“Qaynar Qazan”da Hafiz Hacıyev (II hissə): “Gəlin, Kəmaləddin Heydərovu baş nazir qoyaq”

Heydər Əsədov prezidenti aldadır, bu adam kartoşka ilə soğanı tanımır

 

Pulları “qara baza”a ötürən də Samir Şərifovdur

 

Hafiz Hacıyevlə müsahibə istəyi əməlli-başlı qalmaqala səbəb oldu. Onun “Qaynar Qazan”da müsahibə elanını yayan kimi səbəbini anlamadığım, əslində isə yaxşı anladığım bir “stəkanda fırtına” başladı(ldı). Haqqı olan-olmayan, ərki çatan-çatmayan, mətbuat qaydalarını bilən-bilməyən çox adam üstümə gəlməyə çalışdı. Maraqlı və heyrətləndiyim bir situasiya ilə qarşılaşdım. Bundan mənə qarşı ciddi-ciddi istifadə cəhdləri hiss etdim və gözləmədiyim dostlardan gözləmədiyim reaksiyalar aldım və bu reaksiyalar məni üzdü.

Hiss edirəm, bilirəm ki, “Qaynar Qazan”ın nüfuzu və cəmiyyətdə qazandığı hörmət böyükdür. Ona görə də Oxucular və tamaşaçılar burada normal və səviyyəli söhbətlər eşitmək istəyirlər. O baxımdan, mümkündür ki, bəzi narahatçılıqlar yaşansın. Amma sorğu keçirilibsə və nəticələrə görə, Hafiz Hacıyev ikinci yerdədirsə, üstəgəl, birinci yerdə olan Lalə Şövkət ayaqlarını qaldırıb dağın başına qoyubsa, hakimiyyətlə gizlin sövdələşməyə gedəndən sonra mətbuat qarşısına çıxmırsa, ayrıca, üçüncü yerdə prezident İlham Əliyevdirsə və ona təbii ki, əlimiz çatıb-ünümüz yetmirsə, niyə Hafiz Hacıyevi dəvət etməməliyik ki? Onu da nəzərə almaq lazımdır ki, Hafiz Hacıyevin demək olar ki, danışmadığı, müsahibə vermədiyi qəzet-sayt-internet televiziyası yoxdur və ciddi tirajla da oxunur, baxılır. Maraqlıdır ki, mənə – “Qaynar Qazan”a ciddi-ciddi irad yazan dostlarımızdan birinin həmin qəzet-sayt-internet televiziyasına bir dəfə də olsun iradına rast gəlməmişəm. Hələ vətəndaş cəmiyyətinin bəzi önəmli simalarının mənə tuşlanan iradlarında ümumiyyətlə, bu adamdan müsahibə götürməmək və Oxucuların hər dediyinə riayət etməmək tövsiyəsini də oxuyanda, əllərim yerdən-göydən üzüldü. Deməli, rejim istədiyinə təxminən nail olub. Bizim hamımızın daxilimizdə iri bir senzura əyləşdirə bilib və bu gizli senzor istədiyi kimi cövlan edə bilir.

Hər bir halda mətbuat tərəf tutmadan hamını dinləyə bilməli, hamının danışmasına şərait yaradılmalıdır. “Qaynar Qazan” belə bir tribunadır. Orada hər kəs, amma sözü olan hər kəs danışmalıdır. Belə bir situasiyanı elə Hafiz Hacıyevdən əvvəl Eynulla Fətullayevdə də yaşadım. Ona da çox ciddi irad-tənqid-təhqirlər oldu. Orası doğrudur ki, Eynulla Fətullayevdən sonra Hafiz Hacıyevin gəlməsi və dalbadal iki radikal söz qalmaqalı ilə yaddaşlarda qalan adamın “Qaynar Qazan”da danışması, ola bilsin ki, olmaya bilərdi. Heç olmasa, aralarında 2-3 qonaq keçməli idi bəlkə. Amma heç bir halda, özünü çoxbilmiş hesab edən adamlar bu olaydan istifadə edib məni qınağa tuş etməməli, ən azından buna cəhd etməməli idilər. Elə bil, maşallah, hamı balta əlində dayanıb gözləyir, himə bənddirlər ki, yıxıldığını zənn edib, başına endirsinlər. Hələ sapı, taxtası, dəmiri – sözü özümüzdən olanlar da olursa, adam lap yıxılır.

