“Qaynar Qazan”da Hafiz Hacıyev (I hissə): “Elçibəyin təyyarəsini Fərəc Quliyev deşdirdi”-VİDEO

Hafiz Hacıyev: “Bu dəfə qardaşım İlham Əliyev mənə güzəştə gedəcək”

 

Prezidentə yaltaqlanarlar da…

Hafiz Hacıyevlə müsahibə istəyi əməlli-başlı qalmaqala səbəb oldu. Onun “Qaynar Qazan”da müsahibə elanını yayan kimi səbəbini anlamadığım, əslində isə yaxşı anladığım bir “stəkanda fırtına” başladı(ldı). Haqqı olan-olmayan, ərki çatan-çatmayan, mətbuat qaydalarını bilən-bilməyən çox adam üstümə gəlməyə çalışdı. Maraqlı və heyrətləndiyim bir situasiya ilə qarşılaşdım. Bundan mənə qarşı ciddi-ciddi istifadə cəhdləri hiss etdim və gözləmədiyim dostlardan gözləmədiyim reaksiyalar aldım və bu reaksiyalar məni üzdü.

Hiss edirəm, bilirəm ki, “Qaynar Qazan”ın nüfuzu və cəmiyyətdə qazandığı hörmət böyükdür. Ona görə də Oxucular və tamaşaçılar burada normal və səviyyəli söhbətlər eşitmək istəyirlər. O baxımdan, mümkündür ki, bəzi narahatçılıqlar yaşansın. Amma sorğu keçirilibsə və nəticələrə görə, Hafiz Hacıyev ikinci yerdədirsə, üstəgəl, birinci yerdə olan Lalə Şövkət ayaqlarını qaldırıb dağın başına qoyubsa, hakimiyyətlə gizlin sövdələşməyə gedəndən sonra mətbuat qarşısına çıxmırsa, ayrıca, üçüncü yerdə prezident İlham Əliyevdirsə və ona təbii ki, əlimiz çatıb-ünümüz yetmirsə, niyə Hafiz Hacıyevi dəvət etməməliyik ki? Onu da nəzərə almaq lazımdır ki, Hafiz Hacıyevin demək olar ki, danışmadığı, müsahibə vermədiyi qəzet-sayt-internet televiziyası yoxdur və ciddi tirajla da oxunur, baxılır. Maraqlıdır ki, mənə – “Qaynar Qazan”a ciddi-ciddi irad yazan dostlarımızdan birinin həmin qəzet-sayt-internet televiziyasına bir dəfə də olsun iradına rast gəlməmişəm. Hələ vətəndaş cəmiyyətinin bəzi önəmli simalarının mənə tuşlanan iradlarında ümumiyyətlə, bu adamdan müsahibə götürməmək və Oxucuların hər dediyinə riayət etməmək tövsiyəsini də oxuyanda, əllərim yerdən-göydən üzüldü. Deməli, rejim istədiyinə təxminən nail olub. Bizim hamımızın daxilimizdə iri bir senzura əyləşdirə bilib və bu gizli senzor istədiyi kimi cövlan edə bilir.

Hər bir halda mətbuat tərəf tutmadan hamını dinləyə bilməli, hamının danışmasına şərait yaradılmalıdır. “Qaynar Qazan” belə bir tribunadır. Orada hər kəs, amma sözü olan hər kəs danışmalıdır. Belə bir situasiyanı elə Hafiz Hacıyevdən əvvəl Eynulla Fətullayevdə də yaşadım. Ona da çox ciddi irad-tənqid-təhqirlər oldu. Orası doğrudur ki, Eynulla Fətullayevdən sonra Hafiz Hacıyevin gəlməsi və dalbadal iki radikal söz qalmaqalı ilə yaddaşlarda qalan adamın “Qaynar Qazan”da danışması, ola bilsin ki, olmaya bilərdi. Heç olmasa, aralarında 2-3 qonaq keçməli idi bəlkə. Amma heç bir halda, özünü çoxbilmiş hesab edən adamlar bu olaydan istifadə edib məni qınağa tuş etməməli, ən azından buna cəhd etməməli idilər. Elə bil, maşallah, hamı balta əlində dayanıb gözləyir, himə bənddirlər ki, yıxıldığını zənn edib, başına endirsinlər. Hələ sapı, taxtası, dəmiri – sözü özümüzdən olanlar da olursa, adam lap yıxılır.

Hafiz Hacıyev çətin müsahibdir. Qalmaqallıdır. Olmadıq söyüşlər söyür bəzən. Söyüb də. Siyasətdə ağıza almayacaq həqarətlər yağdırıb həmkarlarına. Maraqlıdır ki, mən ondan indi yox, aylardır “Qaynar Qazan”a gəlməyi xahiş edirəm və eynilə Zahid Oruc, Siyavuş Novruzov, Ayaz Mütəllibov, Etibar Məmmədov kimi o da uzada-uzada müsahibədən yayınıb. Hiss etmişəm ki, Hafiz Hacıyev risk etmir “Qaynar Qazan”a gəlməyə. Amma son zamanlar açıqca hiss olunur ki, Hafiz Hacıyev xüsusilə müxalifətdəki həmkarlarına münasibətini xeyli dəyişib. Onu Pənah Hüseynlə, Sülhəddin Əkbərlə və digər müxalifətçilərlə tez-tez müzakirələrdə görmək mümkündür. İstər Əli Kərimli olsun, istər İsa Qəmbər – onlara da mesajlar göndərir və xalqın mənafeyi naminə birləşmək təklifi hamıdan çox ondan gəlir. Hafiz Hacıyev hamıdan çox mitinq tələb edir və açıqca bəyan edir ki, martdan mitinqlərə başlayacaq. Bunlardan daha önəmli bir məsələ var. Bu gün hakimiyyətin məmurlarının üzərinə onun qədər gedən, həmin harın məmurları və onların harın övladlarını onun qədər tənqid edən ikinci bir siyasətçi yoxdur. Yalnız Heydər Əliyevin vaxtında xalqın ürəyindən tikan çıxaran sərt sözlər deyilirdi harın məmurlara. Heydər Əliyev xalqın hirsini-hikkəsini o məmurları aşağılamaqla çıxara bilirdi. İlham Əliyev belə deyil və o, məmurlarını hər zaman qoruyur. Bircə Hafiz Hacıyevdir ki, məhdud sayda olsa da, həmin məmurların gününü qara edir. Bir az da kəndsayağı məmurlara dediyi sözlər və ittihamlar reytinqlər qırır, baxılır, yayılır. Niyə? Necə olur ki, bu sözləri Hafiz Hacıyev deyə bilir və ona kimsə heç nə etmir, edə bilmir?

