Qanunsuluğa qarşı mübarızə aparan yeganə güc jurnalistlərdir…

Xalq Jurnalistikası

Burada jurnalist xalqdır. Biz sadəcə poçtalyon kimi vasitəçilik edirik. Müsahibi elan edirik, sosial şəbəkələrdə gələn sualları toplayıb sahibinə ünvanlayırıq. Müsahibimiz ya yazılı, ya da ənənəvi qaydada – diktafon qarşısında sualları cavablandırır. Zövqlər müxtəlif olduğu üçün suallar da ayrı cür ola bilər. “Xalq Jurnalistikası” projesinin özəlliyi ondan ibarətdir ki, hədəfə çıxardığımız müsahibimizə bir nəfər yox, bütün internet istifadəçiləri sual verə bilər. Nəticədə sual verənlərin respondentə münasibəti və maraq dairəsinin müxtəlifliyindən irəli gələn maraqlı fikir kontarstı hasil olur. Bu projedə siyasətdən tutmuş mədəniyyətə qədər istənilən sahədə müsahibə sual ünvanlamaq imkanı var…

Qanunsuzluğa qarşı mübarizə aparan yeganə güc jurnalistlərdir”

Aslan İsmayılov: “Bu gün Vəkillər Kolegiyasına lal, kar, korrupsiyaya bulaşmış vəkillər lazımdır”

“Xural” qəzeti bağlanmazdan öncə onunla söhbət edib bu layihənin qonağı olmağını diqqətinə çatdırdım. Razı oldu. Suallar gəldikcə bir-bir ünvanlaya biləcəyimi də dedi. Biz elan verdik. Xeyli sayda suallar gəldi. Və məlum səbəblərdən “Xural” qəzeti bağlandı, müsahibə alınmadı…
ASİ nəşrə başlayır. Əlbəttə ki, ASİ “Xural”ın dayandığı yerdən başladığı kimi, biz də layihəyə dondurduğumuz yerdən start verdik.
Onu – “Viza” Hüquq Məsləhətxanasının rəhbəri Aslan İsmayılovu sınağa çəkirik…

“Zülfüqarlı qardaşlarının işi” bütün dünyaya yayılacaq

Turqay Eyvazoğlu: 2015-ci ildə İlham Əliyev Qarabağı almaqla xalqın gözündə qəhrəman kimi görünüb, parlamentə sahib ola biləcəkmi?

– Dəqiq deyə bilmərəm. Ancaq bu gedişlə nəyəsə nail olmağa inanmıram. Bu günki quruluşla, məhkəmələrin bu vəziyyəti ilə mümkün deyil. 1995-ci ildə parlament seçkilərinə gedən hamının Qarabağla bağlı şüarı vardı. Elə o vaxt demişdim ki, Qarabağın alınmasının bircə yolu var: Həqiqi hüquqi dövlətin qurulması. Bütün dünya görsün ki, Azərbaycanda hüquqi dövlət, müstəqil məhkəmə sistemi var, media toxunulmazdır. Bu gün ermənilər Azərbaycandakı mövcud sistemi əlində bayraq edir. Əgər belə olarsa, o bəhanəni əllərindən almış olarıq. İrqindən, dinindən asılı olmayaraq, Azərbaycanda hər bir vətəndaşın hüquqları qorunmasını dünya görməlidir. Bizdə heç öz vətəndaşlarımızın hüquqları qorunmur.

Fəridə Nağıyeva: – “Zülfüqarlı qardaşlarının işi”ni beynəlxalq müstəviyə çıxara biləcəksinizmi?

– Birmənalı. Yaxın vaxtlarda Xadarkovskinin “Yukas işi” bütün dünyaya bəlli oldu, eləcə də “Zülfüqarlı qardaşlarının işi” də bütün dünyaya yayılacaq.

Məsud: – Mediada yazılan faktlar istənilən bir hadisə üzrə cinayət işinin açılmasına əsas verə bilərmi?