Hafiz Hacıyev çətin müsahibdir. Qalmaqallıdır. Olmadıq söyüşlər söyür bəzən. Söyüb də. Siyasətdə ağıza almayacaq həqarətlər yağdırıb həmkarlarına. Maraqlıdır ki, mən ondan indi yox, aylardır “Qaynar Qazan”a gəlməyi xahiş edirəm və eynilə Zahid Oruc, Siyavuş Novruzov, Ayaz Mütəllibov, Etibar Məmmədov kimi o da uzada-uzada müsahibədən yayınıb. Hiss etmişəm ki, Hafiz Hacıyev risk etmir “Qaynar Qazan”a gəlməyə. Amma son zamanlar açıqca hiss olunur ki, Hafiz Hacıyev xüsusilə müxalifətdəki həmkarlarına münasibətini xeyli dəyişib. Onu Pənah Hüseynlə, Sülhəddin Əkbərlə və digər müxalifətçilərlə tez-tez müzakirələrdə görmək mümkündür. İstər Əli Kərimli olsun, istər İsa Qəmbər – onlara da mesajlar göndərir və xalqın mənafeyi naminə birləşmək təklifi hamıdan çox ondan gəlir. Hafiz Hacıyev hamıdan çox mitinq tələb edir və açıqca bəyan edir ki, martdan mitinqlərə başlayacaq. Bunlardan daha önəmli bir məsələ var. Bu gün hakimiyyətin məmurlarının üzərinə onun qədər gedən, həmin harın məmurları və onların harın övladlarını onun qədər tənqid edən ikinci bir siyasətçi yoxdur. Yalnız Heydər Əliyevin vaxtında xalqın ürəyindən tikan çıxaran sərt sözlər deyilirdi harın məmurlara. Heydər Əliyev xalqın hirsini-hikkəsini o məmurları aşağılamaqla çıxara bilirdi. İlham Əliyev belə deyil və o, məmurlarını hər zaman qoruyur. Bircə Hafiz Hacıyevdir ki, məhdud sayda olsa da, həmin məmurların gününü qara edir. Bir az da kəndsayağı məmurlara dediyi sözlər və ittihamlar reytinqlər qırır, baxılır, yayılır. Niyə? Necə olur ki, bu sözləri Hafiz Hacıyev deyə bilir və ona kimsə heç nə etmir, edə bilmir?

Buna səbəb onun qardaşım dediyi İlham Əliyev xaric, hər kəsin üzərinə amansızlıqla getməsidir. Hafiz Hacıyevin sirri də deyəsən buradadır – o, məhdud sayda məmurlar haqqında ən amansız tənqid atəşi başlayır və o məmur vəzifəsindən gedənə qədər yaylım atəşini dayandırmır. Zaman-zaman Heydər Babayev, İsmət Abbasov haqqında danışıb və onlar vəzifələrini itiriblər. Bu da cəmiyyətdə belə bir rəy yaradır ki, elə Hafiz Hacıyev qardaşım dediyi İlham Əliyevin sözlərini deyir. Bəlkə də əsas var bu cür düşünməyə. Axı, necə ola bilər ki, iki yazıya görə adama şərləyib 12 il iş verən bu harın məmurlar ölkəsində Hafiz Hacıyevin dediklərini beləcə udurlar? Deməli, bir səbəbi var. Deməli, “qardaş” məsələsinin bir hikməti var. Yoxsa Hafiz Hacıyevi həmin o məmurlar korpusu elə günə salar ki, bir də baxarıq, o adda adam yoxdur.

Hafiz Hacıyev beləcə, “Qaynar Qazan”ın qonağıdır və o, ən sərt, ironiya dolu suallara belə cavab verdi. Təmkinlə, səbrlə, dözümlə. Əsəbiləşmədi. Hansı suallardan xoşunun gəlmədiyini də sezdirmədi. Ya normal qəbul elədi bir çox şeyi, ya da bəzən suallardakı ironiyanı başa düşmədiyini göstərmək istədi. Hətta bəzən ironiyanı mən xatırlatdım ona. Amma Hafiz Hacıyev öz ampluasında idi. Azərbaycan və onun gələcəyi haqqında danışırdı.

“Qaynar Qazan”ın 33-cü qonağı Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevdir… Buyurun…

Əvəz Zeynallı

II hissə

 

I hissəni buradan oxuya bilərsiniz: https://www.xural.com/qaynar-qazanda-hafiz-haciyev-i-hiss%C9%99-elcib%C9%99yin-t%C9%99yyar%C9%99sini-f%C9%99r%C9%99c-quliyev-desdirdi-video/

(“Qaynar Qazan”da Hafiz Hacıyev (I hissə): “Elçibəyin təyyarəsini Fərəc Quliyev deşdirdi”-VİDEO)

Bəxtiyar müəyyən qrupların fitnə-fəsadına getdi…

– Nurlan Mirəli soruşur: “Qohumu Bəxtiyar Hacıyevə münasibəti. Danışırlarmı?” Bəxtiyar Hacıyev də “Qaynar Qazan”a müsahibəsində demişdi ki, siz əmioğlu deyilsiniz…

– Bilirsinizmi, necədir? Nurlan bəy haqlı sual verir. Bəxtiyar Hacıyev mənim atamın doğmaca əmisioğludur. Doğmaca da… Əmisinin oğlunun oğludur…

– Əmisi nəvəsi…

– Əmisi nəvəsidir. Hər halda bizə əmizadə düşür də, elə deyilmi? Bəxtiyar Hacıyev Harvard universitetini bitirəndən sonra mən onu partiyaya çağırdım. Dedim, “əgər siyasətlə məşğul olmaq istəyirsənsə, gəl, bizdə xarici məsələlər üzrə partiya sədrinin müavini ol. Sənə yaxşı pul da verə bilərik. Gəl işlə…” Bilirsinizmi, nətəridir? Bəxtiyar getdi müəyyən qrupların fitnə-fəsadına… Düzdür, mən Bəxtiyarı danışdırmıram. Bəxtiyar kiçik məsələdir, heç onun adını çəkmək də mənim üçün yeri deyil. Uşaqdır, o nə qanır… O, Hafiz Hacıyevin səviyyəsinə gəlməkdən ötəri Harvard universiteti deyil, istər lap Trampın yanında bizneslə məşğul olsun, o qədər əhəmiyyət kəsb eləmir. Hafiz Hacıyev nə dedi ki? Dedi, müəyyən adamların dudkasına getmə. Tutuldu, zorla xahiş elədik, içəridən buraxdırdıq. Bilirsiniz, insan əqidəsini…

– Sizmi buraxdırdınız?

