“Qaynar Qazan”da Beycan Fərzəliyev (III hissə): “Kipr Respublikasının müstəqilliyini tanıdım”-VİDEO

Beycan Fərzəliyev: “Əbülfəz Elçibəy mənim dostum idi, amma cəsarətli qərar alacaq birisi deyildi”

 

“Məni hökumət də, Xalq Cəbhəsi də sevməzdi”

 

“Qaynar Qazan”ın budəfəki qonağı Beycan İbrahimoğlu Fərzəliyevdir. Zamanın önəmli hərəkatçılarından biri, Əbülfəz Elçibəyin yaxın dostu olan, sonra da Naxçıvan kimi kritik bir bölgənin Baş naziri vəzifəsinə yüksələn və oradan müəmmalı şəkildə uzaqlaşdırılan bir siyasi xadim. Onu Azərbaycan ictimaiyyəti yaxşı tanıyır. Haqqında hələ də danışırlar. Xüsusilə, “Qaynar Qazan” və “Azadlıq Salnaməsi” verilişlərində hərəkat illərindən danışan bir çox adamların dilindən “Becangilin evindəki toplantıda danışdıq ki”, ““Becangilin evində qərar verdik ki”, “Becangilin evində müzakirə olundu ki” sözlərini çox eitmişəm. Beycan Fərzəliyevin evi Azərbaycan Xalq Cəbhəsinin bir növ qərargahı olub sanki. Hamı onların evindən gəlib keçib. Məxsusən, həyat yoldaşı Zəminə xanım bütün hərəkatçıların dillərinin əzbəridir. Bu ailə və bu ev Azərbaycan Milli Azadlıq Hərəkatının məhək daşlarından biri olub. Bu haqda onların özləri ilə görüşdükdən sonra adamda daha aydın təsəvvür yaranır. Ev olmayıb onlarınkı, qərargah olub, qərargah…

Beycan Fərzəliyev uzun zamandan bəri Ankarada fəaliyyət göstərib. Özü ilə birlikdə ailəsi də orada yaşayıb. Övladları da Ankarada təhsil alıblar. Özünü qiyabi tanımışam, Zəminə xanım haqqında həmişə tanınmış hərəkatçılardan eşitmişəm. Oğlu İbrahimlə tələbəlik illərindən tanımışıq bir-birimizi. Amma nə qərib bir təsadüfdürmü, yoxsa bunda da bir hikmət varmı ki, biz Ankaradakı 8-9 ildə heç qarşılaşmadıq. Çalxantılı, təlatümlü Ankarada heç bir dəfə belə, hər hansı toplantıda belə Beycan bəylə, Zəminə xanımla qarşılaşmadıq. Baxmayaraq ki, mən Ankarada çox fəal idim və demək olar ki, bütün tədbirlərdə bu və ya digər formada var idim. İşə bax ki, Beycan bəyi heç görməmişdim. Demək istədiyim odur ki, Beycan Fərzəliyev o qədər hər şeydən uzaqlaşmışdı. Azərbaycan Kültür Dərnəyinin toplantılarında iştirak etmirdi, Azərbaycanı Tanıtma Dərnəyinin toplantılarında da görməmişdim onu. Bircə rəhmətlik Müzəffər Özdağın sədri olduğu Türkiyə-Azərbaycan Dostluq Dərnəyinin İdarə Heyətinin bəzi üzvləri onun Ankaraya gəlişindən və yerləşməsindən danışmışdılar, vəssalam. Beləcə, Beycan İbrahimoğlu Fərzəliyev bizim üçün də müəmmalı və sirli bir adam idi. Haqqında ən müxtəlif əfsanələr danışılan bir adam…

25 ildən çoxdur ki, Beycan İbrahimoğlu Fərzəliyev danışmır. Mən ümumiyyətlə, onun hansısa müsahibələrinə, danışıqlarına rast gəlməmişəm. İxtisasına görə, bəzi elmi dərgilərdə müsahibələri ola bilər, ancaq Azərbaycan ictimaiyyətini maraqlandıran, ictimai-siyasi hadisələrdən bəhs edən müsahibələrinə – hələ-hələ bir “Qaynar Qazan” müsahibəsinə heç rast gəlməmişəm. Onun adı axtarışlarda yalnız 1-2 qədim fotolarda və yazılarda keçən halı ilə çıxır. Hətta Ankarada “Qaynar Qazan”ın elanını dərc edəndə bütün axtarış sistemlərindən axtarmağıma baxmayaraq, bir şəklini belə tapa bilmədim. Türklərin Beycan İbrahimoğlu dedikəri, ancaq bizim Becan Fərzəliyev kimi tanıdığımız adam o qədər bizdən – Azərbaycandan uzaqlaşmışdı. İllərdir danışmır, müsahibə vermir, mətbuat da ondan bəhs etmirdi.

Beycan Fərzəliyevlə bax belə bir vəziyyətdə görüşdük. Ona az sual gələcəyini düşünmüşdüm. Necə olsa da, illərdir kənarda idi və yeni nəsil onu çox az xatırlayırdı. Amma gözlədiyimin əksinə olaraq, Beycan bəyə gündəmdə olan siyasətçilər və partiya başqanları qədər sual yağışı gəldi. Ona keçmişdən, partiyalararası münasibətlərdən, Naxçıvandan necə çıxdığından və indidən suallar verirdilər. Ortada 25 ilin bir hesabatı vardı və hər kəs hər sualın cavablandırılmasını istəyirdi.

Mən Beycan bəyi xeyli demokrat gördüm. Halını, tövrünü pozmadan bütün sualları cavablandırdı. Bəzilərinin üstündən keçdi, bəziləri haqqında heç danışmaq istəmədi, amma ümumən, heç bir sualımıza sərt və radikal yanaşmadı. Özü də bəzi məsələlərdə çətinlik çəkirdi sanki. Onu başa düşmək olardı. Suallarla əvvəlcədən tanış olmaq imkanları olmuşdu deyə, bəzi məsələləri mənimlə dəqiqləşdirdi də. Məsələn, AXCP-nin AXC-nin mirası olması haqqındakı suala cavab verməmişdən əvvəl neçə AXCP-nin olduğunu dəqiqləşdirdi. 4 olduğunu deyəsən, heç özü də bilmirdi.

