Qarabağı oliqarxlara hədiyyə edək!

İşğal altındakı torpaq

Əvəz Zeynallı

İşğal altında olan 11 bölgə 11 oliqarxımıza hədiyyə edilsin!

Vüqar Zeynalovla çoxdan dostuq. İllərdir aramızdan su sızmayıb. Mən dostluq məsələlərində həddindən artıq ehtiyatlı olsam da, bu təmənnasız və mərd oğlanla təxminən 30 ildir davamlı və səmimi münasibətlərimiz var. Eyni kənddənik. Uşaqlığımız bir yerdə keçib. Kəndimizin ortasında, bizim evimizin yanında üstü yırtıq-yırtıq olan, sovet rejiminin taxıl ambarı kimi istifadə etdiyi, ancaq məscid kimi tikilən və fəaliyyət göstərən “meçid”in üstündə oturar, yazdığımız şeirlərdən oxuyar, sovet dövrünün romantikasını yaşayardıq. Soyadının Zeynalov olmağına baxmayın, yaxın qohum deyilik. Sadəcə, kəndimizin Zeynalov soyadlı başqa bir tayfasının nümayəndəsidir Vüqar Zeynalov…

***

Biz uşaqlıqdan milli məsələlərin varlığını dərk edir, bunun ağırlığını çiyinlərimizdə hiss edərdik. Tez-tez rayon mərkəzinə – əvvəlki adı Çəmbərək olan Krasnoseloya gedərdik. Ya olimpiadaya, ya digər məktəbli yarışmalarına, ya da elə-belə. Hər gedişimizdə ermənilərlə döyüşərdik. Biz çox uşaq olandan “erməni”nin nə demək olduğunu, kim olduğunu bilirdik əslində. Bir dəfə döyüldükdən və incidildikdən sonra növbəti dəfə rayon mərkəzinə tək getməzdik. Azı, 5-10 nəfərlə gedər, avtobusun kəndə çıxış saatından təxminən 15-20 dəqiqə əvvəl əlimizə keçən istənilən ermənini ayaqlarımızın altına salar, əzişdirər və avtobusa doluşub doğma-sevimli Ağbulağımıza qayıdardıq. “Dikdaş”ın yanını keçdikmi, zatən bizə ölüm olmazdı. Nə kəndimizdə erməni yaşamırdı, nə kəndimizə erməni gələrdi. İldə-ayda bir erməni Bağdasar peyvənd üçün toyuqlara iynə vurmağa gələrdi, bütün kəndə səs düşərdi “erməni gəlib” deyə, biz onun başına itin oyununu açar, buna görə də böyüklərin danlaqlarına tuş gələrdik. Bizim fəlsəfəmizdə adamı təkləmək, döymək yox idi. Böyüklərimiz belə öyrətmişdi…

***

Mən əsgərliyə gedəndən, iki il yarımlıq hərbi xidmətin Vladivostok dayanacağından qayıdandan sonra da, Türkiyədə təhsil aldığım illərin axırında da Vüqarı elə gördüm. Çoxları doğma kəndimizdən çıxmış, dəyişmişdi. Ancaq Vüqara bu şeylər yad idi. O, sadə, səmimi ağbulaqlı kimi qalır, oturan kimi ilk 3-5 dəqiqə içindəcə özünü milli məsələlərin ağuşuna verir, adr-arda suallar yağdırır, dünya məsələlərinə baş vururdu. Onunla söhbətdən doymaq olmurdu. Ona görə yox ki, Vüqar ölkənin məşhur “diplomat”larından biri idi. Yox, ona görə ki, Vüqar səmimi və sadə istəklə, daxildən gələn yanğı ilə bu millətin dərdini çəkir və hər an özünü başlayacaq döyüşə hazır əsgər hesab edirdi. Bir zamanlar Etibar Məmmədovun fanatı kimi müzakirə və mübahisə edəndə də elə idi, partiyaların hamısına tüpürüb öz sadə vətəndaş həyatını yaşamağa başlayanda da.
Duyğusal idi Vüqar. İndi də elədir. Uşaq kimidir. Könlünə dəydinsə tutular, bir az qəlbinə toxundunsa kövrələr, duyğulardan danışıb özünü xatirələrin qoynuna verdinsə ağlayar. Elə bil, Ağbulaqda “meçid”in üstündə şeir oxuyur Vüqar…

