Qənimət Zahid “Qaynar Qazan”da (I hissə): “Biz demokratiyanı qurban vermişik”

Qənimət Zahid: “Mətbuatın üzərindəki missiya cəmiyyətdəki söz azadlığını qorumaqdır, söz azadlığını daşımaqdır”

Qənimət Zahidlə müsahibə götürmək hər zaman zövqlü olub. İndi də elə oldu. Çünki Qənimət çox ciddi suallara bəzən elə cavab verir ki, adam məəttəl qalır. Onu Fransa, Strasburq da dəyişməyib. Həmişəki nizamdır. Evi və işi Vətənin və onun balalarının üzünə açıqdır. İndi Qənimət Zahidin evi və işi hər zamankından bir az daha çox ictimaiyyət üçün qonaqpərvərdir. Gələn onun yanına gəlir. Ayəndə xanımla bir yerdə artıq bu Vətənin didərgin balalarının ata-anası olublar Qənimət Zahid. Elə gördüm…

Bu çəkilişi əvvəlcədən planlaşdırmışdım. Amma Qənimətin razılığı olmasa, təbii ki, olmayacaqdı. Mən zatən Frankfurtdan zəng edib danışanda onun qırımını gözlədim. Həssas adamam, ən xırda bir tərəddüdünü hiss eləsəydim, heç Strasburqa getməyəcəkdim. Bizim Qənimət Zahidlə elə bir səfərimiz də olub…

Haşiyə:

2000-ci ildə Qənimət Zahidlə işsiz zamanlarımız idi (Guya bizim nə zaman işimiz oldu ki). Bir gün Qənimət gəldi ki, “Ayaz Mütəllibovun adamları təklif edirlər ki, Moskvaya gedim, vaxtın varsa, gedək.” “Gedək” dedim. Getdik və o səfər macəralı və əks-sədası ölkə mətbuatında aylarla davam edən bir səfər oldu. Əli Əhmədovdan Xoşqədəm Hidayətqızına qədər geniş yelpazəli bir mətbu şəbəkə bizi hədəfə götürdü o zaman. Sözü ona gətirmirəm, o səfərdə yaxın və ərk elədiyim bir adama zəng elədik. Qənimətlə gəldiyimi bildi və “istəyirsən gələrsən” dedi. O zamandan da Qənimətlə aramızda o haqda hər zaman danışardıq. Qənimətin “şamaxılılarına” nisbətən mənim “yerazlarım” başımı bir az aşağı eləmişdi. İndi yadıma düşdü… Ona bənzər ən xırda hal belə olsaydı, mən elə oradan da Vətənə qayıtmağı planlaşdırırdım. Amma Qənimət və onun missiyası dəyişməyib. Həm razılıq verdi, həm də Arif Məmmədovla müsahibənin alınmasında yardımçı oldu.

Qənimət Zahidlə onun ilk yaşadığı şəhər olan – indi orada Natiq Ədilov yaşayır – Bezansona getdik. Zatən mənim Strasburqa gəldiyim gün bazar gününə təsadüf edirdi və Qənimət də Bezansona, uşaqlarının yanına gedirdi. Ayəndə xanımla Alı Rza olmasaydı, mən Strasburqda nə edəcəyimi təsəvvür belə etmirəm. Amma Bezansona getmək mənə çox faydalı oldu. Həm Viktor Hüqonun şəhərinin necə olduğunu gördüm, həm də cənnətin təxmini sxemini öyrənmiş oldum. Avropalılar özləri üçün cənnəti bu dünyada yaradıblar – Bezansonda bunu da gördüm.

Strasburqda gərgin işlədik. Qənimətin “Azərbaycan Saatı” proqramının ofisində nizam o qədər də mükəmməl deyil. O da tək adamlıq eşqindədir. Hər şeyi də tək adam üçün nəzərdə tutub. Xromokey tək adamlıq, masa tək adamlıq, adam, başına dönüm, sən Turan TV adlı nəhəng bir layihəyə başlayıbsan, belə hara qədər gedəcəksən, amma kimə deyirsən?! Qənimət zatən hər zaman elə çalışıb, indi də elədir. Tək başına dünyanı abad edəcəyini düşünür. Təbii ki, yanında Ayəndə xanım kimi silahdaşı var, amma bütün hallarda, çəkiliş məsələsi bizi birtəhər elədi.

Bir zülümlə kameraları qoşduq. Bir zülümlə obyektivləri tutşdurduq. Havalar da çox soyuq, kombi işləmir, istilik sistemi yox. Ayəndə xanım kameralara nəzarət edir. Saat yarımlıq çəkilişdən sonra bir də məlum olur ki, yaxamızdan asdığımız mikrofonlar sönüb. Deməli, səs yox! Allaaahhh, gəl işin içindən çıx. Saat da zatən gecəni keçir.

O baxımdan, ilk çəkilişimiz alınmadı. Qazandığımız o oldu ki, Ayəndə xanım xəstələndi və işlərimiz daha da bərbad oldu. Hər şey qaldı bir ertəsi günə. Bir ertəsi gün isə Arif Məmmədovla çəkiliş olmalı idi.