Buna səbəb onun qardaşım dediyi İlham Əliyev xaric, hər kəsin üzərinə amansızlıqla getməsidir. Hafiz Hacıyevin sirri də deyəsən buradadır – o, məhdud sayda məmurlar haqqında ən amansız tənqid atəşi başlayır və o məmur vəzifəsindən gedənə qədər yaylım atəşini dayandırmır. Zaman-zaman Heydər Babayev, İsmət Abbasov haqqında danışıb və onlar vəzifələrini itiriblər. Bu da cəmiyyətdə belə bir rəy yaradır ki, elə Hafiz Hacıyev qardaşım dediyi İlham Əliyevin sözlərini deyir. Bəlkə də əsas var bu cür düşünməyə. Axı, necə ola bilər ki, iki yazıya görə adama şərləyib 12 il iş verən bu harın məmurlar ölkəsində Hafiz Hacıyevin dediklərini beləcə udurlar? Deməli, bir səbəbi var. Deməli, “qardaş” məsələsinin bir hikməti var. Yoxsa Hafiz Hacıyevi həmin o məmurlar korpusu elə günə salar ki, bir də baxarıq, o adda adam yoxdur.

Hafiz Hacıyev beləcə, “Qaynar Qazan”ın qonağıdır və o, ən sərt, ironiya dolu suallara belə cavab verdi. Təmkinlə, səbrlə, dözümlə. Əsəbiləşmədi. Hansı suallardan xoşunun gəlmədiyini də sezdirmədi. Ya normal qəbul elədi bir çox şeyi, ya da bəzən suallardakı ironiyanı başa düşmədiyini göstərmək istədi. Hətta bəzən ironiyanı mən xatırlatdım ona. Amma Hafiz Hacıyev öz ampluasında idi. Azərbaycan və onun gələcəyi haqqında danışırdı.

“Qaynar Qazan”ın 33-cü qonağı Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevdir… Buyurun…

Əvəz Zeynallı

 

I hissə

 

Mən prezident olanda mənə qarşı nə qədər qısqanc insan var, hamısını…

 

– Salam.  “Qaynar Qazan”ın növbəti qonağı Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevdir. Mən etiraf edim ki, layihəyə başlayandan bu günə qədər hələ bu cür qalmaqallı və ziddiyyətli açıqlamalarla qarşılanan qonağımız olmayıb. Sosial şəbəkədə keçirdiyimiz sorğular nəticəsində Hafiz Hacıyev 99 namizədin arasında ikinci olub. Birinci yeri ALP sədri Lalə Şövkət tuturdu. İkinci yeri Hafiz bəy, üçüncü yeri isə cənab İlham Əliyev. Biz Hafiz Hacıyevi “Qaynar Qazan”a dəvət edəndən sonra eyni dərəcədə böyük bir şəbəkə facebook sosial şəbəkəsində bunun əleyhinə çıxış etdilər və Hafiz bəyin “Qaynar Qazan”a dəvətinin qarşısını almaq üçün ictimai qınaq təşkil etməyə çalışdılar. Mən elə fikirləşmirəm. Mən fikirləşirəm ki, “Qaynar Qazan” bütün müstəvilərdə ölkənin hər bir siyasi görüşünə açıqdır, bütün siyasi partiyalara açıqdır. Bütün tələb olunan və gündəmdə olan siyasətçilərə, gənclərə, partiya sədrlərinə, deputatlara, dövlət məmurlarına – hər kəsə açıqdır. Və “Qaynar Qazan”heç bir zaman, heç bir qrupun, heç bir şəbəkənin və kimlərinsə istəyi üzərində müsahibələr təşkil eləmir, indən sonra da eləməyəcək. Mən qonağımız Hafiz bəyi salamlayıram. Ona bu gün xeyli sual ünvanlanıb. Necəsiniz, Hafiz bəy?

– Çox sağ olun, Əvəz bəy. Minnətdaram. Əziyyət çəkibsiniz. Böyük qınaqlar qarşısında böyük cəsarət tapmısınız ki, mənim kimi qalmaqallı bir insanla, bir siyasətçi ilə üz-üzəsiniz.

– Niyə qalmaqallısınız?

– Bilirsinizmi, nətəridir? Həqiqəti deyən, xalqının qayğısına qalan, həyatını xalq üçün şam kimi əridən, dövlətçilik üçün əridən bir adamı Azərbaycanda bu gün sevmirlər. Bəzən mənim açıqlamalarım çox ciddi şəkildə, ən yüksək səviyyədə olan məmurlara sərt şəkildə ünvanlanır. Və mən açıq deyim ki, etdiyim çıxışların məsuliyyətini dərk edirəm və dediyim, üzərinə getdiyim faktlarda əli olan məmurların da yaxasından axıradək əl çəkmirəm. Amma çox təəssüf ki, nə eləmək olar, bu da bizim bəxtimizdir. Siyasətçi var ki, ağzını ildə bir dəfə də açmır.  Partiyasında bir nəfər də üzvü yoxdur. Amma özünü elə yuxarıdan aparır ki, guya bu, ağıllı bir adamdır – nə müsahibə verməyə meyllidir, nə də ictimaiyyətlə, xalqla görüşə meyllidir. Bu cür hər kəsdən qaçan insanlar bu gün, əlbəttə ki, istəmirlər… Hafiz Hacıyev Azərbaycan siyasətində hal-hazırda son vaxtlar birinci, ikinci yeri tutan bir insandır. Bu partiya dinamik inkişaf edən, gündəlik iş başında olan bir partiyadır və hər halda bu cür münasibətə mən “siyasi qısqanclıq” deyirəm. Və istəməzdim ki, mənim dostlarım, siyasi opponentlərim bu dərəcədə “siyasi qısqanc” olsunlar. Hər halda mən öz sözümü demişəm və deyəcəm də… Onlar da narahat olmasınlar, mən prezident olanda mənə qarşı nə qədər qısqanc insanlar var, hamısını öz ətrafıma, öz komandama gətirəcəm. Onlar qəti narahat olmasınlar…

– Yeri gəlmişkən, Muradxan Hüseyn soruşur ki, nə vaxt biz Hafiz Hacıyevi ölkə başçısı kimi görəcəyik? Ölkə başçısı olarsa, ilk qərarı nə olar?

– Bilirsiniz ki, artıq prezident seçkilərinin bünövrəsi 2017-ci ildən qoyulur. 2018-ci il prezident seçkiləridir…

 

Hafiz Hacıyev Azərbaycanın prezidenti olacaq

– Yəni namizədliyinizi verəcəksiniz?

– Təbii… Buna heç söz yoxdur. Artıq apardığım bu təbliğt-təşviqat işləri də, partiyada apardığımız gündəlik işlər artıq prezident seçkilərinə hesablanmış addımdır. Hafiz Hacıyev Azərbaycanın prezidenti olacaq, buna heç kimin şübhəsi olmasın. Bunu mən tam səmimi deyirəm, cəsarətlə deyirəm. Özümün özümə olan inamımdan deyirəm və partiyamın gücünə bələd olaraq, arxayın olaraq deyirəm…

– Bundan əvvəl prezident seçkilərinə 3 dəfə qatılmısınız?

