“Qaynar Qazan”da Eynulla Fətullayev (III sonuncu hissə): “Saakaşviliyə baxanda İlham Əliyev çox humanistdir”- VİDEO

Eynulla Fətullayev: “Bu, Real yox, irreal və irrassional bir qurumdur”

Əli Kərimli ilə düşmən deyilik

Eynulla Fətullayevi “Qaynar Qazan”a çağıranda xeyli tərəddüd etdim. İndi Azərbaycanda haqqında ən çox danışılan redaktorlardan biridir Eynulla. Ona münasibət birmənalı deyil. Həbsxanada möhtəşəm mübarizəsi olsa da, həbsdən çıxandan sonra hər şey 180 dərəcə dəyişmiş, bütün onu müdafiə edənləri qatlayıb dizlərinin altına qoymuşdu. O baxımdan, tərəddüdüm ciddi idi. Mənimlə münasibətləri də rəvan deyildi. Ən çox mənə toxunmuşdu Eynulla Fətullayevin davranışları. Onun mövqeyini belə dəyişməsi və hakimiyyətin səngərinə üz tutması, yenicə həbs olunan Əvəz Zeynallı üçün öldürücü olmuşdu. Məni aylarla vicdan məhbusu elan etmədilər, müdafiəm darmadağın oldu. Həm yerli, həm də beynəlxalq təşkilatlar haqlı olaraq “biz bunları müdafiə edirik, bunlar çıxıb hakimiyyətin səfində yer tuturlar” deyə mənim işimə dırnaqarası yanaşdılar. Göz gördüyündən qorxardı, təbii ki.

İlk günlər, həbsimin ilk zamanları məni müdafiə etsə də – əslində, mənim ümid bağladığım adamlardan biri də o idi – sonra bu müdafiədən bir çoxları kimi çəkildi. Yavaş-yavaş arxa plana keçdim və zamanla tamam unuduldum. Bundan sonra onun yanıma gəlmə vədi boş çıxdı və mən növbəti addım kimi, Eynullanın yanıma gəlməyəcəyini bildiyim halda, onun gəlişindən imtina etdim. Bunu heç unutmadı və zamanla hər zaman xatırlatdı. Məni müdafiə etmədi, amma hər zaman da “Azərbaycanda həbsdə olan bir jurnalist var, o da Əvəz Zeynallıdır” dedi. Şükür ki, onu da sona qədər dedi.

Bu baxımdan, bizim Eynulla Fətullayevlə özəl münasibətlərimiz yarandı – “mehriban düşmənlər” misali. Sonra bir neçə dəfə mənə xəbər göndərdi ki, dəvət etsin, yanına gəlim. Mən də dedim ki, dəvət etməyəcəm, amma gəlsə görüşərəm. Beləcə, at gedişləri ilə o məni, mən onu yola verdik. Gəlmədi. Mənim də ehtiyacım olmadı. Ümidlərim qırıldı. Daha onu gözləmədim.

Heç həbsdən çıxanda da görüşmədik. Nə telefon etdi, nə aradı, nə sordu, nə də nəyinsə izahını verdi. Elə mən də. Oysa, o həbsdən çıxanda arayan da, soruşan da, onu redaksiyamıza çağırıb böyük müsahibələr alan da bizlər olmuşduq…

Aradan zaman keçdi, “Qaynar Qazan” yarandı, inkişaf etdi və onun adı hər zaman dəvət olunacaq qonaqların siyahısında yer aldı. Və… erməni jurmalistini işə götürəndə “dananın quyruğu qopdu”. Qərara gəldik ki, Eynullanı artıq qonaq dəvət edə bilərik.

Tərəddüd içində zəng etdim. Bundan əvvəl bir dəfə təmasımız olmuşdu. Allah rəhmət eləsin, atası Emin dayı dünyasını dəyişəndən sonra eşidib yasına getdim və 40 mərasimində yasa dəvət olundum. Emin dayı ilə özəl münasibətlərimiz olmuşdu və nə qəribədir ki, həbsimdən təxminən bir həftə əvvəl gəlib mənimlə görüşmüş, geri çəkilmək haqqında məsləhətlərini vermişdi. Həbs olunacağımı bilirdi sanki, başına gəlmişdi axı. Onun ölümü məni həqiqətən sarsıtdı və beləcə, Eynulla ilə görüşdük.

Zəng edib “Qaynar Qazan”a dəvət edəndə, bir neçə saniyə duruxdu. Sonra razılığını verdi. Qərarlaşdırdıq və razılaşdıq. Amma mən yenə tərəddüd içində idim. Elanı verdim və dəfələrlə xəbərdarlıq etdim ki, təhqir olmadan normal suallar ünvanlansın. Kimə deyirsən?

Eynulla Fətullayevə sual yağışı oldu. 150-dən çox sual gəldi və içində 1 faiz sual olmadı ki, müsbət yönümlü və tonlu olsun. Bir ara müsahibənin alınmayacağı narahatçılığını yaşadım. Kateqoriyalaşdıranda sualların əksəriyyəti “verilməyəcək suallar” kateqoriyasına yazılırdı. Sualların davam etdiyi zaman Eynulla ilə əlaqə saxlamaq da müşkülə çevrildi. Bir gün əlaqə saxlaya bilmədik. Bunu “Qaynar Qazan”dan imtina kimi qəbul edəcəkdim ki, cavab gəldi. Görüşümüz və müsahibəmiz qüvvədə qalırdı.

Belə narahat və tərəddüd içində müsahibəmiz baş tutdu. Sual yağışından ünvanlamadığım suallar da çox oldu. Təhqir elementi daşıyan sualları ünvanlamadım, amma Eynulla müsahibəyə çox yaxşı hazırlaşmış, sualların hamısına cavab hazırlamışdı. Özü bütün suallara cavab verdi. Heç bir “təxribat”a getmədi, təmkinli və sakit duruşunu pozmadı. Hətta bir az təəccübləndirdi də. Aramla ona yönələn bütün sualları cavablandırdı. Heç bir yazısından imtina etmədən və əvvəlki heç bir hərəkətini və düşüncələrini təkrarlamadan. Onunla İlham Əliyevə münasibətinin kəskin dəyişməsindən Akif Çovdarova, Mədət Quliyevlə dostluğundan əvvəl dostları, indi düşmənləri olan müdafiəçilərinə qədər hər mövzudan danışdıq. Tam səmimi ola bilmədi, amma cavablandırmadığı sual da qalmadı. Təbii ki, son qiyməti əlahəzrət tamaşaçı verəcək…

Beləliklə, “Qaynar Qazan”ın 32-ci qonağı Eynulla Fətullayevlə elə onun redaksiyasında görüşdük. İllərdən sonra ilk dəfə idi ki, bir masa arxasında oturub söhbət edirdik. Və hansı suallar və hansı cavablar…

Müsahibə necə alınıb, ona təbii ki, tamaşaçılar və Oxucular qərar verəcək. Ancaq Eynullanın bu müsahibəsi çox maraqla qarşılanacaq. Bunu dəqiq bilirəm.