Bir kolay, çəkilişləri yekunlaşdlrdıq. Dostları ziyarət etdim. Strasburqu gəzdim, Avropa Parlamentinin binasını, Avropa Məhkəməsinin binasını gördüm. Və… az qala şok oldum. Düz Avropa Parlamentinin binasının yanında Jozefinanın bağı yerləşir. Mən dərhal təxmin etdim ki, Avropa Parlamentinin binası vaxtilə həmin Jozefinanın bağının bir hissəsi olub. Deməli, Avropa Parlamentinin binası Jozefinanın bağında tikilib və nə qəribədir ki, Jozefina həmin bağa cəmi-cümlətanı bircə dəfə gəlib, onda da bəyənməyib.

Strasburq xatirələrim çox zəngin oldu. Çəkilişi bitirib Almaniyaya yeməyə getdik və 6 dəqiqə sonra Almaniyada olduq. Strasburq vaxtilə almanlarla fransızların arasında bizim Qarabağ kimi bir bölgə olub. Mən Almaniyaya yeməyə gedəndə nə illah elədim, sərhəddi müəyyən edə bilmədim. Vaxtilə minlərlə, hətta bəlkə yüz minlərlə insanın öldürüldüyü sərhəd yerlərində indi heç nə yoxdur. Vaxtilə körpünün üstündə xırda bir polis postu olub, onu da Almaniyanın birləşdiyi günün ildönümündə yandırıb bir tərəfə tullayıblar.

Hə, bax bu qədər zəngin təəssüratlarla Qənimət Zahidlə dərdləşdik. “Qaynar Qazan”ın 29-cu qonağı “Azadlıq” qəzetinin mühacirətdə olan baş redaktoru, “Azərbaycan Saatı” verilişinin aparıcısı, Turan TV-nin rəhbəri, Azərbaycan mətbuat tarixinin ən önəmli və usta yazarlarından Qənimət Zahiddir. Çox maraqlı müsahibdir…

I hissə

 

Bu dünyada “Azərbaycan Saatı” qədər əzablı, əziyyətli, zülümlə başa gələn ikinci bir televiziya proqramı yoxdur

 qenimet-qq2

-Salam.

– Salam.

– “Qaynar Qazan”da sizi xoş gördük.

– “Azərbaycan Saatı”nda xoş gördük.

– Uzun müddətdir, istəyirdik ki, sizi “Qaynar Qazan”a dəvət edək və Qənimət Zahidlə söhbətləşək.

– Məmnuniyyətlə…

– Həm də “Qaynar Qazan”ın tamaşaçıları adından, Azərbaycan mətbuatının qədirbilən nümayəndələrinin adından sizi salamlayıram.

– Təşəkkürlər, əleyküm-salam.

– Nə var, nə yox, Qənimət bəy?

– Salamaçılıqdır. Yaşayırıq, varıq, ayaqdayıq, mövcuduq və dostları sevindiririk.

– Artıq uzun illər demək olar, “Azərbaycan Saatı” efirdə yayımlanır. Fəaliyyət göstərdiyiniz müddətdə dəfələrlə Türkiyənin müxtəlif kanallarını dəyişə-dəyişə, bu kanaldan o kanala keçə-keçə, bir gün hamı “Azərbaycan Saatı”nın dayandırılmasını gözləyərkən – mən rəqibləri və düşmənləri nəzərdə tuturam – xəbər yayıldı ki, siz bir saatlıq verilişdən televiziya kanalına – Turan TV-yə çevrilmisiniz. Bu proses necə oldu?

– Bu proses çox əzabla keçdi. Sizin izləyiciləriniz üçün bir etirafı eləmək istəyirəm ki, bu dünyada “Azərbaycan Saatı” qədər əzablı, əziyyətli, zülümlə başa gələn, böyük əziyyətlər hesabına başa gələn ikinci bir televiziya proqramı yoxdur, olmayıb. Arzu edirəm ki, olmasın da. Yəqin ki, olmayacaq da… Çünki artıq cığır açılıb. Amma bu, çox böyük əzablar, əziyyətlər hesabına başa gələn, yaranan, davam edən televiziya proqramı olub. Eyni əzablar, eyni əziyyətlər də indi transformasiya olunub bir qədər – bir qədər də demək olmaz – böyük layihə olan Turan TV layihəsinin üzərinə… Orada da çox böyük əziyyətlər var. Çox böyük əziyyətlər… Təsəvvürə gəlməyəcək dərəcədə. Bunu məsələn, hər hansı televiziyaçı, televiziya işindən anlayışı olan kimsə dərk eləyə bilməz. Televiziya işindən kənarda olanları bir qırağa qoyuram. Hətta televiziya işi ilə bu və digər dərəcədə bağlı olan kimsə bu əziyyətləri dərk eləməz. Çünki heç kimə çatmaz ki, bu şərtlərin daxilində, faktiki olaraq bu şərtsizliklərin daxilində belə bir televiziya proqramı yaratmaq, qurmaq olardı. Hələ bu azmış kimi, belə bir televiziya kanalı da qurmaq olardı. Bax, ümumi təəssürat bundan ibarətdir.