Beycan Fərzəliyev sualları cavablandırdı, amma deyəsən, daha çox öz sahəsindən, plazma enerjisindən, bu enerjinin dünyanın gələcəyində oynayacağı roldan və Türkiyə ilə Azərbaycanın bu enerji sahəsində etməli olduğu əməkdaşlığından danışmaq istəyirdi daha çox. O haqda da danışdıq və sözün bütün mənalarında heyrətləndim. Türkiyədə böyük uğurlara imza atan Beycan Fərzəliyev sürətlə Nobel mükafatına doğru gedir və bu haqda Rusiyadan, hətta müraciət belə olunub. Təsəvvürü belə gözəldir və biz Nobelə gedən çalışmaların şahidi olduq, laboratoriyada işləri çəkdik, təxminən 40-a qədər əməkdaşın çalışdığı xüsusi çalışmaları gördük. Bu, hələ bizim gördüyümüz laboratoriya idi. Hələ Beycan bəyin başqa laboratoriyaları da vardı ki, o haqda hələ danışa bilmədik.

Təkcə Beycan bəylə müsahibə almadıq. Biz Ankaradan əlidolu gəldik və Beycan bəyin ömür-gün yoldaşı, həmin ev-qərargahda Milli Azadlıq Hərəkatının qulluğunda duran, hamıya ana-bacılıq edən Zəminə xanımdan da müsahibə götürdük. Beycan Fərzəliyevin 4 hissədən ibarət olan müsahibəsindən dərhal sonra “Azadlıq Salnaməsi”ndə Zəminə Allahyarova ilə müsahibəmiz yayınlanacaq. İkisi də bir-birindən gözəl müsahibədir. Beycan bəy kimi, Zəminə xanım da indiyə qədər mətbuata danışmayıb. Onlar ilk dəfədir Azərbaycan mətbuatına bu həcmdə müsahibə verirlər.

Bu müsahibənin alınması mənim Ankarada birlikdə oxuduğumuz tələbə yoldaşlarım sayəsində baş tutdu. Sağ olsun əziz dostum Fizuli Həmidovu. Onunla danışdıq, məsləhətləşdik və alındı. Həm illərin ayırdığı günlərin xatirələrini canlandırdıq, həm də Azərbaycan mətbuatı üçün möhtəşəm bir layihəyə imza atdıq. Xəbərin və müsahibənin ardınca “Qaynar Qazan” və “Azadlıq Salnaməsi” olaraq buradan ta Ankaraya qədər getdik. Bir media olayı yaratdıq və bu olayın nəticəsində Beycan Fərzəliyev və həyat yoldaşını 25 ildən sonra Azərbaycan mediasının tarixinə qazandırdıq. Qoy bu millət və məmləkət üçün davamı gəlsin…

Sakit, bir az soyuq adam təsiri bağışlayan, çox ağıllı, təmkinli bir adamdır Beycan bəy. Tərəddüdlü və şübhəkar bir halı vardı və görüşümüz boyu bu hal onu heç tərk etmədi. Hər zaman düşüncəlidir. Danışanda çox ehtiyatlı bir üslub qurdu, amma onun normal vəziyyəti də bu idi. Böyük olaylar haqqında düşünür. Danışdıqları inandırıcıdır. Hələ təbii ki, hər şeyi danışmadı və bunu anlamaqda çətinlik çəkmədim. Çünki bu dövlətin onun başına açdığı oyunların başqa bir variantını da mən yaşamışam. Ona görə də Beycan bəyin müsahibəsindən razı qaldım. Əslində, Beycan bəyin nə deməsindən asılı olmayaraq bu müsahibə tarixi müsahibə olacaqdı. Ki, Beycan bəy çox şey dedi…

Uzun illər sonra ilk dəfə getdiyim Ankaradan, eləcə də bu müsahibədən, Beycan bəydən, Zəminə xanımdan, İbrahim bəydən, Fizulidən o qədər təəssüratlarım var ki, bəlkə bir roman qədər… Bitməz… Amma mən Beycan Fərzəliyevlə “Qaynar Qazan”-ı Oxuculara təqdim etməliyəm.

“Qaynar Qazan”da 41-ci qonağımız Azərbaycan Milli Azadlıq Hərəkatının önəmli simalarından biri, Naxçıvan Muxtar Respublikasının keşmiş Baş naziri Beycan Fərzəliyevdir. 25 ildən sonra ilk dəfə Azərbaycan mətbuatına danışır…

Əvəz Zeynallı,

“Qaynar Qazan”

 

I hissəni buradan oxuya bilərsiniz:

“Qaynar Qazan”da Beycan Fərzəliyev (II hissə): “Ayaz Mütəllibovdan xahiş etdim, Etibar Məmmədova bir “Zaparojets” verdi”-VİDEO

II hissəni buradan oxuya bilərsiniz:

“Qaynar Qazan”da Beycan Fərzəliyev (II hissə): “Ayaz Mütəllibovdan xahiş etdim, Etibar Məmmədova bir “Zaparojets” verdi”-VİDEO

 

 

III hissə

 

Silahımı həyat yoldaşıma verdim

 – Zəminə xanım tapança gəzdirirdi?

– Hə, mən heç o silahın üzünü də görmədim. Heç indi də.

– Bəs o tapançanın axırı nə oldu?

– Naxçıvandan gələndən sonra imza ilə təhvil verdik, getdi.

– Hə, təhvil verdiniz…

– Sevmirəm mən. Bura gəlmişdik, əsgəri var, sürücüsü, maşını var – silah olmaz bizdə. Sevmədiyim bir şeydir. Bir az da ondan qaynaqlanır ki, əgər əsəblərim aşarsa, mən o silahdan istifadə edə bilərəm. Əgər istifadə edə bilərdimsə…

– Bəs, sizə kömək eləyən adam indi nə işlə məşğul olur? O haqda da soruşurlar. Elə bir adam var idi?

– Harada kömək eləyib?