– Mənim də xahişim oldu.

– Daha çox Klintonun rolu oldu…

– Yox, mənim də xahişim oldu. Sağ olsun, ölkə prezidentini. Prezident humanistlik elədi. Hillari Klinton Bəxtiyar buraxılandan sonra bura gəldi. Bilirsiniz, nətəridir? Gərək, prezidentin elədiklərinin də üstündən xətt çəkməyəsən…

– Həmin gün gəldi, səhv etmirəmsə…

– Yox, səhvdir… Ondan çox-çox qabaq…

– Yox… Təbii ki, son qərar prezidentindir…

– Çoxlarını prezidentdən xahiş ediblər, prezident heç onları buraxmayıb. Bu da var… Bu gün də, məsələn…

– İlqar Məmmədov…

– İlqar Məmmədovdur, digərləridir… Avropa Şurasının qərarları var. Prezident heç onları buraxmır… Söhbət nədən gedir… Belə deyək, qədirbilməzlik çıxır da ortaya… Bəxtiyar Hacıyev Harvard universitetini bitirib deyə, o demək deyil ki, o hər şeyi əla bilir. Uşaqdır, hələ o bilmir ki, ölkədə hansı proseslər gedir. Yeraltı sular harada axır, harada durulur… Elə Amerikadan zəng vurub dedilər ki, keçin o biri tərəfə, siz də çıxın küçələrə, bu o demək deyil ki…

– Amma niyə, Bəxtiyar Hacıyev savadlı oğlandır.

– Mən demirəm ki, savadsızdır. Elə o savadına görə mən dedim ki, sən gəl o savadını müəyyən yerlərdə işlət. Lap köməklik edək, Xarici İşlər Nazirliyində işlə, istər böyük yerlərdə, böyük müəssisələrdə işlə…

 

Hanı özlərini bu millətin dədələri, anaları hesab edən insanlar?

 

– Niyə qəbul eləmədi sizi?

– Bilirsinizmi, nətəridir? Beynini o qədər doldurmuşdular ki… Bu gün bizim ideoloji baxımdan mübarizə apardığımız qüvvələr elə bilirlər ki, elə bu gün hakimiyyətə gələcəklər. Hələ oturublar… Bunların beynini elə yemişdilər. İnsanların beynini belə yeyirlər – nə qədər insanlar bədbəxt oldu, nə qədər insan bu qədər türmələrdə çürüyür… Gənclərimizin əksəriyyəti qaçıb xaricə, ora-bura… Bilirsən, insanları düzgün yola dəvət eləmək lazımdır. Söhbət ondan gedir… Mən həmişə onu düzgün yola dəvət eləmişəm – bir-iki dəfə özünə demişəm… Sonra da açığı sizə deyim ki, ikinci dəfə ona söz deməyi heç özümə layiq bilmirəm. Bu gün heç danışdırmıram da… Açığı deyim, danışdırmıram… amma ölkə prezidentinin də elədiklərini yaddan çıxarmaq lazım deyil. O yaxşılığı itirmək lazım deyil. Yoxsa, onun beynini yeyirlər ki, biz gələcəyik hakimiyyətə, sən də olacaqsan Xarici İşlər naziri… Bu, düzgün deyil… Nə oldu bəs? Nə oldu? 20 ildir Azərbaycan xalqının gəncliyini aldadıb, küçələrə tökməyə ehtiyac yox idi. Zaman var… O zaman gərək gəlsin yetişsin. Zamanı tutmaq lazımdır. Onları öyrədənlər axşamacan prezidentin yanında idilər, gizlicə… Gizli müxalifətçilik edirdilər. Bilirsiniz, mənə çox şeyi açdırmasınlar, tökdürməsinlər. Getsinlər, siyasi mübarizələrini aparsınlar. Ona görə mən onların xoşuna gəlmirəm. Əvəz bəy, bilirsiniz, nətəridir? Mən bildiyimi deyirəm, gizlətmirəm. Bu da onların xoşuna gəlmir. Haradadılar bu gün? Necə olublar? Hanı özlərini bu millətin dədələri, anaları hesab edən insanlar? Harada qalıblar, bu millətin ağır günündə bir dəfə də olsun yanına gedib, deyirlərmi ki, təmkinli ol, səbrli ol, darıxma, düzələcək? Birinin işıq puluna kömək eləsinlər, birinin qaz puluna kömək eləsinlər. Nətəri olur ki, özləri Çində marketlər şəbəkəsi yarada bilirlər, amma özlərinin yanındakıları ac saxlayırlar? Baxın, mən bunun pisiyəm…

– Məmurlar məsələsinə gələcəyik…

– Məmurlardan söhbət getmir… Bu gün Azərbaycanda sənə və mənə özünü müxalifət adlandıran, müxalif fikir adlandıran, müxalifətin başında duranlardan söhbət gedir.