O zaman haqqın.az və virtualaz.org saytlarının baş redaktoru Eynulla Fətullayevi dinləyək.

dsc06989

Əvəz Zeynallı

I hissəni bu linkdən oxuya bilərsiniz:

https://www.xural.com/qaynar-qazanda-eynulla-f%C9%99tullayev-i-hiss%C9%99-m%C9%99d%C9%99t-quliyev-olmasaydi-hec-h%C9%99yatda-da-qalmazdim/ (“Qaynar Qazan”da Eynulla Fətullayev (I hissə): “Mədət Quliyev olmasaydı, heç həyatda da qalmazdım”)

II hissəni bu linkdən oxuya bilərsiniz:

https://www.xural.com/qaynar-qazanda-eynulla-f%C9%99tullayev-ii-hiss%C9%99-hakimiyy%C9%99ti%20n-o-q%C9%99d%C9%99r-pulu-yoxdur-ki-m%C9%99ni-alsin-video/ (“Qaynar Qazan”da Eynulla Fətullayev (II hissə): “Hakimiyyətin o qədər pulu yoxdur ki, məni alsın”)

 

Sən professorsan, sən niyə enirsən bu səviyyəyə?

III – sonuncu hissə

– Belə deyək ki, son yazışmalarda, Cəmil Həsənli haqqında yazdığınız yazılarda həddindən artıq təhqirli ifadələr var idi.

– Birinci o işlətdi, birinci o işlətdi… Ona görə mən də cavabını verdim. Birinci təhqirə o yol verdi. Əlbəttə, yol verdi. O yol verdi, həm professora, həm də… Baxın, bu Levon Ter Petrosyanın məqaləsi, bu da Cəmil Həsənlinin… Levon Ter Petrosyanın məqaləsi çıxandan sonra, mən dedim ki, baxın, Ermənistanın müxalifət liderinin çəkisinə baxın. Bu da Azərbaycanın müxalifət liderinin, professorun, tarixçinin “cızma qarası”… Hətta deyək ki, hansısa jurnalist öz yazısında deyək ki, təhqir elementi olan bir ifadə işlədib. Axı, sən professorsan, sən niyə enirsən bu səviyyəyə? Sən böyüklüyünü saxlamalısan. Sən axı, “milli lider” platformasına iddialısan. Əsər qoy ortaya. Mən Cəmil Həsənliyə bir sual ünvanlamışam: “Sən niyə arxiv qoyursan ortaya? Ortaya əsər qoymaq lazımdır”. Tarixi təsvir eləmək lazımdır.

İlham Əliyevə niyə diktator deyirsiniz?

– Mən sizinlə razıyam, amma bir tərəf də var. Cəmil Həsənlinin üzərinə hakimiyyətin bütün qolları gəlir deyə, bəlkə elə bir fikir yaranır ki, Eynulla Fətullayev də o qola qoşulur?

– Əvəz bəy, əgər ilk olaraq mən Cəmil Həsənbliyə qarşı nəsə yazsaydım, o zaman mən sizinlə razıyam. Mən cavab vermişəm. Cəmil Həsənli mənə böyük bir məqalə həsr etdi. Mən də sadəcə cavab hüququmdan istifadə elədim. Susmalıydım? Niyə? Axı, mən ona hücum eləməmişəm, o mənə hücum elədi. Mən sadəcə bir sual səsləndirdim. Dedim ki, dünya dəyişir. Türkiyədə 53 min insan işdən çıxarılıb, 11 min nəfəri isə həbsdədir. Siyasi fəallardan söhbət gedir. Ölkənin ümumilli qəzetləri bağlanır. Müxalifət liderləri həbsxanalara doldurulur. Görün, İlham Əliyev nə qədər humanist adamdır ki, Azərbaycanda müxalifət həmin an şəhərin mərkəzində mitinqlər keçirir. Bəs, onda İlham Əliyevə niyə diktator deyirsiniz? Necə olur ki, Ərdoğan demokrat olur? Ərdoğana bizim müxalifət – Mill Şura dəstək verir. Və bizim Milli Şura prinsipsizdir. Ardıcıllığı yoxdur. Bilirsinizmi, necə? Sanki öz siyasi mənafeyini, dividentini düşünür – hər hadisədən  siyasi divident güdməyə çalışırlar… Qəzzafini yıxdılar, “urrra, getdik! “Ərəb baharı!” “Biz də də “Ərəb baharı”dır, biz də inqilab edəcəyik”, Tunisdə hansısa hadisə baş verir, burada onu yamsılayırlar. Yaradıcı insanlar deyillər. Mən ona görə deyirəm, statikdir yanaşma, yaradıcı yanaşma yoxdur. Ona görə də heç nə yarada bilməyiblər də…

– Zümrüd Əyyubzadə soruşur: “Həbsdən yeni azad olunanda “İnsan Haqları Uğrunda” bir QHT yaratdınız. Həmin vaxt da qeydiyyata aldılar. O təşkilatın sonrakı fəaliyyəti necə oldu?” Deyəsən fəaliyyətiniz bir az səngiyib?

– Əsasən jurnalistikaya üstünlük vermişik də, yəni… Əsasən jurnalistika ilə məşğuluq.

– Zümrüd xanımın başqa bir sualı da var: “Saytlarınızda araşdırma və ya təhlil adı ilə çıxan yazılarınızda adı keçən ictimai fəallara qarşı 1-2 gün keçmir ki, dövlətin güc strukturları tərəfindən əməliyyatlar keçirilir və onlar həbs olunurlar. Həbs olunacaq şəxslərin adlarını öncədən sizə kimlər göndərir?”

– Heç kəs…

MTN rəhbərliyi ilə bizim düşmənçilik münasibətlərimiz var idi

– Burada bir məlumat da var. Rail Məmmədov soruşur ki, “Eynulla bəy, haqqin.az saytının əsas məlumatları DTK-dan aldığı haqda məlumatlar var, yəni ki, informasiyanı sizə onlar verir.”