 

Bir cəmiyyət azad medianı qurban verə bilirsə…

 

– Bu çətinliklər və əzablar elə bil ki, Azərbaycan mətbuatının taleyinə yazılıb. Elə bu mətbuatı çox qısaca dəyərləndirməyini istəyirəm. Necə oldu oradan buraya gəldik? Biz böyük ümidlərlə 350 min tirajlıq “Azadlıq” qəzetindən – Azərbaycan mətbuatının nisbətən azad olduğu bir zamandan indi bu hallara gəldik. Fransa, Avropanın ən müxtəlif regionlarında yenə də həmin əzab-əziyyətlər içərisində, yenə dar-dar otaqlar, yenə provblemlər… bizi izləyir. Sanki sıfırdan başlamalıyıq.

– Sıfırdan deyil. Məncə hətta minusdan başlamalı oluruq. Bilirsinizmi, mən hesab eləmirəm ki, bu, yalnız Azərbaycan mətbuatı ilə bağlı məsələdir. Bütün göstəriciləri və bütün parametrləri ilə bütövlükdə Azərbaycan cəmiyyətinin bütün həyatı ilə bağlı məsələdir. Ölkəmizin, xalqımızın, cəmiyyətimizin, millətimizin taleyinin bütün aspektləri ilə bağlı məsələdir. Biz bütün sahələrdə məyus olmaq üçün kifayət qədər böyük və ağır nəticələrlə üzbəüz dayanmışıq. Amma təbii ki, mətbuat da bu qisməti bölüşüb. Bir cəmiyyət azad medianı qurban verə bilirsə, deməli, o cəmiyyət mətbuata qədərki bir çox dəyərləri, mətbuata qədərki bir çox uğurları çoxdan qurban verib. Biz demokratiyanı qurban vermişik. Biz azad seçkiləri qurban vermişik, biz normal, sivil ictimai münasibətləri qurban vermişik və bütün bunların fonunda da biz azad mətbuatı qurban vermişik. Azərbaycanda 2000-ci illərin əvvəllərindən başlayaraq, addım-addım söz azadlığı səngərindən geriləmişik. 1990-cı illərin ortalarına qədər əldə olunmuş nailiyyətlər var idi ki, həmin nailiyyətləri, həmin zəfərləri biz təslim etdik. İndi də çox təəssüf ki, belə acınacaqlı bir vəziyyət yaranıb. Azərbaycanda faktiki olaraq, indi bir dənə də olsun azad çap mediası yoxdur…

 

“Azadlıq” qəzetinin çapı bu yaxınlarda bərpa olunacaq

 

– “Azadlıq” qəzetinin bağlanması ilə, sonuncu mətbu orqan da bağlandı.

– Açığı, mən bu məsələdə bir qədər optimistəm. Hesab eləmirəm ki, “Azadlıq” qəzeti çapını tamamilə dayandırdı. Bunu deyib kimlərisə sevindirə bilərik. Mənim böyük ümidlərim var ki, “Azadlıq” qəzetinin çapı bu yaxınlarda bərpa olunacaq. Amma bu aralıq üçün, hər bir halda “Azadlıq” qəzetinin dayandığı indiki ərəfə üçün demək istəyirəm ki… Amma nə acı məqamdır ki, biz “Azadlıq” qəzetindən başqa bir çap mediası haqqında danışmırıq. “Azadlıq” qəzetindən başqa da bu günə qədər gəlib çatan başqa azad çap mediası yoxdur artıq. 1998-ci ildə Azərbaycanda senzura rəsmən ləğv ediləndən sonra azad mətbuatın hələ o zaman mövcud olan bir şəbəkəsi var idi. Həmin şəbəkənin üzərinə inzibati rejimin hücumu başladı. Hücum o zaman bəlkə də bir qədər aldadıcı hücumlar idi. Qəzetləri, redaktorları, bütöv kollektivləri bir-bir şirnikləndirməklə ələ keçirmək hesabına…

– Mənim yaxşı yadımdadır ki, sənin iki qəzetin hakimiyyətin cinahına keçməsi ilə bağlı bir yazın çıxmışdı. Deyəsən, “525-ci qəzet” və “Şərq” idi.

– Hə.

– O zaman çox böyük bir etiraz dalğası qalxdı. Hələ səhv etmirəmsə, həmin qəzetlər sənə hədə-qorxu da gəldilər. Cavab verməyə çalışdılar ki, “Qənimət bizə böhtan atır, biz satılmamışıq”. Amma zaman bunu da göstərdi.

– Hə, o zaman təbii ki, bunu başqa cür qiymətləndirmək istədilər. Amma onun adı elə satılmaq idi də… Mən adamlar olaraq demirəm.

 

Bizim qəzetlər bir-bir satıla-satıla getdi

 qenimet-qq1

– Əlbəttə, söhbət fərdlərdən getmir.

