Qarşımızdakılar

Fəxrəddin Hacıbəyli

Dindarla mübahisə etmək, ona nəyisə sübut etməyə ümid etmək özünü aldatmaqdır…

II-Son yazı

«Cavabdan yayınma» qabiliyyəti…

Öncələr, enerjili zamanlarımda yas yerlərində mollalarla didişmək kimi bir hobbim vardı (elə indi də var). Dindar olduğum zamanlardan mənə bəlli idi ki, yas yerində əyləşən mollanın ən sevmədiyi şey çox sual verən, ümumiyyətlə sual verən «yasagələn»dir. Adətən, molla məclisə gələnlərin üst-başına, geyim-geciminə, «qırımına» yaxşı fikir verir, patoloji «zəhlətökənləri» öncədən müəyyən edib onlara xüsusi münasibət göstərməklə neytrallaşdırır və nəzarət altında saxlayır ki, çox «o yan-bu yan» etməsinlər. Mollaların ilkin mərhələdə edə biləcəyi özəl münasibətə bir neçə jest daxildir. İlk öncə məclisə daxil olana xüsusi salam vermək və bunu elə etmək ki, onun özünə bu salamın hər kəsə deyil, məxsusi ona verildiyini anlada bilsin. Bununla da onun seçkin şəxs olduğunu sezdirmək və beləliklə, şəxsin ürəyini ələ alıb simpatiyasını qazanmaq. İkincisi, içəri girən şəxsin gəlişini qabarıq göstərmək üçün məclisə salavat verdirib, canlanma yaradıb «məclisə mötəbər adam təşrif buyurdu» görüntüsü yaratmaq və hamının diqqətini ona cəlb etməklə tipi psixoloji cəhətdən sıxmaq, onu diqqət mərkəzinə çəkib rahat davranmasını əngəlləmək. Bunun üçün hətta ortadakı «çaypaylayan»a işarəylə «hörmətli qonaq»a çay gətirməsini əmr etməklə onun avtonumluğunu əlindən almaq və bir növ özündən asılı vəziyyətə salmaq.

Əgər tip öncədən tanınan, mollayla tanışlığı olandırsa, o zaman molla «ərk edib» onu yanına dəvət edir, yan tərəfində oturdur və beləliklə, «məclisin hörmətli yerində oturdulmuş»un ağzını bağlayır, ona psixoloji olaraq «oturduğun yerə layiq ol, artıq-əksik danışma» mesajı vermiş olur.

Birdən tip elə bir özəl tərzə malik deyilsə, onun məclisə girərkən kimlərlə salamlaşdığı və ya gözləşməklə «hal-xoş» etdiyinə nəzər salmaqla təxmini cizgilərini müəyyənləşdirmək lazım gəlir.

Təbii ki, bu müşahidələr hər zaman gözlənilən nəticəni vermir və bəzən «nadinc» qonaq «artıq-əksik hərəkətə yol vermək»lə məclisin ümumi ab-havasını «korlayır». Tutaq ki, qəsdən mollaya elə bir «çəlpəşik» sual verir ki, həmin məsələ mübahisəyə səbəb olsun və molla bir az dolaşıqlığa düşsün. Bu da ta qədimdən az-çox intellekti olanların mollalara, seyidlərə, din xadimlərinə olan münasibətinin göstəricisidir. Ədəbiyyatımız, xalq yaradıcılığımız uzun zamandan bu yana formalaşmış bu cür «din xadimini ələsalma» nümunələriylə zəngindir.

«Çəpəki» sual qarşısında mollanın edəcəyi iki şey var; ya o, bu barədə məlumatsız olduğunu etiraf etməli və uzun yolunu qısaltmalıdır, ya da sual ünvanlayanın şəxsiyyətinə əks hücum edib onu gözdən salmalıdır. Eynən Şeyx Nəsrullahın Kefli İsgəndərə «sən şərab istehal edirsən» deməsi kimi.

