“Qara qüvvələrin sifarişilə həbs olunmuşam”

88670_srcAMAY Abdulla: “Prokurora nə deyirlər, onu da eləyir, mənə də bir vaxtlar deyiblər, eləmişəm…”
Vəkil Osman Kazımov: «İttihamların kökündə Abdulla Abdullayevi ləkələmək məqsədi dayanır»
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə «AMAY» Ticarət Mərkəzinin rəhbəri, iş adamı Abdulla Abdullayev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə əvvəlcə təqsirləndirilən şəxsin vəkili Osman Kazımov müdafiə nitqilə çıxış edib. O, A.Abdullayevin sifarişlə həbs olunduğunu bildirib.
“Azərbaycan hakimiyyətinə yaxın olan bir adama qarşı belə torba tikiləcəyini təsəvvür etmirdim”
 
“Sanki bu işin arxasında sehrli çubuq var, vaxt yetişəndə öz təsirini göstərir. Təəssüf ki, biz də belə məhkəmə sistemində işləmək yox, əzab çəkmək məcburiyyətindəyik. Çox biabırçı vəziyyət yaranıb. Bu cinayət işi praktikada qarşılaşdığım ən eybəcər işlərdən biridir. Dəfələrlə sifarişli işlər görmüşəm, amma bu dərəcəsini görməmişdim. Azərbaycan hakimiyyətinə, onun mətbəxinə yaxın olan bir adama qarşı belə torba tikiləcəyini təsəvvür etmirdim. Bu iş hüquq sisteminin çürüklüyünü göstərir. Materiallar müstəntiqə daxil olmamış cinayət işi qaldırılıb. Adamlar istintaqda dindirilmədən zərərçəkmiş qismində tanınıb. İş üzrə 262 zərərçəkmişin 178-i dindirilməyib. İttihamların kökündə Abdulla Abdullayevi ləkələmək məqsədi dayanır” – deyə Osman Kazımov bildirib.
O, əlavə edib ki, Abdulla Abdullayev və onunla birlikdə mühakimə olunan digər şəxslərə qarşı ittihamlar məhkəmədə sübuta yetirilməsə də, məhkəmədən ədalətli qərar gözləmir. Vəkil bunu Azərbaycanın məhkəmə sistemi ilə əlaqələndirib: “Ədalətli cəmiyyət qurmaq üçün ilk növbədə ədalətli məhkəmə sisteminə ehtiyac var. Dövləti nə prezident, nə iqtidar, nə müxalifət qurur. Dövlət quruculuğunun kökündə ədalətli məhkəmə sistemi dayanır. Belə məhkəmə sistemilə özünüzə ziyan eləyəcəksiz. Mən bu məhkəmədən ədalət umuram, amma gözləmirəm. Kiminsə “yuxarılara” gedib “səni söyüblər” deməsilə adamı tutdurmaq ədalətsizlikdir, ilk növbədə söz çatdırılan adamın özünə qarşı hörmətsizlikdir”.
“Vay o gündən ki, bəziləri atdan düşəndə minməyə bir şey tapmaya…”
 
Daha sonra Abdulla Abdullayev son sözlə çıxış edib. “Mən bəzi qara qüvvələrin sifarişinə məruz qalmışam. Bu gün mənə qarşı olanların sabah kimə qarşı olacağı bilinmir. Mən tarix üçün çıxış edirəm. Bilirəm ki, gün gələcək, bütün bu məsələlər araşdırılacaq. O zaman bilinəcək ki, mən böhtana, qərəzə, ədalətsizliyə məruz qalmışam.
Azərbaycanda ədalətdən, insan hüquqlarından, qanunlardan, dəyərlərdən çox danışırlar. Hamısı sözdədir, əməldə yox. 17 aydır həbsdəyəm, bu müddətdə Prezidentə 30-dan çox məktub yazmışam, amma cavab yoxdur.
Hörmətli hakimlər, sizdən ədalətli qərar gözləmirəm. Məhkəmədə ittihamlarla bağlı sübutlar siyahısının verilməməsi, heç bir vəsatətimizin təmin olunmaması və s. hallar açıq-aşkar ədalətsizlikdən xəbər verir. Bilirəm, deyəcəksiniz ki, bizə sifariş verən yoxdur. Amma bir şeyi bilin,  mən baxışları, göz-qaşları, eşitdirmələri, əziyyət vermələri, maraqlar üçün davranışları, eyni zamanda, şərəfsizliyi, mənəviyyatsızlığı, xəyanəti, qərəzi yaxşı görür və bilirəm. Siz onu da bilin ki, bizim kimi atdan düşənlər minmək üçün düşür, vay o gündən ki, bəziləri atdan düşəndə minməyə bir şey tapmaya” – Abdullayev bildirib.
“Prokurora nə deyirlər, onu da eləyir, mənə də bir vaxtlar deyiblər, eləmişəm…”
 