– DTK təzə yaranıb, bir aydır da… Haqqin.az saytı isə 5 ildir fəaliyyət göstərir.

– Yəni cavabınız bu qədərdir?

– Əlbəttə. 5 ildir haqqin.az saytı fəaliyyət göstərir. Son ana qədər MTN rəhbərliyi ilə bizim düşmənçilik münasibətlərimiz var idi, axı…

– Qeyd olunur ki, sizdə müəyyən yazılar yazılır, sonra isə həbslər gerçəkləşdirilir.

– Yox, bilirsinizmi necə? Mənə elə gəlir ki, bunlar üst-üstə düşür. Çünki…

Mirşahin-Eynulla-Rauf

img_0366

– Eynulla bəy, bir şeyi etiraf edim. Mənim “həbsxana gündəlikləri”mdə var, bunu mən də müşahidə edirdim. Çox maraqlı bir şey idi. Sizdə, ANS-də və “Yeni Müsavat”da eyni vaxtda bir mövzu gedirdi və mən o zaman bilirdim ki, kim həbs olunacaq. Dərhal həmin mövzunu ANS də efirə verirdi və Rauf Arifoğlu da “Yeni Müsavat”da kütləviləşdirirdi. Belə bir şey hiss olunacaq dərəcədədir.

– Yox, bilirsinizmi necə? Proses məlum idi də artıq. Bizim yazımızdan sonra kim həbs olunub, axı?

– Yadımdadır, məndə onun dəqiq monitorinqləri var. Yəni önəmli hadisələr olanda…

– Əksinə, biz həbs olunan insanları müdafiə etmişik. Emin Hüseynovu mən müdafiə etmişəm. Çalışırdım ki, onun problemləri çözülsün.

– Amma maraqlı bir şey də var. Bu, bayaq Vüqar Qurdqanlının da sualında var idi. Son vaxtların həbslərindən sonra sizdə belə bir informasiya gedir ki, “MTN-nin daha bir agenti həbs olundu”.

– Bəli.

– Bu, peşə etikasının pozulması demək deyilmi?

– Yox.

– O zaman nə bilirsiniz ki, həmin adam MTN-nin agentidir? Məsələn, Fikrət Fərəməzoğluna da bunu yazmışdınız.

– İzah edim. Çünki Fikrət Fərəməzoğlu 2005-ci ildən mən bilirdim ki, MTN ilə əlaqədədir. Onlarla əməkdaşlıq edirdi.

– Şirin Cəfərliyə niyə yazmışdınız?

– O da əməkdaşlıq edirdi. O da əməkdaşlıq edirdi…

– Habil Vəliyevgil, onların dəstəsi…

– Onları bilirsiniz də… Onlar heç bunu gizlətmirdilər. (Gülür…) Əvəz bəy, əgər onlar bunu gizlətsəydilər başqa məsələ…

Bəzi jurnalistlər dükanlara MTN əməkdaşları kimi soxulurdular

– Hətta bəziləri də fəxr edirdilər…

– Onlar bəzi dükanlara MTN əməkdaşları kimi soxulurdular. Bilirsiniz axı bunu…

– Eşitmişəm…

– Onlar hansısa supermarketə, hansısa bazara girirdilər, deyirdilər ki, “biz MTN əməkdaşlarıyıq, pul verin!” Onların özləri bunu gizlətmirdilər. Mən niyə gizlətməliyəm?

– Zümrüd xanımın bir sualı da var: “Saytınızda ReAL sədri İlqar Məmmədovun əfv ərizəsi yazdığını iddia etmisiniz, ancaq ortaya heç bir fakt qoymadınız”. Bilmirəm, söhbət nədən gedir.

– Yox, bizdə İlqar Məmmədov tərəfindən əfv ərizəsinin yazılması haqqında heç bir məlumat verilməyib. Yox idi belə bir məlumat. Yanlışdır.

– Zamin Babayev soruşur ki, “Eynulla Fətullayev Azərbaycan üçün həbsindən əvvəl dəyərli idi, yoxsa həbsdən sonra?” Maraqlı sualdır.

– Mənə elə gəlir ki, indi daha çox xeyir gətirirəm, ölkəyə, cəmiyyətə, dövlətə, xalqa. Həqiqətən də… Eyni zamanda praktiki dəyərdən söhbət gedirsə… Nəzəri cəhətdən isə, biz yazırıq, düşüncələrimizi bölüşürük. Mən həmişə deyirəm, kim istəyirsə, oxusun, kim istəyirsə, oxumasın. Amma bu da məcburi deyil, Əvəz bəy. Mən heç kimi məcbur etmirəm ki, məni oxusunlar.

– Rabil Abdinov yazır: “Sualların hamısında Eynulla Fətullayevin təhqir olunması onun gələcəyin adamı olduğunu göstərir. Bu xalqa türmədən meyiti verilən Eynulla daha çox lazımdır”. Maraqlı bir yanaşmadır.

– Meyiti?

– Demək istəyir ki, “hamı Eynullanı təhqir edir, bu da onu göstərir ki, Eynulla gələcəyin adamıdır. Bu xalqa türmədən meyiti verilən Eynulla daha çox lazımdır”.  

– Mən sizə bir söz deyim, mən həbsxanada olanda mənə ən böyük dəstəyi ailə üzvlərim verib. Sizə də o cümlədən…

– Bəli.

– Amma əksinə olmalı idi, Əvəz bəy. Bilirsinizmi, mən düşünürəm ki, sizin də yəqin ki, müəyyən gileyləriniz var? Tam əksinə olmalı idi.

– 3603 səhifə gileyim var.

– Mən sizə bir söz deyim. Bəlkə də bu müqayisə uğursuzdur.

– Bu fikrinizlə razıyam.

– Vaslav Haveli hərəkat müdafiə edib. Yəni ailə üzvləri müdafiə etməyiblər.

– Ümumiyyətlə, bizim ailə üzvlərimizdən cəmiyyət niyə xəbərdar olmalı idi ki… Əslində…

– Əlbəttə, elədir. Əlbəttə…

– Amma bizim balaca uşağımızdan tutmuş, qoca anamıza qədər hamını tanıdılar.

– Sizin övladınızın qəfəsliklər arasından sizinlə görüşdüyü şəkli görəndə admın qəlbinə elə bil dağ basılırdı. Gözümüzün qabağındadır. Biz bu prosesdə ailələrimizin fədakarlığını gördük, amma ictimaiyyətin fədakarlığını görmədik. Bu da maraqlı bir sualdır. Bu da həmin o suallar sırasındadır ki…

İlqar Məmmədovun həbsdə qalması ən çox məni ağrıdır, incidir

img_0368

– Əgər bunu Eynulla Fətullayev deyirsə, görün vəziyyət nə yerdədir.