Bir yaxınımın yas məclisi idi. Məclisin hörmətli yerində, yəni baş tərəfində (belə çıxır ki, təsadüfən gec gəlib məclisin ayaq tərəfində yer tutmuş adam ən hörmətsiz yerə layiqdir) tanınmış seyidlərdən birisinin ixtisasca şərqşünas oğlu və hansısa bir molla əyləşmişdi. Yaşca gənc olan şərqşünas insafən məlumatlı danışır, nitqində uydurma rəvayətlərə, mistik əhvalatlara, reallığın tam əksinə olan hədislərə deyil, daha çox əxlaqi və şəri məsələlərə üstünlük verirdi və bir növ məndə simpatiya doğurmuşdu. Yaşca böyük görsənən, 55-60 yaşlı başında qaragül quzu dərisindən molla papağı olan (bu papağın tikilməsi üçün qaragül quzunun anadan olan kimi kəsildiyini eşidəndən sonra nəinki onu edənlərə, həmçinin bu papağı başına qoyanlara da antipatiyam yaranıb. Heyvan olsa da qoyunun təzəcə doğduğu balasına yaxın qoyulmayan, gözünün qabağındaca başı üzülüb dərisindən papaq tikdirib başına qoyan və bunu da qeyrət remzi sayan qəddar insan məncə ən böyük nifrətə layiqdir. Bu, mollaya olan antipatiyamın ilk səbəbi idi) molla isə dil boğaza qoymur, tez-tez gənc həmkarının sözünü kəsir və zərrə qədər də məlumatı olmadığı aydın görünən məsələlərə baş vururdu:

 

– Mən bir dəfə dunyanın bütün alimlərini bir yerə yığdım. Onların hərəsini bir otaqda oturtdum ki, bir-birilərini görməsinlər, verdiyim suala tək-tək cavab versinlər. Sonra hamısına bir sual verdim: “Bütün aləm Allahın qüdrətiylə yaranıb və hər gün də alimlər hər şeyin Allah tərəfindən yaradıldığını elmi yollarla sübut edirlərsə, bəs niyə bu küfr elmləri (onlara elm deməyə dilim də gəlmir), kitabları yığıb bir yerə od vurub yandırmırsınız? Niyə imkan verirsiniz ki, Allaha, imamlara, peyğəmbərlərə şəkk gətirən elm-fəsadlar yayılıb camaatın beynin korlasın?”

 

Deyəsən, məclisdə oturanlardan 2 nəfərdən başqa heç kim mollanın qaragül papağının içərisindəki keçəl başından böyük danışmasına istehza eləmədi. Bəlkə də çoxu onun «bütün dünya alimlərini bir yerə yığması» və «onları ayrı-ayrı otaqlarda oturdub» sonra da «hamısına bir sual verməsi» uydurmasını gerçəklik kimi qəbul etmişdilər. Bu uydurmaya gülənlər də «sözsüz iman gətirən» mömin çoxluğun qınağına düçar olmamaq üçün sadəcə üzlərini yana çevirib, bığaltı gülməklə kifayətləndilər. Deyəsən, qalan hər kəs ürəyində belə fikirləşdi ki, Eynşteyn qəbirdən çıxıb, başına da «qaragül dərisindən qeyrət rəmzi» papaq qoyub molla sifətində əyləşib məclisdə və onlara «elmi-şeiriyyət» vəz edir.

Arada yaranmış ani sükutdan istifadə edib boğazımı arıtlamaqla mollanın, sonra da məclisdəki «heyrət əhli»nin diqqətini özümə çəkdim. Molla anladı ki, sual vermək istəyirəm. Bəlkə də elə hesab edirdi ki, sözünə qüvvət vermək üçün nəsə «subvəz» edəcəm, ona görə də sakit dayanıb məni dinləməyə başladı. Mən də bacardıqca fars ləhcəsiylə ərəb-fars söz birləşmələrindən istifadə edərək nitqimə süni qəlizlik verib sual verdim. İslam «fəlsəfəsi»nin ən dişsiz yeri iradə və qəzavü-qədər məsələsidir. İlahi yaradılışın iradə harasında dayanır, ilahi iradə ilə hansı şəkildə bağlaşır, Allah yaratdığı və öncədən tale, alın yazısı verdiyi bəndəsinə nədən sonra elçi, kitab yollayıb yön verir, bu iki çəlişki arasında bəlkə də İslam ideologiyasının yaradıcısı özü çaş-baş qalmışdı, o da ola bu «qaragül papaqlı» məhəllə mollası. Amma belə özündənrazı varlığı ələ salmaq üçün məhz bu çəlişkili məsələdə onu labirintə salmaq və azmış nabələdin labirintin içərisində kor edilmiş təcrübə siçanı kimi necə vurnuxacağını seyr etmək həqiqətən zövqvericidir. Sualımı diqqətlə, hərdənbir əlindəki uzun təsbehin dənələrini oynatmaqla dinləyən molla son cümləmdə bir az darıxmış, tıncıxmış kimi dərindən nəfəs alıb verməklə sanki onu demək istəyirdi ki, «çox uzatma!»