– Yəni deyirsiniz ki, müxalifətçilərin də o miqyasda biznes sahələri var?

– Bu gün Çində böyük marketlər şəbəkəsinin başında kimlər dayanır?

– Amma ay Hafiz bəy, belə deyək, sizin qardaşınız da Azərbaycanda müxalifətə elə imkan vermir axı… Yəni müxalifətin normal fəaliyyət göstərməsi üçün hər hansı bir sfera yoxdur. Sizin özünüzdə belə imkan varmı? Siz də Azərbaycan müxalifətinin bir hissəsisiniz? Hətta həmişə deyirsiniz ki, sizə qarşı təzyiq var, hədə-qorxu var… Deyirsiniz ki, “məni öldürməklə hədələyirlər…”

– Məsələn, məni öldürməklə hədələyənlər kimlərdir? Mən haqqında həqiqəti dediklərimdir. Mən deyirəm ki, məsələn, bu gün Heydər Əsədov prezidenti aldadır… Gizlətmirəm ki? Kənd Təsərrüfatı Nazirlindən bunun xəbəri yoxdur. Bu adam kartoşka ilə soğanı tanımır. Mən bunu deyirəm. Bunların da pulları çoxdur. Mən də açıq deyirəm ki, bu nazirin qızının əri Ziya Məmmədovun oğlu Anar Məmmədov anti İlham Əliyev koalisiyasında Avropada prezidentin əleyhinə təbliğat aparır.

– Bir sual var, bəlkə onu da oxuyum. Bu sual da Ziya Məmmədovla bağlıdır…

– İcazə verin, bunu deyim, elə gəlib ora çıxır…

 

Ziya Məmmədovgil Trampın seçkilərinə 30 milyon dollar yardım ediblər

 

– Buyurun…

– Mən bunun pisiyəm. Faktı mən bilirəm. Anar Məmmədov gedir Avropada, Amerika senatına, Konqresdə deyir ki, mənim atamdan yaxşı prezident ola bilməz. Gəlin, kömək edin, mənim atam gəlsin. Axı mən də Amerikada olmuşam. Mənim də böyük imkanlarım var. Mənə də bunu xəbər verirlər. İndi mən sual verirəm özüm-özümə və yaxud da sizin tamaşaçılara: Necə ola bilər ki, prezidentin əleyhinə işləyən adamın həm dədəsi nazir olur, həm də qayınatası nazir olur? Bu, çox porodoksaldır. Axı bunlar bilirlər ki, bu faktın üstü açılıbdır. Məsələn, yadınıza gəlirsə, bu günlərdə Trampın prezident seçkilərindən sonra həmin o məmurların övladı Anar Trampın şəklini qoydu və yazdı ki, “mən də inauqurasiyaya gedirəm…” İstədilər prezidentə siyasi təzyiq göstərsinlər. Ziya Məmmədovun özü də dedi ki, “bu, bizim üçün yaxşıdır…” Məndə olan məlumata görə, Ziya Məmmədovgil Trampın seçkilərinə 30 milyon dollar yardım ediblər. İndi ortaya sual çıxır ki, “sən o 30 milyonu hardan alıbsan?” Mən bunu qardaşıma görə demirəm. Əgər bunun dədəsi, qayınatası bu gün nazirdirsə və bununla da qane olmurlarsa, Ziya Məmmədovu Azərbaycana prezident gətirmək istəyirlərsə və Ziya Məmmədovun bir ayağı Azərbaycan müxalifətində , belə deyək, Milli Şurada təmsil olunursa, bunu tək Hafiz Hacıyev yox, kim olur-olsun deməlidir. Rəhmətlik Elçibəy deyirdi, “bildiyini de, dövlətə nə ziyanı olacaqsa, qoy qabaqlayıcı tədbirlərlə qarşısı alınsın…”

– Arif Əliyev soruşur ki, “Ziya Məmmədovun müəyyən dairələrlə əlbir olaraq, ölkədə ictimai-siyasi sabitliyi pozmaqla bağlı bildiyim qədər Hafiz Hacıyevin əlində ciddi məlumatlar olub. Hafiz Hacıyev bu məlumatı Nazim İbrahimov vasitəsilə prezidentə çatdırmağa səy göstərib. Amma istəyinə nail ola bilməyib. Buna səbəb nə olub?”

– Yox, qətiyyən. Qoy Arif bəy bilsin ki, mənim əlimdə çox ciddi faktlar var idi. Mən o faktları əziz qardaşıma çox asanlıqla çatdırdım…

– Yəni Nazim İbrahimov vasitəsilə çatdırmağa səy göstərməmisiniz?

– Qətiyyən… Nazim müəllimə də çox böytük hörmətim var. Gənc kadrdır, dövlət komitəsinin sədridir. Kaş Azərbaycan hökumətinin daxilində Nazim İbrahimov kimi 2-3 millətini sevən, xalqına canı yanan olaydı… Onda belə olmazdı… Bəli, Ziya Məmmədov haqqında məndə olan faktlar çox güclü idi. Çox idi. Ziya Məmmədov həmişə deyirdi ki, mənim qazandığımın 5 faizi mənə qalmır. Və əlaltından prezidentə böyük təxribat edirdi…

 

Ziya Məmmədov haqqında faktları ölkə prezidentinə, əziz qardaşıma çatdırdım

 

– Bəs, qazandığı pullar hara gedir?

