“Putin bu şairi çox sevir…”

ilham rəhimov1Professor İlham Rəhimov: “Əsil dostluğun mahiyyəti zamanla insan üzbəüz dayananda bilinir”

 

“Zamana uduzan insan çətin ki, başqa münasibətlərdə sabit qalsın”

 

xural.com  İlham Rəhimovdan gündəmə damğa vuracaq müsahibə götürdü..

O, hər zaman Azərbaycan mətbuatının gündəmində olub. Haqqında olur-olmadıq şeylər yazılıb. Zamanında “Xural” olaraq da onu ən çox tənqid edənlərdən olmuşuq. Ancaq heç bir zaman azad mətbuata, müstəqil mediaya qarşı qırmızı xətti keçməyib. Söz azadlığına diqqətli yanaşıb. Hətta ən ağır zamanlarımızda – şərlənib içəri atılanda hamıdan, ələlxüsus da ondan – İlham Rəhimovdan zərbə gözləyərkən, bizə əl uzadıb. Əlindən gələni edəcəyini bildirib. Bəlkə də edib, amma bu, çox unikal və maraqlı hadisədir. Məmləkətdə dost deyib qulluğunda durduqların, ürək qızdırıb böyük bildiklərin bir çoxları üzünə durmaq üçün fürsət gözləyərkən, zamanında incitdiyimiz və haqqında yazdığımız, tənqid etdiyimiz bir adam bu qaranlığın içində bizə əl uzadırdı. Biz təbii ki, mənəvi planda o əli sıxdıq. Qiymətləndirdik. Tanrı, beynəlxalq və yerli hüquq müdafiəçiləri və Azərbaycan prezidenti azadlığı qismət etdilər və biz bizə əl uzadan o adamla müsahibəyə getdik.

Biz hər zaman müsahibəni canlı-canlı götürmüşük. Amma İlham Rəhimovla bu, alınmadı. Suallar yazılı olaraq cavablandırıldı. Halbuki bütün suallar ayrı-ayrı mövzulara həm də keçid idi. Ona görə də müsahibədə bəzən elə qənaət yarana bilər ki, biz mövzunu davam etdirməmişik.

İlham Rəhimovla o zamanın tənqidi yazılar mövzusuna da toxunduq və onun da maraqlı yanaşması oldu: “Hamısı ona görədir ki, məni yaxşı tanımırsınız. Mənim öz prinsipim var: kimsə təhqir etsə, cavabını alar, amma kimsə haqqımda xoşuma gəlməyən nəsə yazsa, bununla barışa bilərəm. Sizi heç vaxt düşmənim saymamışam, hərçənd Siz jurnalistsiniz.”

Çox ehtiyatlı və qapalı adam təsiri bağışlayır. Bəzi suallarımızı nəyəsə eyham kimi qəbul etdi və hiss olunur ki, bu da ona yaxşı təsir göstərməyib. Ancaq biz mümkün qədər normal və olumlu notlar üzərində bir müsahibəyə köklənmişdik. Niyyətimiz də ondan fərqli deyildi.

İlham Rəhimovla çox şeydən danışdıq. Bəzi suallarımıza ümumiyyətlə, cavab verməsə də, əsasən, verdiyimiz bütün sualları cavablandırdı. Onunla ilk sevgisindən tutmuş dostluğa bəslədiyi münasibətə, həyat yollarındakı çətinlikdən tutmuş “oliqarx” adının verdiyi əsəbə qədər danışdıq.

Buyurun, oxuyun…

II – sonuncu hissə

(I hissəni bu linkdən oxuya bilərsiniz: https://www.xural.com/?p=24837)


– Dostluq anlayışına münasibətiniz necədir?