– Bəli, 3 dəfə qatılmışam.

– Seçicilərin neçə faiz səsini toplamısınız?

– Çox toplamışam və hər dəfə də öz səslərimi, prezident, qardaşım İlham Əliyevin xeyrinə vermişəm. Seçicilərimə də demişəm ki, vəziyyət belədir. Hər halda bu dəfə də qardaşım mənə güzəştə gedəcəkdir. Mən belə düşünürəm. Azərbaycanı mən idarə eləyəcəm və mənim qardaşımın olan düşmanlarının axırına da mən çıxacam. Hörmətli, bizə sual verən dostumuz narahat olmasın. Mən prezident olan dövrdə Azərbaycan xalqını bütün kommunal xərclərdən azad eləyəcəm. Azərbaycanı bu günə qoyan, talan edən indiki məmurların heç biri mənim əlimdən qaça bilməyəcək. Hara qaçsalar da çox yaxşı üsulla hamısını qaytarıb Azərbaycan gətizdirəcəm.

– Gətirdəndən sonra nə edəcəksiniz ki?

– Gətirdib, Azərbaycandan yığdıqları bütün varı-dövləti əllərindən alıb, bir fond yaradacağıq… Azərbaycan xalqının işığı da pulsuz olacaq, qazı da pulsuz olacaq. Hamısını kommunal xərclərdən azad edəcəyəm. Məsələn, mən hesablamışam ki, bugünkü məmur kontingentinin haradasa hər birinin 10 milyardlarla dollar pulu var. Hələ bunların xarici ölkələrdəki otelləri, villaları, əlavə saxladıqları xanımlara xərclədikləri vəsaitlər… hələ buna daxil deyil… Mənim apardığım hesablamalarda bunların harada nə qədər tikililəri var, onu çox gözəl bilirəm. Onların hamısını qaytarıb, Azərbaycanda bir sosial fond yaradacağıq. O işıq, qaz pulu, …həmçinin Qarabağ torpaqlarının azad olunmasında şəhid olan qəhrəman oğullarımızın ailələri bu gün çox pis gündədirlər, onların hamısı çox yüksək səviyyədə həmin fonddan təmin olunacaqlar. Ona görə də Hafiz Hacıyevin prezidentliyi dövründə Azərbaycan xalqı yağ-bal içində yaşayacaqdır.

 

İlham Əliyevi kənarda qoymaq olmaz

– Orxan Səlimzadə soruşur ki, “Hafiz Hacıyev son prezident seçkiləri zamanı İlham Əliyevlə birlikdə koalisyon hökumət quracağını deyirdi. Seçki saxtalaşdırıldı və nəticə də bəllidir. Sualım belədir: İlham Əliyevin özü Hafiz Hacıyevə koalisyon hökumət qurmaq təklifini etsə, razılaşarmı? Yoxsa, Hafiz Hacıyev iqtidara tək gəlməkdə qərarlıdır? Təşəkkürlər…”

– Mən prezident seçiləndən sonra təklif edəcəm ki, bugünkü ölkə prezidenti kənarda qalmasın. Baş nazir, ya da indiki Konstitusiya dəyişikliklərindən sonra birinci vitse-prezident təyin olunsun. Bilirsinizmi, İlham Əliyevi kənarda qoymaq olmaz. Onun böyük potensialı var. Düzdür, biz müxalifət bəzən həqiqətləri deməkdən çəkinirik. Niyə çəkinirik? Bax, bizi bu günə qoyan da odur. Yaxşıya yaxşı deməliyik, pisə də pis… İlhm Əliyevin bu qədər potensialı olduğu halda, xariclə bu qədər böyük imkanları olduğu halda bunu kənara qoymağa dəyərmi? Qətiyyən dəyməz. İlham Əliyev gənc kadrdır, gənc dövlət başçısıdır. Əlbəttə ki, mən prezident seçilən andan sonra onu böyük səlahiyyətlərlə baş nazir qoya bilərəm. Təyin edə bilərəm, təklif edə bilərəm… və əl-ələ verib, işləyə bilərik… Siyasətdə düşmən yoxdur, siyasətdə maraq var. Siyasətdə xalqın marağı var, dövlətin marağı var. Biz əgər İlham Əliyevi kənarda qoysaq… Bizim bəzi dırnaqarası siyasətçilərimiz elə düşünürlər ki, tək başına hakimiyyətə gəlib,  hakimiyyəti tək idarə edə biləcəklər… O kadr potensialı bu gün heç bir partiyada yoxdur. Bunu danmağa dəyməz. Bugünkü hakimiyyətin tərkibində də ciddi fiqurlar var. Xalqını sevən insanlar var. Kadr məsələsində onlardan da istifadə etmək lazımdır. Hər halda mənim qardaşım İlham Əliyev əgər ölkə daxilində bu gün yaranmış kataklizmlərdən və xarici dövlətlərin Azərbaycana olan basqılarından bir balaca kənara çəkilər, hakimiyyət məndə olar. Onsuz da mən seçiləcəm. Mən bütün bu proseslərin hamısını tənzimləyəcəm. Ölkəni iqtisadi böhrandan çıxararam.  Ölkənin bugünkü bütün iqtisadi problemlərini…

– Deyirsiniz ki, mən hakimiyyətə gəlim, vəziyyəti düzəldim, sonra da İlham Əliyev hakimiyyətə qayıtsın?

– Nə olar? 5 ildən sonra hakimiyyətə yenə qayıtsın.

– Putin-Medvedyev kimi?..

– Nə olar, çox gözəl olar. Nə problem var ki? Niyə biz qonşu dövlətdən öyrənməyək? Putindən bu məsələləri öyrənməyək? Bilirsinizmi, bunun üçün də etibarlı adam lazımdır.

– Niyə hesab edirsiniz ki, başqaları etibarsızdır?

– Bu bir tarixdir. Bilirsiniz ki, mən Elçibəy hakimiyyəti dövründə nazir olmuşam. O komandada ən çox hörmət etdiyim adam Pənah Hüseynovdur. O zaman baş nazir işləyib. Bacarıqlı bir adamdır. Mən onu təmiz bir adam kimi tanıyıram. Pənah bəylə eyni komandada işləmişik. Ona görə də hesab edirəm ki, Pənah Hüseynov da bizim komanda da işləyə bilər. Və digərləri də işləyə bilər – məsələn,  Sülhəddin Əkbər milli təhlükəsizlik sahəsində çox cəsarətli bir insandır, çox qabiliyyətli bir adamdır.

