Putinin dostunun köməkçisindən sensasion iddia: “ABŞ Azərbaycanda çevriliş hazırlayır”

azadmesiyev-1
Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev moderator.az saytına maraqlı müsahibə verib.
Strateq.az bildirir ki, müsahibənin girişində Azad Məsiyev yalnız QHT rəhbəri kimi təqdim edilsə də, o, vaxtilə keçmiş MTN zabiti olub, hazırda isə Azərbaycanda Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı və yaxın dostu kimi tanınan iş adamı İlham Rəhimovun şəxsi köməkçisidir. Qərb-Rusiya münasibətlərinin kəskinləşdiyi belə bir həssas şəraitdə Putinin azərbaycanlı dostunun köməkçisinin ABŞ-ın Azərbaycanda çevriliş hazırladığı iddiası ilə çıxış etməsi, həqiqətən, çox maraqlıdır və yəqin ki, bu iddia ciddi reaksiyalar doğuracaq. Beləliklə, Azad Məsiyevin həmin müsahibəsini Strateq.az oxucularına da təqdim edirik:   
– Gec də olsa, MTN-də baş verən hadisələr, MTN-nin ləğvi ilə bağlı Sizin fikirlərinizi öyrənmək istərdik…
– MTN-nin rəhbərliyi xalqa, dövlətə və Prezidentə xəyanət edibsə, bu, ən ağır cinayət hesab edilməlidir. Kütləvi informasiya vasitələrində  MTN-lə bağlı  aparılan xoşagəlməz təbliğat xalqın bu quruma inamsızlığını yaradır. Bu cür hadisələr Rusiyada, ABŞ və ya İsrail  xüsusi  xidmət orqanlarında baş versəydi, onlar həmin rəhbəri terrorla öldürüb qəhrəman kimi dəfn edərdilər ki, xalqda dövlətin bu qurumuna inamsızlıq yaranmasın. Bizdə isə əksinə, elə bil ki, məqsədyönülü olaraq xalqın bu quruma nifrətini qaldırmaq niyyəti güdülüb.
Xüsusi xidmət orqanlarında tarix boyu – istər sovet dövründə, istərsə də indiki dövrdə olsun, – rəhbərin, yəni birinci şəxsin əmrləri sözsüz yerinə yetirilib – bu əmr qanuni və ya qanunsuz olsa belə.
O ki qaldı MTN-nin ləğvi ilə bağlı sualınızın ikinci hissəsinə, təbii, bu qərar dövlət başçısının müstəsna səlahiyyətinə aid olan məsələdir. Prezident bu qurumun gələcəyini, dövlətin təhlükəsizlik baxımdan idarə olunmasında sturukturunu dəyişdirsə də, təşkilatın fəaliyyət istiqamətində mahiyyəti dəyişdirməyib. Adını dəyişdirib nə qoyursan qoy, MTN-nin (KQB-DTK) daxili əmrləri idarəetmədə qüvvədə qalır. Azərbaycan müharibə şəraitində olduğu zamanda, böyük dövlətlərin (ABŞ-ın, Rusiyanın) maraqları bu bölgədə toqquşduğu, radikal dini cərəyanların aktivləşdiyi, terrorizimi və terrorçuları istiqamətləndirən dövlətlərin Azərbaycanda maraqlarının artdığı, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarının ölkəmizdə at oynatdığı bir zamanda xüsusi xidmət orqanlarını gücləndirmək daha məqsədəuyğun olmalıdır. Ad dəyişməklə mahiyyət dəyişmir. Onu da qeyd edim ki, təhlükəsizlik orqanının, digər dövlət qurumlarından fərqi ondan ibarətdir ki, bu qurumun özünəməxsus idarəetmə metodları və üsulları var, yəni xüsusi spesifikaya malikdirlər. Fərdə görə dövlətin əsas sütununun səlahiyyətlərinin artırılıb-azaldılması məqbul sayılmır.
– ABŞ Konqresinə təqdim olunan anti-Azərbaycan akt nəyə hesablanıb?