– Siz Naxçıvandan gedəndə sizi yola salmaq üçün…  

(Pauza…) Deməsəm olarmı?

– Olar, niyə olmaz ki? Problem yoxdur. Naxçıvandan gələndən sonra Azərbaycan Kinomatoqrafçılar Dərnəyinin rəhbərlərindən biri olmusunuz. Film çəkmək məsələsində də payınız var?

– Yox, canım.

– O zaman tamam.

– Kinomatoqrafçılar Komitəsi var.

– Hə, Komitə olsun.

– Bir adam var idi bizdə…

– Ramiz Fətəliyev?

– Yox, Kinostudiyanın rəhbəri idi. Ən sonda müxalifətdə oldu…

– Hə, Rüstəm İbrahimbəyov?

– Hə, mən onu çox sevmişəm, o da məni çox sevərdi.

– Hə, onun yanında olmusunuz?

– Hə, Moskvada yaşayırdı, mən də zaman-zaman onunla oturub, çay içərdik. Mən Naxçıvandan gedəndən sonra Azad Mirzəcanzadənin laboratoriyası vardı, oranın müdiri kimi oradaydım. Burada bir yanlışlıq var.

 

Polislər biləndə ki, axtarışa getdikləri ev bizim evdir…

– Beycan bəy, burada ailənizin də Azərbaycandan getməsi ilə bağlı suallar var. Çətinmi gedib, məşəqqətlimi gediblər?

(Düşünür…)

– Siz getdiniz, ailəniz Azərbaycanda qaldı?

(Başı ilə təsdiqləyir…)

– Sonra əziyyət vermədilər ki? Təzyiq etmədilər ki?

– Hər halda təzyiq var idi…

– Amma Zəminə xanımın da silahı var idi. Təzyiq olsa da cavab verərdi.

– Bir orduya qarşı bir tapança ilə nə eləmək olar? Zəminə xanım, oğlum tək silahla nə edəcəkdilər? Bir şeyi dəqiq bilirdik ki, Yasamalda polislərdən ibarət 1-2 qrup hazırlanıb bizim evə axtarışa gəldilər. Yolun yarısında biliblər ki, bizim evdir. Onlardan biri deyir ki, “Biz Beycan müəllimin evinə gedə bilmərik. O evdə biz çörək yemişik, çay içmişik”.

– Yəni elə insanlar da olub.

– Bəli, Azərbaycanda elə insanlar daha çoxdur. Əgər başqa millətlərlə qarşılaşdırsanız görərsiniz ki, Azərbaycanda insanlar birlikdə yedikləri çörəyə çox sayğılıdırlar. Təəssüf ki, düşdükləri durum çox acınacaqlı bir durumdur. Məcbur qalırlar bəzən. Üzr istəyərək bunu edirlər. “Çox üzr istəyirəm, məcburam”, deyirlər.

– Amma ailənizin bütün üzvləri oradan çıxıb gələ bildi?

– Hə, çıxdılar, gəldilər. Belə qəbul edək.

 

Fərəc Quliyevin siyasi mövqeyini Azərbaycan dəyərləndirsin

– Fərəməz Novruzoğlunun bir sualı var. “Beycan bəyi salamlayıram. Ona uğurlar arzulayıram. Sualım belədir: Beycan bəy baş nazir olanda Naxçıvan Cəbhəsinin təkliflərini demək olar ki, nəzərə almırdı. Yalnız Ordubad cəbhəçiləri ilə, konkret olaraq Fərəc Quliyevlə hesablaşırdı. İndi Fərəc Quliyevin siyasi mövqeyini necə qiymətləndirir?”

– Sualın sonundan başlayaq. Fərəc Quliyevin siyasi mövqeyini Azərbaycan dəyərləndirsin. Mən Türkiyədəyəm. Fərəc Quliyev isə Azərbaycanda siyasət yürüdür. Necə yürüdür, onu bilmirəm. Hər halda məmnundurlar.

– Ümumiyyələ, Fərəc Quliyev çox maraqlı adam deyilmi? Fərəc Quliyev bütün kritik məqamlarda olub.

– Kim olmayıb ki? Xalq Cəbhəsində Eçibəydən sonra sədr məsələsinin İdarə Heyətində həll olunmasını bir müddət Fərəc yönəltdi.

– Çünki fevral bəyanatını da Fərəc Quliyev verdi. Həbsə də Fərəc Quliyev düşdü. Həbsdən Heydər Əliyevin kabinetinə də Fərəc Quliyev getdi. İndi də parlamentdə Fərəc Quliyevdir. Çox maraqlıdır. Mənim üçün şəxsən Fərəc Quliyev çox maraqlı obrazdır. Bəlkə elə Fərəməz də onu soruşur?

– Bilirsinizmi, 8 milyonun 8 milyonu da çox maraqlı insandır. Azərbaycan yeganə yerdir ki, hər kəs özünü prezidentliyə namizəd görür.

 

Elçibəy xalq içərisindən yüz illərdə bir dəfə çıxan lider idi

– Yəni Fərəc Quliyev də prezident olmaq istəyib?

– O da ola bilər. Hər kəs ola bilər. Azərbaycan fərqli bir millətdir. Fenomen bir millətdir. Qarşınızda olan elə-belə bir şey deyil. Bir ağaca görə meydanlara toplanan bir millətdir. Amma birdən-birə 50 kişi ölər, heç vecinə də olmaz. Səbəbini aydınlaşdıra bilərsənmi? Azərbaycan ayrıca təhlil ediləsi, incələnəsi bir millətdir. Elçibəy daha demokrat biri idi. Onu demək istəyirəm ki, xalq içərisindən yüz illərdə bir dəfə çıxan lider idi. Çox böyütmək də istəmirəm. Amma normal bir lider idi. 11 ay Azərbaycan xalqı ona tabe oldu, onu tuta bidi, sonra daha tutmadı, dalınca getmədi. Meydanlarda nə qədər “Elçibəy!” deyib bağıranlar var idi, son hadisələrdə yox oldular.

– Günah kimdə idi – xalqda idi, yoxsa Elçibəyin özündə idi?