– Yəni deyirsiniz ki, indiki müxalifətlə də…

– Bəli, əlbəttə ki, indiki müxalifətdən də dəvət etmək olar.

 

Sülhəddin Əkbəri, Pənah Hüseyni, Qubad İbadoğlunu…

– Öz komandanızda kimləri görürsünüz?

– Sülhəddin Əkbəri milli təhlükəsizlikdə görürəm. Özü də birmənalı şəkildə. Ona görə ki, millətini sevən, milli qüruru olan, əsl türk olan bir insandır. Məsələn, bəzi sahələr var ki, Pənah bəyi kənarda qoymaq olmaz. Bu gün Qubad İbadoğlu kimi bir iqtisadçını kənarda qoymağın özü Azərbaycan iqtisadiyyatı üçün bir xəyanətdir. Mən indiki prezidentə də təklif edirəm ki, əgər bugünkü bu “Qocalar Evi”ndən canını qurtara bilsə, iqtisadiyyat sahəsində Qubad İbadoğlundan, Əli Məsimlidən istifadə eləsin. Məsələn, Vahid Əhmədovdan istifadə eləmək lazımdır. Bilirsinizmi, nətəridir? Biz bu bacarıqsız komandadan geri çəkilməliyik.

– Hafiz bəy, Ülfət Ədalətoğlu da bir sual verir: ““Qocalar Evi” deyir, amma özünu də orada görmək istəyir… Axı Hafiz Hcıyevin də yaşı o məqamdadır.” Rail  Məmmədov yazır: “Hafiz bəyin qardaşı nəyə görə bu “Qocalar Evi”ndən imtina etmir?”

– Hafiz Hacıyevin hələ o yaşı yoxdur. Hafiz Hacıyevin yaşı hələ 60-ı keçməyib. Hafiz Hacıyev kifayət qədər bu xalq üçün başını ağartmış adamdır. Mənim saçımın ağlığına baxıb, yaşımı bu qədər də çox görməsinlər. Hafiz Hacıyev Elçibəy hakimiyyətindən sonra bütün həyatını bu xalqa həsr eləyib, iki dəfə də müxalifətdə olduğum və haqq-ədalət uğrunda çalışdığım üçün həbs olunmuşam və siyasi məhbus olmuşam. Hafiz Hacıyevin bu gün hələ 55-56 yaşı var və o qədər də çox yaşı yoxdur ki, pensiyaya getsin. Mən hələ pensiyaya hazırlaşmıram. Mən prezident seçiləndən sonra hər halda indiki “Qocalar Evi”ndə olan, başları kiflənmişlər kimi, huşları itənlər kimi, katibələrinin dayağı ilə kresloda oturanlar kimi olmayacam… Belə olsa biz gedə bilərik, çünki biz bunu görmüşük. Məsələn, mən nazir işlədiyim dönəmdə Azərbycanda ilk və son dəfə balıqçılıq sənayesi elə bir həddə çatdı ki, dünya miqyasında birinci yerə çıxdı. Dünya bazarına 55 min ton qara kürü çıxardıq.

 

Ayaz Mütəllibov çox demokrat bir adam idi

– Elçibəyin hakimiyyəti dövründə ən varlı nazirlik idi…

– Ən varlı… Açığı sizə deyim ki, həmin dövrdə – bunu bizim o vaxtkı baş nazirdən də soruşa bilərsiniz, bu gün özünü mənə opponent hesab edən, o vaxtkı dövlət katibi Əli Kərimlidən də soruşa bilərsiniz – biz öz gücümüzü, öz bacarığımızı ortaya qoyduq. 55 ton qara kürünü dünya bazarına çıxardıq. O cümlədən Türkiyə Cümhuriyyətinə 650 ton nərə balığı verdik və oradan da bizə külli miqdarda dollar daxil oldu. O vaxt Azərbaycanın dövlət büdcəsinin haradasa 20-30 faizi bu məhsullardan gələn pullar hesabına təşkil olundu.

– Hafiz bəy, siz kimin kadrı idiniz? Əbülfəz Elçibəy komandasında sizin təklifinizi kim irəli sürüb?

– Həmin ərəfədə mən işləyirdim. Ayaz Mütəllibovun hakimiyyəti dövründə mən uzun müddət komsomolun ikinci katibi, sonralar birinci katibi işləmişəm. Uzun müddət böyük vəzifələrdə işləmişəm. Məsələn, Ayaz Mütəllibovun hakimiyyəti dönəmində uzun illər balıqçılıq sənayesində işləmişəm. Açığını deyim ki, Ayaz Mütəllibov çox demokrat bir adam idi. Onu indi kimlər nə cür adlandırır, opponentlərimiz çox cılız hisslərə qapılaraq xoşagəlməz sözlər deyirlər, amma mən sizə açığını deyim ki, Ayaz Mütəllibovun dövründə istənilən müxalif qüvvələr, o cümlədən də bizlər onunla danışıqlara gedirdik və müəyyən məsələləri görə bilirdik. Mən Ayaz Mütəllibovun vaxtında işləmişəm. Ondan əvvəl rəhmətlik Heydər Əliyevin dönəmində komsomolda katib işləmişəm. Hətta Kamran Bağırovun zamanında işləmişəm. İndikilər kimi ayaqyalın deyiləm, kiminsə xahişi ilə gəlib nazir olmamışam. Mən hər şeyə həyatımda mərhələ-mərhələ gəlib çatmışam. Mən 14 il balıq sənayesində işləmişəm. Özüm də indiki alimlər kimi 5-10 min manat verib elmlər doktoru adını almamışam. Düzdür, mənə də belə təkliflər etdilər. Mən bu gün elə adamlar tanıyıram ki, o təklifləri qəbul etdilər və bu gün də elmlər doktoru adını aldılar.

– Kimdirlər onlar?

– Mən ad çəkmək istəmirəm. Onların kim olduqlarını bütün Azərbaycan xalqı bilir. Sizin “Qayanar Qazan”da da müsahibə götürdüyünüz müəyyən insanlar var ki, o insanların adını çəkiblər. Amma mən sadəcə olaraq SSRİ dövründə Leninqradda, indiki Sank-Peterburq şəhərində elmlər namizədliyi dissertasiyamı müdafiə eləmişəm.

 

Bu da bir xoşbəxtlikdir ki, mənə “Balıq Hafiz” deyirlər…

 

– Balıqçılıq üzrə?

– Balıqçılıq üzrə elmlər namizədliyi dissertasiyasını eləmişəm. Ona görə də Hafiz Hacıyevə bəzən “Balıq Hafiz” də deyirlər. Amma mən buna görə heç də təəccüblənmirəm. Bu da bir xoşbəxtlikdir ki, quldur demirlər, nə də oğru demirlər. Ona görə də…

– Ona görə də “Balıq Hafiz” deyəndə əsəbiləşmirsiniz?