– Guya ki, bunun əlindən alırlar və s. Mən bunların hamısını ölkə prezidentinə, mənim əziz qardaşıma çatdırdım. Çatdırandan sonra da başına nələr gəldi, siz hamısını gördünüz… Bu gün də o əməllərindən əl çəkmir.

– Yəni deyirsiniz ki, Ziya Məmmədovun başına gətirilənlərin hamısı sizin o məlumatları prezidentə çatdırandan sonra olub?

– İndi mən demişəm. Faktlar təsdiq olunub…

– Burada maraqlı bir şey də var. Mehman Əlibəyli soruşur ki, “Məmurlarla bağlı dediklərini prezidentə deyə bilər? Prezidentlə görüşə heç cəhd edib? İlham Əliyevlə görüşübmü?”

– Mehman bəyə mən deyim ki, Azərbaycan əleyhinə olan bütün məlumatları mən prezidentə çatdırmağa imkanı olan bir insanam.

– Siz İlham Əliyevlə görüşürsünüzmü?

– Bu, bizim aramızda olan məsələlərdir. Biz bunu deyən deyilik ki, biz nə edirik? Biz görüşsək də demərik, görüşməsək də demərik. Hər halda Hafiz Hacıyev bir vaxtlar Azərbaycanda…

– Əgər qardaş deyirsinizsə, deməli, tez-tez görüşürsünüz?

– Əlbəttə… Biz indi bunu deyə bilmərik. Bu, sekretdir… Dövlət işidir… Əhəmiyyətli məsələlərdir.

– Niyə ki, görüşürsünüzsə, deyə bilərsiniz…

– Bircə şeyi Mehman bəy bilsin ki, o vaxtlar İqtisadi İnkişaf naziri olan Fərhad Əliyevlə bizim üzləşməmiz, onun dövlət başçısına xəyanəti və digər məsələlərdə mən bu dövləti qorumuşam. Bu gün də bu dövlətin qorunmasından ötəri canımı qoyuram. Ona görə də, mən öz fikrimi, öz bildiklərimi heç kimin vasitəsi olmadan birbaşa elə özünə çatdırmağa imkanım var. Narahat olmasınlar…

– Elvin Aslanov sual verir: “Hafiz Hacıyev sanki Azərbaycanın Jirinovskisidir”. Rail Məmmədov yazır: “Hafiz Hacıyevlə Jirinovskinin fərqi nədədir?” Jirinovski məsələsi də bir başqa məsələdir. Amma belə bir fikir var ki, “hökumətin özü deyə bilmədiyi sözü sizin dilinizlə deyir… Xitab olunan qisim isə daha çox hakimiyyətdaxili qruplara olur… Əksərən də bu hədəflər seçkilərdən sonra sıradan çıxarılır. Məsələn, Heydər Babayev, İsmət Abbasov, Eldar Mahmudov və s. Bunlar bir təsadüfdürmü?”

– Qətiyyən… Həyatda təsadüf olan heç bir şey yoxdur. Hər şey zərurətdən əmələ gəlir. Bu insanlar mənim qardaşıma xəyanət edirlər, biz necə dözə bilərik? Əvəz bəy, bilirsinizmi, nətəridir?

– Mən də müşahidə eləmişəm. Seçkilərdən əvvəl siz Heydər Babayevin üzərinə getdiniz, sonra Heydər Baayev vəzifəsindən çıxarıldı.

– Heydər Babayevin üzərinə mən necə getməyim? Heydər Babayev…

 

Amma Heydər Babayev demir ki…

– Bunu sizə kimsə deyir?

– Yox, demirlər mənə… Heydər Babayev ad günündə deyir ki, “mənə çörək verən, məni bu səviyyəyə çatdıran arvadımdır…” Amma Heydər Babayev demir ki, “Allah Heydər Əliyevə rəhmət eləsin, bu çörəyi mənə verən odur…”

– Mütləq eləmi demək lazımdır?

– Niyə də deməyəsən? Əgər sən mənə çörək vermisənsə, sənin qədrini niyə bilməməliyəm?

– Heydər Əliyev Heydər Babayevi xahiş edib Moskvadan gətizdirmişdi…

– Nə pislik elədi? Gətirdi, mülk yiyəsi oldu, milyard yiyəsi oldu, sonra da başladı xəyanət eləməyə… Bunu biz necə qəbul eləyək? Necə qəbul eləyək? Və yaxud da o biri… Məsələn, deyirsiniz ki, digər nazirlər… O biri nazirlər də… Prezidenti aldadırlar, gedib Londonda 300-400 milyona ev alırlar…

– Kim alır?

– Bunu Azərbaycanda bütün qüvvələr bilir. Mən də bunu deməyə borcluyam və deyirəm də…

 

Eldar Mahmudov əlindəki kasetləri ora-bura yayır…

 

– Siz bu məsələləri bilirsiniz, yaxından bilərsiniz də… Prezidenti necə aldada bilirlər?