– Söhbət qəzetlərin satılmasından gedir. Bu, baş verdi. İndi adamların özləri nə qədər satılıb, nə qədər satılmayıb müqayisəli məsələdir. Biri deyə bilər ki, “mən satılmamışam, bunu özüm də istəyirdim”. Bir başqası başqa arqumentlər, dəlillər gətirə bilər. Amma fakt odur ki, bizim qəzetlər bir-bir satıla-satıla getdi. “Satılmaq”, yəni yanlış anlaşılmasın, bunu bir xəyanətkarlıq kimi qiymətləndirmirəm. Yəni bilirəm ki, adamlar öz qəzetlərini satdılar. Konkret pul alıb, satdılar…

– Bunu etiraf da edirlər. Məsələn, ANS də deyirdi ki, “biz biznes qurumuyuq…”, bizim dostumuz Rauf Arifoğlu da tez-tez deyir ki, “Qəzet mənimdfir. Əvvəlcə müxalifətə işləyirdim, indi belə işləyirəm.” Yəni bunu açıq şəkildə də deyirlər. Media beləmi olmalıdır? Əslində, prinsip budurmu?

– Yox, o, artıq media olmaqdan çıxır. Faktiki olaraq, “bu, mənim biznesimdir və mən öz biznesimi harada istəyirəmsə qururam”, – dediyi andan həmin media vahidinin məsələn, kartof biznesindən fərqi yoxdur.

– Bəlkə haqlıdır? Yenə də dostlarımız deyəcəklər ki, biz hədəfə gəldik, amma bu da bir nümunədir. Yəni “mən qəzetimi kefin hansı istiqamətə istəyirsə, o istiqamətə xərcləyirəm. Mən 50 nəfər ailə saxlayıram. Mən onlara yaxşı maaş verirəm. Mən onları döyülməkdən xilas eləmişəm, mən bunları siyasətçilərin cəngindən xilas eləmişəm, amma mən də müstəqil mətbuatam”… Belə olarmı? Onu demək istəyirəm.

 – Yox, bütün bunların hamısı mənasız söhbətlərdir. Bilirsinizmi, üzərinə bir missiya götürmüş adamlardan söhbət getmir. Üzərinə bir missiya götürmüş fəaliyyət sahələri var. Hər bir fəaliyyət sahəsinin üzərində də bir missiya var. Mətbuatın üzərindəki missiya cəmiyyətdəki söz azadlığını qorumaqdır, söz azadlığını daşımaqdır. Deyək ki, kimsə kənd təsərrüfatı ilə məşğuldur. O da bir missiyadır. Ölkəni yedirməlidir. Ölkəni yedirən sahədir. Kimsə neft çıxarır, bu, enerji missiyasıdır. Eynilə media da söz azadlığının missiyasıdır, bu missiyanı da daşımalıdır. İndi biz hesab edirik ki, Azərbaycanda neft sektorunda dəhşətli korrupsiya faktları baş verir. Ölkə külli miqdarda neft gəlirlərini sadəcə olaraq itirib. Ya onun əlindən alıblar və yaxud da ondan oğurlayıblar. Bunu kim necə istəyirsə, elə də adlandıra bilər. Bunu bizim hər birimiz ölkənin mənafeyinə vurulmuş zərbə kimi dəyərləndiririk. Xalqın, millətin dəyərlərinə vurulmuş zərbə kimi dəyərləndiririk. Amma bu mətbuatda da varsa, yəni bizim cəmiyyətin neftini necə oğurlayıblarsa, elə də söz azadlığını oğurlayıblar. Bu oğurluqda iştirak edən adamların məsuliyyəti neft korrupsiyasını təşkil eləyən adamların məsuliyyətindən az deyil ki… Eyni məsələdir.

– Hətta bəlkə bir az da çoxdur.

– Təbii ki, bir az da çoxdur. Hər halda mən belə məsələlərə bu cür yanaşıram.

– O zaman bu məsələ ilə başlayaq. Mən tamamilə başqa mövzu ilə başlayacaqdım. Söhbət maraqlı bir məqama gəldi. Vüqar Qurdqanlının sualı ilə başlayaq: “O vaxt Mətbuat Şurası yarananda Qənimət bəy əlindən gələn hər şeyi etdi. İndi bu QHT-nin fəaliyyəti onu qane edirmi?”