– Qətiyyən, qətiyyən…  Bu, bizim ixtisasımızdır. Bizə quldur demirlər ki… Bizə oğru demirlər ki… Mən fəxr edirəm ki, öz sahəmdə çox böyük irəliləyiş əldə eləmişəm və milli dövlətin ilk illərində Azərbaycan xalqının, Azərbaycan dövlətinin büdcəsinə milyardlar, milyonlar gətirmişəm. Bununla fəxr edirəm. Demirlər ki, Hafiz Hacıyev o vaxt rüşvət, quldurluq üstündə tutuldu? Bizi sadəcə Sürət Hüseynovun tələb etdiyi pulu ödəyə bilmədiyimiz üçün həbs elədilər.  H.Əliyev rəhmətlik olmasaydı, bəlkə də bizi güllələyərdilər. Düzdür, bizim bəzi opponentlərimiz, müxalifətdə olan, bizim komandamızdan olanlar çox belə pafosla danışırlar, amma H.Əliyev rəhmətlik həmin adamlara iki dəfə parlamentdə yer verdi, onların rəhbərlik etdiyi partiyalara onları inkişaf etdirmək üçün müəyyən xidmətləri oldu. Elə ki, o əlini çəkdi, bunlar oldular ən qatı ana müxalifət, ən qatı dədə müxalifət. Düzdür, elə mən də bu müxalifətin içindəyəm. Amma H.Əliyev rəhmətliyin vaxtında bunların hamısı qiymətləndirilmişdi…

 

Sürət Hüseynov məndən 600 min dollar pul tələb elədi

 

– Sürət Hüseynov sizdən pul tələb eləmişdi?

– Bəli. Həmin ərəfədə  – bir vaxt tapıb ondan da müsahibə götürəndə soruşun ki, Hafiz Hacıyev sizin haqqınızda belə deyir – Sürət Hüseynov məndən 600 min dollar pul tələb elədi. Bizim elə imkanımız yox idi. Biz hökuməti yeni qururduq. Bəli, biz də bəziləri kimi oğru olsaydıq, bəziləri kimi xarici banklarda pulumuz olsaydı, əlbəttə ki, Sürət Hüseynovun “ağzını yummağa” bizim də imkanımız olardı. Pulu verərdik, heç türmələrə də getməzdik. Bu, yaxın tarixdir, biz bunu keçmişik. Görmüşük, görə-görə də gəlirik. İndi deyirsiniz ki, Elçibəyin kadrı… Həmin dövrdə mən nazir işləyirdim. Sabir Rüstəmxanlı ilə məni Ayaz Mütəllibov eyni dövrdə nazir təyin etmişdi. Sabir Rüstəmxanlı mətbuat naziri idi, mən isə “Azərbalıqsənaye”nin naziri təyin olundum. Bu mənada mən Ayaz Mütəllibova minnətdaram. Ona görə ki, o, bizim əməyimizi qiymətləndirdi və biz baxmayaraq ki, ona qarşı oppozisiyada idik, müxalifətdə idik, o, bizimlə koalisyon bir birlik yaradırdı. Bunu da qiymətləndirmək lazımdır. Dəyərləndirmək lazımdır. Qoy, millət bilsin, yaxşını yaxşı kimi tanısın, pisi pis kimi…

– Hafiz bəy, siz Ayaz Mütəllibovla indi görüşürsünüzmü?

– Bəli, görüşmüşəm, görüşürəm də…

– İndi?

– Bəli, ola bilər ya bu gün, ya da sabah görüşüm. O, mənim prezidentim olub. Bilirsinizmi, nətəridir? Mənə xırda bir yaxşılıq eləyən adamın mən yaxşılığını itirən deyiləm. Onda adamın bütün yaxşılıqlar burnundan gələr.

– Hafiz bəy, maraqlı suallar çoxdur və yeri gəldikcə o sualları da verəcəm. Amma o mərhələyə gəldik deyə soruşuram. Bir ölkənin əsas nazirlərindən, Əbülfəz Elçibəy hakimiyyətinin əsas, strateji nazirlərindən biri olmusunuz. Ölkədə pul yoxdur, yalnız sizdə daha çox var və birdən Elçibəy hakimiyyətdən gedəndən sonra siz uzun müddət bu hökumətin, demək olar ki, öz komandadaşlarınızla çox ciddi müxalifətdə olursunuz, onlarla çox böyük qalmaqallarda olursunuz, irəli-geri sözlər sərf olunur. Niyə belə oldu?

– Əvəz bəy,  səmimi danışaq da…

 

Əbülfəz Elçibəyə yaltaqlandığıma görə, 5 il vermişdilər…

 

– Bəli…

– Qoy sizin bu “Qayar Qazan”ın tamaşaçıları çoxdur, onlar da dəqiq bilsinlər. Mən Bayıl türməsində yatıb-çıxandan sonra – axı bu hakimiyyətə görə mən ora gedib düşmüşdüm, çoxu indiyədək türmə üzü görməyib, amma bu gün az qala demək istəyir ki, ana müxalifətin anası, dədəsi mənəm  – gəlmişəm… O vaxt Allah Heydər Əliyevə rəhmət eləsin, məni buraxdırıb, Lalə Şövkət də o vaxt dövlət katibi idi.

– Siz əfvlə azadlığa çıxmısınız?

– Yox, mənə verilən cəzanın yarı hissəsini yatdım – mənə 5 il həbs cəzası kəsmişdilər. Əbülfəz Elçibəyə yaltaqlandığıma görə… Məhkəmənin qərarı belədir. Həmin qərar bu gün də məndə durur.

– Elçibəyə yaltaqlanmaq üçün cəza verirdilər?

– Elə bir cəza maddəsi var. CM-nin 167-ci maddəsinin ikinci bəndi, “vəzifəsindən sui istifadə etdiyinə görə…” Guya mən vəzifəmdən sui-istifadə etmişəm və Əbülfəz Elçibəyə yaltaqlanmışam. Turqut Özalın yaxın qohumu Əhməd Yurddaşa “Urfa bazar şirkəti”nə guya 650 ton qara kürünü Türkiyəyə, Amerikaya satdığımızdan 10 dollar ucuz satmışam. Yəni bilmişəm ki, bu Əhməd Yurddaş Elçibəyin yaxın adamıdır, mən prezidentə yaltaqlanmışam. Prezidentə yaltaqlanarlar da… Prezidentə gedib kəllə-zad atası deyildik ki… Onda 5 il mənə həbs cəzası verildi. Lalə Şövkət də o vaxt dövlət katibi idi. Heç rəhmətlik Heydər Əliyev də istəməzdi ki, mən tutulam. Surət Hüseynovun tələbi qarşısında buna yol verildi. Ovaxtkı baş prokuror, hörmətli Əli Ömərov da bunu təsdiq edə bilər. İndi bütün bunların üstü açılır. Mən Əli müəllimə çox minnətdaram ki, heç olmasa bütün həqiqətləri dedi. O, həqiqəti deyən, düz adamdır…

 

Türmədən birbaşa Müsavatın qərargahına qəldim

 

– Yəni bunu sizə Əli Ömərov deyib?