– Biıirsinizmi, necədir? Prezident çox humanist bir adamdır. Bu gün bəzi qüvvələr az qalırlar ki, prezidenti qəddar bir adam kimi cəmiyyətə təqdim eləsinlər. Prezident çox humanist, demokrat bir adamdır. Neyləsin ki, prezidentin ətrafında onun informasiya daşıyıcıları onlara xeyir eləyən məlumatları verirlər. Prezident dəqiq hər şeyi biləndən sonra çox ağıllı və qəti qərar qəbul edir. Azərbaycan hökumətini bir il idarə edə bilmədik, Əvəz bəy. Bu gün hakimiyyətə iddialı olanlar Elçibəy hakimiyyəti dövründə bir il dözə bilmədilər. Qoymadılar. Bir-birimizi qırırdıq orada… Açığını deyim… 13 ildir bu adam burada dövləti idarə eləyir. Nə eləsin ki, bunun da ətrafında xəyanətkarlar var. Eldar Mahmudova çörək verdi, o da əlində olan kasetləri ora-bura yayır. Bəzən mən bunu deyirəm. Həmin kassetlərdən də bir neçəsi gəlib keçib müəyyən adamların əlinə… Ailə məsələləri var, o birisi var, bu birisi var… Hafiz Hacıyev heç bir şeyi təsadüfdən demir.

– Kimlərin ailə məsələləridir?

– Demiyəjəm mən o məsələləri… O adamların özləri bilirlər…

– Eldar Mahmudovu ona görə tuta bilmirlər?

– Yox, tutacaqlar, narahat olmasınlar. Düzdür, bu gün xalq arasında elə şayiələr yayırlar ki, guya Eldar Mahmudovu tutmağa prezidentin gücü çatmır. Prezidentin ona yaxşı gücü çatdı, döydü onu çıxartdı.

– Prezident Eldar Mahmudovu döydü?

– Onu hər halda zaman göstərər. Amma bütün bunların hamısını onun özü də çox gözəl bilir.  Eldar Mahmudov orada-burada şayiə yaymasın ki, ya da Eldar Mahmudovu müdafiə edənlər elə düşünməsinlər ki, Eldar Mahmudov çöldə qalacaq. Bizim hörmətli baş prokuror da dedi ki, materiallar toplanır, hər halda yaxın günlərdə qəti qərar qəbul olunacaq. Amma bunu da prezidentin zəifliyi kimi ictimaiyyətə təqdim eləmək düzgün deyil. Hər yerdə görürsünüz, deyirlər ki, prezidentin gücü çatmadı. Necə yəni gücü çatmadı, belə şey olar? Prezidentin gücü hər şeyə çatır. Prezident sadəcə hadisələrin axarını gözləyir – istintaq gedir. O istintaqda nələr ortaya çıxır, görürsünüz… Bu gün xalqı aşağılayan deputat Şahmərdan idi, nə idi, onun qardaşının qızı həbs edildi. Yəni zaman lazımdır hər şeyə… Amma burada bunu prezidentin zəifliyi kimi dəyərləndirmək də düzgün deyil. Bilirsən, obyektiv olmaq lazımdır ki, sənə baxan tamaşaçı görsün ki, sən həqiqətən də sözün düzünü deyirsən.

– İnsanları maraqlandıran bilirsinizmi nədir? Mən də bunu hiss edirəm, suallardan da bu hiss olunur. İnsanlar hamısı gözəl bilir ki, sizin məmurlar haqqında dediyiniz sözləri demək çox çətindir. Hər hansı bir sadə vətəndaş sizin məmurlar haqqında dediklərinizi təkrarlasa, onun dilini çəkib yerindən çıxararlar. Adamlar fikirləşirlər ki, necə olur, Hafiz Hacıyev bunu deyir, amma Hafiz Hacıyevə heç kim heç nə eləyə bilmir. Ona görə də elə bir rəy yaranır ki, bəlkə Hafiz Hacıyev də qardaşının dediklərini deyir?

– Qoy elə də başa düşsünlər. Amma Hafiz Hacıyev heç bir vaxt ədaləti yerdə qoymur. Hafiz Hacıyev o biri siyasətçilər kimi yatmır. Bütün günü partiya üzvləri, rayon təşkilatları ilə ciddi işləyirik. Ciddi faktlar toplayırıq. Bilirsinizmi, necədir? Elə məsələlər var ki, vaxtında qabaqlayıcı tədbir görməsən, ölkənin sütunları əldən gedə bilər. Hafiz Hacıyev nəyi səhv deyir ki? Belə götürəndə mən yerlipərəst deyiləm. Azərbaycanın da bütün bölgələrini özümə yaxın bilirəm. Amma Heydər Babayev də yerlimdir…

– Heydər Babayev də sizin yerlinizdir?

