Qalmaqallı kitab müəllifinə tanınmış şair-yazıçıdan sərt cavab

Eldar İsmayıl: “Axı bunları bilə-bilə erməninin xeyrinə işləyən təsvirlərə necə istinad etmək olar?”

Bugünlərdə çapdan çıxmış “Haqq-nahaq seçilər haqq divanında” kitabının qərbi azərbaycanlıların böyük bir kəsiminin ciddi etirazına səbəb olduğu haqda məlumat vermişdik. 100-ə yaxın qərbi azərbaycanlı ziyalı toplantı keçirərək kitabda tanınmış aşıqlar haqda yanlışlıqlara və Qərbi Azərbaycanda qədim türk adlarının erməniləşdirilməsinə etiraz etmişdi.

Etiraz doğuran əsas məqam isə odur ki, kitabda istinadların 90 faizi Ermənistan Milli Arxivində saxlanıldığı iddia olunan sənədlərədir. Qərbi Azərbaycan haqda 30-dan artıq kitabın müəllifi, əməkdar jurnalist, şair-yazıçı Eldar İsmayıl deyir ki, Nazir Əhmədlinin son vaxtlar qalmaqala səbəb olan çap məhsulunu oxuyub: “Əgər Nazir Əhmədli Göyçə haqda kitab yazmaq istəyirdisə, Göyçənin tarixini bilən insanlar var, onlardan məsləhət ala bilərdi. Ermənistan Milli Arxivini əldə tutarqa edib sırf erməni məkrinin və hiyləsinin məhsulu olan ”Erməni vilayətin”in kameral təsvirinə güvənib bu kitabı yazmamalıydı. O, yalnız kameral təsvirə söykənərək başqa mənbələrə istinad etmir, heç bir tutarqa ortaya qoymur. Düşmən millətin keşiş Nersesin tərtib etdiyi sənədlərə uyğun kitab yazıb Göyçənin saz-söz ustadlarına yeni paltar tikməkdən çəkinmir. Bir azdan ermənilər bu kitabdan özümüzə qarşı istifadə eləyəcəklər. Türk dünyasının saz-söz karifeyləri Ağ Aşıq Allahverdi, Aşıq Alı və Aşıq Ələsgərə qarşı şər-böhtan kampaniyasının belə həddə çatdırılması çox üzücüdür. Yer-yurd adlarında böyük saxtakarlıqlara yol verilməsini müəllif anlaya bilmədiyindən əlində olan “məlumatlara” böyük maraqla yanaşıb. Çar Rusiyası dövründə İrəvan vilayətində əhalinin ilk siyahıya alınması fransız mənşəli İvan Şopenə tapşırılıb. Şopenin adı ilə ermənilərin marağına xidmət edən kameral təsvir, tariximizi saxtalaşdıran “sənəd” bu gün millət olaraq öz içimizdə narazılıq yaradan qalmaqala səbəb olub. Tarixən Göyçə mahalının oğuzlardan ibarət olan əhalisinin milli mənsubiyyətini qatıb-qarışdırmaq çap məhsulu müəllifinin ya məlumatsızlığı, ya da hansısa məkrli maraqlara xidmətidir”.

