Qərbdən Güney rüzgarı: Soydaşlarımız yeni qurum yaratdı

Güney Azərbaycandan dünyanın müxtəlif ölkələrinə sığınan soydaşlarımız yeni təşkilat yaradıb.

Ovqat.com-un bildirdiyinə görə, Güney Azərbaycan Demokratik Türk Birliyi  adlanan bu təşkilat qarşısına müstəqil və demokratik Güney Azərbaycan hədəfini qoyub.

Yeni təsis olunmuş təşkilat özünün sədrini seçib, quruluş qayəsi və məramlarıyla bağlı bəyanat verib. Bəyanatda deyilir.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Bildirişi

Azərbaycan Türkü bir əsrə yaxındır ki, öz doğma yurdunda fars şovinizminin əsarətində yaşamağa məhkum edilmişdir. Bu zaman kəsiyində Azərbaycanın qeyrətli oğulları, qızları əsarət zəncirini qırmaq üçün azadlıq və müstəqillik uğrunda dayanmadan mübarizə aparmışlar. Yaşadığımız yeni tarixi mərhələdə Güney Azərbaycanda Türk milləti özünün ən yüksək oyanış və özünüifadə mərhələsinə çatmışdır. Azərbaycan Türkünün milli mübarizəsi, güneydən gələn haqq çağırışı, dünyanın diqqətini çəkməkdədir. Artıq Azərbaycan gənclərinin, aydınlarının təşkilatlanaraq, bütövləşmə və milli hərəkata yeni nəfəs gətirmə zərurəti ortaya çıxmışdır. Bu çağırışa cavab olaraq və tarixi şəraiti doğru dəyərləndirmək məqsədilə, Güney Azərbaycanın tanınmış hərəkatçıları Güney Azərbaycan Demokratik Türk Birliyini (GADTB) yaratmışlar.

GADTB İran adlanan yerdə Türk millətinin hüquqlarının qorunmasının tək yolunun müstəqillik olduğunu düşünərək, başda Güney Azərbaycanın tarixi torpaqları olmaqla fars şovinizmi əsarətinə düşən bütün Türk millətinin azadlığını və müstəqilliyini qarşıya məqsəd qoymuşdur.

Milli və demokratik dəyərlərə üstünlük verən GADTB, Güney Azərbaycan Türk dövlətinin yaranması və Bütöv Azərbaycan ideyasının gerçəkləşməsi yolunda çalışan bütün milli qüvvələrə açıqdır. GADTB Güney Azərbaycanın bütün milli qüvvələrini bu təşkilat ətrafında birləşməyə, Güney Azərbaycan Türklərinin azadlığı və müstəqilliyi uğrunda birgə  mübarizə aparmağa çağırır.

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı Əjdər Tağızadə

Təşkilatın sədri Əjdər Tağızadə kimdir?

Bir zamanlar BAB idarəçilərindən biri kimi tanıdığımız Əjdər Tağızadə Ərdəbil şəhərinin Nəmin mahalının Kanaza kəndində doğulub. İsfahan universitetinin Tarix fakültəsini bitirib. 35 ilə yaxındır ki, Güney Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizə aparır. 80-ci illərin sonlarından başlanan Quzey Azərbaycanın milli azadlıq hərəkatında fəal iştirak edib. 1997-cil ildə BAB-ın yaranmasında xüsusi xidmətlər göstərib. BAB-da Ə.Elçibəyin siyasi məsələlər üzrə müavini olub. O, hazırda həmçinin, DAK-ın yaradıcılarından biri və İdarə heyətinin üzvü və DAK Daimi Şurasının sədridir.

İsveçdə 80-ci illərdən Azərbaycan Kültür evinin rəhbəridir. İsveçdə “Araz Azərbaycan səsi” radiosunun təsisçisi və rəhbəri olmaqla yanaşı,  Azərbaycan TV-nin İsveçin  rəsmi dövlət kanalında  4 il rəhbəri olub.

4 övlad atasıdır.

Hazırda İsveçin Malmö şəhərində mühacirətdə yaşayır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button