– Bəli. Qanunvericilikdə də bu nəzərdə tutulub. Çox heyflər olsun ki, bu gün mediada konkret faktlarla yüzlərlə yazılar olur. Ancaq hüquq-mühafizə orqanları bunlarla bağlı ciddi bir ölçü götürmür.

Jurnalist həbsləri bundan sonra da olacaq

Aydın Nadiroğlu: – Eynulla Fətullayev həbsdən çıxandan sonra dedi ki, jurnalistlırin həbs erası bitdi. Ancaq “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı şərlənərək həbs olundu. Əvəz Zeynallıdan sonra da jurnalistlər həbs oluna bilər, yoxsa bu sonuncudur?

– Bir tərəfdə ölkəni sümürən, dağıdan oliqarxlar, digər tərəfdə əzilmiş vətəndaşlar və gücsüz müxalifət dayanır. Yeganə güc olan, bu qanunsuzluğa qarşı mübarizə aparan jurnalistlər var. Bu da oliqarxlara, hakimiyyətə sərf etmir, ona görə də həbslər olacaq.

Babək Məmmədov: – İlham Əliyevin həqiqətənmi ətrafında baş verən hadisələrdən xəbəri yoxdur?

– Belə hesab etmirəm. Düşünürəm ki, xəbəri var. Xəbəri yoxdursa, bu daha pisdir. Ölkə prezidenti ölkədə baş verənlərdən xəbərdar olmalıdır.

Xalq Azadlıq meydanına yox, oliqarxların evinə gedəcək

Samir Bəlil Hüseyn: – İndiki hakim komanda xalq üsyanı nəticəsində hakimiyyətdən uzaqlaşdırılsa və həbs edilsə, hansısa oliqarxın hüquqlarını müdafiə edərsiz?

– Arzulamazdım ki, Azərbaycanda xalq üsyanı olsun. Ölkədə qarşıdurma olsa, qan su yerinə axacaq. Sözün əsl mənasında yenə kasıb-kusub itirəcək. Heç oliqarxlar da qazanmayacaqlar. Bütün varlığımla çalışıram ki, ölkədə milli birlik olsun, hakimiyyət islahatların qaçılmaz olduğunu anlasın. Əgər Misirdə insanlar Təhrir meydanına getdilərsə, Azrbaycanda Azadlıq meydanına yox, oliqarxların evinə gedəcəklər. Bu isə çox təhlükəlidir. O ki qaldı hüquqlarını qorumağa, kimliyindən asılı olmayaraq, hüququ pozulan adam varsa, heç vaxt biganə qalmamışam və qalmayacam da.

Heç vaxt bir versiya üzərində dayanmaq lazım deyil

Aytən: – Deyirlər ki, imkansız uşaqları xaricə hüquq təhsili almağa göndərirsiniz. Əgər həqiqətdirsə, həmin uşaqlardan ölkəyə qayıdanı olubmu?

– 1995-ci ildən 2005-ci ilə qədər tez-tez xarici səfərlərdə olmuşam. Xarici səfirliklərlə, beynəlxalq təşkilatlarla sıx işləmişəm. Onlar məndən nə kömək edə biləcəklərini soruşublar. Bunun əvəzində mənimlə çalışan gənc hüquqşünasların xaricə göndərilməsini xahiş etmişəm. Məsələn, Anar Kazımov adlı savadlı, bacarıqlı işçim var, onun ABŞ-a göndərilməsinə nail olmuşam. Bu gün Fransada, Avropa Şurasında işləyən, Azərbaycana başucalığı gətirən Elvin Əliyev mənim işçim olub. Çoxdu belələri – qayıdanlar da var, qalıb orada işləyənlər də.

Oxucu: Rafiq Tağının ölümü ilə bağlı müəmmalar cəmiyyətdə hələ də dolaşır. Sizin fikrinizcə onu kim öldürdü?