– Bu sual da söhbətin davamıdır. Biz elə şeylər çox eləmişik. Və yaxud da biz elə çox şeyləri itirmişik. Mən hesab eləmirəm ki, bir müstəqil qəzetin itirilməsi, bir Mətbut Şurasının itirilməsindən az itkidir. İkisinə də fərqli yanaşıram. Mən hesab edirəm ki, “Əşşi, Mətbuat Şurası cəhənnəm olsun, biz bir qəzet itirmişik”. Adamlar elə başa düşə bilərlər ki, mən konkret olaraq “Azadlıq” qəzetini nəzərdə tuturam. Yox, ixtiyari bir müstəqil qəzet itirmişik. Deyək ki, elə “Şərq” qəzeti… Bir “Şərq” qəzetini və yaxud da bir “525-ci qəzet”i…

 

Təəssüf ki, Mətbuat Şurası da bayrağını götürüb, o tərəfə keçdi

 

– Bu qəzetləri itirəndə 70-75 min tirajı var idi… “Yeni Müsavat”ı da bəlkə bura aid etmək olar…

– Elə “Zerklo”, “Ayna” qəzeti də var idi. Min dənə başqa qəzet var idi. Bunların hər birisinin itirilməyi cəmiyyət üçün min Mətbuat Şurası kimi qurumun itirilməyindən daha böyük zərbədir. Yoxsa, təbii ki, Mətbuat Şurası yaradılanda bizim bir başqa ümidlərimiz, başqa gözləntilərimiz var idi. Hesab edirdik ki, bu qurum cəmiyyətlə mətbuat arasında anlaşma müstəvisinin genişlənməsi üçün vasitəçi olacaq. Hakimiyyətlə mətbuat arasında anlaşma müstəvisinin bir qədər genişləndirilməsinə xidmət edəcək. Amma təəssüf ki, o da bayrağını götürüb, o tərəfə keçdi. Hələ özünə yeni Konstitusiya da yazdı.

–  Vüqar bəy də onu nəzərdə tutur ki, “bu qurumun yaradılmasında hansısa xidmətləriniz olduğu üçün özünüzü günahkar hesab edirsinizmi?” Çünki Mətbuat Şurası Qənimət Zahidin, Arif Əliyevin, Mehman Əliyevin, Rauf Arifoğlunun rizası olmasaydı, yaranmazdı. Yəni bu açıqdır.

– Bəy, axı biz nə eləyək? Bizim iradəmizdən asılı olmayaraq baş verən hadisələr var. Bizim iradəmizdən asılı olan o idi ki, bu qurumu yaradaq və biz də onu yaratdıq. Amma onun bizim əlimizdən oğurlanması bizim iradəmizdən asılı olaraq baş verməyib axı. Məsələn, belə deyim. Rövnəq Abdullayevin oğurluq “nöyüt” satması mənim iradəmdən asılı olmadığı kimi, Əflatun Amaşovun da Mətbuat Şurasını götürüb gedib Əli Həsənovun yanında yer alması mənim iradəmdən asılı deyildi. Yəni bu məsələdə hesab eləmirəm ki, mənim günahım var və yaxud da bir başqasının. Tutaq ki, Arif Əliyevin də günahı var. Arif Əliyev Azərbaycan mətbuatının korifey isimlərindən biridir. O cümlədən də Mehman Əliyev və başqa bu qəbildən olan dostlarımız. İndi bizim nə günahımız var ki, adamlar bir-bir aradan çıxıblar?

– Ağa Abdullaoğlu soruşur: “Azadlıq” qəzeti nəşriyyata 20 min manat borcunun olması səbəbindən çapını dayandırdı. Maliyyənin olmadığı deyildiyi bir vaxtda “Azadlıq” qəzetinin baş redaktorluğunu etmiş bir adamın minimal xərci 150-200 min avro ətrafında pul tələb edən Turan TV adlı layihəsinə pul tapdı. “Azadlıq” qəzetinin 20 min ətrafında olan borcu səbəbindən çapını dayandırması olduqca qaranlıqdır.

– ““Azadlıq” qəzetinin baş redaktorluğunu etmiş bir adamın?”

– Hə. Deyəsən elə yazıb. Hər halda onu nəzərdə tutur.

– Birincisi, mən hələ də “Azadlıq” qəzetinin baş redaktorluğunu etməkdəyəm. “Etmiş” – keçmiş zamandadır… Amma baxın, “Azadlıq” qəzeti borca görə bağlanmayıb axı… Mənim qarşıma çıxıb. Ayrı-ayrı yerlərdə də adamlar bunu yazırlar.  Konkret olaraq “Azadlıq” qəzeti niyə bağlanıb…

“Azadlıq” qəzeti borca görə bağlanmayıb

– Məncə cinayət işinə görə bağlanıb.

– Yox, ona görə də bağlanmayıb. Mən indi izah edəcəm ki, niyə bağlanıb. Çünki çox yerdə adamlar bu sualı verirlər ki, “Azadlıq” qəzeti borca görə bağlanıb, amma buradan da Turan TV layihəsinə başlanılır. Hətta bir dəfə də deyirdilər ki, “Azərbaycan Saatı”na böyük pullar tələb olunursa, bəs qəzetin niyə bu qədər problemləri var? Birincisi, “Azadlıq” qəzeti borca görə bağlanmayıb, süni yaradılmış inzibati problemə görə yayımı dayandırılıb. Belə deyək, bizim texniki direktoru həbs ediblər, onun da imzası bankda keçərli idi. İndi bizə imkan vermirlər ki, orada başqa bir adamın imzasını bankda təsdiq elətdirək.

– Ona görə bayaq dedim ki, cinayət işi ilə bağlıdır.