– Hə, o, düz adamdır. Mənim haqqımda olan fikirlər də mətbuatda getdi. Söhbət nədən gedir? Mən türmədən çıxıb gəlmişəm. Gəlmişəm Müsavat partiyasının qərargahına – ovaxtkı Dzerjinski adına klubda yerləşirdi. Şahidlərim də var – Sülhəddin Əkbər, İbrahim İbrahimli. Bayıl türməsindən birbaşa ora gəlib bunlarla görüşmüşəm. Evimdə də bilmirdilər ki, məni buraxıblar.  Onda üstümdə də pul olmayıb ki, 88 saylı avtobusa minəm.

– Həbsdən çıxan kimi birbaşa partiyaya gəlmisiniz?

– Hə, həbsdən birbaşa Müsavat partiyasının qərargahına gəlmişəm. Orada Çingiz Qənizadə ilə, Sülhəddin Əkbərlə, İbrahim İbrahimli ilə görüşmüşəm. O vaxt Qəmbərov İsanın qapısının ağzında 3-4 qız otururdu. Qızlardan birinə demişəm ki, “İsa bəyə deyin ki, Hafiz bəy türmədən çıxıb bura gəlib, onunla görüşmək istəyirəm.” Mənə nə desə yaxşıdır? “Deyin ya gözləsin, ya da sonra gələr…” Mənim də cibimdə pul yoxdur ki, heç olmasa 88 nömrəli avtobusa 10 qəpik verib çıxıb gedəm… Onda Sülhəddin bəyin, İbrahim bəyin də yanında qayıdıb özüm-özümə söyünc elədim. Açığını deyirəm. Dedim, “əgər mən Qəmbərov İsanın axırına çıxmasam, nakişiyəm…” Axırına da çıxdım. Axı mən sənin yanına gəlmişəm. Yanında da heç kim yox idi. Sonra bildim ki, içəridə multfilmə baxır. Ondan sonra mən nə eləməliyəm, Əvəz bəy, nə eləməliyəm? Və yaxud da ikinci… Siz deyirsiniz belədir… Türmədən çıxandan sonra getmişəm Kələkiyə. Şahidlərim də var… Arzu bəy də bilir, Oktay bəy də – hamısı şahiddirlər. Rəhmətlik Elçibəyin yanına getmişəm. Çox çətinliklə getmişəm. Novella Cəfəroğlu da bunu bilir. Digər adamlar da bunu bilir. Çox çətinliklə Naxçıvanın ovaxtkı baş prokuroru çox məxfi şəkildə məni aeroportdan keçirib. Qoymayıb ki, orada ikinci dəfə tutulam. Getdim 10 gün rəhmətliyin yanında qaldım. Müəyyən məsələlərlə bağlı danışmışıq. Bəy deyib ki, səni AXCP-də sədr müavini təyin edirəm, mənim müavinim ol. Gəlmişəm Cəbhəyə və Əli bəyə demişəm ki, Bəy belə göstəriş verib. Əli bəy mənə nə desə yaxşıdır? “Gəl, komxozun müdiri ol…”

 

Əbülfəz bəy məni AXC sədrinin müavini təyin etdi

– Komxoz?..

– Yəni təsərrüfat işlərinə baxan sahə. İndi sən təsəvvür elə… Mən bundan sonra neyləməliyəm? Bu incəlikləri ilk dəfədir ki, sizin “Qaynar Qazan”a açıb deyirəm. Ondan sonra mən bunlardan aralandım və Elçibəy Xalq Hərəkatını yaratdım. Bu hərəkat genişlənəndən sonra Müasir Müsavat partiyasını yaratdım. Gördüm ki, artıq partiyanın ideologiyasına xələl vururlar…

– Mən yanlış xatırlamıramsa, o zaman “Xural”a vertdiyiniz müsahibədə demişdiniz ki, Müasir Müsavat partiyasını yaratmağı da Əbülfəz Elçibəy sizə vəsiyyət etmişdi… Bu xəbəri də Tənzilə Rüstəmxanlı sizə çatdırmışdı.

– Bəli, bəli, bəli, bəli. Bilirsinizmi, Əbülfəz bəy bilirdi. Bilirdi ki, bütün komanda ona xəyanət elədi. Onun hakimiyyətdən getməsində – açıq deyək, gəlin səmimi danışaq – bir nömrəli səbəbkar Qəmbərov İsa oldu. Yəni bizim hakimiyyətimizin devrilməsində səbəbkar o oldu. Niyə? Nəyə lazım idi, Xalq Cəbhəsi var idi də… Müsavat partiyasını yaratmağa nə ehtiyac var idi? Həmin ərəfədə ikihakimiyyətlilik yarandı. Siz təsəvvür edin. Mən nazir idim və gedirdim Prezident Aparatına, İsa bəy deyirdi ki, “sən ora getmə, Əli bəyin yanına getmə…” Dövlət katibidir, çağırıbsa, mən onun yanına getməliyəm. Və yaxud da deyirdi ki, “Pənah bəyin yanına getmə”.  Biz nazirlərə o deyirdi ki, ora getmə, bu deyirdi ki, bura getmə. Nə oldu? İkihakimiyyətlilik yarandı, Əbülfəz Elçibəyin hakimiyyəti devrildi. Elçibəy rəhmətlik dəfələrlə bunu bizə deyirdi. Rəhmətlik mənə deyirdi ki, “Hafiz, bu cür vəziyyət yaranıb…” Mənim təcrübəm var idi. Mən parta arxasından gəlməmişdim. Mən kifayət qədər təcrübəsi olan bir insan idim və o təcrübə də mənim köməyimə gəldi. Azərbaycan xalqına kifayət qədər böyük xidmətlərim oldu. Siz təsəvvür edin ki, ondan sonra bizim hakimiyyət dağıldı. Əbülfəz Elçibəy rəhmətlik mənə məsləhət gördü ki, artıq bunlar müsavatçılıq ideyasından kənara çıxırlar. Sonralar o komandadan çıxan Vurğun bəy də bunu dedi. Bunu Sülhəddin bəy də dedi. Digərləri, Qabil Hüseyn də bunu dedi. Ondan sonra biz Müasir Müsavat partiyasının təşkilat komitəsini yaratdıq. Qurultayımız da o vaxt “İnturist” otelində keçirildi. Qeydiyyatdan da keçdik və bu partiya 3 dəfə özünün namidəliyini prezident seçkilərində irəli sürdü. Bu elə-belə məsələ deyil. Azərbaycanda mən 3 dəfə prezidentliyə namizəd olmuşam. Prezident olmaq istəmişəm. Çünki öz gücümə bələdəm. Xalqıma çörək verim, Azərbaycan dövlətinə rəhbərlik eləyim. İndi nə olar, bu gün mən deyiləm, mənim qardaşımdır. Bunun bir fərqi yoxdur. Mən burada bir fərq görmürəm.  Amma bizim o məsləkdaşlarımız, əqidədaşlarımız bizə xəyanət elədi. Mən Əbülfəz Elçibəyə qarşı xəyanəti görəndən sonra özüm-özümə nifrət elədim ki, “niyə mən 55 ton qara kürünü gətirib bu hakimiyyətdə olanlara verdim?” Mən onu dövlətə verdim, yəni işlədim verdim. Amma onlar bizim qədrimizi bilmədilər. Mən istəmirəm, indi köhnə palan içi tökəm. Sizin verdiyiniz suallar müqabilində biz də bunu cavablandırdıq. Xalq açıq bilməlidir ki, bizə xəyanət edənlər kimlər olub? Öz daxilimizdən olub və bu gün də həmin o xəyanətkarlıq davam edir. Bu xəyanət millətə qarşı yenə də davam edir. Və mən Hafiz Hacıyev olaraq, M.Ə.Rəsulzadənin və Ə.Elçibəy ideyalarının daşıyıcısı kimi imkan vermərəm ki, mənim dövlətçiliyimə haradasa xəyanət olsun. İndi hanı ovaxtkı adamlar? Yoxdurlar. Buna görə də Əvəz bəy, mən həqiqəti deyirəm, həqiqət də bu gün heç kimin xoşuna gəlmir. Sözün düzünü demək heç kimin xoşuna gəlmir. İnsanların nöqsanlarını demək heç kimin xoşuna gəlmir. Bunlar üçün ya gərək yaltaq olasan, ya da axşamadək kimin üçünsə dələduzluq eləməlisən, o da xasiyyətimizə, bizim mentalitetimizə uyğun gəlməyən bir məsələdir.