– Konkret cavab verə bilmərəm. Ancaq bir şeyə əminəm ki, Rafiq Tağının qətli onun fəaliyyəti, dünyagörüşü ilə bağlıdır. Hadisəni kim törədib? Bu suala ancaq istintaqçılar cavab verə bilər. Birmənalı olaraq Rafiq Tağının İran və İranmeyilli qüvvələr tərəfindən qətlə yetirilməsi versiyasının səslənməsinin əleyhinəyəm. Ola bilər ki, onu İrana qarşı olan qüvvələr də edə bilərlər. Hər şey ola bilər. Bunun obyektiv araşdırılması lazımdır və heç vaxt bir versiya üzərində dayanmaq lazım deyil.

Elçin Hüseyn: Deyilənə görə, indiki Ədliyyə naziri Fikrət Məmmədov o vaxt prokurorluqda işləyəndə qorxusundan kabinetindən çıxmırmış. Bu düzdür?

– Ona münasibət çox soyuq idi. Söhbət 1989-cu ildən gedir. Heydər Əliyevin qohumu olduğu üçün müəyyən təzyiqlər var idi. Onun indi məni bəyənməməyinə, qəbul etməməyinə baxmayaraq otağına girib demişəm ki, nə vaxt mənə ehtiyacın olsa, kömək etməyə hazıram. Ona qarşı yaramazlığı, ədalətsizliyi gördüyüm üçün onu müdafiə edən az adamlardan olmuşam.

Ziyalılar Forumuna olan hücum hakimiyyətin zəifliyini göstərdi

Günay Həsənova: Ziyalılar Forumu bundan sonra da fəaliyyət göstərəcək, yoxsa Rafiq Əliyev olayı ziyalıları geri çəkilməyi vadar etdi?

– Əsla! Ziyalılar Forumu fəaliyyətini davam etdirəcək. Əminəm ki, getdikcə daha geniş kütləni əhatə edib Azərbaycanda böyük söz sahibinə çevriləcək. Heç bir qorxu hissi yoxdur. Əksinə, olan hücumu Ziyalılar Forumu hakimiyyətin zəifliyi kimi qəbul etdi.

Hikmət Cahangirov: Osman Kazımov, Xalid Bağırov, Elçin Namazov… Siyahıda daha hansı vəkil var?

– Sözünü deyib, ədalət axtaran, rəhbərliyin qanunsuz hərəkətlərini tənqid edən hər bir vəkil siyahıda ola bilər. Bu gün Vəkillər Kolegiyasına maksimum qul olan, lal, kar, korrupsiyaya bulaşmış vəkillər lazımdır.

Alternativ Mətbuat Şurasına ehtiyac var

Mirzə Sakit: Azərbaycanda alternativ Mətbuat Şurasının yaradılmasına hansı maneələr var və əgər yaranarsa, orda təmsil olunan jurnalistlərin sayı Əflatun Amaşovu məyus edə bilərmi?

– Əflatun Amaşovu məyus edə bilər, yoxsa yox – bunu deyə bilmərəm. Hesab edirəm ki, alternativ jurnalistlər birliyinin yaranmasına ehtiyac var. “Yeni Nəsil” Jurnalistlər Birliyi, Redaktorlar Birliyi var. Onların fəaliyyətinə qanunla heç bir qadağa yoxdur. Belə qurumlar nə qədər çox olsa, rəqəbət olsa, jurnalistikanın inkişafına kömək edə bilər.

Layihənin rəhbəri:

Ramin DEKO

 Gələcək qonaq:
“Xalq Jurnalistikası”nda növbəti qonaq “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevdir. Ona suallarınızı ramin.deko@gmail.com elektron poçtuna göndərməklə və yaxud “Facebook” sosial şəbəkəsində yaradılan (https://www.facebook.com/groups/287423577949275) qrupda yazmaqla verə bilərsiniz.

ASİ-Xural

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button