– Ona görə də bizim təqdim etdiyimiz sənədlər, hətta ASAN Xidmətdən təsdiq etdiyimiz sənədlər banka gələndə dayanır, işləmir. Bank yuxarılardan hansısa cavabı gözləyir. “Azadlıq” qəzetinin dayanması bu problemlə bağlıdır.

– Yəni o problem aradan qalxarsa, “Azadlıq” qəzeti fəaliyyətini davam etdirəcəkmi?

– Bəli, təbii ki… “Azadlıq” qəzeti o baxımdan öz çapını davam etdirməyə hazırdır. Bizim o məsələ ilə bağlı başqa bir problemimiz yoxdur.

– Elşən Ağayev soruşur: “Necə edək ki, Turan TV-ni daha asan yolla ekranlarımıza gətirək. Hazırkı tezlikləri əldə etmək üçün əlavə vəsaitə ehtiyac duyulur ki, bu da hamının Turan TV-ni izləməsinə mane olur”.

– Çox rahatdır. Açığı, bilirsinizmi, mən başqa nə edə bilərəm ki? Mənim əlimdən gələn bura qədərdir. Hesab edirəm ki, bizim cəmiyyətə doğru atdığımız addımlar o qədər geniş və o qədər yaxınlaşdırandır ki, cəmiyyət də özü bir addım bizə doğru yaxınlaşsın da…

– Qalan əziyyəti də o çəksin, deyirsiniz?

– Yəni sadəcə burada söhbət nədən gedir?

– Bunun xərci nə qədərdir? Neçəyə başa gəlir? Məncə 10-15 manatlıq xərci var.

– Mən bu detallara bir də aydınlıq gətirim. Baxmayaraq ki, bunu dəfələrlə “Azərbaycan Saatı”nda bəyan edirəm, sosial şəbəkələrdə xırda videoçarxlarla izah edirəm. İnsanlar, Turan TV-yə baxmaq üçün əlavə ikinci və yaxud da üçüncü antennanı quraşdırmağa ehtiyac yoxdur. Sadəcə antennaya balaca bir başlıq deyilən – Azərbaycanda ona “qolovka” deyirlər – onu quraşdırmaq lazımdır. Onun da dəyəri məncə 3-5 manatdır. Kim baxmaq istəyirsə, onu alıb, antennanın üzərinə yapışdırır və baxır. Orada mürəkkəb olan bir şey yoxdur.

– Tərlan Rzazadə soruşur: “Turan TV-nin maliyyə mənbəyi açıqlansaydı, çox yaxşı olardı.”  Firəddin Əlioğlu soruşur: “Maliyyəni haradan alırlar, sirr deyilsə…”

– Açığı, maliyyə məsələsilə bağlı da çoxlu müzakirələr olub. Birmənalı olaraq, deyirəm ki, mən bunu xoş niyyətdən yaranan sual kimi qarşılamıram.

 

Maliyyə mənbəyimiz yalnız və yalnız Azərbaycan mənşəli pullardır

 qenimet-qq

– Üzr istəyirəm, Zakir İsmayıl da onunla bağlı sual verir. Məncə onlara bir yerdə cavab verin. O da deyir ki, “Müxalifətin iqtidardan fərqli olaraq hər işi cəmiyyətə açıq olmalıdır. Qənimət bəy deyə bilərmi ki, Turan TV-nin maliyyə qaynaqları haradandır? Çünki bu, sıradan bir proje deyil və böyük maliyyə tələb edir. Bu maliyyə dəstəyini verənlərin qarşısında hər hansı bir öhdəlikləri varmı?”

– Bu vaxta qədər, yəni televiziyanın qurulduğu, yayımlandığı zamana qədər bir çox belə suallar səslənib. Bunların böyük əksəriyyətinin arxasında bir məkrin dayandığını mən çox aydın şəkildə hiss edirəm, sezirəm. Amma özümü o yerə qoymuram. Kim ki, bu sualı səmimiyyətlə verir, mən də tam səmimiyyətimlə ona cavab verirəm. Birincisi, nə Turan TV-nin, nə də mənim şəxsən heç kimin qarşısında heç bir öhdəliyim yoxdur. Mənim öhdəliyim yalnız Azərbaycan cəmiyyətinin qarşısındadır. Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının ideallarına xidmət etmək kimi bir görəvim və bir öhdəliyim var. Hətta iqtidarın da, müxalifətin də, mətbuatın da, çəkməçinin də, bostançının da Azərbaycana düşmən saydığı heç bir dairədən, heç bir dövlətdən, heç bir şəxsdən bir qəpik də pul almıram. Turan TV qrant layihəsi də deyil. Bunun da hər kəsin bilməyini istəyirəm. Turan TV-nin qurulması üçün zəruri olan, amma son dərəcə zəruri olan, olduqca böyük olmayan və əksər halda olduqca kiçik sayıla biləcək məbləğ Azərbaycan mənşəli pullardır. Yalnız və yalnız Azərbaycan mənşəli pullardır.

– Pulunuz Azərbycandanmı gəlir?