***

Biz – əvvəlcə Çəmbərək adlanan Krasnoselo rayon mərkəzinə sadəcə döyüşmək üçün getmirdik. Yox, nə o qədər azad və sərbəst idik, nə də dalaşqan. Biz çox vaxt rayon mərkəzinə elm yarışmalarına, olimpiadalara gedirdik. Ütülü, səliqəli, bəmbəyaz, təmiz və şıq geyinmiş erməni uşaqları bizə – kor-kobud, bir az pinti, bir az pələ-pötür türk balalarına yuxarıdan aşağı baxırdı. Bizə “türkes” deyirdilər. İmkanımız olanda “türkes sənin dədəndir” deyib ağzını-burnunu partladırdıq, ancaq adətən bizə yuxarıdan aşağı baxan bu ütülü uşaqları da bilik və yarışmada ütürdük. Biz onları hər sahədə – istər dama, istər şahmat, istər texniki, istərsə də humanitar sahələrin hamısında yenirdik. Nə istədiyini bilən, hədəflərini müəyyənləşdirən, məhz bunun üçün də bizə “türkes” deyən bir millətin övladlarına – nə istədiyini bilməyən, hədəfləri olmayan biz uşaqlar dərs verirdik. Həm yumruqla, həm də başla…

Amma içimizdə bır qıpırdanma başlayırdı. Niyə belə edir ermənilər? Atalarımız, dədələrimiz danışırdı, bilirdik, aydınlaşırdı, görürdük hər şeyi. İçimizdə qarşısıalınmaz milliyyətçilik dalğası baş qaldırırdı. Millətin nə demək olduğunu hiss edirdik. Sürətlə yetişirdik. Bizi sistemli gələcəyə hazırlaşdırmasalar da, qanımız buna hazırlaşırdı. Artıq ermənilərin həqarətlə dedikləri “türkes” kəlməsi bizi qürurlandırır, onurlandırdı…

***

İllər döndü-dolandı. Mübarizə aparmaq, yaşamaq, onu dünya standartlarına uyğunlaşdırmaq və ölmək üçün Azərbaycana qayıtdıq. Bu tələbə karvanının içində mən də vardım. Dünya boyda iddia və hələ də ölməyən, əksinə, gündən-günə güclənən və böyüyən ideya və ideallarla. Vüqarı yenə həminki kimi gördüm. Bir az ahıllaşmış, bir az yaşlanmış, bir az təmkinli olmuş bir Vüqar. Amma çoxları dəyişmişdi. Cibləri və əlləri dolanlar, onun-bunun qabının dibində dodaqları ilə gəzişmələr edənlər, altı bahalı maşın, yanı ağır kreslo görənlər kəndlikdən də, dostluqdan da çıxmışdı. Yox, o elə həminki adamdı. Yenə ədalətli, yenə mübarizədə öndə, yenə millətinin yanında, yenə oturanda 3-5 dəqiqədən sonra millətin problemlərini masasının üzərinə daşıyan iddia və imanla kükrəyirdi. Qan o qandı. Ağbulağın – əvvəlki adı Çəmbərək olan Krasnoselonun məşəqqətli və zor günlərində olan Vüqar idi. Yenə dar gündə dostu müdafiə edən, tək qalsa da axıra qədər haqqın yanında olan, paraya yox, alicənablığa və doğruluğa əyilən Vüqar idi.