– Belə oldu da…

– Görün indi içəridə, həbsdə onlarla siyasi məhbusumuz var. Çünki sizi həm də dünya müdafiə edirdi, dünyanın böyük təşkilatları müdafiə edirdi…

– Bəli, bəli… Gəlin, indi kiçik bir sosioloji sorğu keçirək. Cəmiyyətin mütləq əksəriyyəti bilmir ki, İlqar Məmmədov həbsdədir. Bilirsinizmi? Tanımırlar. Əli Kərimlini, İsa Qəmbəri tanıyırlar… Mən ümumiyyətlə heç bilmirəm ki, bu adam həbsdə niyə oturub. Niyə qalıb orada? Bilirsinizmi, İlqar Məmmədovun həbsdə qalması ən çox məni ağrıdır, incidir. Çünki İlqar savadlıdır, İlqar hazırlıqlıdır, İlqar millət üçün, millətə çox böyük xeyir gətirə bilər və gətirirdi də… Mən bilmirəm, birdən-birə nə oldu, nə baş verdi? Həqiqətən də İlqarın təfəkküründə, İlqarın bəlkə də həyat haqqında təsəvvüründə nə dəyişdi? Axı, yaxşı, bu insan liderliyə iddia edir. Düzdürmü? Amma onu tanımırlar. Özü də etiraf elədi ki, Binəqədidə seçkiləri uduzdu. 2010-cu ildə yadınızdadırsa… Çünki heç kəs onu tanımırdı.

– Bayaq maraqlı bir söz dediniz ki, “Mədət Quliyev gəlməsəydi, mənim vəziyyətim pis olacaqdı…”

– Bəli.

– Yəni Mədət Quliyev gələndən sonra həqiqəti söyləyən oldu.

– Bəli.

Axı, İlqarın həqiqəti yoxdur, İlqar deyir, “mən prezident olacam”…

– İlqar Məmmədovla bağlı da ən azı belə cəhdlər varmı? Əlaqələriniz var. Məsələn, bəlkə siz də kimlərəsə həqiqəti deyə bilərsiniz…

– Bilirsinizmi, necədir? Axı, İlqarın həqiqəti yoxdur. Məsələ ondadır. İlqar deyir ki, “mən prezident olacam”…

– Prezident ola bilməzmi, yəni? “Prezident olacam”, – dediyi üçün həbsdəmi yatmalıdır?

– Yox, o aydın məsələdir, aydın mıəsələdir… Mən fərqli rakursdan yanaşıram da…

– Təbii…

– Mən fərqli rakursdan yanaşıram… Deyək ki, axı mənim üçün yenə də böyük bir sualdır ki, o, niyə həbsdə yatmalıdır? Niyə həbsdə qalmalıdır? Əgər bu, siyasi mübarizədirsə, Əvəz bəy, bu siyasi mübarizə deyil. Nelson Mandela 27 il həbsdə yatdı. 27 ilin iki ilini də beton döşəmənin üstündə yatdı. Amma ona istilik verən bilirsinizmi, nə idi? Cənubi Afrikanın meşələrində gedən hərəkat.

– Bəli, hərəkat var idi. ReAL-dan da o qədər dəstək görünmür.

– Bu, irreal və irrasional bir qurumdur, təşkilatdır.  Ona görə də bu insan nəyin davasını aparır və nəyin uğrunda savaş verir, mən anlamıram.

– Yəni o mənada deyirsiniz ki, hanı təşkilat?

– Hə, mən o mənada deyirəm…

Hanı müqavimət hərəkatı, hanı meşələr, hanı partizanlar?!

– Yəni prezident olmaq istəyən adamın hanı təşkilatı?

– Hə, hanı təşkilatı? Hanı partiyası? Hanı müqavimət hərəkatı? Hanı meşələr, hanı partizanlar, hə, Əvəz bəy?

– Sərdar Əlibəyli soruşur: ““Реальный Азербайджан” və “Gündəlik Azərbaycan” qəzetlərinin təsisçisi və baş redaktoru kimi “Xural” qəzetinə müsahibəsində Eynulla Fətullayev “Əli Kərimliyə, haqqımda yazılan ittiham və təhqirlərdən dolayı nəzarətində olan bütün qəzetlərdə üzr istənilməli olduğunu telefonla xəbərdarlıq etdim” deyə bunları söyləmişdi: “Səhəri gün hamısı məndən üzr istədilər. Əks təqdirdə, mən Əliyə nə edəcəyimi söyləmişdim. Təbii ki, Əlinin üzr istəməkdən savayı yolu yox idi. Çünki o da yaxşı bilirdi ki, mənim də əlimdə bu gün Azərbaycanın ən yüksək tirajlı iki qəzeti var. Mən də bildiklərimi yazsaydım…” Aradan çox uzun zaman keçib. Söhbət Elmar Hüseynovun qətlindən sonra baş verənlərdən gedir. Eynulla Əli Kərimli haqqında nələri bilirdi ki, ona görə AXCP sədrinin üzr istəməkdən savayı yolu olmayaydı. Heç olmasa, indi o bildiklərini açıqlaya bilərmi?”

– Açığı, bu, heç mənim xatirimdə deyil.

– Mənim də yadımda deyil.

– Amma bir şeyi deyə bilərəm. Vaxtında siyasi səhnədən getmək lazımdır. Azərbaycanın siyasi xadimlərinə…

Əli Kərimli siyasətdən gedib artıq

img_0370

– Yəni siz Əli Kərimliyə deyirsiniz ki, “siyasi səhnədən get?”

– O gedib artıq.

– …Nə dərəcədə ədalətlidir. Hakimiyyət zorbadır, hər tərəfi tutub. Heç cür imkan vermir ki, hansısa fəaliyyəti göstərəsən. Biz də tələb edirik ki, “sən get!” Ədalətliyikmi? Onu soruşuram.

– Yox, mən tələb etmirəm, Əvəz bəy. Heç bir tələb etmirəm… Mən sadəcə olaraq, reallığı ifadə edirəm. Yəni gördüyümü ifadə edirəm. Bilirsinizmi, necə? Bilirsinizmi, mənim üçün bu həyatda qorxulu nədir? Gülməli görünmək.

– O faciəli bir şeydir, bəli.

– Nə vaxtsa, mənə baxıb gülümsəyirlər və mən də yazıq görkəmdəyəm. Bu, bu, bu, bu, hər bir ləyaqətli və qürurlu insan üçün ağır səhnədir də… Razısınız?

