Qərara gəlin, AXCP, Müsavat və REAL-ÇAĞIRIŞ

Akif Qurbanov

5 gündür gözlənilən Referendum kampaniyasına start verilib. Anidən baş verən və öncədən heç bir ictimai müzakirə aparılmadan keçirilən bu prosesə əleyhdarların reaksiyası başa düşülən olsa da (gözlənilməz olduğu üçün) təkliflərin vahimliyi və bizi hara aparması baxımından o qədər də ürək açan deyil. Sözümün canı odur ki, kimin necə qiymətləndirməyindən və ya hesab etməyindən asılı olmayaraq, ölkədə aparıcı müxalif qüvvələr kimi Milli Şura (AXCP), Müsavat və REAL mövcuddur. Kimin güclü və ya zəif, perspektivli və ya perspektivsiz, radikal və ya yumşaq olmasını mübahisələndirmək fikrindən qətiyyən uzağam, bu məsələdə elin gözü tərəzidir. Əsas olan və kimsənin də təkzib edə bilməyəcəyi fakt odur ki, istənilən bir siyasi hadisə olanda istər media, istər cəmiyyət, istərsə də beynəlxalq qurumlar əsas olaraq məhz onların rəyilə maraqlanır. Bu, ayrı mövzudur ki, ictimai rəyə təsir gücü kimdə daha çoxdur. Lakin birmənalı olan odur ki, kimin istəyindən asılı olmayaraq ictimai rəydə hər 3 qurumun mövqeyi axtarılır, izlənilməyə maraq yaradır. Belə olan təqdirdə qeyd etdiyim kimi Respublikamızın gələcəyinə heç də xoş mesajlar vəd etməyən bu dəyişikliklərə qarşı olanların fərqli taktika və strategiya yürütməsi hec də ümidverici qənaət bəxş etmir. 98-ci ildən bu günə qədər adətən çox dartışılıb: prosesdə iştirak faydalıdır, yoxsa boykot?! Açığını deyim, təcrübə göstərib ki, hər ikisinin arqumentləri kifayət qədər inandırıcı və əsaslıdır. Bu gün də bu istiqamətdə dartışmalar izlənilməkdədir. Şəxsi fikrim odur ki, referendumla seçki arasında boykot yanaşmasını fərqləndirmək lazımdır. Çünki ilk növbədə Seçki Məcələsinin tələbi bu əsası yaradır. Yəni referendumun baş tutması üçün seçicilərin ən azı 25%-i səsvermədə iştirak etməlidir. Seçkilərdə isə belə tələb yoxdur. Belə olduqda referendumda aktiv boykot kampaniyasının referendumun nəticələrinin hüquqi legitimliyinə ciddi təsiri ola bilir. Eyni zamanda referendumda əleyhdar iştirakçıların fərdi və ya firqə marağı olmadığına görə birgə mövqedən çıxış etmək tərəflərə daha rahat olur. Beləliklə, gəldiyim qənaət odur ki, hər 3 qurumun konkret referendum təkliflərinə münasibətdə aşağıdakı 3 mümkün formada birgə mövqedən çıxış etmələri daha faydalı olardı:

1) Hər 3 qurum birlikdə (hətta digər ictimai şəxsləri, gənclər qurumlarını da cəlb etməklə) təşviqat qurupu yaradır, qeydə alınır, birgə təşviqat aparılır, təkliflərin gerçək mahiyyəti cəmiyyətə çatdırılır və xalq aktiv boykota çağrılır. Bu halda qeydiyyata alınmama ehtimalı çox azdır və resursların istifadəsi baxımından daha qənaətcildir.

2) Hər biri ayrı-ayrılıqda təşviqat qurupu yaradır. Lakin birlikdə hərəkət ediləcəyi haqqında saziş bağlanılır, bütün hərəkətlər birlikdə planlaşdırılır və icra olunur. Bu halda hər hansı birinin qeydiyyata alınmama ehtimalı çoxdur və resursların istifadəsi baxımından qənatəcil deyil. Lakin təşviqat baxımından, xüsusilə də TV-dən istifadə imkanları daha geniş ola bilər. Birlikdə olmaq barədə saziş də qeydiyyata alınma problemindən sığortalaya bilər. Hətta problem yaradılsa belə qeydə alınmış digər qrup adından hər 3 qurum istifadə edə bilər.

3) Hər 3 qurum birlikdə qərara alır ki, rəsmi prosedurlarda iştirak etmirlər, fərqli birgə mübarizə taktikası seçilərək xalqı aktiv boykota səsləyirlər.