«Mikrofon»u qaşlarının arasından qəzəbli baxışlarını düz alnıma zilləmiş narsist mollaya «ötürmək» üçün sualımın son cümləsini tamamladım:

 

– …Bir halda ki, Allah insana heç bir seçim imkanı vermədən özü onun kimliyini, necə olacağını, nə zaman hansı işə iqdam edəcəyini müəyyən edib, bəndəsinə bəlli bir ömür qərar verib, niyə bəs sonradan “mən səni «faili-muxtar» yaratdım, sən etdiklərinə özün məsulsan və etmiş olduqlarına görə səndən hesab soracam” deyir? Mən bir günahkar bəndəyəmsə, demək, mən Allahın mənim üçün müəyyən etdiyi yoldan kənara çıxmamışam, nə etmişəmsə, onun istədiyini, mənə təyin etdiyini etmişəm, demək, onun istəyini doğrultmuşam, mənim etmiş olduğum hər bir əməlin arxasında Allahın öz iradəsi və istəyi dayanır, bəs elədirsə, məhz onun istədiyini icra etdiyim üçün nədən məni əbədi cəzaya düçar edir, cəhənnəm oduyla mükafatlandırır?

 

Sözə başlamaq üçün boğazını arıtlayan mollanı gənc şərqşünas qabaqladı. İnsafən, bu mövzunun həm məclisin dar vaxtına, imkanına uyğun, həm də onun bilik dairəsinə aid olmadığını dedi. Mədəni şəkildə üzr istəyib özünün də bu barədə araşdıracağına söz verdi. Cavab növbəsi bayaqdan bəri məni gözaltı süzən və özünə əsaslandırılmış, tutarlı bir cavab hazırlamış görkəmi verən, tez-tez yanındakı həmkarına baxıb sanki «tez sözünü bitir, verim bu imansızın cavabını» demək istəyirmiş kimi yerində qurdalanan mollaya keçdi. Əvvəl tumarlı saqqalına bir sığal çəkib yerini bir daha rahatlayandan sonra, üzünü oturanlara tutub aramla sözə başladı:

 

– Bir dəfə bir məclisdəyik. Belə bir cahıl (yəni gənc), şəxsiyyətli (məni göstərir) cavan söz aldı danışmağa. Xeylax sohbət elədi. Adamın üstündə Allah var, çox savadlı danışdı. Elə söhbət elədi ki, deyirsən bəs hər tərəfdən xəbəri var. Bütün məclisi aldı əlinə. Hamı da diqqətnən buna qulaq verir. Məclisdəkilərdən biri qayıtdı ki, ay molla, sən niyə imkan verirsən bu cavan məclisi əlinə alır, sən axı alim adamsan, sən axi Məşədi Molla Məmmədağanın nəvəsisən, sənin atan da alim adam idi, bə niyə indi bir uşağa bu qədər imkan verirsən ki, sənin məclisini ələ alır? Dedim, dəyməyin, fəxrimizdir, onlar da elmdə, mərifətdə bizim davamçılarımızdır, qoy danışsın, nə ziyani var? Biz gərək cavanlara yer verək, fürsət verək ki, nə əxz elədiklərini göstərsinlər. Həə, bu cavan az danışdı, çox danışdı, lap axırda qayıtdı ki, «camaat, mənim danışdıqlarımda bir naqislik görmədiniz ki?» Hamı qayıtdı ki, «yox, nə deyirsən, düz deyirsən, halal olsun!» Bu bir də qayıtdı ki, «əgər mənim dediklərimlə razısınızsa, mən də deyirəm ki, bunları mənə İsa öyrədib, onun ruhu öyrədib (Bu arada sözünə azacıq fasilə verib oğrun-oğrun məclisdə oturanları süzür). …İndi siz deyin görüm, bütün ömrü boyu bir dəfə də evlənməmiş, öz dininə görə özün qurban verən pəhrizkar İsa haqlıdır, ya neçə dəfələrnən evlənən Məhəmməd? Camaat susub, hamısı baxdı bir-birinin üzünə. Bu nə deyir əə?! Bu cavan birdən əllərini yana açıb (özü də əllərini xaça çəkilmiş adam kimi yana açır) «ay camaat, mən sizi özünü dininə fəda eləmiş İsanın dininə çağırıram» dedi. Həmin bayax mənə «niyə məclisi vermisən bunun ixtiyarına» deyən adam qayıtdı ki, gördünmü, a molla, mən sənə dedim, məclisi buraxma bunun ixtiyarına… Dedim, Həzrəti Əlinin bir sözu var, «danışın, bilək kimsiniz». Bəs o danışmasa, hardan bilərdik ki, kimdir, nə dinə, məssəbə qulluq eləyir?