– Qərbi azərbaycanlıdır. Söhbət ondan getmir. Azərbaycanın hər yeri bizimdir. Biz eyni torpağın övladıyıq. Amma mən neyləməliyəm ki, Azərbaycan xalqının övladları ocağının başında bir kilo ət alıb qaynada bilmirsə, bunun səbəbkarı kimdir? Bilirsinizmi, nətəridir? Belə bir pis ideologiya formalaşıbdır – hər  şeyin günahını istəyirlər ki, birincinin üzərinə atsınlar. Qoy mənə sual verən yoldaşlar da fikirləşsinlər. Necə olur ki, bir nəfər durub demir ki, ölkənin baş naziri haradadır? O, bu sahəyə məsul olan şəxsdir. Və yaxud da bu gün bir nəfər demir ki, ölkənin bankının başında duran Samir Şərifovun üzünə durduğu Beynəlxalq Bankın sədri 8 milyard pul oğurlayıb aparıb. O adam, belə deyək, vaxtilə valyuta satan olub. İndi ölkənin milli valyutasının başına bu oyunu açır. Bunu Hafiz Hacıyev deməsin, Əvəz bəy deməsin, o birisilər deməsin, adını müxalifət qoyanlar gedib, onların cibinə girir, Hafiz Hacıyev isə 1 kilo Gədəbəy kartoşkası ilə gündə soyutma bişirib yesə, ona bəs eləyir. Və yaxud da iki yumurta… amma onlar kimi gündə 100 qapı döymürük biz… Bəzən mənim dediklərimi… Əzizlərim, qardaşlarım, ölkənin birinci şəxsi dövlətin atributudur. Siz hər şeyi onda görməyin. O deyir, nə eləməlidir ki, dediklərinin icrası layiqincə yerinə yetirilmir. Yerinə yetirməyəndə də Hafiz Hacıyev buynuzundan tutub, çırpır yerə…

 

Samir Şərifov hər an yalan danışır

– Dediklərinizlə bağlı bir sual var. Dilqəm Əhməd soruşur: “Banklar dollar satmır. Ölkədən kənarda yaşayanlara vətəndən pul gəlmir. Dollar satmayan bankların mövcudluğu haqqında nə düşünür? Mərkəzi Bankın sədri ilə zamanında eyni hökumətdə təmsil olunub. Onun haqqında nə düşünür?”  

– Dilqəm bəyə mən demək istəyirəm ki, bu gün Azərbaycanda valyuta ehtiyatları demək olar ki, tükənibdir. Yoxdur. Azərbaycanın Beynəlxalq Bankında neçə milyard xaricə çıxarılıb. Əgər Dilqəm bəy bunu bilmirsə, qoy indi bilsin. Yoxdur pul. Bu gün Azərbaycanın maliyyə strukturunun başında duran adam hər an yalan danışır. Söhbət Samir Şərifovdan gedir.

– Amma burada söhbət Elman Rüstəmovdan gedir…

– Elman Rüstəmov bizim hakimiyyətimiz dövründən işləyən bir adamdır. İndi bilirsən, nətəridir? Maliyyə sahəsinə baxan məmurların hamısı bir-birilərinin fikirlərini təkzib edir. Məsələn, Elman Rüstəmov deyir ki, mənlik bir şey yoxdur. Təzə nəsə maliyyə nəyisə yaranıb, onun da başında duran uşağın biridir də, bilirsiniz… Gədəbəydəndir. Nənəsi də bilirsiniz kimdir? Əmirxan kişinin nəvəsidir. O bilir ki, mən nəyi deyirəm. O kimdir…

– Ailəsinə toxunmayaq…

– Ailəsinə toxunmuram. Elə deyil. Burada söhbət ailə məsələlərindən getmir. Ailə həyat yoldaşıdır və s. Bu nəsildən söhbət gedir. Həmişə mən demişəm ki, əgər bizim də ailəmizdən kimsə erməni olsaydı, biz də vəzifədə olardıq. Deməli, bunun arxası hara gedir? Bircə şey deyirəm ki, Əmirxan kişinin nəvəsidir. Özü bilir. Bilir ki, Hafiz Hacıyev nə demək istəyir. O, bu millətə sadiq ola bilməz. Görürsünüz, ayrı heç nəyə qarışmıram. Bizi dinləyən tamaşaçılar, ağıllı adamlar hər halda biləcəklər ki, Hafiz Hacıyev nə demək istəyir. Məsələn, Elman Rüstəmov da deyir ki, bunlar mənə imkan vermir. Elman Rüstəmov nə eləsin? Elman Rüstəmov bankın, xəzinənin başında durandır, ona nə pul verirlərsə, orada qoruyub saxlayır. Amma gərək Maliyyə Nazirliyi… Beynəlxalq Bankda nə qədər proseslər gedib. Məhkəmədə ortaya çıxanları bütün xalq gördü. Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyev deyir ki, “mən kim idim axı, məın kredit vermirdim. Krediti verən bu idi.”

– Əslində, doğru demirmi?

– Bəli, düzünü deyir…

 

Hörmətli maliyyə naziri, hanı pullar?

 

– O zaman hanı pul?

– İndi bundan soruşmaq lazımdır ki, hörmətli maliyyə naziri, hanı pul? Hanı pullar? Ondan soruşulacaq, o zaman gəlib çatıb. Yaxın günlərdə ondan da soruşulacaq…

– Hafiz bəy, siz əgər bu gün Maliyyə naziri Samir Şərifovun üzərinə gedirsinizsə, deməli, onun da vəziyyəti çətindir…

– Samir Şərifov ölkəni bu günə salıb. Azərbaycan manatını öldürən budur da… Bunun başında bu durur. Gətirdi qoydu Beynəlxalq Banka sədr əvəzi, onun vasitəsilə “qara bazar”a dolları ötürüb, manatı öldürdü. Milli Təhlükəsizlik İdarəsi bir neçə araşdırma apardı, bir neçə adam tutuldu. Milli Bankın sədr əvəzi niyə vəzifəsindən kənarlaşdırıldı?..

