Qəhrəmanlar unudulmur!

QARABAĞ AZADLIQ TƏŞKİLATI TƏQDİM EDİR:

30 may Azərbaycanın Milli Qəhrəmanı Aytəkin Məmmədovun doğum günüdür.

Aytəkin İsrayil oğlu Məmmədov 1967-ci il mayın 30-da Gədəbəy rayonu Göyəli kəndində anadan olub. O, 1991-ci ilin fevral ayında Xüsusi Təyinatlı Milis Dəstəsinə daxil olub, Xanlar (Göygöl) rayonu kəndlərinin düşməndən müdafiə olunmasında fəal iştirak edib, həmin ilin aprel ayında rayonun Quşçu kəndinin müdafiəsində axıra qədər iştirak edib, pulemyotçu kimi düşmənin bütün hücumlarının qarşısını alıb, düşməni geri çəkilməyə məcbur edib, həmin döyüşdə qəhrəmanlıqla həlak olub. Göyəli qəbristanlığında dəfn edilib, kəndin orta məktəbi onun adını daşıyır, büstü qoyulub.


31 may Azərbaycanın Milli Qəhrəmanı Yevgeni Karlovun doğum günüdür.

Yevgeni Nikolayeviç Karlov 1960-cı il mayın 31-də Rusiyanın Tula vilayəti Dubovka qəsəbəsində anadan olub. O, təyyarəçi kimi hərbi xidməti Azərbaycanda keçirib, Azərbaycan xalqının erməni işğalçılarına qarşı müharibəsində könüllü iştirak edib, Ağdam, Ağdərə, Füzuli istiqamətlərində döyüşlərdə dəfələrlə fədakarlıq göstərib, 1992-ci il aprelin 11-də Füzuli istiqamətlərində gedən döyüşdə qəhrəmanlıqla həlak olub. Doğulduğu Dubovka qəsəbəsində dəfn edilib.


1 iyun Azərbaycanın Milli Qəhrəmanı Araz Səlimovun doğum günüdür. 

Araz Bahadır oğlu Səlimov 1960-cı il iyunun 1-də Xocalı şəhərində anadan olub. O, 1990-cı ildə könüllü olaraq Xocalı batalyonuna yazılıb, pulemyotçu kimi dəfələrlə ermənilərin hücumlarının qarşısını alıb, 1992-ci il fevralın 26-da öz pulemyotu ilə düşmənə qarşı son gülləsinə qədər vuruşub, onlarla dinc əhalinin düşmən caynağından xilas olmasına şərait yaradıb. Erməni yaraqlıları onun izinə düşərək ələ keçirib və Əsgəranda vəhşicəsinə qətlə yetiriblər. Ağdam şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

 

“Xural” qəzeti,

İl: 9, sayı: 021 (429), 05 – 11 iyun 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button