Nə qədər çətin və mübahisəli olsa da, uzunmüddətli seçki təcrübəm belə qənaət yaradır ki, referendum istəsək də istəməsək də təqvim olaraq baş verəcəkdir. Belə vəziyyətdə daha optimal variant prosesdə aktiv iştirak, vətəndaşla daha çox ünsiyyət imkanları əldə etməkdir. Ünsiyyət vaxtının son anında yenə da aktiv boykota səsləmək mümkündür. Burada əsas hədəf sadəcə xalqı bilgiləndirmək, aktivliyini artırmaq, onu nələrin gözlədiyi barədə açıq, konkret mesajlar vermək və problemlərin həllinin ancaq onun adekvat reaksiyasına bağlı olduğunu çatdırmaq olmalıdır.

Çünki 1998-dən bu dövrə olan proseslər aşağıdakı qənaətləri formalaşdırıb:

1. Birlik konkret hədəfli olmalıdır, çox uzağa gedən nəticəyə gəlmək kimi gerçək olmayan mesajlar verilməməlidir. Yəni indiki halda yuxarıda qeyd etdiyim gerçəklikdən dolayı müxalif fikrin daşıyıcısı olan qurumların birliyi konkret referendum layihəsinə qarşı olmalıdır. Referendumdan sonra kimin hansı fəaliyyət seçməsi sərbəst olmalıdır.
2. İştirak edib-etməmək gerçək problemləri göstərməyə mane olmur. Həmçinin prosesin legitimiləşdirilməsi nöqteyi nəzərdən istirak edib etməməyin arasında elə bir fərq yoxdur. İndiki təkliflər də göstərir ki, hakimiyyəti legitimlik az maraqlandırır.
3. Nəhayət anlamalıyıq ki, “dəyirmana sü tökmə” mübahisələri yersizdir. Hər iki tərəfin arqumentlərinin təsir gücü təxminən bərabərdir. Belə vəziyyətdə bir-birini yıpratma savaşına girmə ümumən cəmiyyətdə hakimiyyət alternativliyinə iddia edənlərə qarşı neqativ əhval yaradır və iqtidar da bundan yaxşı yararlana bilir. Bir sözlə, indiki halda işirak edənin etməyənə və ya əksinə kampaniya aparması cəmiyyətdə birmənalı qarşılanmayacaq. Yəni nə AXCP-nin iştirak etməməsi Musavat və Real iştirak edən prosesi tam neqativ göstərə bilməz, nə də ki əksinə. Maksimalizmdən əl çəkməliyik və anlamalıyıq ki, hədəfin bir-birinə yönəldilməsi daha çox ümumi neqativi artırır, nəinki düz olmayanı müəyyənləşdirir və nəticədə onu sıradan çıxardır. Belə olsa idi nə AXCP olardı, nə də Müsavat.

Yekun olaraq qənaətim odur ki, hər 3 qurum təcili müzakirə edib ortaq bir məxrəcə gəlməlidir. İştirakmı, yoxsa boykotmu (aktiv və ya passiv) qərarı birgə alınmalıdır.

Bir haşiyəyə çıxım: hər zaman nümunə gətirdiyiniz Türkiyədə ən son olaylara baxaq. “5 Təpə”-yə (Prezidentin yeni sarayı) heç zaman getməyəcəyini bəyan edən CHP sədri Kılıçdaroğlunu “Darbe cəhdi” hadisəsi tıpış-tıpış apardı. Ən kəskin sözləri istifadə edən, ideoloji və şəxsi baxımından bir-birinə salam verməyəcək qədər gərgin münasibətlərin olmasına baxmayaraq Darbe əleyhinə (konkret mövzuda) birgə mövqedən çıxış etmə cəsarətini də ortaya qoya bildilər. İndi bizim vəziyyətə baxdıqda siyasilərin (həm də eyni camiənin) münasibəti onlardan daha çox kəskindir, yoxsa Referendum aktına çıxarılan layihə çox az təhlükəlidir ?! Fikrimcə, cümhuriyyətçilik baxımında bu da elə sivil darbe kimi bir şeydir.

Dostlar, mən qənaətlərimi bölüşdüm. Sizlərin, xüsusən də cəbhəçi, müsavatçı, realçı və digər müxalif kəsimdən olan dostların düşüncəsi də maraqlıdır. Bəlkə sizlərin ictimai müzakirələrdə aktiv iştirakınız və söylədiyiniz rəylər qərarverənlərə təsir etdi. Necə düşünürsüz?

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button