Qadın olmaq

Gülnarə Məmmədova

 

Qadın olmaq…
Qadın kimi doğulmaq…
Yaşamaq…
Yaşamağa çalışmaq…
Çətindir..

Heç vaxt özü olmur ki, qadın… Ola bilmir. İmkan vermirik.
Bəzən “ayaqları üstündə” durmağa çalışır, bütün divarları yıxaraq…
Çox zaman da haqsız çıxarılır… özü o divarın yıxıntılarının altında qalır…

Hər hərəkətində, hər danışdığı cümlədə, hər addımında kiməsə aid olduğunu unutmayan insandır Qadın…
Kiminsə qızıdır, kiminsə istəklisi, nişanlısı, yoldaşı, gəlini və kiminsə anası…

Biz belə istəyirik çünkü… Cəmiyyət olaraq… Düşüncə olaraq…

Ağ kağızdır axı qadın… nə atsan yapışar… Yapışmasa da ləkəsi qalar…
Bir şeylər qalar sonunda…
Stres qalar, travma qalar, qorxu qalar, inamsızlıq qalar…
Qalar…

Uşaqlığından daim özünü qorumağa məcbur qalan günahsızdır Qadın…
Küçədə arxasınca gələnmi var? Günahkarı qadındır…
Haqqında artıq-əksik danışanmı? Yenə səbəbkar özüdür…
Yoldaşındanmı ayrılıb? Yaxşı qadın dözərdi… Analarımız dözüb axı… səhv yenə ondadır…
“Gözü kölgəli” gəzər qadın..

Yoldaşı “içmir”, “çəkmir”sə bəxtəvərdir qadın.. Bəxtəvər olmalıdır. Başqa nə istəməlidir ki…
Bəxtəvərliyin ölçü vahidi odur axı çoxluq olaraq bizlərin şüurunda…
Riyakar olur qadın, yaşamadığı xoşbəxtliyi yansıdaraq…

3 qız övladı varsa, 4cü övladı da qız doğularsa ağlayar qadın…
Ən azından yaşadıqlarını övladı da yaşayacağı düşüncəsi ilə ağlayar… ən çoxu qarşıdakı günlərdə özünə yaşadılacaqları düşündüyü üçün..
Qız övladı kimi nemət üstü nemətə sevinməyə imkan vermərik bizlər…
Necə böyüdəcək onu…
Necə qoruyacaq…
İkrah doğuran baxışlardan… təzyiqlərdən…
“Xəstə ruhlu” insanların ifadə edilə bilməyən davranışlarından…
Yenə sipər olur qadın onu qorumaq üçün bütün zərifliyi, bütün zəifliyi ilə…

Əslində isə necə gözəldir Qadın olmaq…
Zər qədrini zərgər bilirsə əgər, doğru zərgərə rast gəldiyində, dəyəri verildikdə necə qiymətlidir qadın…
Bu “zərgər” qız/oğlan övladı fərqi qoymayan valideyndir bəzən…
Qız şagirdinə həqiqi ata nəzəri ilə yanaşan müəllimdir…
Son dayanacağında endirmək üçün yalnız ikisi qaldıqları halda, güvən duyğusu aşılayan avtobus sürücüsüdür.
Tək ünsiyyət məqsədi tədris etdiyi fənni olan universitet professorudur…
Cəmiyyətimizi formalaşdıran insanlardır…
Sizlərsiniz… bizlərik…

Cənnətin ayaqlarının altına sərildiyi müjdələnən insandır Qadın…
Sevildiyində cənnəti bu dünyada sevdiklərinin yaşamasına vəsilə olandır Qadın…
Bəxtəvər olduğunda toxunduğu hər şeyi gözəlləşdirən varlıqdır Qadın…
O zaman imkan verək, gözəl yaşaması üçün, yaşamamız üçün..
İmtahandırsa dünyaya göndərilmə qayəmiz, qadının imtahanında “kəsilən” tərəf olmayaq…

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button