***

Bir gün Vüqar məndən qısa və lakonik suallar soruşdu. Narahat idi. Elə bil gecəni yatmamışdı. “Beynim-başım dağılır” dedi, “səhərə qədər yatmamışam. Səninlə bəzi məsələləri danışmaq, ürəyimi boşaltmaq istəyirəm. Bu gün görüşməsək ölərəm.”
Səsinin ötkəmliyini tanıyır, onu bilirdim. Görüşdük. Salam-kalam belə etmədən suallarını ard-arda düzməyə başladı: “Neçə işğalda olan rayonumuz var? Nə vaxt, hansı tarixlərdə işğal olunublar? Bilirsənmi?!”
Dərhal sadaladım:

1. Xocalı – 26 fevral 1992-ci il;

2. Şuşa – 08 may 1992-ci il;

3. Laçın – 18 may 1992-ci il;

4. Xocavənd – 02 oktyabr 1992-ci il;

5. Kəlbəcər – 02 aprel 1993-cü il;

6. Ağdərə – 17 iyun 1993-cü il;

7. Ağdam – 23 iyul 1993-cü il;

8. Cəbrayıl – 23 avqust 1993-cü il;

9. Füzuli – 23 avqust 1993-cü il;

10. Qubadlı – 31 avqust 1993-cü il;

11. Zəngilan – 29 oktyabr 1993-cü il.

Sözümü bitirər-bitirməz ödü ağzından az qala eşiyə çıxan Vüqar “öldük, bitdik, qardaş, verək bu 11 rayonu 11 oliqarxa qurtarsın getsin” dedi. Gülmək məni tutdu. Təxminən Vüqarın nə dediyini anlamışdım. Amma bunun mənasız və Ağbulaqvarı bir zarafat olduğunu təxmin etdim. Ancaq Vüqar kirimirdi: “Vallah, sözümü qəribçiliyə salma. Sən bunların sistemini bilmirsən. Bunlar itirilən və ya oğurlanan 1 manatları üçün adamların çıraqlarını söndürürlər. Təsəvvür et ki, İlham Əliyev oliqarxların 11 nəfərini toplayır və onların hər birinə işğal altında olan bir rayon və ya şəhəri hədiyyə edir. Lap istəyirsən bu əməliyyatı referendum vasitəsilə xalqa qəbul da etdirir. Xalqımıza o qədər referendum dəyişiklikləri uddurublar ki. Həm də bu, millətin əleyhinə deyil ki? Qoy camaat hamısı bilsin ki, məsələn, Kəlbəcər Kəmaləddin Heydərovun, tutaq ki, Laçın Ziya Məmmədovun, Xocalı Şeyx Allahşükür Paşazadə həzrətlərinin və s.-dir. Gör nə baş verər?” Güldüm. Qardaşın başını itirdiyini zənn etdim. Amma Vüqar davam edirdi: “Bir səbrin olsun. Təsəvvür et. Bir az sakit dayan və təsəvvür et. Sadəcə xəyalında canlandır. Görəcəksən ki, bu, müharibədən sülhlə çıxmağın ən yaxşı variantıdır. Bunların bu qədər malı, varı-dövləti var. Gözləri doyurmu? Görürsənmi, süpürgəçidən belə pul yığırlar. Bu boyda sərvətlə hətta məktəbli uşaqların 1 manat fond puluna belə ehtiyacları var. Bunların puldan gözləri doymur. Gör bunlara Şuşa, Xocalı, Qubadlı, Zəngilan kimi bərəkətli torpaqlar versən nə edərlər. Buralar artıq qurtarıb. Bunlar öz qarınlarının və gələcəklərinin xatirinə o torpaqları 1 ilə almasalar, geri qaytarmasalar, imkanlarını birləşdirib dünyanı heyrətlər içində qoymasalar, mən adımı dəyişirəm. Bir düşün. Sadəcə özünü qoy sakitliyə, düşün…”

***

Azərbaycanın taleyinə hökm edən təxminən 11 oliqarx var:

1. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov;

2. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyx Allahşükür Paşazadə;