– Mən heç günah axtarmadım ki… Siyasətin doğru olub-olmamasında axtardım. Siyasəti doğru aparmadılar. Azərbaycan Xalq Cəbhəsi 11 ay iqtidarda qaldı. Belə götürək, deyilmi?

 

O qədər böyük şeylər etdik ki, onu sadəcə tarixlər içərisində Atatürk etdi

– Bəli.

– O 11 ayın sonunda yazılı olaraq millətə nə verdi? Bizim yanlışlığımız nədə idi və ya heç yanlışlıq etmədik, bizim doğrularımız nə idi? O qədər yaxşı şeylər etdik ki, o qədər böyük şeylər etdik ki, onu sadəcə tarixlər içərisində Atatürk etdi. Ən qısa zamanda əlifba latına dəyişdirildi.

– Bəli, manat milli valyuta olaraq gəldi.

– Milli valyutamız oldu.

– Təhsil məsələsi. Ordu məsələsi. Rus ordusunu çıxardıq.

Bütün bunlar üçün 11 ay zaman keçdi, bilirsinizmi? İllər keçmədi. Hə, bunu deyə bilərsiniz, bu qədər yaxşılıqlar etdiniz, insanlara çatdımı? Çox dahi bir siyasətçi var, bunu deyib: “İnsanların öncə qarınlarını doyuracaqsınız, sonra…” Görünür, biz zorluq gətirən şeyləri bilmədik. İqtisadi məsələləri zamanında həll edə bilmədik. Dünya siyasətini ortaya qoya bilmədik.

– Sizin haqqınızda maraqlananda mənə dedilər ki, Beycan Fərzəliyev Elçibəy Ankarada xəstə yatdığı dövrdə onu heç ziyarət eləməyib. O qədər incik olub, araları soyuq olub…

– Elə demək olmaz. Mən bir az fərqli adamam. Bir gürcü filmi var. Qızın 19 yaşı var, Dostları, yaxınları, hər kəs onun ətrafına toplanıb doğum gününü qeyd edirlər. Doğum günündə qızın babası bir sağlıq deyir. Deyir ki, “bu, sənin son doğum günün olsun.” Hər kəs hiddətlənir ki, sən nə danışırsan? Deyir ki, “Sən o qədər gözəlsən ki, istəyirəm, sona qədər bu gözəlliyin qalsın…” Bəlkə mən də Elçibəyin xəstə olmasını görmək istəmirdim? Amma elə olmadı. Elçibəy bura gəldi, telefon açdı və biz görüşdük. Elçibəy öncə Ankara xəstəxanasına, sonra GATA-ya yerləşdirildi. GATA-da olmasaydı, bəzi şeyləri söyləyərdik. Elçibəy Kələkidə olanda Oktay vardı…

– Qasımov…

– Hə.

– Köməkçisi…

– Ondan soruşun. Bir dost nəyi edərdisə, mən onu etdim.

– Yəni gərəkli olan hər şeyi edibsiniz…

– Amma mən hər gün də birinin yanında olmağı çox xoşlamıram. Hər gün vaxtımı yanında keçirim, xoşlamıram.

 

Elçibəy o qədər utancaq birisi idi ki…

– Beycan bəy, Elçibəyin ölümü haqqında maraqlı söhbətlər var. Onun ölümündə müəmma görürsünüzmü? Elçibəyin də ölümü müəmmalı idi, yoxsa? Yəni qısacası öldürüldümü?

– Öldürüldü deyə bilmərəm. Bəlkə də Elçibəyin özünün daxili xarakterindən gələn bir şey var idi. Məsələn, bu qədər yaxın idik – çox da doğru bir şey deyil, amma deyim – bizim evdən taksiyə minib öz evinə gedirdi, tualetə gedəcəkmiş. Yasamaldan şəhərin bu biri başına… O qədər də utancaq birsi idi.

– O qədər də utancaq, qaydaları gözləyən…

– Bu, bir faktdır. Bildiyim bir faktdır. Ona görə o xəstəliyini uzun müddət gizlətdi, heç kimə demədi. Deyəndə də artıq gec idi. Mən belə düşünürəm. Burada da Ankara xəstəxanasında yatmışdı. Sonra cənazəsi hava limanına gətirildi. O zaman dövlət…

– Burada bir törən düzənlənməsi nəzərdə tutulub, sonra olmayıb. Belə bir şey olubmu?

– Hava limanında kiçik bir törən yapıldı. Əsgərlər ora toplandı. O zaman Kamal Yılmaz Paşa vardı, mən onu çox sevərdim. Komutan idi. Onun başqanlığı ilə bu törən keçirildi. Bir qız ağlaya-ağlaya gəldi, cənazəni öpdü, getdi. Maraqlandıq ki, bu kimdir? Dedilər ki, Ankara Universitesində həmşirə olub…

– Tibb bacısı…

– Onun da dediyi şey bu idi ki, “pəncərə açıq qalmış, klima çalışmış”. Yəni bu cür şeylər. Türkiyədə Elçibəyi çox sevirdilər. Elə bir şey olacağını zənn etmirəm, amma… Başqa şey də bilmirəm…

– Amma belə bir şey də deyirlər ki, QATA-da Elçibəyin palatası 24 saat çəkilib. Elçibəy çox şey danışıb. Türk əsgəriyyəsi çox şey bilir. Belə bir şeylər deyirlər…

– Onu bilmirəm.

– Bu haqda məlumatınız…

– Elçibəyin yanına açıq-aşkar insanlar gəlirdi, o da onlarla görüşürdü. Son günlər durumu pisləşəndən sonra kimsə ilə görüşdürmədilər. Bu başqa bir şeydir. Mən inana bilmirəm ki, elə bir şey olsun. Hətta ən çox Türkiyənin məşhur aktyor və müğənnisi Fateh Qısabarmaq Ankarada idi, mən onu dəvət edirdim, danışmağa. Belə gəlirdi, görüşürdü. O bir az fərqli adam idi, duyğusal adam idi.

 

Bu saqqız söhbətindən 24 il keçib, çeynəyirlər hələ

– Beycan bəy, burada soruşublar deyə sual verirəm. Əslində, bir az da söhbətimizin əyarını endirmək istəmirəm. Amma bu saqqız əməliyyatı haqqında soruşurlar. Bu, nə əməliyyat olub?