– Bildiyiniz kimi, dostluq haqqında çox deyilib, yazılıb və deyiləcək. Bütün bunlar öz yerində. Məsələn, Aristotel deyir: “Dost iki bədəndə yaşayan bir qəlbdir”. Ümumiyyətlə, dostluğun klassik, konkret ölçüsü yoxdur, daha çox zamana ehtiyacı olar. İnsanlar mövcud olduqları tarixdən bəri bu kövrək və mürəkkəb prosesin tərəfləri olurlar. Klassik deyimlər çoxdur, fikrimcə dostluq zamanla insan arasında münasibəti aydınlaşdıran bir prosesdir. Kim güclüdür? Kim bilir… Əsl dostluğun mahiyyəti zamanla insan üzbəüz dayananda bilinir. Məncə, zamana uduzan insan çətin ki, başqa münasibətlərdə sabit qalsın.

Dostluğun əsl mənasını müəyyən qədər yetkinləşəndən sonra dərindən dərk etdim. Gənclikdəki dostluqla yetkin yaşdakı dostluq arasında böyük fərq var. Birinci halda dostluq səmimi və təmənnasız olur – mənəviyyat prinsiplərinə, ikinci halda isə sağlam düşüncəyə əsaslanır. Məktəbdə oxuyanda elə hesab edirdik ki, dostluğumuz əbədidir, məktəbdən sonra da dostluq edəcək, ünsiyyətdə olacağıq. Bu hisslərimiz çox səmimi və dürüst idi. Amma bilməzdik ki, bu, yalnız bizim arzu və istəyimizdir. Demə, həyat öz şərtlərini diktə edir. Amma indi yetərincə həyat yaşamışam və deyə bilərəm ki, əsl möhkəm dostluq yalnız yaxşı insanlar arasında ağıl və yaşın yetkin dövründə ola bilər. İndi anlamışam və dərindən əminəm ki, əxlaqi və mənəvi səviyyənə uyğun gələn dostları seçmək lazımdır, bu keyfiyyətlərdə səndən geri qalanı yox.

Eyni zamanda, nəzərə almaq lazımdır ki, nöqsansız insan olmur. Ona görə yunan filosofu Biasın (e.ə. VI əsr) sözlərini xatırlamaq lazımdır: “Qüsursuz dost axtaran dostsuz qalar.” Bu baxımdan, çoxları zamanın hökmünə biyət etməyə məcbur olur.

– Əgər dostun və millətin maraqları üst-üstə düşmürsə, yəni ziddirsə, kimi seçmək lazımdır?

– Sualınıza cavab verirəm. Anladım ki, nəyəsə eyham vurursunuz. Mən eyhamları sevmirəm. Bu, daha çox nəzəri sualdır. Çünki həyatda belə şeylər nadir hallarda və təbii səbəblərdən olur. Səndən asılı olmayan arzuedilməz şərait belə situasiyaya sala bilər. Amma əgər artıq fakt qarşısında qalıbsansa, mən tərəddüd etmədən birinci yerə Vətəni qoyuram. Dostum həqiqi dostdursa, mənim qərarımı hörmətlə, müdrikcəsinə qarşılayar.

– Bir müsahibənizdə “Putinə dost kimi güvənmək olar” demisiniz. Putinə dost kimi güvənmək olarsa, milli məsələlərdə necə,  dost kimi güvənilir ola bilərmi?

– Bizim 45 ildir davam edən dostluğumuz göstərir ki, o, dostluqda çox etibarlı adamdır. Yoxsa dostluğumuz çoxdan sona çatardı.

– Zaman-zaman Dağlıq Qarabağ məsələsi haqqında Putinlə qeyri-rəsmi söhbətlər etdiyiniz haqqında mətbuata danışmısınız. Maraqlıdır, Putin qeyri–rəsmi söhbətlərdə Qarabağ haqqında nə deyir? Problemin həlli haqqında nə düşünür?

