Qadağan edilmiş informasiyanı yaymaqla bağlı CƏRİMƏLƏR

Azərbaycanda internet informasiya ehtiyatının və onun domen adının sahibi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması ilə bağlı cəzaların müəyyənləşdirilməsi məsələsi müzakirəyə çıxarılıb.  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 388-1 maddəsinin əlavə edilməsi təklif olunur. Təklif olunan maddəyə əsasən, buna görə, fiziki şəxslər 500 manatdan 1000 manata qədər, vəzifəli şəxslər 1000 manatdan 1500 manata qədər, hüquqi şəxslər isə 1500 manatdan 2000 manata qədər cərimələnəcək.

Yuxarıdakı cərimələr eyni qaydada, həmçinin internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunla yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməyə görə də tətbiq ediləcək. Bundan başqa, internet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmamasına görə, vəzifəli şəxslər 1500 manatdan 2000 manata qədər, hüquqi şəxslər isə 2000 manatdan 2500 manata qədər cərimələnəcək.

Təklif olunan maddənin “Qeyd” hissəsində isə deyilir ki, bu maddədə göstərilən əməl Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq olunur. Bununla bağlı “Kütləvi informasiya vasitələri haqqında”, “Telekommunikasiya haqqında”, “Televiziya və radio yayımı haqqında” qanunlara da oxşar düzəlişlər edilir.

Mətbuat Şurasının sədri Əflatun Amaşovbildirib ki, yayılması qanunla qadağan edilən informasiya yayan saytlara giriş məhdudlaşdırılmalı olasa da, bu məhdudlaşdırma fəaliyyəti tamamilə dayandırmaq şəklində anlaşılmamalıdır. “Yəni elə başa düşülməməlidir ki, hansısa sayta giriş məhdudlaşdırılırsa, bununla da fəaliyyəti dayanır. Hesab edirəm ki, qanunda müddət məsələsi də açıq əksini tapmalıdır. Məsələn, 3 ya 6 aylıq, yaxud 1 illik müddətlər. Daha çox da ola bilər. Müddətlər törədilmiş əmələ adekvat seçilməlidir. Dünyada da belə bir praktikadan istifadə edilir. Məsələn, Böyük Britaniyada media sahəsindəki şikayətləri araşdıran komissiya var. Həmin komissiya ayrı-ayrı internet informasiya ehtiyatlarının fəaliyyətinin məhdudlaşdırılmasına dair rəy çıxarır və konkret olaraq müddət müəyyənləşdirir. Belə prosedur eyni zamanda tərbiyəvi əhəmiyyət daşıyır. Hesab edirəm ki, biz də qanunun prinsipial əhəmiyyət daşıyan humanist mahiyyətinə söykənərək bunu tətbiq etsək, yaxşı olar”.

 

Layihələr səsə qoyularaq qəbul edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button