(Gülür…) Bəziləri soruşurlar, deyirlər.

– Sonra Ramiz Tağıyev burada sizi müdafiə edərək yazır ki, “Saqqız onun vurulması üçün bəhanıədən başqa bir şey deyildi”. Bu saqqız əməliyyatı nədir ki, biz bu gün strateji məsələləri üstələyib, bunun üzərinə gəlməli oluruq.

– Vallah, bu saqqız söhbətindən 24 il keçib, çeynəyirlər hələ. (Gülür…) İrandan Ermənistana qatar gəlib keçirdi. Mənə xəbər verdilər ki, Ermənistanda bir məscidi ermənilər dağıdıb…

– Hə, İrəvandakı.

– Hə, indi o qatarda gələn materiallar o caminin təmiri üçündür. O vaqonların birində saqqız da var, hətta başqa şeylər də var. Xoşagəlməyən şeylər – silah-sursat da var. O zaman mən əmr verib, vaqonları saxlatdırmışdım. Saqqızı da Kənd Təsərrüfatı Nazirliyi vardı, yazıb imzamı qoydum ki, o da bu nazirliyə verilsin.

– Amma o zamanlar saqqız da strateji mal idi. Onu elə-belə əldə etmək də olmurdu. Çox bahaya satılırdı. Valyuta kimi şey idi.

– Strateji ona görə idi ki, onun adı üstə çıxarılırdı ki, başqa şeylərin adı hallanmasın.

– O da bir əməliyyat kimi olub?

– Mən deyiləm, hər hansı bir “x” kişi baş nazirdirsə, saqqızmı satacaq?

– O silah axırda Ermənistana getdimi, yoxsa yox?

– Mən sonra gəldim. Bilmədim getdimi, yoxsa yox. Heç xəbərim olmadı.

– Cəmil Məmmədli yazır: “Bilmək istərdim, o vaxtlar Şəmsəddin Xanbabayevin oğlunu guya Naxçıvandakı cəbhəçilər qaçırmışdılar. Bu məsələ barədə məlumatı varsa, nə qədər bizimlə bölüşməyə razı olar? Eşitdiyimə görə onu heç də cəbhəçilər qaçırmayıb və ümumiyyətlə, məsələnin motivində Heydər Əliyev faktoru olmayıb. Ona görə soruşuram ki, Şəmsəddin Xanbabayev oğlunun qaçırılmasını məhz Heydər Əliyevlə olan münasibətlərinə görə cəbhəçilərin adına yazır”. Belə bir şey olub ümumiyyətlə?

– Şəmsəddin Xanbabayev məndən sonra baş nazir olub?

– Bəli.

– Onun oğlumu var?

– Bəli.

– Mən heç bilmədim, onun oğlu varmı, yoxmu?

– Hə, sizin bu məsələdən məlumatınız yoxdur.

– Əgər onun oğlu qaçırılmışdısa… Bir epizod söyləyim sizə. Mən hər gün işə erkən gələrdim. Heydər Əliyev saat 10-dan sonra gələrdi, mən isə 9-da gələrdim. Gələndə poçta baxırdım ki, nə gəlib.

 

Hər halda Şəmsəddin Xanbabayevin oğlu toyuqdan dəyərli idi

– Siz üz-üzə binalarda idiniz də.

– O tərəfdən fit çalsan eşidər. Heç telefona da gərək olmazdı. Gələn məktublara baxırdım, bir məktub çıxdı. Şahbuzdan biri yazıb ki, “mənim 8 toyuğumu oğurlayıblar”. Mən də köməkçimi çağırıb soruşdum ki, “indi baş nazir 8 toyuqlamı məşğul olacaq?” Yəni əgər mənə gələn məktubların içərisində 8 toyuq var idisə, hər halda Şəmsəddin Xanbabayevin oğlu toyuqdan dəyərli idi. Onun da haqqında bir bilgim olmalı idi. Amma mənim vaxtımda bu olmayıb.

– Deməli, olsaydı, siz mütləq bilərdiniz.

– Adam oğurlanıbsa, necə bilməmək olar?

– Burada bu məsələ ilə bağlı yazıblar. Çox maraqlıdır ki, AXC sizi o məsələdə müdafiə eləməyib, tək qoyub.

– Hansı məsələdə?

– Bu saqqız məsələsində təşkilat sizi müdafiə eləməyib.

– Təşkilat mənim nəyimi müdafiə edəcəkdi? Təşkilat bilirdi ki, baş nazirin mağazası yox, satıcısı yox. Baş nazirin funksiyası gələn şeyləri nazirliklərə verməkdir. Mən də onu Kənd Təsərrüfatı Nazirliyinə vermişəm. Xalq Cəbhəsi mənim nəyimi müdafiə edəcəkdi?

 

Əslində, çox şeyləri qaynatmaq istəmirəm

– Hər halda oxşarlığı var, ona görə ki, sizin də uzun müddət Xalq Cəbhəsi ilə münasibətləriniz belə görünür ki, sərin olub. Yoxsa, necə ola bilər? Qərargah sizin evinizdə…

– Əslində, Xalq Cəbhəsində o şeyləri çox qaynatmaq istəmirəm. Hökumət də məni çox sevməzdi, Xalq Cəbhəsi də çox sevməzdi.

– Hiss edirəm ki, qaynatmaq istəmirsiniz, amma bu da “Qaynar Qazan”dır axı….

(Gülür…) Elə “Qaynar Qazan” olduğuna görə qaynatmaq istəmirəm, yoxsa qaynadardım.

– Hə…

– Bu arada belə bir şey var. Cəbhədə mən çoxtirəliklər görürdüm. Tərəflər görürdüm.

– Fərdi dəstələr…

– Fərdi dəstələr görürdüm. Bir az da qarşı çıxırdım belə şeylərə. Bu məsələ də belə qalırdı və kimsəyə də ehtiyacım qalmırdı.

– Qarşı çıxdığınız şeylərlə bağlı Əbülfəz Elçibəylə məsləhətləşirdinizmi? Ona deyirdinizmi?