– Vaxtaşırı təkcə Putinlə yox, Rusiyanın məşhur siyasətçiləri, alimləri, vəzifəli şəxsləri ilə qeyri-rəsmi siyasi söhbətlərim olur. Təbii ki, Dağlıq Qarabağ məsələsi barədə də danışırıq. Rəsmi söhbətləri aparmağa hüququm yoxdur, bu, mənim səlahiyyətim deyil. Bunun üçün hakimiyyətin müvafiq dövlət strukturları var. Ümumiyyətlə, heç vaxt özfəaliyyətlə məşğul olmuram.

– Bir zaman dost olduqlarınızla sonralar münasibətiniz kəskin formada pisləşdi, bəlkə ilk addımı siz atasınız?

 – Çoxları ilə belə olur. Bu, tamamilə normal haldır. Sualınızda yenə eyham hiss olunur. Ona görə mən də bu vasitəyə əl ata bilərəm. Hərçənd bunun məndə ikrah doğurduğunu demişəm. Siz yəqin dostlarınızı nəzərdə tutursunuz, ancaq bilmirəm, onlar Sizin üçün də keçmişdir, ya yox? Prinsipcə, mən həmişə dostluğu qorumağa çalışıram, ancaq əgər o dağılırsa, məndən asılı olan hər şeyi edirəm ki, bu, mənim günahımdan baş verməsin. Keçmiş dostlarıma mümkün qədər hörmət və ehtiramla yanaşmağa çalışıram, olduğum yerdə heç kimə onlar barədə pis nəsə deməyə imkan vermirəm. Həmçinin vəziyyətdən asılı olaraq həmişə barışığa doğru xoş addım atmağa hazıram.

– “Putinlə bir–birimizə qalstukdan, kitabdan başqa hədiyyə verməmişik” deyirsiniz. Bilmək olarmı hansı marka qalstuk və hansı kitablardan söhbət gedir?

– Bir qayda olaraq müxtəlif markalardan. Ona bağışladığım son kitab Bakıda nəfis tərtibatda çap edilən “Ömər Xəyyam və rubailəri” kitabıdır. Putin bu şairi çox sevir.

ilham rəhimov3Azərbaycanda böyük işlər görməməyin başqa bir səbəbi varmı? Məsələn, hakimiyyətdən narahatçılıq mənasında–filan…

– Məlum olduğu kimi bütün biznesimiz Moskvadadır. Orada həmçinin bizim üçün şərait yaradıldığından Moskvadan kənarda pul yatırmaq və hər hansı obyekt almaq planlarımıza daxil deyil. Respublikamıza gəldikdə, bizim üçün məqbul və sərfəli investisiyalar olsa, böyük məmnuniyyətlə bundan istifadə edəcəyik.

– 2015-ci il parlament seçkilərinə qoşulacaqsınızmı? “Bir ölülər, bir də dəlilər fikirlərini dəyişmir” deyibsiniz, indi nə düşünürsünüz?

– Bir müddət əvvəl dediklərimi yenə təsdiq edirəm. Zaman göstərər. Ümumiyyətlə, nəyisə planlaşdırmağı, hadisələri proqnozlaşdırmağı sevmirəm.

– Konyak kolleksiyanızın olduğu haqqında oxudum. Maraqlıdır, kolleksiyanızda neçə konyak var?

– Onları saymağa macalım olmur. Bütün dostlarım bu həvəsimdən xəbərdardır və hər dəfə kolleksiyama əlavələr edirlər.

– Hacı Zeynalabdin Tağıyevin Parisdəki masası… Niyə gedib o masanın müqaviləsini bağlamırsınız?

– Düzünü desəm, bu layihənin taleyi barədə məndə dəqiq məlumat yoxdur. Ancaq bu, biznes və ondan fayda götürmək baxımından deyil, daha çox bu böyük azərbaycanlının işıqlı xatırəsinin əbədiləşdirilməsi üçün böyük maraq kəsb edir. Yaxın günlərdə Parisdə olacam, əgər Siz bu məsələ ilə bağlı müəyyən məlumat toplasanız, mütləq bununla ciddi məşğul olacam.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button