Mollanın nəql etdiyi əhvalat həqiqətən olubmu, ya olmayıbmı, bunu müəyyən etmək mümkün deyil, kim bilir, bəlkə o da kimdənsə eşidib, amma bu söhbətin bir effekti oldu ki, hamı, kimisi gizli, kimisi aşkara çevrilib məni süzməyə başladılar. İnanıram ki, həmin an hər kəs mənim də «əllərini yana açıb camaatı İsanın dininə çağıran mürtəd»in tayı olduğumu zənn edirdi. Mollanın savadsızlığı, məlumatsızlığı, bir suala doğru-dürüst cavab vermək əvəzinə verilən sualı bir yana atıb məni qaralamağa keçməsi, əllaməçilik eləməsi bəlkə də kimsəni düşündürmədi. Heç kəsin ağlına belə gəlmədi ki, molla ona ünvanlanmış soru qarşısında dolaşacağını bildiyindən bu uydurma əhvalatı danışmaqla nəinki sudan quru çıxdı, əksinə, hələ qarşı tərəfi mat vəziyyətinə saldı. Öz məlumatsızlığını ört-basdır etməklə üstəlik «hətərən-pətərən» danışan, nadinc qonağı gözdən salmaqla birdəfəlik susdurmaq… Di gəl bundan sonra bu qədər şübhəli baxışların altında məclisdə nəsə deməyə cəhd elə. Kim sənə inanacaq? Sözün kəsəri deyənin kimliyinə bağlıdır, nəinki deyilmiş sözün mahiyyətinə. Bizim toplum əsasən nə deyildiyinə yox, onu kimin dediyinə fikir verər. Bir söz ki məclisin başında əyləşən hörmətli şəxsin dilindən çıxdı, o sözə, fikrə sorğu-sual yoxdur, hamıya qəbuldur.

Molla sözünü bitirib məmnun halda, «mollası qalib gəlmiş ev yiyəsinin xoşbəxtlik hissləri»ni seyr edərək mənə müraciətlə «cavansınız bala, oxumusunuz, savadlanmısınız, bəlkə də bizdən çox bilirsiniz. Amma hayıf, yanlış yoldasınız, ayrı əməllərə qurşanmısınız» deməklə məharətlə idarə elədiyi «mini ictimai qınağı» mənə yönləndirdi.

Mənimsə diqqətim mollanın yanında oturmuş şərqşünasda idi. O da təəccüblə və bir az da heyrətlənərək azacıq geriyə əyilmiş şəkildə yanında oturan mollaya baxırdı. Bəlkə də məclisdəki bu gözlənilməz gedişatı anlayan yeganə adam o idi.

