Qaşığı əlindən alınmış toplum

nəsimi məmmədli

Nəsimi Məmmədli

Hüquqsuz yaşamağa vərdiş edənlər koləliyin bir addımlığındadır

Cəmiyyətiçi münasibətlərin taksonomiyası çox qədim tarixi köklərə, ənənələrə bağlı olsa da, sosiologiyası həmişə müasir və maraqlı araşdırma mövzusudur. Odur ki, hələ də sosiologiyanın hər iki ontoloji cərəyanı (obyektivism və konstruktionizm) tərəfindən bu sahədə çox maraqlı və əhatəli elmi araşdırmalar aparılmaqdadır.

Çağdaş idarəetmə konyukturası müxtəlif olsa da, elmi-texniki tərəqqinin və innovativ resursların təsiri ilə müsbətə doğru çox sürətlə dəyişməkdədir. Dünyanın mütərəqqi siyasi düşüncəsi insanların azadlığı, rifahı və təhlükəsizliyi üzərində təşəkkül tapan idarəetməni mənimsəməkdədir. Bu idarəetmə mexanizmi insanların düşüncə və hərəkətlərində, cəmiyyətdəki institutlar üzərində hakimiyyətin təsirini azaltmaqla ciddi uğurlara imza atıb. Müasir demokratik idarəetmənin insanların fərdi psixologiyasına, yaradıcılığına, fəaliyyətinə, təşəbbüskarlığına, hətta toplumun həmrəyliyinə və sağlamlığına ciddi müsbət təsirləri tam sübut olunub. Nə qədər qəribə səslənsə də sağlam, savadlı, ağıllı toplumun əsas immuniteti açıq, şəffaf və kollegial idarəetmədir.

 

Avtoritarizm azad düşüncənin qənimidir

 

XX əsrin despotizmi adlanan və ictimai həyatın bütün sahələrini sərt dövlət nəzarətinə tabe etdirən, totalitar idarəetməyə sadiq qalan rejimlər təəssüf ki, hələ də mövcuddur. Tarixin təkərlərini saxlamağa uğursuz cəhd edən belə liderlər, diktatorlar bu köhnəlmiş idarəetmə ideologiyasının altında bir-bir əzilib məhv olmaqdadır. Lakin bütün pis nümunələrə baxmayaraq, iqtisadiyyat, silahlı qüvvələr, media, məhkəmə və parlament üzərində vahid nəzarəti saxlamaq, habelə cəmiyyəti kütləvi repressiyalarla boğmaq ənənəsindən imtina etmirlər. Belə rejimlər vətəndaşlarda özünə qarşı sadəcə itaət yox, həm də toplumda hakimiyyətə pərəstiş, insan hüquqlarına hörmətsizlik və qarşıya çıxan sosial-ictimai məsələləri sadəlövhcəsinə anlamaq psixologiyası formalaşdırır.

İnsanların uzun müddət avtoritar idarəçilikdə yaşaması onların önündə hündür divar, sədd yaradan təfəkkür stili formalaşdırır. Əksəriyyət bu divarın əks tərəfini nə görə bilir, nə də görməyə təşəbbüs göstərir. Ölkənin düşdüyü ağır durumda heç kəs özünü suçlu bilmir. Nə belə vəziyyətin yaranmasında, nə də düzəldilməsində öz rolunu təsəvvür edir. Düşünür ki, o evdar qadındır, fəhlədir, işsizdir, təqaüdçüdür, müəllimdir, tələbədir, həkimdir, məmurdur və s. Həmişə başını aşağı salıb öz işləri ilə məşğul olub, o günahsızdır, tər-təmizdir, onun edə biləcəyi bir şey yoxdur. Yalnız siyasi iddiası ilə öndə olan fəal şəxslərdən umur ki, mütləq onlar nə isə etməlidir. Açıq və gizli qınaqlarının hədəfi də istisnasız olaraq kənardadır. Belə toplumu sabit sosial-siyasi şəraitdə öz gücünə inandırmaq, məsuliyyətli vətəndaşa çevirmək ictimai-siyasi institutlardan xeyli zaman və resurs tələb edir. Lakin təcrübələr göstərir ki, ənənəvi yaşam standartlarına təsir edən böhran toplumu sürətlə ictimai-siyasi proseslərə sürükləyir və cəmiyyətiçi proseslərdə iştirakçıya çevirir. Qaşığı əlindən alınmış toplumun sosial-iqtisadi çətinlikləri artdıqca öz qaşığını axtarması və yemək tələb etməsi xeyli aktuallaşacaq. İnsanlar əllərini daşın altına qoymadıqları sürəcə kimsə onların əvəzindən bunu etməyəcək. Bu, sınaqdan keçmiş bir sosiologiyadır.

Avtoritar rejimlərin apardığı əzici siyasət ilk mərhələdə toplumun birliyini ciddi şəkildə sarsıdır və onu iki hissəyə ayırır.

Birincisi, toplumda azlıq təşkil etsə də cəsarətli, təşəbbüskar, hüquqsuzluqla barışmayan, prinsipial vətəndaş olmaqla ardıcıl mübarizə aparmaq yolunu tutan, hakimiyyəti çəkinmədən tənqid edən və davamlı olaraq rejimin təyziqləri ilə üzləşənlərdən ibarətdir.