– Bəli.

– Bu gün Əli Kərimli multiplikasion personajdır. Hakimiyyətə iddia edir…

– Etməsin?

– Siyasi mübarizə aparır…

– Kimsə etməlidir, axı. Etməsin? Biz niyə hakimiyyətdən tələb eləmirik ki, “sən bərabər şərait yarat…”

– Bilirsinizmi, necə? Harada bərabər şərait var?

– Olmamalıdırmı?

– Almaniyada var?

– Almaniyada hər kəsin partiya qurmaq haqqı var.

– Xeyr, yanlışdır, qətiyyən…

– Hər kəsin seçim hüququ var.

– Qətiyyən…

– Ədalətli məhkəmə sistemi var.

– Qətiyyən…  Qətiyyən… Qətiyyən… Qətiyyən…

– Həyat hər yerdə çətindir. Onu mən bilirəm. Türkiyədə də çətindir, onu da bilirəm. Amma bizdə lap çətindir, axı.

Saakaşviliyə baxanda İlham Əliyev humanistdir

– Yox, Qərbdə fərqlidir də… Niyə bizdə də partiyalar var da… Sistemli partiyalar. Məsələn, Qüdrət Həsənquliyevin partiyası var, Fazil Mustafanın partiyası…

– Bütöv Azərbaycan Xalq Cəbhəsi…

– Hə… Digər partiyalar…

– Siz dünyanı gəzən adamsınız. Siz o partiyaları həqiqətən də oturuşmuş partiyalar hesab edirdiniz?

– Hələlik, ilk addımlarını atırlar…

– Neçə ildir ilk addımlarını atırlar?

– Almaniyada situasiya necədir? Almaniyada sistemli müxalifət var, ümumiyyətlə, sistemli partiyalar var. Yaşıllar Partiyasıdır, Sosial-Demokratlardır, vəssalam. Bir də sol partiya var, o zəifdir, onu seçkilərə buraxmırlar. Vəssalam. Qeyri-sistemli qüvvə yarat, 20-30 min tərəfdar ortaya çıxart, güllə-baran edib, dağıdacaqlar. 2013-cü ildə mənim gözümün qabağında – bunu tez-tez təkrar edirəm, Əvəz bəy, mənim gözün qarşısında Frankfurtda 30 minlik kütləni darmadağın etdilər. O vaxt 1200 nəfərə qarşı cinayət işi qaldırılıb. Bu gün də həmin cinayət işləri qapadılmayıb.

– Elə bayaqdan onu soruşmaq istəyirdim ki, daxili müxalifətdən bəlkə bir təhlükə gəlməz, amma – siz də bunu zaman-zaman yazmısınız – kənardan və Azərbaycan hakimiyyətinin daxilindən qidalanan nəhəng bir müxalifətin formalaşdığı haqqında fikirlər var – İlham Rəhimov, Abbas Abbasov, bu bir alyansdır, bu tərəfdən Tamerlan Qarayev, bu biri tərəfdən Fərhad Əliyev. Və bu adamların hamısı böyük, güclü bir qrupdur həm də…

– Bilirsinizmi, Azərbycanda müəyyən bir stereotip də formalaşıb. Bu da keçmiş, qüdrətli məmur stereotipidir. Çünki əsasən hakimiyyətdən çıxdaş edilmiş məmurlar, oliqarxlar böyük kapitalla hakimiyyəti tərk edirlər və sonradan – Rəsul Quliyevin də təcrübəsində biz bunu gördük, Fərhad Əliyev bu təcrübədən yararlandı, amma sona qədər getmədi, dayandı – bu kapitaldan hakimiyyətin əleyhinə istifadə olundu. Bu, yalnız Azərbaycanda deyil. Rusiyada da Xodorkovski nümunəsində, digər ölkələrdə də bu nümunələr sadalana bilər. Ona görə də Saakaşvili onların hamısını həbs elədi və bütün kapitallarını əllərindən aldı. Saakaşviliyə baxanda İlham Əliyev humanistdir. Doğrudan. İlham Əliyev daha da humanistdir. Saakaşvili hamısını həbsə atdı və onların bütün kapitallarını eks-kapulyasiya etdirdi. Amma Abbas Abbasovun hansı mülkünü, hansı kapitalını əlindən alıblar? Varmı, belə bir nümunə? Bu nümunələr və digər insanlar… Mənə elə gəlir ki, zaman-zaman Azərbaycana qarşı bir xarici təhlükələr görünür. Bu təhlükələrdən istifadə olunur. Amma əgər Azərbaycanda, daxildə situasiya sabit olsa və nəinki Azərbaycanda, digər ölkələrdə belə, heç bir xaricdən gələn külək – mən heç ildırım demirəm, uraqan (qasırğa) demirəm, külək belə – bu sabitliyi tərpədə bilməz, titrədə bilməz. Əsas ölkənin içində olan dayaqlardır. Onlar da möhkəmdir, monolitdir. Gördüyüm qədər də bu istiqamətdə tendensiya da yoxdur. Yadınıza gəlir? Rəsul Quliyevin kapitalı da var idi, böyük pulları da var idi. O, Azərbaycanda ən böyük və varlı oliqarx idi. Amma mitinqinə 100 adam gəlirdi və bəzən də anons verirdilər – Azdramanın (Azərbaycan Dövlət Dram Teatrının) qarşısında Sərdar Cəlaloğlu insanları o zaman əsasən ora toplamağa cəhd edirdi. Yadınıza gəlir? 2002-2003-cü illərdən söhbət edirəm. O zaman ora nə qədər adam gəlirdi? 100 nəfər, 200 nəfər gəlirdi, ya gəlmirdi. Deməli, bəli, kapital, maliyyə resursu önəmli amildir, amma həlledici amil deyil, Əvəz bəy. Həlledici həm də həmin şəxsin xarizmasıdır, şəxsi keyfiyyətləridir. Xalqın həmin şəxsə olan inamıdır. Elektoral bazadır və digər resurslardır. Getdikcə – mən sizə deyim də – Azərbaycan da kvazi dövlət və ya banan dövləti deyil ki, hansısa xarici xüsusi xidmət orqanı deyək ki, ölkədə nəsə edə bilsin. Hətta Suriyada da edə bilmədilər. Niyə? Mübarək zəiflik göstərdi, hakimiyyəti demək olar ki, itirdi. Eləcə də Tunisin rəhbərləri və digərləri. Amma görürsünüz, Bəşər Əsəd ilk gündən iradə ortaya qoydu. Devirə bilmədilər. Dünya hegemonları bu gün Bəşər Əsədə qarşıdır. Bu gün deyil, artıq 5 ildir. Devirə bilmədilər. Ona görə də əsas liderin xüsusiyyətidir. Liderin iradəsidir, qətiyyətidir, cəsarətidir. Yəni şəxsi keyfiyyətlərdən daha çox asılıdır. Həm hakimiyyətdə olanın, həm də hakimiyyətə qarşı vuruşanın.