3. Milli Təhlükəsizlik naziri Eldar Mahmudov;

4. Daxili İşlər naziri Ramil Usubov;

5. Nəqliyyat naziri Ziya Məmmədov;

6. Prezidentin Xüsusi Mühafizə İdarəsinin rəisi Bəylər Eyyubov;

7. Aviasiya Akademiyasının prezidenti Arif Paşayev;

8. Müdafiə Sənayesi naziri Yavər Camalov;

9. Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov;

10. Prezidentin qudası Araz Ağalarov;

11. Prezidentin dostu İsgəndər Xəlilov.

Bunların bəlkə hamısına oliqarx demək yanlış olur. Ancaq hər halda güclü və pullu isimlərdir. Adını yazdığım 11 vəzifə və iş sahibi də məndən inciməsinlər. İncisələr, onların hamısının şərəf və ləyaqətindən üzr istəyə də bilərəm. Əsas odur ki, mən uzun müddət Vüqarın – mənim təmənnasız və əziz dostumun təklifi üzərində fikirləşdim. Onu yarıciddi, yarızarafat bir çox məclislərdə danışdım. Bəzən güldülər, bəzən ağladılar, bəzən də ciddiyə aldılar. Hər halda Vüqarla bu haqda söhbətimiz təxminən 1 il, bəlkə də 1 il yarım bundan əvvəl baş verib. Yəni o zaman heç yatsaq yuxumuza da girməzdi ki, Konstitusiya dəyişiklikləri olacaq, prezident seçilmək üçün məhdudiyyətlər ortadan qalxacaq, jurnalistikanın beli qırılacaq və s. və i. Aradan keçən zaman içində öz-özümə çox sakit qaldım və Vüqarın dediyi, daha doğrusu, təklif etdiyi təkliflər paketi üzərində düşünmək fürsəti əldə etdim. Vüqarın təklifini ciddi qarşıladım. Madam ki, biz vuruşmaq, döyüşmək, düşmənlə ön cəbhədə haqq-hesab çəkmək məsələsini arxa plana atırıq, madam ki, artıq “hərbi əməliyyatlar” məsələsini Konstitusiya dəyişikliyi mövzusu edib, Qarabağ məsələsinin həllini gedər-gəlməzə yollayırıq, o zaman Vüqarın etdiyi təkliflərdən başqa yol qalmır. Beləliklə, işğal altında yumruqları qəzəbdən sıxılan və sifətimizdə partlamağa hazır olan bölgələrimizin 11-nə də 11 sahib təyin edək. Qoy o sahiblər öz halal mülklərini nə edirlərsə etsinlər. İnanın, Vüqarın 1 il vaxt verməyinə baxmayın və inanmayın, məncə, Azərbaycanın artıq kartofu, soğanı, bananı, hətta havanı və suyu da inhisara alan bu monopolist oliqarxları cəmi bir neçə ay içində sahibi olduqları torpaqları işğaldan qansız-qadasız azad edərlər. Təsəvvün edin ki, rayonlar şərti olaraq aşağıdakı məmurların arasında belə pay-püş edilib. Təsəvvür edin ki,

Kəmaləddin Heydərova – Xocalı;

Şeyx Allahşükür Paşazadəyə – Şuşa;

Eldar Mahmudova – Laçın;

Ramil Usubova – Xocavənd;

Ziya Məmmədova – Kəlbəcər;

Bəylər Eyyubova – Ağdərə;

Arif Paşayevə – Ağdam;

Yavər Camalova – Cəbrayıl;

Hüseynqulu Bağırova – Füzuli;

Araz Ağalarova – Qubadlı;