– Xatırlatmaq istəyirəm: təxminən, bir il əvvəl ABŞ Konqresi və Mərkəzi Kəşfiyyat İdarəsinin tabeliyində fəaliyyət göstərən ictimai təşkilatlar Azərbaycanla bağlı xoşagəlməyən bəyanatlar səsləndirirdilər, sonradan həmin kampaniyaya Avropa təşkilatları da qoşuldular. Bu bəyanatlar dünya ictimaiyyətində, beynəlxalq təşkilatlarda fikir formalaşdırmağa yönəlmişdir. Antiazərbaycan bəyanatları öz işini gördü, hətta Avropa təşkilatları özlərinin rəsmi sənədlərində müəyyən qərarlar verdilər. Onu da qeyd edim ki, Avropa Birliyi ABŞ-ın, de-fakto, ştatlarından biridir. ABŞ-dan gələn hər hansı təkiflər, ideyalar həmin andan Avropa təşkilatları tərəfindən qəbul edilir və icra olunur. ABŞ rəsmiləri bu hərəkətləri ilə Azərbaycan hakimiyyətinə bir mesaj vermiş olur. Yəni demək istəyir ki, “biz zarafat etmirik, mövqeyini dəqiqləşdir, bizimləsiniz, yoxsa Rusiya ilə?” İnsan haqları, demokratiya, söz azadlığı və s. bu kimi dəyərlər ABŞ dövlətinin maraqlarını təmin etmək üçün bir vasitədir. ABŞ Konqresinə təqdim olunan anti-Azərbaycan akt Azərbaycanda dövlət çevrilişinə hesablanmış bir sənəddir və məqsəd də Azərbaycanda dövlət cevrilişinə hüquqi zəmin yaratmaqdır. Bu sənəd qəbul edilərsə, ABŞ-ın bütün dövlət strukturları bu sənədin icrasına başlayacaqlar…
– ABŞ Konqresinə təqdim olunan anti-Azərbaycan aktına qarşı respublikada aparılan təbliğat nə dərəcədə effekt verəcək?
– Bizim yaxşı bir atalar sözümüz var: “Yel qayadan heç nə aparmır”. Bu mənada, bizimkilərin apardıqları anti-Amerika təbliğatı çox yersiz görünür. Bu məsələyə daha qlobal baxmaq lazımdır. Reallıq ondan ibarətdir ki, bizim nə ABŞ-la, nə də Rusiya ilə rəqabət aparmaq imkanlarımız yoxdur. Bizim problemimiz bu iki nəhəng dövlətin dünyada maraqlarının toqquşmasından yaranıb. Nəinki təkcə bizim, hətta Ukraynanın, Suriyanın, Türkiyənin problemləri də, dünyada baş verən iqtisadi böhranların da səbəbi bu iki dövlətlərin maraqlarının toqquşmasından qaynaqlanır.
– Biz  necə etməliyik ki, ABŞ-dan gələn təzyiqlərə duruş gətirək?
– ABŞ-ın məqsədi aydındır: onlar istəyir ki, biz qonşumuz olan Rusiya ilə iqtisadi-siyasi əlaqələrimizi kəsək, yəni ruslarla düşmən olaq. Bu, bizim maraqlarımıza uyğun olub-olmamasından asılı olmayaraq, Amerikanın tələbidir. Rusiya bizim əzəli və əbədi qonşumuzdur, bizi onlarla iqtisadi, siyasi tellər bağlayır. Heç kimə sirr deyil ki, Qarabağ probleminin həlli Rusiyanın nəzarətindədir. Belə olan təqdirdə, bizim Rusiya ilə strateji müttəfiq olmağımız zəruridir. ABŞ-ın müvafiq orqanları ölkəmizdə xaos yaratmamış, Avrasiya İqtisadi Birliyinə qoşulmaq məqsədəuyğun olardı. Güclü deyilsənsə, güclünün yanında olub, özünü qorumaq haqqın var.
– Türkiyə-Rusiya münasibətlərinin mövcud durumunu necə şərh edərdiniz?
– Strateji baxımdan Türkiyə dövləti böyuk yanlışlıq edib. Məsələyə bu günün deyil, 50  il sonranın gözü ilə baxmaq lazım idi. Çox təəssüflər olsun ki, Türkiyə ABŞ-ın əlində alətə çevirilib. Rusiyaya məxsus hərbi təyyarənin vurulması böyük yanlışlıq idi. Yunanlara məxsus hərbi təyyarələr ayda 2-3 dəfə Türkiyənin hava məkanını pozurlar, amma onları vurmurlar. Bunu niyə deyirəm, strateji baxımdan Türkiyə səhv edib. Rusiya ərazisində rus millətindən sonra ikinci lokomotiv millət türk mənşəli xalqlardır. Rusların nəsil artımı zəiflədiyindən, təxminən 50 ildən sonra butun Rusiya ərazisində türkdilli xalqlar hakim ola bilər. Bu baxımdan, Türkiyə ilə Rusiyanın iqtisadi-siyasi münasibətlərinin yaxşı olması Rusiya ərazisində yaşayan türkdilli xalqların inkişafına və birliyinə gətirib çıxara bilərdi. Bu qarşıdurma eyni zamanda Orta Asiyanın türkdilli respublikalarının və Azərbaycanın da Türkiyə ilə münasibətlərinə soyuqluq gətirə bilər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button