Mirşahinlə “Bədbəxt adam” haqqında söhbət etdik və… barışdıq

img_0374

– Nərminə Vəliyeva soruşur: “Heç Mirşahinlə onun aralarında Mirşahinin onun haqqında çəkdiyi “Bədbəxt adam” filmi haqqında söhbət oldumu?” Siz barışdınız da…

– Biz barışdıq. Çox yaxın münasibətlərimiz var.

– Necədirlər? Haradadırlar? Heç görünmürlər…

– Mən həmişə onları axtarıram. Mən həm Vahid Mustafayevə, həm Mirşahinə zəng edirəm…

– Yəni bitdimi ANS, bağlandımı?

– Çox ciddi problemləri var. Görünən odur. Yəni ən azı televiziya fəaliyyətini bərpa edə bilmir. Amma mən hesab edirəm ki, ANS televiziyası mütləq bərpa olunmalıdır. Azərbaycanın tarixi qədər yaşları var. Bu bir. İkincisi isə, bilirsinizmi, Azərbaycan o qədər də potensiala malik – mən intellektual potensialı nəzərdə tuturam – ölkə deyil. Axı, ikinci Mirşahini yetişdirməyə onilliklər lazımdır.

– Niyə onları belə vurdular? Hakimiyyətdaxili qruplaşmaların oyunumu oldu?

– Düşünmürəm…. Düşünmürəm…

– Yoxsa, həqiqətənmi Fətullah Gülən məsələsi idi?

– Orada həmin reportaj həlledici rol oynadı. Doğrudan da… Reportaj… Yəni yazılanlar, deyilənlər doğrudur.

– Yəni bir reportaja görə?..

– Bir reportajdan söhbət getmir. Bilirsiniz, yalnız o reportajdan söhbət getmir. Düşünürəm ki, yenə də həmin o Hüseyn Abdullayevdən bəhs etdiyim oyun qaydalarından gedir də… Bəzən o oyun qaydaları dəyişir. Sən də o yeni oyun qaydalarına riayət etməlisən.

– Maraqlıdır ki, sizdə də müəyyən proseslər oldu. Dəfələrlə haqqin.az-ın, virtualaz.org-un  bağlandığını, artıq analitik yazılara keçdiyini ifadə elədiniz, bəyan elədiniz. Vəziyyətin yaxşı olmadığını dediniz. Sonra yenidən davam elədiniz. Nələr baş verir?

– Əvəz bəy, ümumiyyətlə, bu qaydalar təkcə Azərbaycanda deyil…

–  Oyun qaydalarını siz də pozmuşdunuz?

– Yox, yox… Ümumiyyətlə, bu gün nəinki Azərbaycanda, bütün dünyada media təsis eləmək, yaşamaq və medianı idarə eləmək çox çətindir. Yəni baxın, görürsünüz, “Nyu York Tayms” Trampı tənqid etdi. Tramp prezident olan kimi “Nyu York Tayms”a olan bəyanatı gördünüz? Və “Nyu York Tayms” təşfişini? Təsəvvür edirsinizmi, “Nyu York Tayms”ın özü ayrıca bir dünya gücüdür də… Dünya gücünə bərabər bir nəşrdir. Amma hətta hakimiyyətin qarşısında onlar belə həyəcan keçirdilər.

– Mən bilirsinizmi, nəyi başa düşmürəm? Nə baş verir ki? Birdən hansısa qadağalar gətirilir. Siz də ANS-ə getdiniz, orada veriliş açdınız…

– Yox, ANS-ə getmədim.

– Veriliş açmaq istədiniz…

– Yox… Bu bir az fərqli idi. Bu sadəcə ANS-in dəvəti idi.

– Bir status da yazdınız… Hansısa dövlət məmuruna ki, “mən sənə qarşı savaş elan edirəm”-filan… Sonradan o status da deyəsən silindi. Bu da xəbər kimi getdi.

– Bilirsinizmi, necədir, Əvəz bəy? ANS-lə ünsiyyətimiz var. Oturub ölkədə, dünyada gedən prosesləri təhlil edirik. Çünki onlar ağıllı adamlardır.

– Mirşahin nə dedi. O filmi niyə çəkiblər? Tapşırıqmı olub?

– Yox, yox…

– Sifarişmi ediblər?

– Elə söhbətlər var ki, iki nəfərin arasında qalır.

– Amma cəmiyyətə maraqlıdır. Bu məsələ çox maraqlıdır.

– Mən buna bizim şəxsi münasibətlər prizması nöqteyi-nəzərindən baxıram…

– Hətta onlarda bir “Seçilən” filmi də var idi. Orada da sizin obrazınız var idi.

– Bilirsinizmi, Əvəz bəy, mən belə deyim də… 2005-ci ildə də mən onları çox tənqid eləmişəm, axı.

– Bəli.

– Mən həmişə vicdanıma və ədalət hissini qəbul edən adamam. Vaxt var idi mən onları tənqid elədim, sonra onlar məni tənqid etdi.

Mən onları tənqid edirdim, onlar da məni tənqid etdilər

– Ədalətlimi oldu tənqid? Siz azadlıqda tənqid edirsiniz, amma adam bağlı qapılar arxasında olanda ədalətli olur bu yanaşma?

– Mən yenə də deyirəm ki, bu həyatdır.

– Hətta Mirşahinlə, Vahid də ədalətli adamdır. Bunu etiraf eləmək lazımdır.

– Onlar ədalətli adamlardır, bəli.

– Ədalətli adamlardır.

– Onlar ədalətli adamlardırlar və mən hesab edirəm ki, o cür xırdalıqlara… O xırda bir şey idi. Qaldı arxada… Ona dönmək lazım deyil. Yəni biz bir-birimizə əl uzatdıq. Bu gün münasibətlərimiz çox xoşdur, çox yaxşıdır. Allah onların işlərini avand eləsin. Ümumiyyətlə, hər bir həmkarımın başı üzərində qara buludlar peyda olanda çox pis oluram. Yenə də deyirəm, Azərbaycan çox kiçik ölkədir. Potensialı da o qədər də böyük deyil. Üzdə olan 10-15 jurnalisti var.