“Hörmətli hakimlər, mərdi qova-qova namərd eləməyin. Heç kim fikirləşməsin ki, əməlləri qarşısına çıxmayacaq. Bizi məhv etməklə tək bizi yox, eyni zamanda, ölkənin gələcəyini, millətin ümidini məhv eləyirsiz. Prezident deyirdi ki, ölkənin inkişafını ləngidənlər iş adamlarına mane olanlar onlara yox, dövlətə xəyanət edir. Mənə qarşı irəli sürülən ittihamlar nədir? Mən hansı səbəbdən tutulmuşam?
Tələb olunan kreditlər bağlanıb, öhdəliklər bitib. Bəlkə başqasının borcunu mənə ödətdirmək istəyirsiz? Məgər bu yoldur? Və ya mənim mal-mülkümdə gözünüz var bəlkə? Yoxsa mənim bu ölkədə işləməyimi istəmirsiz? Səbəb nədir?
Bizə qarşı bu cür işlər görməklə minlərlə insanı ac, işsiz qoyursuz, möhtac edirsiz, ehtiyac içində yaşadırsız, məzlum vəziyyətdə küçələrə salırsız, yaşamaq üçün hər cür əmələ əl atmağa vadar edirsiz, çörək pulu üçün xəyanətə sövq edirsiz. Nəticədə millətin mənəviyyatını korlayırsız, sonra da milli dəyərlərdən danışırsız. Məgər bu, Prezident demişkən, millətə, dövlətə xəyanət deyilmi?!
Bütün dünyada iş adamlarının fəaliyyəti üçün lazım olan bir neçə amil var – işgüzar mühit, münasibət, təhlükəsizlik, təminat, qanunun aliliyi, maliyyə dayanıqlılığı, demokratik cəmiyyət, insan haqlarının müdafiəsi. Bunların olmadığı ölkəyə heç bir iş adamı gəlməz. Bu gün Azərbaycanda iş adamlarına qarşı atılan addımlar sərmayədarları narahat edir. Bu cür münasibət ölkəni etibardan salmaqla yanaşı, həm də nüfuzuna xələl gətirir. Nəticədə təkcə xarici sərmayədarlar ehtiyat etmir, yerli sərmayədarlar da öz maliyyəsini çıxarıb başqa ölkələrə aparır. Necə ki, son zamanlar Azərbaycanda baş verir. Bizlərin işi xəbərdarlıq etməkdir. Dövlətin işi isə dövlətə xəyanət edənləri, öz maraqlarını güdənləri cəzalandırmaqdır.
Həbsxanada mənimlə eyni kameraya dünən bir nəfəri gətiriblər. O, süpürgə ilə adam vurduğuna görə sanksiyasında 3 ildən 7 ilə qədər cəza nəzərdə tutulan maddə ilə ittiham veriblər. Bu ölkə, bu millət bədbəxt olub, fəlakət içindədir. Sanki cəngəllikdə yaşayırıq. Əgər belədirsə, deyin, biz də işimizi bilək. Yox, hüquqi dövlətdirsə, onda işə hüquqi müstəvidə baxın.
Mən bəziləri kimi günümü restoranlarda keçirməmişəm, günün 18 saatını işləmişəm. Mən var-dövlət üçün yox, insanların yaşaması üçün işləmişəm. Amma çox heyflər olsun…
Prokuror üç körpə balası olan adama (onunla birlikdə mühakimə olunanı göstərir-red.) heç nədən 10 il iş istəyir. Bunu Allah götürər? Nə deyirlər, onu da eləyir. Mənə də bir vaxtlar deyiblər, eləmişəm. İndi sənə də deyirlər, bilmək olmaz, bir gün sənin başına nə gələcək…
Hörmətli hakimlər, bilirəm, ədalətli qərar çıxarmayacaqsız, amma yenə də demək istəyirəm ki, hökm verərkən bir balaca insani dəyərləri nəzərə alasınız” – deyə təqsirləndirilən şəxs çıxışını yekunlaşdırıb.
Abdulla Abdullayevdən sonra “AMAY” MMC-də baş mühasib işləmiş Vidadi Qurbanov və kassir işləmiş Nadejda İlyasova son sözünü deyib. Onlar da ittihamların əsassız olduğunu vurğulayaraq, məhkəmədən ədalətli hökm çıxarmasını istəyiblər. Digər təqsirləndirilən şəxslər isə çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Məhkəmə sentyabrın 7-nə qədər təxirə salınıb.
A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılaraq, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Abdulla Abdullayev, Novruzov  Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu, Qurbanov Vidadi Qəmbər oğlu və İlyasova Nadejda İvanovna təqsirləndirilən şəxs qismində cəlb edilib.
Abdulla Abdullayev Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və ya israf etmə, yalançı sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə təqsirləndirilir. Digər təqsirləndirilənlər isə dələduzluq, mənimsəmə və ya israf etmədə təqsirləndirilir.
Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.
Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək, Abdulla Abdullayevin 14 il müddətinə, Novruzov Elşən Firudin oğlunun, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu və Qurbanov Vidadi Qəmbər oğlunun 10 il müddətinə, Nadejda İlyasovnanın isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button