“Xural” qəzeti,

İl: 9, sayı: 021 (429), 05 – 11 iyun 2011-ci il

Əlaqəli məqalələr

3 şərh

  1. Siz de sag olun. Amma cavab ucun sizi bu qeder uzun dusunmeye vadar eden ne idi? Serhi 5-6 gun bundan evvel yazmisam. siz cavabi yazinizdan verirsiniz. Size dubare cavab vermek ucun gerek yazini yeniden deqiq oxuyum, qusura baxma bey yazi dilin axici deyil yadda qalmir. Amma heqiqeten Darvinizmin puc olmasi tam deqiq elmi yollara subut olunub. Ele internetde buna aid cox qaynaq, cox melumet var. Ele goturek xromosom sayini insanda 46-dir, meymunda 48. Milyon ilde kecse hec bir canlinin xromosom sayi deyismir. Bu deqiqdir.
    B.Vetenoglunu yeqin oxumusan? sair deyir;
    Allahsiz kainat olarmi qardas,
    Hami bir Allaha inanaydi kas.
    Insanlar Allahliq edenden beri,
    Felaket gozleyir butun beseri.
    Ahdi, undu, vaydi Allahsiz dunya,
    Sahibsiz saraydi Allahsiz dunya.
    Meger sahibsiz de olarmi saray,
    Onun divarlari ucmazmi lay-lay…
    Yasadigimiz olkenin prezidenti var, oldugumuz seherin meri var, her bir seherin icra hakimi var, her bir kendin belediyyesi var, her bir qaris torpagin sahibi var, her bir paltarin geyineni var, her bir usagin atasi var, her bir agacin meyvesi var, senin yazdigin her bir cumlenin, hetta her bir sozun, hetta her bir herfin yazani, katibi var, hetta en xirda meiset esyasi olan iynenin ustasi var- ve sen butun bunlari qebul edirsen de. Olkenden daha boyuk, herfden daha hikmetli, iyneden daha senetkarca duzeldilmis bu dunya evini basibos hesab edirsen, yiyesiz teleqqi edirsen dexi ne deyim… EL-INSAF deyirem,EL-INSAF…

  2. @ Ustaca Inkar
    Dilde sorun joxdur bej, sizin jaddashiniz bashqa shejlerle dolub, bejin kapasiteniz sonsuz ola bilmez, juxarida jazdiqlariniza baxin, goreceksiniz bejniniz nelerle doludur. Ona gore jaddashiniz zeifejib. )
    Chalishin bejninize jaxshi sejleri jigin,onu nagil-efsanelerle doldurmajin. )

  3. Əvvəla islamda nə molla var, nə də ki ölü yeri. Sən yanlış yerdə, yanlış adamdan eşitdiyin safsatanı islam adına qəbul edirsənsə bu sənin səhvindir.
    İkincisi bizdəki mollalar ya Rusiyanın, ya İranın agentidir, yaxud çoxusu məhbus həyatı keçirmiş lotulardır. Hamı bilir ki türmədə olmuş adam azadlığa çıxandan sonra heç bir iş tapa bilmir və onlar üçün ən münasibi mollalıq olur. Necə ki axır iki ayda mollalarla bağlı Şəmkirdən gələn iki xəbər bunu təsdiq edir.
    Üçüncüsü heç bir həqiqi din xadimi sualdan qaçmır. Türkiyədə 1960-70-ci illərdə camelərə insanlar gəlməyəndə, din xadimləri könüllü olaraq çayçılarda, kafelərdə insanların suallarını cavablandırmaq üçün söhbətlər təşkil edirdilər. Əfəndimizin(sas) özü insanları dinə dəvət üçün, qapı-qapı, qəbilə-qəbilə, bazar-bazar gəzmirdimi? Veriləcək suallara tutarlı cavabı olmasaydı səncə bu qədər rahat, qorxusuz hərəkət edə bilərdimi?
    O ki qaldı qəza-qədər məsələsinə bu heç də sənin iddia etdiyin kimi islamın zəif yeri deyil. İntəhəsı bir məsələ var, belə ki; qəza-qədər imanın 6 şərtinin axırıncısıdır. İmanın bu şərtləri də bir-birinə bağlıdır, belə ki bunların birini inkar şərtlərin hamısını inkar etmək deməkdir.
    Yəni, qəza və qədəri anlamaq üçün gərək başda Allaha inanasan. Allaha inanmayan, əlbəttə onun qəza-qədərinə də inanmaz. Allahı qəbul etməyən əlbəttə onun qəzavü-qədərini də qəbul etməz.
    Yəni Eloğlu, qədərə iman iman evinin sonuncu otağıdır. Səs o otağa girmək üçün gərək bir-biri içindən keçən 5 otaqdan keçəsən ki gedib ora varasan.
    Deyirsən Allaha inanmıram, Onun göndərdiyi Peyğənbərlərə də inanmıram, göndərdiyi Kitablara da inanmıram, Mələklərə də inanmıram, qiyamət gününə də inanmıram, amma Qəza-qədərə inanmaq istəyirəm…
    Sən mənim canım bunlar səncə də bir az məntiqsiz səslənmirmi?…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button