– Ceyhun Mirzənin bir sualı var: “M.Ə.Rəsulzadənin elmi-siyasi düşüncələri ilə tanışdırmı? Onun əsərlərini oxuyubmu? Onun milli təsanüdçülük fikrinə münasibəti necədir?”

– Sual verən şəxs də bilməlidir ki, Hafiz Hacıyev elmlər namizədidir və kifayət qədər də… Ömrünün haradasa 30 ilini siyasətə sərf edibsə, Hafiz Hacıyev rəhmətlik M.Ə.Rəsulzadənin kitablarını vərəq-vərəq oxuyub və Ə.Elçibəyin yanında böyümüş bir insan hər halda bunların hamısının yollarını keçib. Rəhmətlik M.Ə.Rəsulzadənin ideyaları bu gün də davam edir – o üçrəngli bayraq və digər məsələlər. Yaxşı olardı, həmin adam soruşsun ki, sən də Qəmbərov İsa kimi rəhmətlik M.Ə.Rəsulzadənin ideyaları ilə siyasi alver eləmirsən ki? Bu sual daha yaxşı ola bilərdi… Bütün partiya sədrlərinin otaqlarına gedin, baxın. Nə Əbülfəz Elçibəyin, nə o birilərin, bu birilərin… Bilirsinizmi, bunlar həmişə onlara yad baxıb. Onların adından bir vasitə kimi istifadə ediblər. Bu, tarixdir, bunu mən demirəm. Hakimiyyətdən getdiyimiz son illərin acıları, onun açdığımız səhifələri… Rəhmətlik Əbülfəz Elçibəyin dəfələrlə deməsi ki, “ayağınızı yerə döyürsünüz… Niyə ayağınızı yerə döyürsünüz?” O vaxt Xalq Cəbhəsinin “Azadlıq” prospektində, indiki Hesablama Palatasının binasında olan yerində nə vəziyyətə salırdılar… Həmin adamlardır da… Bunlar nə böyük yeri qandılar, nə də kiçik yeri qandılar… Ona görə də Allah-Təala bunları pis günə qoyub, pis günə də qoyacaqdır. İnsan gərək böyüyünə qarşı naşükür olmasın, böyüyünə qarşı hörmətsizlik eləməsin. Amma bizim insanlar belədir. Ona görə də mən həmişə rəhmətlik M.Ə.Rəsulzadənin, Elçibəy rəhmətliyin qədrini hər zaman bilmişəm. Bu gün də onların o ideyalarına, hər birinin fikirlərinə hörmətlə yanaşıram və onların dövlətçiliyimizə verdiyi vəsiyyətlərdir… Elçibəy rəhmətlik deyirdi ki, “kimliyindən asılı olmayaraq, elə eləməliyik ki, dövlətçiliyimiz əlimizdən getməsin…” Biz buna riayət eləməliyik. İndi prezident İlham Əliyevdir, sabah Hafiz Hacıyev olacaq, o biri gün Əvəz bəy olacaq, bunun fərqi yoxdur. Millət millətdir. Biz dövlətçiliyimizi qoruyub saxlamalıyıq. O dövlətçiliyimizi qoruyub saxlaya bilsək, belə deyək, axıra qədər davam etdirə bilsək, Azərbaycan dövləti axıradək yaşayacaqdır. M.Ə.Rəsulzadənin ideyaları da bundan ibarət idi. O nə deyirdi? Demirdi ki, gələnə qara yaxın, dövlətçiliyə daxildən zərbə vurun, ermənilərin, xaricdə yaşayan erməni mənşəli ingilislərin tapşırıqları ilə Azərbaycan dövlətçiliyinə zərbə vurun. O, bunu demirdi. O, ölən gününə qədər “dövlət, dövlət” dedi.

 

Elçibəyin təyyarəsinin qanadlarını Fərəc Quliyev deşmişdi…

 

– Ceyhun Mirzəlinin bir sualı da var: “2010-cu ildə daha bir iddia ilə çıxış etmişdi. Demişdi ki, Fərəc Quliyev Elçibəyi aldadıb, Naxçıvanda təyyarənin qanadını deşdirib ki, Elçibəy Bakıya dönə bilməsin. Fərəc Quliyevin bunu etməkdə məqsədi nə idi? ”

– Bilirsinizmi, nətəridir? Əgər istəyirlər ki, Azərbaycanda bütün sağlam müxalif qüvvələr birləşsin, köhnə palan içi tökməyə də ehtiyac görmürəm. Bəli, həmin ərəfədə – bunu mən demirəm, bu gün mənim Fərəc bəyə də böyük hörmətim var, əlaqəmiz də var. Danışırıq da… Mən Fərəc bəyin müsahibəsini oxudum. Mənim dediklərimi o da təsdiqləyir ki, həqiqətən bu hakimiyyətə imkan vermirlər. Amma o dövrdə həqiqətən də bu hadisə baş vermişdi. Məsələn, rəhmətlik Ə.Elçibəyi Naxçıvana aparan təyyarənin birdən-birə qanadını deşmişdilər. Təyyarə qalxıb Bakıya gələ bilmədi. Oradakı cəbhəçilər və digərləri bunu belə izah elədilər, rəhmətlik Ə.Elçibəyin özü də dedi ki, “mənim samolyotumu geri qayıtmamaqdan ötəri elə vəziyyətə saldılar”. Onu da Fərəc bəydən görürdülər.