– Çox şeyi ona demirdim. Çünki Əbülfəz Elçibəy mənim dostum idi. Amma çox cəsarətli qərar alacaq birisi deyildi. O, mülayim bir adam idi. Hər şeyi sakit həll eləmək istəyirdi. Amma o zaman məsələləri sakit həll eləmək olmurdu. Bir ən çox danışılan məsələni söyləyim. Elçibəy mənə dedi ki, ilk qurultayı keçirəcəyik. Mərdəkanda keçirəcəyik.

– Təsis toplantısını?

– Bəli.

– Söhbət Cəbhənin yaradılmasından gedir?

– Bəli. Dedi ki, AXC-nin təsis toplantısını Mərdəkanda keçiririk. Dedim, “Bəy, Mərdəkanın harasında?” Bir yer dedi. Sonra dedi ki, “Sən bildin, başqa bir yer hazırla, ora qoymaya bilərlər.” Rəhmətlik Ağamalı Sadiq var idi. Biz onunla yaxın olmuşuq. Ağamalı Sadiqlə gəldik, mənim elmi rəhbərim vardı, Səməd müəllim. 6-cı mikrorayonda qalırdı. Səməd müəllimgilin həyətində böyük bir “palatka”dan qurulmuş məkan vardı.

– Xeyir-şər evi.

– Hə, xeyir-şər evi. Onun açarını istədim. Dedilər ki, açar Mamed Dünyamalıyevdədir. Politexnik Universitetində çox savadlı bir riyaziyyat müəllimi idi.

– Həmin xeyir-şər evinin açarı ondadır?

– Bəli, müəllim idi deyə açarı ona vermişdilər. Getdim, dedim ki, “Mamed müəllim, o açarı mənı verin!” Soruşdu ki, “Nə edirsən?” Dedim ki, “Sabir Rüstəmxanlının doğum gününü orada keçirəcəyik.” Dedi ki, “Sabir Rüstəmxanlının doğum gününü niyə orada keçirirsiniz, restoranda keçirmirsiniz? Sabir tanınmış adamdır”. Dedim ki, “Xalq Cəbhəsidir, restoranda ona yer vermirlər”. Bir şeylər uydurduq, açarı bizə verdi. Həmin gün hamı metronun yanına yığışıb, səhər 9-da gəlirik. Dedilər ki, polislər yolu kəsib, bizi içəri buraxmırlar.

 

AXC-nin təsis konfransı Ağamalı Sadiqin evində keçirilməyib

– Hə, polis bilib, buraxmır.

– Polis deyir ki, Mərdəkana gedə bilməzsiniz. Bizim yerimiz o tərəfdədir, Mərdəkanda. Bir az polislərlə mübahisə elədik, “gedəcəyik”, dedik, “olmaz” dedilər. Maşınlar, motosikletlər gəldi, bizi buraxmadılar. Dedik, “Bəy, olsun, evdə keçirərik”. Polislər rahat oldu. Biz də maşınlara minib gedirik, gəldik 6-cı mikrorayona, “palatka”nı açıb girdik içəri. Toplanı başladı. İlk təsis toplantısı o gün keçirildi.

– Yəni deyildiyi kimi, təsis konfransı Ağamalı Sadiqin evində keçirilməyib.    

– Ora ev deyildi ki, “palatka” idi.

– Çünki bəzən deyirlər ki, Xalq Cəbhəsi Ağamalı Sadiqin evində quruldu.

– Xeyr, Xalq Cəbhəsinin təsis konfransını orada keçirdik. Elçibəyin də sədr olduğu gün idi. Elmira Qafarova da gəlmişdi. Gəlib, mənim yanımda oturdu. Özü də çox mülayim bir xanım əfəndi idi. Artq iş-işdən keçmişdi. Camaat hər tərəfi sarmışdı. Ona görə də polis heç bir şey deyə bilməzdi.

– Yeri gəlmişkən, əgər bu məsələdən danışırıqsa, sizdən də məlumat almağa ehtiyacım var. Əbülfəz Elçibəyin sədr seçilməsində problem olub.

– Bəli.

– Hətta elə təhlükə olub ki, Əbülfəz bəy sədr seçilməyə bilərmiş… Bu, necə olub? Hətta Köçəri Nağıbəyli bizə müsahibə verəndə demişdi ki, “biz Əbülfəz bəyi zorla sədr seçdik.” Belə bir şey demişdi.

– Yox, o qədər də zor olmadı. O zaman mən özümü daha səlahiyyətli hiss edirdim. Çünki mən Xalq Cəbhəsinin Nəzarət Təftiş Komitəsinin sədri idim.

 

AXC-nin təsisindən bir gün əvvəl İsa Qəmbər bizim evə gəldi, əlində də siyahı…

– Hə, Nəzarət Təftiş Komissiyasının sədri.

– Hələ qurulmamışdı, amma bir az açıq söyləsək, qurultaydan, toplantıdan 1 gün öncə gecə İsa Qəmbər bizim evə gəldi. Dedi ki, “Beycan bəy, Elçibəy sədr, bu 15 kişi də İdarə heyətinin üzvləri…”

– Demək, bir gün əvvəldən bunlar planlaşdırılmışdı.

– Hə, kommunistlər kimi. Amma İsa bəy dedi ki, “Orada səs-küy olmasın, sakit keçsin deyə sən Nəzarət Təftiş Komissiyasının sədri və bu 5 adam da üzvlər”. Belə baxdım siyahıya, hamısı Akademiyadan olan adamlar, 5 üzvün hamısı. “Olsun”, dedim, “Mən özümə güvənirəm.” Toplantı başladı. Toplantıya da Abbas Abdulla sədrlik eləyirdi. Rəhmətlik.

– Rəhmətə gedib?

– Abbas Abdulla yazar var idi, Ukraynada səfir də elədilər.

– Türkiyədə konsul  da oldu. Bilmirəm, o rəhmətə gedib?

– Gedibsə də Allah rəhmət eləsin.

– Hə, Allah rəhmət eləsin.