– Qayıdacağını gözləyirsinizmi Mirşahinin, Vahidin?

– Çox istərdim və gözləyirəm. Çox istərdim. Bir tamaşaçı kimi, bir həmkar kimi çox istərdim, bəli.

Fərahim İlqaroğlu mənimlə müzakirə açdı

img_0376

– Jurnalist həmkarımız Məhəmməd Türkmən yazır: “Fərahim İlqaroğlunun işdən çıxarılmasında özünü günahkar hesab edirmi? Özü bu barədə nə düşünür?” Bu da bir detaldır.

– Bilirsinizmi, necə? Çox vacib bir detaldır, məntiqlə. Bax, hökumət nəşrlərində işləyən bəzi jurnlistlər var da… Sosial şəbəkələrdə özlərini Don Kixot kimi aparırlar, bəziləri Çe Gevara, bəziləri Fidel Kastro libasında çıxırlar. Sanki bunlar… Hətta bəzilərinin həyasızlığı o səviyyəyə çatır ki, bunlar özlərini dissident kimi təqdim edirlər. Ayıbdır, axı. Mən bir status yazmışdım. Fərahim İlqaroğlu şərh yazdı. Mən əslində hökumətin mövqeyinə yaxın bir mövqe ifadə eləmişdim. Fərahim isə mənimlə razılaşmadı. Mən ona sual verirəm: “Axı, sən hökumət nəşrində işləyirsən, çalışırsan. Sən niyə bunları yazırsan?” Yəni açıq diskussiyalarımız oldu. Açıq diskussiyamız oldu, sonradan deyəsən onu müşahidə etdilər, baxdılar və bilirsinizmi, mən hesab edirəm ki, hansısa bizim bir əməkdaş – apardığımız vahid kursun əleyhinə çıxış eləsə, əlbəttə, onu işdən çıxararıq. Yəni deyək ki, sabah “Azadlıq” qəzetinin hansısa əməkdaşı İlham Əliyevi tərifləyəcək bir məqalə yazır. Onu “Azadlıq”qəzetində saxlayarlarmı?

– Yox, məncə. Heç yaza bilərmi ki?

– Yəni bu istənilən siyasi təşkilata xasdır da… Bəs, ona görə deyirəm, fikir birliyi. Bəs, bu insanları da fikirlər və dəyərlər birləşdirir. Əgər sən bu dəyərlərə daş atırsansa, sən necə orada qala bilərsən? Yəni mənim günahım o idi ki, – günahım deyəndə, əstəğfürullah, niyə günahım olur – o, mənim statusuma şərh yazdı. O, mənim səhifəmə girdi. Yəni bir var ki, mən insanın statusuna müdaxilə eləyim, fikirlərinə müdaxilə eləyim, müzakirə açım. Axı, o  mənimlə müzakirə açdı. Burada fərq çox böyükdür. O, mənə müzakirə açdı, yazdı ki, “düz yazmırsan, haqsızsan və s.” və mən də ona öz fikirlərimi bildirdim. Müzakirə oldu və bunu da hamı facebookda gördü. Facebook-da hamı var.

Əli Kərimli ilə düşmən deyilik

– Əbil Həsənovun da bir sualını oxuyum, suallara yekun vururam. Bundan sonra bir sualım qalır. “Elmar Hüseynovun vida mərasimində Əli Kərimliyə fəxrlə söz verən adam nədən birdən-birə ona düşmən kəsildi? Vaxtilə “Реальный Азербайджан” və “Gündəlik Azərbaycan” qəzetlərində indiki hakimiyyəti tənqid atəşinə tutan adam nədən birdən-birə dəyişdi? Günel Mövludu ermənilərlə dostluqda günahlandıran adam az qala ermənini işə götürməsini şad xəbər kimi xalqa çatdırır.”

– Mən hesab etmirəm ki, mən Əli Kərimli ilə düşmənəm. Biz düşmən deyilik. Niyə düşmən olmalıyam mən Əli Kərimli ilə? Axı bilirsiniz, bu, əslində Azərbaycanda siyasi deqrodasiyanın bir təcəssümüdür. Biz niyə polemikanı, fikir müxtəlifliyini düşmən kimi qələmə verməliyik? Mən də hesab etmirəm ki, Əli Kərimli məni özünə düşmən bilir. Axı, niyə? Biz neyləmişik? Bir-birimizin qanını tökmüşük, iraq? Hansısa şəxsi problemlər yaşamışıq? Və yaxud da barrikadalarda toqquşmuşuq? Polemikalar olub. Mən düşünmürəm ki, Əli Kərimli mənim düşmənimdir və yaxud da mən Əli Kərimlinin düşməniyəm. Mən bu fkirlə razı deyiləm. Niyə onu tribunaya çıxardım? Onu da sizə deyim. Çünki vicdanımın qarşısında həmişə təmizəm. Yəni mən gördüm ki, həmin məclisdə hökumət nümayəndələri əksəriyyət təşkil edir. Elmar hökumət jurnalisti deyildi. Hökumət təmsilçisi fikrini bildirdisə, orada müxalifət də əyləşmişdi. Mən ona görə Əli Kərimlini dəvət etdim. O da tribunada çıxış etdi. Mən hesab edirəm ki, mən doğru addım atmışam, düz addım atmışam, çünki həmin insan Elmarın xatirəsinə, anım məclisinə gəlmişdi. Əlbəttə, çıxış etməli idi. Hesab edirəm ki, düz eləmişəm, haqlıyam. İkinci sual…

Günel Mövlud faciəvi personajdır

img_0373

– Günel Mövludun ermənilərlə dostluq məsələsi…

– Həəəə…. Günel Mövlud. Bilirsinizmi, necədir? Günel Mövlud faciəvi personajdır. Həqiqətən faciəvi personajdır. Onun faciəsi bilirsinizmi, nədədir? Faciəsi ondadır ki, – deyir, ya olduğun kimi görün, ya da göründüyün kimi ol – o, nə göründüyü kimidir, nə də olduğu kimidir. Onun problemi ondadır. Görürəm ki, bir erməni poetessası var onu qucaqlayıb və mədh edir. Mən o zaman belə bir replika atdım ki, “axı, sən bunu niyə mədh edirsən? Bu ermənini niyə öpürsən, niyə qucaqlayırsan? Niyə mədh edirsən? Bu erməni Azərbaycan üçün nə elədi ki, sən onu mədh elədin, hə?” Məsələn, bu erməni, bizdə çalışan, deyir ki, “Qarabağ Azərbaycanın tərkibindədir”. Deyir, “mən Azərbaycan vətəndaşı olmaq istəyirəm. Azərbaycanla fəxr edirəm. Erməni Azərbaycanı sevməlidir”.

