Qənimət Zahid Elmar Hüseynovdan yazdı

Qənimət Zahid

 

Elmar Hüseynovu öldürmək yalnız bunlara gərək idi və başqa heç kim bu ölümü arzulamırdı

 

Bu gün Elmar Hüseynovun 50 illik yubileyidir. Onu çox tez öldürdülər. 12 il bundan əvvəl və 38 yaşında. 50 illik yubileyi olan bir adamı xatırlayarkən «mərhum» ifadəsini işlətmək, əlbəttə, kədərlidir. Amma cəmi 38 il yaşayaraq da adını bir ölkənin, eləcə də bütün dünyanın sözünün tarixinə yazmaq hər ömrün kitabına yazılmaz. Bu baxımdan, Elmarın həyatına güllə sıxanlar onun adını tarixə bərkitdilər. Bu, Elmarın ölümsüzlüyüdür. Onu öldürənlər isə – əlbəttə, onların adları bəlli olacaq, tətikçidən tutmuş, sifariş edənlərə qədər heç kim gizli qalmayacaq, – onlar da dünyanın qara tarixinə yazılıblar. Həm də, vacib deyil, onları adbaad sənədlərlə təsdiq edilmiş şəkildə bu cinayət işinin qovluğuna tikmək. Elmarın qətlinin üstü açılmayınca bu qətlin təşkilatçısının da, sifarişçisinin də bir adı var. Bu, İlham Əliyevin rejimidir. Zatən, bu qətl İlham Əliyevin şəxsi nəzarətinə alınmış bir cinayətdir. Bir çox səsli-küylü və üstü açılmayan, qara qovluqlara qoyulub prokurorluğun arxivinə atılmış qatil izləri kimi…
O zaman da, indi də, gələcəkdə də bu cür üstü açılmayan qətllərin haqqında hamı dərhal bir sual verir: «bu qətl kimə gərək idi»? Konkret olaraq, Elmar Hüseynovun öldürülməsinin kimə gərək olduğunu hesablamaq lazımdırmı? Hərçənd, bu qətlin məsuliyyətinin kimin üzərində qaldığını təkrarən qeyd etməyə dəyər və bu Əliyev rejimidir. Əliyev rejimi isə ümumi anlayış sayıla bilər. Yalnız bir halda xüsusiləşir ki, bu cür rejimlərdə qərar sahiblərinin bircə nəfər olduğunu hamı bilir.

«Bizim eradan əvvəl»

 

Elmar Hüseynov öldürülənə qədər də Azərbaycanda söz azadlığının vəziyyəti bərbad durumda idi. Heydər Əliyevin 10 illik hakimiyyəti 90-cı illərin əvvəllərindən başlayan azad mətbuat hərəkatını 1998-ci ildən başlayaraq cilovlamaqdaydı və 2004-cü ildə Azərbaycan söz azadlığının durumuna görə dünya ölkələri sırasında 136-cı yerdəydi. 2005-ci ildə 136-cı yeri Yəmənə buraxıb özümüz 141-ci yerə düşdük. Sonra daha aşağılara doğru sürətli eniş başladı. 2008-ci ildə artıq 150-ci yerdəydik. 2010-cu ildə 152-ci yerdə. 2012-ci ildə 162-ci yerdə və sair… Arada bir neçə dəfə aşağı-yuxarı hərəkətlənmələr olmuşdu, amma bu, Azərbaycanda söz azadlığına rəsmi münasibətin istiləşməsi ilə bağlı deyildi, başqa diktatorlar da vardı ki, onlar da azğınlaşaraq 140-dan sonrakı yerlər uğrunda qan tökürdülər. Amma hər halda bizim diktaturamız daha azğın çıxdı və indiyə qədər 162-163-cü yerləri qara priz yerləri olaraq əldən verməyən bir hakimiyyətin hikkəsi var.