– Çox da yaxşı adam idi. O, Xalq Cəbhəsi Ağsaqqallar Şurasının üzvü idi. O toplantını aparası oldu. Toplantıya başladıq. Orada iki məsələ qoyuldu. Bilmirəm, bu haqda deyiblər, deməyiblər. Birinci, Leyla Yunusovanı İdarə Heyətinə üzv seçilməsini qoymadılar. O zaman mən təsir elədim, “xeyr, seçiləcək”, dedim. Mən də müəllim kimi izah elədim, seçdilər. Səbəb də o idi ki, əgər biz dünyaya çıxmaq istəyirdiksə, bir neçə dil bilən kadrlara ehtiyacımız vardı. Leyla Yunusova da rus dilini yaxşı bilirdi.

– Leyla xanımın həm də beynəlxalq əlaqələri yaxşı idi.

– Leyla xanımın İdarə Heyətinin üzvü olması təklifini birinci mən irəli sürdüm. İkincisi, Elçibəyin sədrlik məsələsində Zərdüşt Əlizadə etiraz elədi. Artıq Elçibəy seçilmişdi. Çıxdı orada tribunadan belə yapışdı, hərəkət edə-edə danışmağa başladı ki, “Elçibəyin babası çobandır, filan kişi, dünya onu tanımaz.”

– Bunları Zərdüşt bəy deyir?

– Bəli. “…Amma Səməd Vurğun tanınmış adam olub, Yusif Səmədoğlu sədr seçilsə, bizim işimiz asan olar.” Yusif bəy də orada oturub, səsi də çıxmır.

– Könlündə var imiş…

– Hər halda varmış. Dedim ki, “Yusif bəy, sən sədr olmaq istəyirsən?” Sakit durdu. Mikrafonu belə tutdum, bir də soruşdum ki, “sədr olmaq istəyirsən”, dedi, ”yox”. Dedim, “Məsələ bitdi, bu qədər”. Yəni belə oldu. Çox da deyildiyi kimi zorla olmadı. Amma Zərdüşt də belə bir şeylər elədi.

– Amma hər halda təsiri olub…

– Allah rəhmət eləsin Yusif bəyə. Mədəni adam idi.

– Rəşad Vaqifoğlu da bizim tanınmış jurnalistlərdəndir. O yazır: “Ötən il FETO məsələsi ortaya çıxanda, mətbuatda çıxan bir məqalədə qeyd edilirdi ki, hazırda Tiflisdə yaşayan Daşqın Ağalarlı öz facebook səhifəsində bu haqda yazıb. O qeyd edib ki, AXC Nəsimi rayon şöbəsindən silahdaşı olan İslam Səmədov vasitəsilə Gülən camaatını hələ 1989-cu ildən tanımağa başlayıb. 90-cı illərdən sonra isə, o vaxt AXC üzvü olan Beycan Fərzəliyevin Yasamal rayonunda olan mənzilində camaatın təmsilçilərilə geniş söhbətin iştirakçılarından biri olub. AXC-nin Fətullah Gülənlə əlaqəsi olduğunu vurğulayan Ağalarlı hətta eks-prezident Elçibəyə Fətullah Güləndən məktub gətirdiyini də qeyd edib. Bu baş veribmi?”

– …Bir şey anlamadım. Fətullah Gülənmi Elçibəyə məktub göndərib?

– Bəli. Yəni siz bu haqda bilidinizmi, məlumatınız varmı?

– Mən sizə bir şey söyləyim.

– Guya sizin Yasamaldakı evinizdə də Gülənçilərlə Cəbhə rəhbərliyinin görüşü olub.

– Əvəz bəy, neçə yaşındasan?

– Nəsiminin yaşındayam – 48.

– İlk dəfə Türkiyədən gələn təyyarə yadınızdadırmı? Nə qədər qurban kəsildi təyyarənin önündə.

– Kim Türkiyədən gəlirdi, burada qurban kəsilirdi. Biz Türkiyədən kim gəlirdisə, qarşılayırdıq. Nə bilirdik ki, kimdir o adamlar.

– Gələnlərin içərisində bu FETO-çudur, bu FETO-çu deyil kimi şeylər var idimi?

– Biz bütün bunların hamısını o zaman haradan bilə bilərdik?

– Sualın məntiqini anlaya bilmədim. Sovetlər Birliyindən ayrılan və daha çox dininə yaxınlaşan bir xalqa FETO-çu da gələ bilirdi, İrandan bir başqası da gələ bilirdi. Hökumətdən də gələ bilirdi. Fətullah Gülən Elçibəyə məktub verib, ya Elçibəy Fətullah Gülənə məktub yollayıb, bu haqda bilmirəm.

 

Elçibəy Çatlı ilə dost olduğunu söyləyəcək qədər dürüst idi

– Yəni bu haqda məlumatınız yoxdur?

– Yox. Elçibəyi zatən Türkiyədə çox istəyirdilər. Elçibəy bir də dürüst birisi idi. Məsələn, Çatlını duydunuzmu?

– Bəli.

– Elçibəyə bir də burada sual verdilər ki, “Çatlını gördünmü?” Deyir, “Gördüm, oturduq söhbət də elədik. O, mənim dostum idi”.  Yəni olanı doğru söyləyərdi.

– Elçibəy bəzən konyukturu belə hesablamazdı.

– Əgər almışdısa, açıq söyləyərdi ki, almışam. Amma zənn etmirəm ki, belə bir şey ola bilsin. Amma o zaman deyə bilməzdin ki, bu Fətullah Gülən kimdir. O zaman Azərbaycanda məktəblər də açılmışdı – Fətullah Gülənin, Fətullah Xocanın məktəbləri.

– Ali məktəblər… Qafqaz Universiteti oldu.

– Hə, bunları Elçibəymi açdı?

– Yox, Heydər Əliyev açdı. Heydər Əliyevin onların haqqında çox müsbət sözləri var. Sosial şəbəkələrdə yayıldı da. Hətta münasibətləri də var idi, deyəsən, şəxsən…

– Mən o sualı çox da anlamadım. O, Elçibəyi tənqid edir ki, niyə Fətullah Gülənlə münasibətləri olub?