– Əgər bunu başa düşürsə, deməli, ona hər şey eləmək lazımdır…

– Amma o erməni daşnakdır. Sən də daşnakın boynuna sarılırsan və deyirsən ki, “bu, mənim ən yaxın rəfiqəmdir, ən sevdiyim rəfiqəmdir”. Yəqin ki, bu nümunələrin arasında ciddi uçurum var. Var da uçurum…

Rauf Arifoğlu çətin günün dostudur

– Suallar əslində çox idi, amma bir çoxu bir-birini təkrarlayan suallar olduğu üçün artıq axırıncı sualı vermək istəyirəm. Emil Səlimov soruşur: “Eynulla Fətullayev bəlli bir sferada Rauf Arifoğlunu özünə rəqib görürmü? Və ya hansı müstəvidə özünü ondan daha qabiliyyətli hesab edir?”

– Bilirsinizmi, mən bu sözləri həmişə Rauf Arifoğlunun özünə söyləmişəm ki, Rauf çətin günün dostudur. Çətin günün dostudur. Çünki 4 il mən həbsdə olanda, 4 il günəgün Rauf Arifoğlu öz qəzetində mənim şəklimi verdi.

– İnformasiya dəstəyini mənə də verib.

– 4 il informasiya dəstəyini verib və mən bilirəm ki, o zaman çox böyük təzyiqlər də var idi. O, bu təzyiqlərə sinə gəldi və məni sona qədər müdafiə etdi. Bunu həyatda itirmək olmaz. Bu bir. Əlbəttə ki, bizim sabah polemikamız da ola bilər, fikir müxtəlifliyimiz də ola bilər, toqquşa da bilərik, ola bilər ki, küsülüşək də… Amma mən bunu heç bir vaxt itirmərəm. Mən bilirəm… Necə ki, Qənimət Zahid. O da məni müdafiə elədi. Sona qədər “Azadlıq” qəzetində müdafiə olundum.

– Qənimət Zahidlə bağlı da bir sual var idi.

– “Azadlıq” qəzeti də məni 4 il müdafiə elədi.

– Yeri gəlmişkən, TuranTV haqqında da sual veriblər, Elşən İbadov?

– Nə?

– Qənimət Zahidin yeni yaratdığı televiziya kanalı TuranTV haqqında da sual var.

– Kütləvi İnformasiya Vasitəsidir. Olsun. Mən istəyirəm ki, çox olsun. Hamı işləsin. Bu məmləkətdə fikir müxtəlifliyi olsun. Qənimət də bir qütbü təmsil edir, jurnalistdir, yazır. O, bu cür görür.

– Özü də yaxşı jurnalistdir.

– Bəli, yaxşı jurnalistdir, əlbəttə. O, bu cür görür. Olsun.

– Yəni şükür ki, “Qaynar Qazan”da Rauf Arifoğlu haqqında müsbət fikir səsləndi.

– Bəli, Rauf çətin günün dostudur.

– Çünki bizdə həmişə Raufu tənqid edirlər. Onlar da həmişə məni tənqid edirlər.

– Rauf çətin günün dostudur və mən hesab edirəm ki, Rauf Arifoğlu çox ləyaqətli insandır. Prinsipləri var çünki… Bax… İnsanın həyatda gərək prinsipləri olsun. Bu, çox önəmlidir.

Ölümlərin bəziləri təbii, bəziləri qeyri-təbii idi

dsc07004

– Eynulla bəy, Hüseyn Abdullayev şükür həyatdan yox, Azərbaycandan gedib. Allah yolunu açıq eləsin, işlərini uğurlu eləsin. Rafael Allahverdiyev, Anar Məmmədxanlı – otağınızda onun da şəkli var – Sirus Təbrizli və s. bu adamlarla bir zamanlar dostluq elədiniz və hamısının da faciəli taleyi oldu. Rafael Allahverdiyevlə ən böyük müsahibəni siz aldınız, sonra onun ölkədən qaçırılmasında rol aldınız. Sonra onun Azərbaycana cənazəsi gəldi. Siruz Təbrizli ilə yaxın dost oldunuz, Anar Məmmədxanlı ilə də o cümlədən. Bax, bu ölümlərə necə baxırsınız, onlarda bir müəmma varmı? Yoxsa, bunların hamısı təbii ölüm idi?

– Düşünmürəm. Amma bəziləri təbii, bəziləri qeyri-təbii idi. Amma Əvəz bəy, mən həmişə fəal jurnalist olmuşam. Həmişə aktiv olmuşam. Mən hesab edirəm, çalışmışam ki, Azərbaycanın ən yaxşı dəlillərini nəşr etdirim, öndə olum. Sən öndə olmağa çalışırsansa, həmişə hadisələrin episentrində olursan.

– Bəli.

– Niyə onu demirsiniz ki, məsələn, Mahmudəli Çöhrəqanlıdan ilk müsahibəni mən almışam 1999-cu ildə. Əzab-əziyyətlə, böyük təzyiqlərlə kasetləri İran sərhəddindən keçirmişəm.

– Müsahibəni İranda almışdınız?

– Bəli, İranda, Təbrizdə. İlk müsahibəni mən almışdım. Özü də qorxu altında. O zaman biz Təbrizdə olanda İran hakimiyyəti xəbərdarlıq da etmişdi. Amma biz gedib onun evini tapmışdıq və ANS televiziyası üçün müsahibə almışdıq. Məsələn, Aslan Mashadovla son müsahibəni də mən almışdım. Ölümündən təxminən iki həftə qabaq. Litvinenkonun (Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş cəsusu) ölümündən 5-6 ay qabaq onu zəhərlədikləri həmin restoranda ondan müsahibəni mən almışdım. Yadınızdadırsa, o müsahibə Azərbaycanın siyasi məkanını partlatdı.

– Bəli.

– Yəni mən belə nümunələr çox çəkə bilərəm. Axı biz – siz də, mən də siyasi jurnalistika ilə məşğuluq. Siyasi jurnalistika ilə məşğul olan adam siyasi hadisələrin episentrində olur, ünsiyyətdə olur, söhbətlər edir… Düşünürəm ki, bu cür də olmalıdır. Başqa cür ola bilməz.

– Təşəkkür edirəm.

– Sağ olun.

III – sonuncu hissə

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button