 

Dövlət mafiyaya məğlub oldu

 

Bütün bunların sadəcə bir nəfərin qətli ilə bağlı əlaqəsi varmı? Birmənalı şəkildə var. Elmar Hüseynovun öldürülməsi Azərbaycanda söz azadlığına qarşı tolerantlığın öldürülməsi kimi qeydə alınmış hadisədir. Ondan əvvəl də bu sahədə vəziyyət bərbad idi, amma avtoritar rejim azadlıqların bu kateqoriyası ilə bir qədər ehtiyatlı davranmağa, bu indikatoru «qıcıqlandırmamağa» çalışırdı. Yerini sabitləşdirmişdi və az əvvəl qeyd etdiyim kimi 130-larda dayanmışdı. Amma Elmarın öldürülməsi ilə yeni proses başlandı. Bu, mətbuata özünüsenzuranı gətirdi. Həm də çox zəruri bir ərəfədə. Azərbaycanda böyük korrupsiya erası başlanmışdı. Böyük neft pulları ölkəyə axmağa başlamışdı, bu nəhəng pullar üzərində ağlagəlməz ölçüdə talan və oğurluq, bu talançılığın sosial ifadəsi olan qansızlıq, haramxorluq, insan haqlarına doğru sıçrayan tüpürcəkləri, sosial ümidsizliyi, inzibati dərəbəyliyi doğurmalı idi. Kövrək Azərbaycan dövlətçiliyini mafiya qaydalarının qəlibinə dürtməli olan eybəcər inzibati terror başlamalı idi və bu mətbuat bu proseslərə «arzuolunmaz» element ola bilərdi. Daha doğrusu, azad mətbuat. Onu sıradan çıxarmaq, ram etmək, telləri sığallanan, boyundan çatı sallanan quzu mətbuat yaradılmalı idi. Elmarın qətli bu baxımdan da «özünü doğrultmalı» idi. Və doğrultdu.

 

Mətbuatda «vətəndaş müharibəsi»

 

Elmar Hüseynovun qətlindən sonra jurnalist cəsarətinin standartları öz-özünə dəyişdi. Yeni cəsarət sınırları çəkildi. Öz-özünə çəkildi, sanki. Amma o qədər də öz-özünə deyildi. Elmarın qətlindən sonrakı mərhələdə mətbuatla işləyən inzibati terror qruplaşmalarının fəaliyyəti intensivləşdirildi, daha hiyləgər və daha məkrli olmağa başladılar. Özünüsenzura kifayət etmədi. Azadlıqların boğulmasını sistemləşdirən strukturlar meydana gəldi. Şirnikləşdirən, təhdid edən, mükafatlandıran, azadlıqlardan məhrum edən şəbəkə təkmilləşdirildi.
Jurnalistlər qorxmağa başladılar. Amma əvvəlcə jurnalistlər deyil, redaktorlar qorxmağa başladılar. Cəsarətli redaktorlar, naşirlər bir-bir kirə çıxmağa başladılar. 2005-2010-cu illər Azərbaycanda redaktor-jurnalist qarşıdurmalarının ən məhsuldar dövrüdür. «Gönü suya vermiş» redaktorlar öldürülmüş Elmar Hüseynovun məzarını göz önünə alaraq bu qorxunu həzm edə bilməyən jurnalistlər üzərində briqadirlik etməyə başladılar və arxasında «dövlət» gücü dayanan sındırılmış redaktor korpusu müstəqil, cəsarətli, senzuranın tələblərini anlamaq istəməyən jurnalistika korpusu ilə savaşa girdi. Və Azərbaycanda söz azadlığı parça-parça doğranaraq öldürüldü. İndi, o, yoxdur.

 

Koma vəziyyətində…

 

Elmar Hüseynovun öldürülməsi Azərbaycanda sözün buxovlanmasının indiki rəzil mənzərəsi üçün gərək idi. Onu bu nəticəni əldə etmək üçün öldürdülər. Elmar Hüseynov öldürülən gündən etibarən Azərbaycanda mətbuat azadlığının sərhədləri hər gün, hər ay bir az daha kiçildi, xırdalandı və yox oldu. İndi ölkədə söz azadlığı yoxdur. O, qara zolaqdadır. Həyəcanlı zolaqda da deyil. Sabitləşmiş, məzar sabitliyinə qərq olmuş durumdadır.
Elmar Hüseynov da mətbuat azadlığı uğrunda aparılan mübarizənin başlanğıcında donub qalmış bir həyatın adı kimi xatırlanır. Onu bu şəkildə xatırlayanlar ölkədə bu azadlıqların bərpa edilməsi üçün bütün güclərini, varlıqlarını səfərbər etmiş adamlardır.
Elmar Hüseynov unudulmayacaq və o azadlıqlar da heç zaman unudulmayacaq. Bu xatirələr o reallığın bərpa edilməsi, tarixi ədalətin yerinə qaytarılması üçün mübarizə əzmidir. Sıradan xatirələr deyil.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button