xatirələr işığında”, “Uzaq keçmişimizdən uzaq gələcəyə”, “Şəhidlər mehrabı. Rəhmət duası”, “Ömrün anları”, “Əsrlər… nəsillər… əməllər”, “Ömrün dan qızartısından qürub şəfəqlərinədək”, “Zamanla vaxt arasında”, “Təbiətin və təfəkkürün möcüzəsi Xudu Məmmədov”, Bəxtiyar Vahabzadə barədə “Xatirələrin ay işığında” (2013) kitablarının müəllifidir. Əsərlərinin 15 cildliyi nəşr olunub.

2000-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Qabil, Zəlimxan Yaqub və başqaları İmamverdi Əbilova şeirlər həsr ediblər. Akademik Bəkir Nəbiyev İ.Əbilov barədə “El ağsaqqalı, elm fədaisi – İmamverdi Əbilov” (2007) kitabını yazıb.

Haqqında sənədli filmlər çəkilib.

İmamverdi Əbilovun 80 illik yubileyi görkəmli elm, ədəbiyyat və dövlət xadimlərinin iştirakı ilə 2007-ci ildə Neftçalada qeyd olunub.

“Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turanın atasıdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button