E.İsmayıl deyir ki, kitabla tanış olandan sonra belə qənaətə gəlib: “Nazir Əhmədlinin tarixə aid kitab yazmaq təcrübəsi və səriştəsi tamamilə yox dərəcəsindədir! Kitab Göyçə aşıq sənətinə, Göyçə mədəniyyətinə və Azərbaycan tarixinə zidd olaraq yazılmış bir çap məhsuludur! Əhalisinin 75-80 faizi türk olan İrəvan və eləcə də Göyçə mahalını olduğu kimi təsvir etmək ermənilərin xeyrinə ola bilməzdi. Buna görə də İrəvanda ilkin siyahıya alınmaya ermənilər ciddi nəzarət ediblər. Bu tarixi faktdır. Onlar rus generalı Qraf Paskeviç İrəvanvskini narahatçılıqla anlatdılar ki, siyahıya alınmanı türk Mirzə İsmayıla tapşırmaq olmaz. O, hər şeyi olduğu kimi yazacaq. Bu, ermənilər üçün sərfəli deyil. Elə onların təkidli tələbi ilə İrəvan xanının vəziri işləmiş Mirzə İsmayıl bu işdən kənar edilib. Qraf Paskeviç erməni dostu, milliyyətcə fransız olan İvan Şopeni “Erməni vilayəti” üzrə inzibati idarədə müşavir vəzifəsinə təyin edib. Nazir Əhmədlinin istinadları da məhz İ.Şopenin, əslində isə məhz ermənilərin tərtib etdikləri siyahıyadır. Üstəlik, həmin siyahının yenidən saxtalaşdırılmadığına da heç bir zəmanət yoxdur. Ermənilərin xisləti belədir, hara düşdülərsə, özlərinə tarix yazmağa girişirlər, yerli əhalinin mədəniyyətini, yer-yurdunu özününküləşdirirlər. Nazir Əhmədli də bunları bilməmiş deyil. Ermənilərin saxtakarlığına şərik çıxmamalıydı”.
Kitabda hansı məqamlara toxunulub, burada narahatçılığa gətirib çıxaran hansı məqamlardır?

Bu suala Eldar İsmayıl belə cavab verdi: “Kitabla tanış olmağa başladıqda hiss olunur ki, müəllifin Aşıq Ələsgər dərdi var. Guya Ələsgərin böyüdülməsi kimlərinsə kiçildilməsi deməkdir”.

Nazir Əhmədli yazır. Sitat: “Cəmiyyətdə bir böyüklük, nəhənglik sindromu var idi… Bu özünü bütün təşkilatlarda göstərirdi. Aşıq şeirlərini toplayan araşdırıcılar da bir ..böyük.. məşhur.. ..sənətkar.. yaratmaq istəyirdilər. Başqalarının, yəni Alının, Bəşirin, İmanın, Musanın haqqının tapdanması önəmli deyildi”.

Heç nədən məlumatı olmayan müəllif bilmir ki, adını çəkdiyi adamların tanınmasında Ələsgərin böyük təsiri var. Kitab belə iftiralarla doludur.

Nazir Əhmədli müəllif olduğu yazısında bildirir.

Sitat:

“Sənədlərlə ilk tanışlıq göstərdi ki, Aşıq Ələsgər 1821-ci ildə Ağkilsə kəndində anadan olmayıb”.
“Adım Ələsgərdi, Göyçə mahalım” başlıqlı yazısında isə yazır: “…Məlum oldu ki, təkcə Aşıq Ələsgərin deyil, eləcə də Göyçənin başqa nəhəng sənətkarlarının – onun ustadı Aşıq Alının da, Alının ustadı Ağ Aşığın – Aşıq Allahverdinin də, Şair Məmmədhüseynin, Aşıq Musanın, hətta Aşıq Ələsgərlə görüşmək və onun qüvvəsini sınamaq üçün Göyçəyə gəlib çıxmış Aşıq Söyün Şəmkirlinin də indiyə qədərki tərcümeyi-halı uydurmadır. Ona görə də daha geri çəkilməyə yer qalmadı və qərarımı verdim”.

Kitabı vərəqlədikcə hiss olunur ki, müəllif Ələsgəri aşağılamaq üçün bir fürsət axtarır. İslam Ələsgərin “Haqq aşığı Ələsgər” deməsi Əli Şamili incidərək Nazir Əhmədliyə təsir edir. Odur ki, yazır.

Sitat: “Göründüyü kimi, İslam müəllim babasının ”peyğəmbər” ünvanı ilə də kifayətlənməyib, “fövqəlbəşər” mərtəbəsinə qaldırır, yəni əstəğfürullah, Allahlaşdırır”. İslam müəllimə görə, Ələsgər o qədər dahidir ki, bütün şeirlərini birnəfəsə, sinədən deyib və redaktə etməyib.