– Yəni Əbülfəz bəyin özü də?

– Rəhmətlik Ə.Elçibəyin özü də bunu Fərəc bəydən görürdü. Bu, gizli deyil. Ə.Elçibəyin köməkçisi Oktay da orada olub. Orada digər yoldaşlar da var idi. Orada bəyin böyük qardaşı Almurad bəy də var idi. Arzu bəy də orada var idi. Düzdür, Arzu bəyin özünü heç vaxt Bəy qəbul eləmirdi, deyirdi, “sən satqının birisən, bilmirəm, nə üzlə bura gəlirsən…”

– Arzu Səmədbəyli?

– Bəli, bəli…

– Arzuya niyə elə deyirdi ki?

– Bilmirəm. Bəyin heç bir vaxt xoşuna gəlmirdi. Deyirdi, “sən hara işləyirsən, hələ mənə bəlli deyil…” Bunu açıq demək lazımdır. Gizlətmək lazım deyil. Qoy xalq bilsin bunları. Arzu ilə biz qohumuq. Bunu da mən sizə deyim. Elə bir ədavətimiz-zadımız da yoxdur. Əmisi qızı mənim qardaşımın yoldaşıdır. Yəni Arzu haqqında Ə.Elçibəyin ağzından çıxan sözləri mən deyirəm. Bu, faktdır. Bu faktlar tarixdə yazılacaqdır. İndi mənim hər halda bunu yazmağa vaxtım yoxdur. İndi bəzi kitab yazan Aparat rəhbərlərindən fərqli olaraq, bunları yazmağa bizim vaxtımız yoxdur. Biz partiya işi ilə məşğul oluruq. Ya bu işlə məşğul olmalıyıq, ya da kitab yazmalıyıq. Yəni bu hamısı olan faktlardır. İndi hər halda Ceyhun Mirzəli bu sualı verirsə, deməli, onun özü də bu işləri yaxşı bilir. Fərəc bəy də 8-9 il türmədə qaldı. O vaxtlar belə bir fikir də var idi ki, rəhmətlik H.Əliyevi yerdən qranatamyotla vurmağa çalışıb. Buna görə həbs olunmuşdu.

– Fərəc bəy?

– Fərəc bəy, bəli. Ceyhun bəyin dediklərində həqiqət var. Hər halda Fərəc bəyi tanıyırlar.Tanımasalar da, adresini deyə bilərik – Nərimanov ərazisində yerləşir. Bunu gedib onun özündən də soruşa bilərlər. Soruşa bilərlər ki, “niyə belə elədiniz?” Həmin axşam Ə.Elçibəyə heç bir təhlükə yox idi ki, “səni gəlib buradan atacaqlar, öldürəcəklər”, – belə bir şey yox idi… Prezidenti aldadıb, deyib ki, “səni burada qalsan öldürəcəklər, buradan tez qaçmalısan”, – fikrinə də inandırmaq lazım deyildi.

 

Elçibəyin Kələkiyə gedişini Fərəc Quliyev təşkil etdi

– Deyirsiniz ki, Əbülfəz Elçibəyin Bakıdan Kələkiyə getməsini də Fərəc Quliyev təşkil eləyib?

– Bu, faktdır. Bunu cəbhəçilər də gözəl bilir. Bu gün Ə.Elçibəyin partiyasına rəhbərlik eləyən yoldaşlar da gözəl bilirlər. Bunların hamısı bəllidir, bəlli məsələlərdir. Gəlin çox palan içi tökməyək də. Bilirsiniz ki, Hafiz Hacıyev böyük bir məlumat bankıdır. Hər şeyi mən çox gözəl bilirəm. İstəmirəm bu məsələlərin üstünə gedim. Mən istərdim ki, bundan sonra belə hadisələr təkrar olunmasın.

– İnşallah. Amma bu deyilənlərin qarşılığında Fərəc Quliyev də danışsa, maraqlı olar… Əslində, mən də onun danışmağını çox istəyirəm.

– Mənim ona böyük hörmətim var. Bu gün də onunla danışırıq. Sizdən sonra bir də onunla danışacam. Sizin verdiyiniz sualı ona da deyəcəm ki, mən belə demişəm. Çünki o vaxt da bunu mənə filankəs deyib… Qoy, məndən inciməsin. Bilirsinizmi, nətəridir? Mən reallığı deyirəm.

– Təbii ki… Mübarizə hər səviyyədə aparılsın,  amma etik normalar da hər zaman qorunsun…

– Etik normalar da hər zaman qorunmalıdır…

– Yeri gəlmişkən, ailə söhbətləri eləmisiniz o zaman. Onun üçün bir narahatçılığınız, peşimançılığınız varmı ki, gərək bu söhbətləri etməyəydik?

– Nə söhbətlər?

– Ailə məsələləri ilə bağlı.

– Yox, mən nə demişəm ki? Bir dəfə mən demişəm ki…

– Deməyək nə demisiniz. Sadəcə, seçkilər vaxtı belə söhbətlər etmişdiniz.

– Orada bir qəbahətli iş də yoxdur. Bilirsinizmi, bəzən… Bəli, mən bir dəfə demişəm ki, filankəsin yoldaşı Türkiyədə küçədə qalası deyildi ki… Burada etikadan kənar nə iş var ki? Hörmət eləyib demişəm…

– Hər halda məncə o haqda heç nə demək olmaz.

– Yaxşı, onda deyək ki, qoy küçədə qalsın. Bu da düzgün deyil axı. Əgər mən səni tanıyıram, sən məni tanıyırsansa bir-birimizə hörmət eləməliyik də… Burada nə problem var ki? İndi onların qarnı düz deyil, özləri xofludur, indi buna Hafiz Hacıyev neyləsin ki? Yəni bu məsələlərin də hamısı deyilməlidir.

– Nurlan Mirəli soruşur: “Qohumu Bəxtiyar Hacıyevə münasibəti. Danışırlarmı?” Bəxtiyar Hacıyev də “Qaynar Qazan”a müsahibəsində demişdi ki, siz əmioğlu deyilsiniz…

 

I hissənin sonu

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button