İsgəndər Xəlilova isə Zəngilan

hədiyyə edilib və bu haqda referendum vasitəsilə Konstitusiya Aktı qəbul olunub.
Mən qəribə baxmıram. Bakının ortasında erməni at oynada bilirsə, 20 ildən sonra Bakını tərk edən erməni gəlib Ağdam qaçqınını evindən bayıra ata bilirsə, iş adamının həyatını zəhər edən bir erməni qadını günün günorta çağı zəng edib “Xural” qəzetinə hədə-qorxu gələ bilirsə, niyə də olmasın? Düşmənin işğalı altında qalmaqdansa, öz oliqarxlarımıza qismət olsun torpaqlarımız, nəyi pisdir ki? Guya ki, başqa cür necədir? Bütün Azərbaycan adını çəkdiyim 11 nəfərin – bunların sayı 21 də ola bilər – deyilmi? Bütün Azərbaycanı bunlar öz aralarında pay-püş etməyiblərmi? Nə dəyişir ki? Hətta hökumətimiz, adil və əbədi prezidentimiz işin içinə beynəlxalq təşkilatları və millətlərüstü şirkətləri də qata bilərlər.
Auksiona da çıxarmaq olar. Nə olacaq ki? Zatən biz o torpaqlara silahla getməyəcəyiksə, pulla gedək! Olmazmı? Bunu gizli də etmək olar. Prezident gizlincə oliqarxları yığıb məsələni həll edə, kim hansı bölgəni işğaldan azad etsə, o bölgənin həmin oliqarxa hədiyyə ediləcəyini bəyan edə bilər. Bizə nəticə lazım deyilmi?
Təki Vətən torpaqları azad olunsun. Nə də olsa, onsuz da indi respublika quruluşunun son illərində yaşayan insanların əksəriyyəti qul ömrü yaşayır. Xaricilər bizdən çox maaş alır, bizdən daha hörmətlidirlər, bizdən daha ləyaqətli həyat tərzinə malikdirlər. Qoy yadların ayaqları altında inildəyən torpaqları alsınlar, bizi də oraya qaçqın kimi qaytarsınlar, yaşayaq qonaq kimi. Onsuz da millətimiz ölkəmizdə qonaq kimi yaşamırmı?

***

Bizim acı, acı olduğu qədər də amansız olan bu yarıciddi, yarızarafat təklifimiz qədirbilən və hər şeyi yerbəyer edən xalqımızın diqqətinə təqdim olunmalıdır. Qoy hökumət bu haqda bir daha fikirləşsin. Onsuz da Siyavuş Novruzov demiş, gələcək nəsillər var deyə, biz nefti yeməməliyik? Qoy Siyavuş Novruzovun dərin məntiqi də bu layihə üzərində fikirləşsin. Onsuz da bu ölkədə hər şey olur. Heydər Əliyevin qoyduğu bütün qaydalar onun tikdiyi binalar kimi yıxılır. Prezident ömürlük, nazirlik ömürlük, Mətbuat Şurasının sədrliyi ömürlük olur. Bu təklifi də müzakirə etmək, hətta 18 martda keçiriləcək referenduma da çıxarmaq olar. Bəlkə olar? Kim istəmir Azərbaycanın işğal altında torpaqların azad edilməsini?! İstəyən təklifimizə razı olsun. İnanın, cəmi bir neçə aydan sonra bütün işğal olunan torpaqlarımızın azad olunmuş mərkəzlərində 11 oliqarxımıza heykəl qoya, azadlığa qovuşan 11 rayonumuzun adlarını oliqarxlarımızın adlarına dəyişdirə bilərik!
Biz dünyaya yeni nümunə verə bilərik!
Qoy oliqarxiyamız tarixə düşsün!
Başda da əbədi prezidentimiz İlham Əliyev!

***

Vüqar israrla məni yenə vacib bir söhbətə dəvət edir. Görəsən, bu dəfə hansı təklifi olacaq!?
Siz gülüb keçməyin, bizi xilas etsə-etsə, belə təkliflər xilas edəcək.

ŞƏXSƏN MƏN BUNA İNANIRAM!

“Xural” qəzeti, il: 7, sayı: 005(317), 08-14 fevral 2009-cu il, 5-ci səhifə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button