İkincisi isə böyük çoxluq təşkil etsə də, rejimin siyasətinə etiraz etməyən, hüquqsuzluğa boyun əyən, bəzən qorxaqlıq, acizlik, tamahkarlıq, yaltaqlıq nümunələrinə əl çalmaqla, belə halları qınamamaqla, üzərinə düşən vəzifəyə məsuliyyətsiz yanaşmaqla pisliklərə fürsət verib və ölkənin acınacaqlı duruma düşməsində dolayısı ilə vasitəçi olanlardır.

Avtoritar hakimiyyətlər azlıqda olan mütərəqqi hissəni ardıcıl olaraq əzməklə uzun müddət iqtidarlarını sürdürmək arzusunda olsalar da, çağdaş dünyada bu siyasətin perspektivi qalmayıb.

O da həqiqətdir ki, beynəlxalq təcridlə uzun müddət davam edən avtoritarizm toplumu ram etməyə, ictimai-siyasi institutları tamamilə məhv etməyə nail ola bilir. Son illər dağıdıcı inqilablarla sona çatan rejimlər hamısı bu “qələbəni” qazanmış və öz xalqını kölə etmək yolunun yolçuları idi.

Avtoritarizmin ram etdiyi xalqlar sahibsiz qala bilmir

 

Sosioloji tədqiqatlar göstərir ki, avtoritar idarəçilik xalqı tədricən “uşağa” çevirir. Uşaqlarda olan xüsusiyyətlərin əksəriyyəti xalqın davranış və yanaşmalarında özünü göstərir. Uşaq kimi tez sevinir, tez kədərlənir, tez qızışır, tez soyuyur, tez unudur, asanlıqla aldanır, küsür, məsuliyyətini dərk etmir, səbəbsiz qorxaqlığı olur, sığal-tumar umur, nə istədiyini dəqiq bilmir, ərköyünlük edir, əyləncəyə, şouya və parıltılara meylli olur, düşünməyi beyninə yük etmək istəmir, istəyir ki kimsə onu yedizdirsin, içirtsin, qayğısına qalsın və hətta qucağına alsın.

Avtoritarizmdən əziyyət çəkən dünya xalqlarının bir çoxunda bu sindrom müşahidə edilməkdədir. Belə duruma salınmış xalqa “sahib çıxmaq”, ədalətli tənqidlərdən “qorumaq” ənənəsinə son vermək, qucaqda gəzdirmək iddiasından qəti şəkildə imtina etmək lazımdır. Ona təminatlı yaşayan xalqların nümunəsini aşılamaq, aydın hədəflərə istiqamətləndirmək və qucağa götürməmək zəruridir. “Uşaqlaşan xalq” qürurlu ola bilmir, özü yerimək, işləmək, qazanmaq, döyüşmək, mübarizə etmək istəmir, rahat qucaq axtarır ki otursun, sahib axtarır ki sığınsın.

Adətən bir çox siyasətçilər ictimai qınaqdan çəkinərək, özlərini “vətənpərvər” göstərir, saxta millətçiliklə bəyan edirlər ki, xalqı heç bir məsələdə tənqid etmək olmaz. Maraqlıdır, görəsən niyə? Bu hansı politoloji qanuna uyğunluqdur? Qətiyyətlə deyə bilərik ki, bu, çox yersiz və əsassız “sahiblənmədir” Öz vəzifəsini icra etməyən hər bir şüurlu tərəf tənqid olunmalıdır, o cümlədən də xalq. Əgər bir ölkə acınacaqlı durumdadırsa, mütləq əsas günahkarlardan biri məhz xalqın passiv çoxluğudur. Xalqların müəyyən tarixi nailiyyətlərə imza atması, nəhəng tarixi şəxsiyyətlərinin olması onları arxayınlaşdırmamalıdır. Gecə-gündüz öz taleyinə sahib çıxmalı, ona xidmət edən idarəetmə mexanizminin yaradılmasına dəstək olmalıdır.

Təəssüf ki, son illər xalqımızın da davranışında çox qorxulu tendensiyalar, laqeydlik, tənbəllik, çarəsizlik, acizlik müşahidə edilməkdədir. Əsasən ən vacib ictimai-siyasi proseslərdə də xalqımız özünü tamaşaçı kimi görür. İqtidar və müxalifət arasında gedən mübarizəyə kənardan baxmaqla özünü hakimiyyətin mənbəyi olmaqdan təcrid edir. Proseslərdən kənarda dayanan sadə insanlar elə bilirlər ki, bununla özlərini qoruyurlar. Əslində isə ən sağalmaz yaranı özlərinə, ailələrinə və övladlarına vururlar. Xalq qanunların imkan verdiyi formada mütləq təşkilatlanmalı və hüquqlarının təminatına nail olmalıdır. Sosioloji tədqiqatlar sübut edir ki, hüquqsuz yaşamağa vərdiş edən insanlar köləliyin bir addımlığındadır. Kölə psixologiyasında olan insanlar nə zaman ayağa qalxsa, topluma ağır fəlakət gətirir. Gələcəyimizi fəlakətlərdən, faciələrdən qorumaq üçün yubanmadan iqtidar topluma geniş siyasi azadlıqlar verməli, xalq isə etimad göstərdiyi siyasi qurumların ətrafında təşkilatlanmalıdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button