– Hər yerdən gələ bilər.

– Onsuz da sizin maliyyə qaynaqlarınızı Azərbaycan hakimiyyəti axtarır.

– Mən kömək edə bilərəm. Əgər Azərbaycan hakimiyyəti bunu ciddi şəkildə axtarırsa, mənə sorğu göndərsinlər, mən onlara deyim də… Amma belə də açıqlamaq olmaz…

– Yəni siz gerçəkdən Azərbycan hakimiyyəti bunu istəsə, eləyə bilərsinizmi?

– Yox, bəy. Mən niyə deməliyəm ki… Bunu sadəcə zarafat üçün deyirəm. Bir cəhd eləsinlər də… Bəlkə dedim. Amma Azərbaycan mənşəli pullardır. Heç bir kriminal mənşəli də pul deyil. İnsanların normal, halal haqqıdır.

“Azərbaycan Saatı”na 500.000 dollar xərcləmişəm

– İndiyə qədər “Azərbaycan Saatı”na nə qədər vəsait xərcləmisiniz?

– İndiyə qədər yarım milyondan çox vəsait xərclənib. Amma “Azərbaycan Saatı” başlayandan indiyə qədər.

– Birdən gəlməyib. Hissə-hissə, manat-manat gəlib?

– Ən böyük ianə bu zamana qədər 5 min dollar olub. 5 min dollardan böyük ianə heç bir zaman olmayıb. İanələr də 5 dollardan başlayaraq olunub. Təsəvvür edin, elə adam olub ki, bizə 5 dollar köçürdüb, elə sayda adamlar da var ki, 20-30 dollar ayda pul köçürürlər. Blə adamların sayı çoxdur. Doğrudan çoxdur. Amma 1000-2000-3000 dollar ianələr verənlər də var.

– Türkiyədə də belə bir sistem, belə ənənələr var. Avropada mühacir həyatı yaşayan yüzlərlə, minlərlə bizim soydaşlarımız var və onların ayda 20-30-50 auro və ya dollar pul ödəməsi onlar üçün elə də bir problem olmaz. Onların müəyyən qismi birləşib, bir şey eləsə, siz də böyük problemlərdən çıxarsınız. Belə həmrəylik varmı?

– Mən bunu çox rahatlıqla deyirəm ki, adamlar ianə edirlər. Açığı, bu o qədər də rahat sistem deyil, çox narahat sistemdir. Bizim hər zaman borcumuz olub. “Azərbaycan Saatı” davam eləyəndə də yığılır… Məsələn, 10-15-12-18 min dollar borcun yığıldığı vaxtlar olub. Əvəz bəy, siz yəqin bələdsiniz ki, Türkiyə kapitalist münasibətlərinin çox sərt olduğu bir ölkədir. Orada birinin digərinə 5-6 min dollar borcu olanda o işi kəsir. Amma indi bizim hansısa keyfiyyətlərimizi nəzərə alıblar,  qarşımıza çıxan, birlikdə iş gördüyümüz adamların çoxu da qarşılıqlı anlayış şəraitində iş görüblər. Birtəhər yola veriblər. Deyiblər ki, “yaxşı, gözləyirik…”   Ya fərq ediblər ki,bu layihə mənim üçün çox böyük əhəmiyyət daşıyır, nəyin bahasına olursa, olsun mən bunu davam elətdirəcəm. Ona görə də dözürlər. Ya da bütün bunların hamısı ilə birlikdə bizim hər zaman borcumuz olub. Mən hər zaman haradansa pul toplayıb, borcları ödəmişəm. Açığını deyim ki, bu pulların cəmi 20-30 mini bəlkə də əlimdən gəlib-keçib. Qalanı elə birbaşa, mənsiz ödənilib. Mən sadəcə bu işi təşkil eləmişəm. Amma yeri gəlmişkən, bu da bir işdir. Bu da bir işdir ki, 5 il ərzində 500 min dollarlıq ianəni haralardansa haraya yönəldəsən. Bu da hər halda bizim uğurlarımızdan biridir.

 

Məgər mən Turan TV-də türkçülüyü təbliğ edirəm?

 evez

– Nəriman Talışi soruşur: “Azsaylı xalqların dilində olan proqramlara gələcək verilişlərinizdə qadağalar qoyulacaqmı? Məsələn, sizin türkçülüyü təbliğ etmək səviyyəsində talışçılığın təbliğ edilməsinə imkan yaradılacaqmı? Yoxsa, sadəcə talış dilində tükçülük təbliğ ediləcək? Məsələn, orada demək olarmı ki, Azərbaycanda talışın tarixi necə saxtalaşdırılıb, türkləşdirilib? Talış toponimləri necə dəyişdirilir?” Bunları demək olarmı?