– Daşqın Ağalarlı iddia eləyir ki, Elçibəyə Fətullah Güləndən məktub gətirilib. Soruşur ki, bu haqda sizin məumatınız varmı? Sizin Yasamaldakı evinizdə də görüş olub, camaat təmsilçiləri ilə…

– Bu, gizli bir şey deyil ki. O zaman avtobusla gələnlərin, təyyarə ilə gələnlərin böyük bir qismi bizim evə gəlirdi.

– Madam siz zaman-zaman öz evinizdə yatmağa yer tapa bilməmisiniz, burada daha nə demək olar ki?

– Bundan bir az da irəli gedim. Bir gün mənə bir telefon zəngi gəldi. Soruşdular ki, “Beycan bəylə danışırıq?” Hiss elədim ki, türkdürlər. Dedilər ki, “biz gəlmişik, “İnturist”in önündəyik”. Getdim, Maral xanım – indi Türkiyədə tanınmış …

– Akşener?

– Bayar Cəlalın nəvələri…

– Cəlal Bayarın…

– Hə, 3-4 qadın və s.

– Bura gəliblər?

– Azərbaycana gəliblər, “İnturist” bunlara yer vermir. Qızların, qadınların hamısını evə gətirdim, Zəminə xanımla bərabər. Yaz gününün istisində, hava da isti…

– Sizdə qaldılar?

– Hə, o zaman mən nə biləydim ki, kim FETO-şdur, kim nədir? Bu adamlar Türkiyədən gəlib, bu qədər. Bir türk sevgisi var idi, hamımızda.

– Yəni Maral Akşener sizin evinizin müsafirlərindən biri olub?

– O vaxt da olub, indi də salam-sabahımız var. Zəminə xanımla görüşürlər, danışırlar.

– Soruşmadan da keçə bilmirəm. Bu MHP daxilindəki qruplaşmalar, Maral Akşenerlə Dövlət Bahçeli arasındakı münasibətlər, Ümid Özdaq… Siz bu məsələlərin hansısa tərəflərində varmısınız? Yoxsa, ümumiyyətlə, bu cür şeylərə qarışmırsınız?

– Çalışıram qarışmayam. Çünki mən bir elm adamıyam, araşdırmaçıyam. Mənim araşdırma yerim fərqli bir yerdir. Ona görə də çox elə siyasətə qarışmıram.

 

Mən 56 tələbəni Kiprə göndərəcəkdim…

– “Türkiyəyə tələbə göndərmək projesi niyə baş tutmadı? 56 tələbənin…”

– …Naxçıvandanmı?

– Hə.

– Orada bir yanlışlıq var. Mən 56 tələbəni Kiprə göndərəcəkdim. Rəhmətlik Rauf Denktaşla da danışmışdım. Sonra da Naxçıvandan ayrıldım, kimsə bunu davam etmədi.

– Elə burada da onu soruşurlar ki, “…tələbə göndərmək projesi niyə baş tutmadı?”

– Çünki mən artıq Naxçıvandan ayrılmışdım.

– “… Həmin tələbələr Gülən məktəbləri üçün seçilmişdi. Gülən hərəkatını nə zamandan tanıyır?”

– Hə, deməli, o tələbələr Kiprə göndərilməli idilər. Mən Kiprin fəxri vətəndaşıyam.

 

Kiprin müstəqilliyini tanıdım

– Yeri gəlmişkən, siz Kipri tanıyıbsınız?

– Bəli, Naxçıvanda baş nazir olanda mən Kiprin müstəqilliyini tanımışam.

– Nə cür risk eləmisiniz o qərarı verməyə? Həm də bu qərara Heydər Əliyev nə deyib?

– Heydər Əliyev o cür şeylərə bir az çəkingən idi…

– Amma riskli qərardır.

– Riskli qərar deyil. Mən indi də təəccüb edirəm ki, niyə tanımırsınız?

– O zaman Yunanıstan da Qarabağı tanıya bilər.

– Siz bu gün Qarabağa gedə bilirsinizmi?

– Yox.

– Bəs nə istəyirsiniz? Tanıdınız nə oldu? Tanımadınız nə oldu? Reallıqdan qaçırsınız, qaçmayın.

– Demək istəyirsiniz ki, Azərbaycan Kipri tanıya bilər?

– Əgər bir torpağa getmirsinizsə, bir torpağı becərmirsinizsə, əkmirsinizsə, o torpaq sənin deyil. Ha, çığırıb-bağırın. Gedərsiniz, sizin olur.

– Torpaq üstündə ölən varsa Vətəndir…

– Doğrusu bu. İkincisi, Yunanıstan onu tanıyacaq, bunu tanıyacaq, mən tanımayımmı? Bir gerçəklik var. Orada insan varmı? Ordusu varmı, məktəbi varmı, dili varmı, cümhurbaşqanı varmı? Hər şeyi var. Deməli, məsələ bitdi. Hazırda Birləşmiş Millətlər Təşkilatı onu tanıyır. Yunanlılarla adaları birləşdirmək istəyirlər. Bəlkə də sizin tanımağınız daha faydalı olur. Bir düşünün, niyə tanımırsınız?

– Hökumətin adından qərar vermişdiniz, eləmi? Yoxsa, bəyanatmı vermişdiniz?

III hissənin sonu

 

Xural.com

 

P.S.

Beycan Fərzəliyevlə “Qaynar Qazan”da müsahibəmizin III hissəsi youtube-yə yerləşdiriləndən bir neçə saat sonra elə youtube-nin özü tərəfindən silindi. Biz məsələni aydınlaşdırana qədər youtube özü aydınlaşdırdı və bizdən üzrxahlıq edərək videonu təkrar yükləməyimizi xahiş etdi. Əməl etdik və Beycan Fərzəliyevlə müsahibənin III hissəsini təkrar yüklədik. İnşallah, indiyə qədər heç bir zaman qarşılaşmadığımız bu problemlə bir daha qarşılaşmarıq. Bu arada təxminən 1500-yə yaxınlaşan baxış sayımız itdi, amma olsun, təki həyat və “Qaynar Qazan” davam eləsin…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button