Bəs yazdığını sonra redaktə edən “böyük söz ustadları Nizami, Füzuli, Hafiz, Nəsimi və yüzlərlə başqa mütəfəkkirlər bəyəm Ələsgərdən kiçik şairdilər?”

Bənzətmə çox yersiz alınıb. Ələsgər də həmin dahilərdən biridir! Nazir Əhmədlinin yazdığından belə anlaşılır ki, İ.Şopenin “Erməni vilayəti”nin kameral təsvirində Ağkilsə kəndinin adı yoxdusa, demək, Ələsgərin doğum tarixi düz deyil?

Axı həmin təsvirdə Aşıq Ələsgərin vəsf etdiyi o boyda Şahdağın da adı yoxdur. Belə çıxır ki, Göyçədə Şahdağ olmayıb? Axı bunları bilə-bilə erməninin xeyrinə işləyən təsvirlərə erməninin maraqlarına uyğun şəkildə necə istinad etmək olar? Belə çıxır ki, Nazir Əhmədli, onun dəstəkçiləri üçün bu kameral təsvir ən müqəddəs bir sənəddir?

Ələsgər haqda olan məlumatlara inanmırıqsa, torpaqlarımızı caynağına keçirmiş ermənilərin kameral təsvirinə necə inana bilərik? Bu təsviri ortaya qoyanlar ağıllarına gələni buraya doldurmayıblarmı?

Kitab hazırlananda N.Əhmədli gərək digər mənbələrə də üz tutaydı. “İrəvan əyalətinin icmal dəftəri”ndə (1603) Ağkilsə kəndinin dövlətə 7325 ağça verdiyi bildirilir. Demək, Ağkilsə kəndi “Erməni vilayəti”nin kameral təsvirindən 228 il əvvəl də mövcud olub. Mən yenə kameral təsvirin nöqsanlı və xatalı olmasına aydınlıq gətirmək istəyirəm. Kameral təsvirdə göstərilir ki, Böyük Məzrə kəndində 40 əliqanlı, 9 milli ailəsi yaşamışdır. Əvvəla, əliqanlı tayfasının və ya millətinin mövcudluğunu, görəsən, eşidən olubmu?

Zaven Korkodyan isə “Sovet Ermənistanının əhalisi” kitabında yazır: “Böyük Məzrə kəndində 1831-ci ildə 293 nəfər, 1886-cı ildə isə 1379 nəfər azərbaycanlı yaşayıb. Z. Korkodyana görə, Qızılvəng kəndi ən qədim kəndlərdən biridir. Buradakı Oğuz qəbiristanlığında qəbirüstü daşlarda (X-XIII) əsrə aid yazılar mövcuddur.

Kameral təsvirdə Zod kəndində 44 qarapapaq ailəsinin yaşadığı deyilir.

Lakin Zodda 1831-ci ildə 245 nəfər, 1879-cu ildə 1584 nəfər Azərbaycan türkü yaşayıb. Zərzibili kəndinin adını “Zarzebil” yazan erməni işçilər göstərirlər ki, burada 41 qarapapaq, 2 erməni ailəsi yaşamışdır. Bunu eşidən zərzibillilər daş atıb başını tuturlar ki, 1988-ci ilə kimi bizim kənd erməni üzü görməyib. Kameral tərtibdə Ağbulaq, Toxluca, Ardanış, Cil kəndlərində də saxtakarlıq göz önündədir. Bu kəndlər tarixən həmişə böyük kəndlər olub. Əhalisi oğuz türkləri olsa da təsnifdə qarapapaq yazılır. Oğuz və qarapapaq qardaşlardı. Lakin oğuzlar fateh bir qol olduğuna görə ermənilər bir yerdə də olsun bu adı dillərinə ala bilmirlər.

Kameral təsvirin erməni uydurması sətir-sətir üzə şıxır. Məsələn, belə bir məlumat verilir:

– Kərimağa kəndi, Dəli Arutyun kəndi, Komaser kəndi Toxluca kəndi yaxınlığında yerləşir.