– Bilirsinizmi, bu gün Azərbycanda və Azərbaycan kimi ölkələrdə insanlıq saxtalaşdırılır. Hələ mən tarix məsələlərini bir qırağa qoyuram. Sualı verən şəxsin də adı tez-tez sosial şəbəkələrdə mənim qarşıma çıxır. Məgər mən Turan TV-də türkçülüyü təbliğ edirəm? Bu nə yanaşmadır? “Türkçülüyü təbliğ edəcəyiniz qədər nələrisə də təbliğ edəcəksinizmi?” kimi yanaşma özü qüsurludur. Bu, bir demokratiya tribunasıdır. İnsan haqları ilə bağlı məsələdir, sosial haqlarla bağlı bir layihədir. “Azərbaycan Saatı”nda uzun illərin ortaya qoyduğu baza var, təcrübə var. Bu baza və təcrübə avtomatik olaraq Turan TV-yə keçir. Bəyəm “Azərbaycan Saatı” türkçülüyü-filan təbliğ edirdi ki? Axı, belə bir şey olmayıb. Bu, haradan çıxıb? Mən bir az xəstə yanaşma hiss edirəm. Ola bilsin ki, bu cür sualların cavabında sərt danışıram. Amma hesab edirəm, bir az da sərt deməliyəm ki, buna bənzər suallar sonra meydana çıxmasın.

– Turan TV-nin perioriteti nə olacaq?

– Yalnız insan haqları, demokrtiya məsələləri və söz azadlığı. Perioritetlər bunlardır.

– Ülkər Kazımova soruşur: “TuranTV-nin vasitəsilə məmurlarla debat aparmaq mümkün olacaqmı?

– Məmurlarla hər hansı bir debat aparmaq mümkündürmü? Turan TV-də bu bir qədər çətin məsələdir. Mənim bildiyimə görə, Azərbaycanda azacıq müstəqil mövqeyinə görə qəzetlərə – xoşbəxtçilikdən və ya bədbəxtçilikdən qəzet də qalmayıb – belə deyək internet qəzetlərinə məmurlar müsahibə vermirlər. Hər hansı bir debatı onlara xatırlatmağa belə imkan verməzlər.

– Nəinki məmurlar… Deputatlar da bu siyahıya daxildirlər?

– Hə, Azərbycanda normal, danışa bilən deputatlar var. Tutaq ki, Siyavuş Novruzov, Zahid Oruc – hansı ki, hakimiyyətin ideoloji yönünü bu adamlar təşkil edirlər. Onlar müsahibəyə gəlmirlər.

– Heç “Qaynar Qazan”a da gəlmirlər…

– Bəy, gəlməyəcəklər də… Təbii ki, bizə də gəlməyəcəklər. Amma mən çox istərdim ki, bizə gəlsinlər. Və yaxud siz də çox istəyərsiniz ki, gəlsinlər. Başqa kanallar da, məsələn Kanal13 var, onlar da istəyərlər ki, gəlsinlər. Amma ölkədə özünü vitrinə layiq sayan adamların sayı o qədər azdır ki, media bu baxımdan sima kasadlığı yaşayır. Azad fikirli insanların problemi yoxdur. İstənilən mediaya öz fikirlərini təqdim edə bilərlər.

– Əslində, o cür insanların da sayı çox məhdud qalıb.

– Cəmiyyət məhdudlaşdırılb, bu başqa bir məsələdir. Amma məmur gəlsin, harasa çıxsın, danışsın. Bu, bir qədər ağlagəlməz görünür.

– Hacıyev Malik yazır: “Qənimət bəyi salamlayıram. Kaş ki, ölkədə bütün media işçiləri Qənimət bəy kimi olardı. Bilmək istəyirəm, əgər təklif gələrsə, REAL hərəkatı və digər həqiqi müxalif partiyalara Turan TV-də efir veriləcəkmi?”

– Buna bənzər başqa suallar varmı?

– Hə, çoxlu suallar var. Xüsusilə də Müsavatla bağlı soruşurlar. Qoşqar Nurəliyev soruşur ki, “Qənimət bəy, sizin ağır zəhmətiniz danılmazdır. Amma nədənsə hədəfimiz eyni olan Əliyev iqtidarına qarşı Müsavatın keçirdiyi mitinq və Müsavatın atdığı addımlar, başda başqan Arif Hacılı və İsa Qəmbər səviyyəsində olan məlumatlar ya yayılmır, ya da üzərindən zəif keçirsiniz. Səbəbini bilmək olarmı? ” Elvin Hüseynoğlu yazır, “Turan Tv-nin yaranmasında əməyi keçən hər kəsə eşq olsun. Bu günlərdə Avropada yaşayan müsavatçıların konfransı keçirildi və bu konfransda Müsavat rəhbərliyi də iştirak etdi. Turan TV bu haqda ictimaiyyəti məlumatlandıracaqmı?” Kamal Zeynallı deyir ki, “Müsavat partiyasının tədbirləri haqqında məlumat verməməyinizin səbəbi nədir? Əvvəlcədən təşəkkür edirəm”…

I hissənin sonu

Bezanson fotoları:

dsc03006 dsc03014 dsc03023 dsc03025 dsc03030 dsc03037 dsc03039 dsc03042 dsc03048 dsc03050 dsc03059 dsc03065 dsc03068

dsc03004

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button