Qanunsuz tikililərə “rüşvətsiz” sənət verilməyəcək

images (11)28.06.2013

Prezident İlham Əliyev 2011-ci il martın 9-da Bakı şəhər İcra Hakimiyyətində (BŞİH) keçirdiyi müşavirədə Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sənədləşdirilməsinə dair mexanizmin hazırlanması barədə BŞİH başçısı Hacıbala Abutalıbova tapşırıq verib.

Prezident Bakıda evlərin qeydiyyata alınması sahəsində problem olduğunu və bu problemin həllində xoşagəlməz halların qarşısını tam şəkildə almağın vacib olduğunu söyləyib: “O evlər qeydiyyata alınmalıdır. Amma sirr deyil ki, qeydiyyata alınma zamanı əsassız tələblər də irəli sürülə bilər. Rüşvət, əsassız maraqlar da ola bilər. Bu, reallıqdır. Ona görə də, Hacıbala Abutalıbova göstəriş vermişəm ki, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənsin. Biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürəcəyik. Yoxsa, xoşniyyətli təşəbbüs bəzi adamların tamahkarlığı ucbatından bizə problem gətirər. Ona görə, bu mexanizm işlənilməlidir. Çox ciddi təftiş aparılmalıdır ki, hansı evlər qeydiyyata alınsın. Ancaq gələcəkdə bu qanunsuz evlərin tikintisinə yol verilməməlidir”.

Tapşırıqdan 2 il ötsə də…

Prezidentin müşavirədəki çıxışından iki il ötüb. Üstəlik, Prezident ötən il iyunun 27-də “Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft-qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi üçün komissiya yaradılması” haqqında sərəncam da imzalayıb. Komissiya yaradıldı. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrlik etdiyi komissiyanın tərkibinə baş nazirin müavini, daxili işlər, nəqliyyat, ədliyyə nazirləri, iqtisadi məsələlər üzrə prezident köməkçisi, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş, ictimai-siyasi məsələlər, qanunvericilik və hüquq ekspertizası məsələləri üzrə şöbə müdirləri, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, Bakı şəhər İcra Hakimiyyətinin başçısı, Dövlət Neft Şirkətinin prezidenti, “Azərenerji” və “Azərsu”nun sədrləri daxil idi.

Komissiya sərəncamda göstərilən torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələləri araşdırıb. Ancaq iqtisadi, sosial və hüquqi aspektlərin qiymətləndirilməsinin nəticələrinə əsaslanan təklifləri üç ay ərzində prezidentə təqdim etməli olduğu halda, təkliflər hələ təqdim edilməyib.
Prezidentin müşavirədəki çıxışından iki il, komissiya yaradılmasından isə bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, nə sənədsiz evlərin qeydiyyata alınması, nə də hazırlanmalı sənədləşmə mexanizmindən xəbər var.

Evlərin sənədləşdirilməsinə 30 milyon dollar kredit ayrılıb

Bundan başqa, ölkə üzrə tikililərin reyestrinin yaradılması və qeydiyyata alınması üçün 2008-ci ildə Dünya Bankı Azərbaycana 30 milyon dollar həcmində kredit ayırıb. Razılaşmaya əsasən, 20 illik layihə çərçivəsində ölkədə qeydiyyatsız evlərin hamısı sənədləşdirilməlidir. Bunun üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsində “Əmlakın Qeydiyyatı Layihəsi” adlı xüsusi tədbirlər planı hazırlanıb.

“Layihə gündəliyə qoyulmayıb”

Hazırlanan “Mülkiyyət hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən yaşayış evləri və torpaq sahələri üzərində hüquqların leqallaşdırılması haqqında” qanun layihəsi artıq Milli Məclisdədir. Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə layihənin hələ gündəliyə salınmadığını deyir: “Hələ heç nə yoxdur. Layihə gündəliyə qoyulmayıb. Konkret nə vaxt müzakirə olunacağını bilmirəm”.

“Layihə qanuniləşdirilməsi mümkün olan evləri əhatə edir”

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev layihənin sənədsiz evlərin çoxuna təsir etməyəcəyi fikrindədir: “Layihədə magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik xətlərinin, metropolitenin, dəmir yolu qurğularının üzərində tikilmiş ev, müdafiə obyektləri sənədləşdirilməyəcək. Su və kanalizasiya təchizatı sisteminin texniki qurğuları, neft buruqları, avtomobil yollarının və suların mühafizə zolaqlarında, sürüşmə zonasında olan evlərə sənəd verilməyəcəyi göstərilib. Neft və qaz yataqlarının işlənməsi, neft-qaz hasilatı, nəqli üçün müvafiq təsərrüfat subyekti istifadəsində olan torpaqlardakı evlərin də sənədləşdirilməsi mümkün olmayacaq”.

Ekspert icazəsiz tikilmiş evlərin sənədləşdirilməsi probleminin tezliklə həllinə inanmır. Onun sözlərinə görə, bu problem prezidentin müşavirədəki çıxışı zamanı aktual idi.

Nə qanun, nə də sərəncam olmasa belə…

Azərbaycan 13 avqust 1992-ci il tarixdə BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlara Dair Konvensiyasını ratifikasiya edib. Ölkə həm də 15 aprel 2002-ci il tarixindən “İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında” konvensiyanın iştirakçısı kimi Avropa Məhkəməsinin yurisdiksiyası altında məcburi köçürülməni və evlərin zorla dağıdılmasını qadağan edən beynəlxalq öhdəliklərə sahibdir. Konvensiyanın 46-cı maddəsinə görə, Avropa Məhkəməsinin qərarları, bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir.

Dövlət 4 il ərzində qanunsuz tikiliyə səs çıxarmırsa…

1993-cü ilin aprelində Türkiyə Ümraniyə şəhər zibilliyində baş vermiş partlayış nəticəsində torpaq sürüşməsi olub. Ətrafdakı gecəqondu sahiblərindən Önər Yıldızın evi uçub, ailə üzvlərindən doqquz nəfər dünyasını dəyişib. Vətəndaş Avropa Məhkəməsinə üz tutub.

“Önər Yıldız Türkiyəyə qarşı” məhkəmə işində Avropa Məhkəməsi onun dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirib. Dövlət üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə kompensasiya verilməsi vəzifəsi qoyulub: “Əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli, faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanıyıb. Dövlət susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək, ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanıyıb”.

“The Traktorer İsveçə qarşı” məhkəmə işində Avropa məhkəməsi vurğulayıb ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir, bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür.

Avropa Məhkəməsinin presedentlərindən məlum olur ki, şəxslərin hətta dövlətə məxsus torpaq sahəsində heç bir icazə almadan inşa etdikləri tikililərə dövlətdən reaksiyası olmursa, Avropa Məhkəməsi dövlətin susmaqla həmin tikiliyə şəxsin mülkiyyət hüququnu tanıması kimi qiymətləndirir. Bu isə o deməkdir ki, vətəndaşlarının illərdir yaşadıqları qanunsuz evlərə dövlət səs çıxarmayıbsa, onların həmin tikililərə mülkiyyət hüququnu tanıyıb. Belə problemi olan hər hansı bir insan asanlıqla Avropa Məhkəməsinə müraciət edə və qalib gələ bilər. Bunun üçün hər hansı qanun layihəsinə, sərəncama ehtiyacı yoxdur.

Gülər Mehdizadə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button