Əslində bu adda kəndlər Göyçədə heç vaxt olmayıb! Bu faktdır!!! Toxluca, Ağbulaq və Şorca kəndləri ilə qonşu olan oğuz türklərinin yaşayış məskənidir. Adıçəkilən Komaser kəndi isə Dərəçiçək mahalında olub. Kameral təsvirin bu iyrənc niyyəti istədikləri qədər uzadılmışdır. Məsələn, Nazir Əhmədli həmin təsvirə istinadən yazır:
“Adatəpə kəndi. 22 qarapapaq ailəsi”.

Əslində Adatəpə dağ adıdır. Belə bir kənd olmayıb. Kənd yoxdursa, aydındır ki, orada yaşayış da olmayıb.
N.Əhmədli yazır:

“Toxluca çayı Adatəpə yaxınlığında gölə tökülür”.

Cavab verirəm: “Tamamilə yalandır. Toxluca çayı Göyçə gölünə kəndin ayağında tökülür”.

N.Əhmədli yazır: “Ağbulaq kəndi. 26 qarapapaq ailəsi”.

Cavab verirəm: “Əslində bu kənddə bir nəfər də olsun qarapapaq tayfasına mənsub adam yaşamamışdır. Ağbulaqlıların 70 faizi (Böyük köçdən sonra) Güney Azərbaycanın Sulduz mahalından gələnlərdir.

N.Əhmədli yazır: “Basarkeçər kəndi. 30 milli, 1 biruki ailəsi”.

Cavab verirəm: “Erməni Zaven Korkodyana görə 1831-ci ildə Basarkeçərdə 178 nəfər azərbaycanlı yaşamışdır.
Görəsən, qarapapaq, əliqanlı, biruki, qaraçorlu, ayrım, çakırlı, milli və s. kimi tayfa adlarını təsvirə yerləşdirməkdə ermənilərin saxtalaşdırmaqdan başqa məqsədləri olmayıb ki? Əlbəttə, olub. Burda erməni təbliğatı “biruki, qaraçorlu, qarapapaq və s. yaşamışdır, türk yaşamamışdır” deyir.

Nazir Əhmədli demir ki, niyə Suriyadan, İrandan gətirilən ermənilərin milliyyəti erməni yazılır, türklər isə tayfa adları ilə göstərilir? Göyçə gölünün cənubundakı sıra dağların bir neçəsinin adı çəkilsə də, kameral təsvirdə gölün şimal hissəsindəki dağlar tamam unudulur. Əslində unudulmayıb. Təsviri hazırlayan ermənilərə Göyçə gölünü dörd tərəfdən qucaqlayan “qüdrətdən səngərli qalalı dağlar”ın adları qaranlıq idi. Çünki bunlar İrandan, Türkiyədən, Suriyadan gələn nabələd ermənilər idi. Bu dağların adlarını yerli Azərbaycan türkləri bilirdi. Ancaq təsviri hazırlayanlar bu adları türklərdən xəbər almırdılar. Çünki belə bir doğru-dürüst təsvir ermənilərə lazım deyildi. Nazir Əhmədliyə də nədənsə lazım olmayıb. Niyəsini buyursun özü izah etsin”.

E.MƏMMƏDƏLİYEV

Əlaqəli məqalələr

1 şərh

  1. Menim fikrimce bu kitaba yeni bir kitabla cavab vermek lazimdir, qezet meqalesi ile yox. Bele bir praktika beynelxalq alemde de vardir. Meselen her hansi bir elmi meqalede sehvlik edilibse onda ayri bir meqale hemin sehvliyi izah edir ve hellini ya teklif edir ya da etmir. Hemchinin yeni meqale ekser halda ayri bir muellif terefinden yazilir.

    Men teklif edirem ki, yeni bir kitab yazilsin. Kitabin adi bele olmalidir ““Haqq-nahaq seçilər haqq divanında” kitabina sherhler ve duzelishler.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button