– Yəni deyirsiniz ki, pulları “qara baza”a ötürən də Samir Şərifovdur?

– Bəli, bəli, bəli…

– Burada bir sual da var. Arif Əliyevin sualının birinci hissəsi var idi, verməsəm, deyəcəklər ki, niyə vermədiniz. “Hafiz Hacıyev Kəmaləddin Heydərovu rüşvətxor, korrupsioner hesab edirmi?”

– Qətiyyən. Bilirsinizmi, necədir? Gəlin hamısının üstündən xətt çəkməyək də… Kəmaləddin Heydərov mənim əmimoğlu deyil, dayımoğlu deyil…

 

Gəlin, Kəmaləddin Heydərovu baş nazir qoyaq

– Amma sizə yaxın adamdır… Sizin ona yaxın olduğunuzu deyirlər.

– Yox, qətiyyən. Mən ağıllı adamların hamısına yaxınam. Millətini sevən, xalqından ötrü işləyən adamlara yaxınam. Kəmaləddin Heydərov qurub yaradanlardan biridir. Yaradır, qurur… Gəlin, onun da üstündən xətt çəkməyək də… Mən bir dəfə – haradasa birinci devalvasiyada təklif irəli sürdüm ki, gəlin, Kəmaləddin Heydərovu baş nazir qoyaq. Xalqı bu vəziyyətdən çıxarsın…

– Çıxara bilərmi?

– Niyə eləmir? Sizin inandırım ki, mənə Prezident Aparatında bir basqılar oldu.

– Aparatda?

– Bəli, Aparatdan… “Tez verdiyin müsahibəni geri götür…” Mən gəldim, burada oturdum. Bir neçə sayt rəhbərləri ilə danışdım ki, görün imkan varmı, bunu yığışdırın… O vaxt səndən də xahiş elədim. Sən də yığışdırmadın.

– İndi yadıma düşdü. Bizə vermişdiniz o müsahibəni…

– Hə… Sən də yığışdırmadın. Ondan sonra apardılar, atdılar məni içəri…

– O müsahibəyə görə sizi tutdular?

– Bəli, o müsahibəyə görə məni tutdular. Mənim izahatlarımda da, istintaq dövründə onların hamısı yazılıb, tarixdir… Zaman gələr, açılar…

 

Mübariz Qurbanlı mənə dedi ki, bu müsahibəni yığışdır

 

– Axı, məni deyəsən, tutdular…

– Hər ikimizi tutdular da… Məni də tutdular, səni də tutdular… Gəldim, səndən də xahiş elədim ki, “Əvəz bəy, xahiş edirəm, bu müsahibəni buraxma…” İndi komitə sədridir Mübariz Qurbanlı… Mənə dedi ki, bu müsahibəni vermə, yığışdırtdır…

– Hə, anons vermişdim…

– Hə, anons vermişdin. Mən də gəldim, sizdən xahiş elədim, siz onu yığışdırmadınız…

– Hə, anons getmişdi.

– Hə, dediniz ki, “anons gedib, bu material getməlidir”. Gedəndən sonra nə oldu? Səni də tutdular, məni də tutdulr. Eybi yoxdur, biz bu həyatı belə yaşamış insanlarıq. Amma bu gün Kəmaləddin Heydərovun Azərbaycanda baş nazir olmasını qəbul etməyən, bəzi “aparatda olan işçilər” niyə qəbul eləmir? Olsa, daha yaxşı olardı… Bu gün manat bu günə düşməzdi. Kənd təsərrüfatı yaxşı inkişaf edərdi. Necə oldu ki, Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyini heç bir şeydən yaratdı. Bunun nəyi pisdir ki, Əvəz bəy? Belə məsələlərdə əgər biz hamının üstündən xətt çəksək, qaralasaq, mən sizə açıq deyim ki, bizim ölkədə nüfuzumuz olmaz. Onda bizə baxan tamaşaçı da inanmaz.

– Yəni deyirsiniz ki. Kəmaləddin Heydərov təmiz işləyir?

– Bəli, təmiz işləyir… Mən sizə açıq deyirəm. Kəmaləddin Heydərov haqqında məndə elə bir fakt yoxdur ki, mən onu sizə deyəm. Mən qorxaq deyiləm…

– Necə ola bilər ki, hökumətin Nazirlər Kabinetinin bir hissəsi tam rüşvətin içində olur, o biri hissəsi təmiz olur? Bu, necə olur?Ola bilər?

– Niyə ola bilmir ki? Niyə ola bimir ki? Özünün tamahını qoruyan, özünün gələcəyini düşünən…

– Kəmaləddin Heydərov kimi başqa kimlər var? Təmiz dediyiniz başqa kimlər var?

– Var, çox var…  Məsələn, Nazim İbrahimov. Bir vaxtlar da müxalifətlə işləyən adamdır. Bir zamanlar müxalifətə yardım edən, əl uzadan adam idi. İstəyirdi ki, müxalifətdə səhv yolda olan bəzi insanları yolundan qaytarsın. Təmiz işləyir. Nəyi var onun? Dövlət Komitəsində nə var? Heç bir şey yoxdur. Yəni çalışır ki, ölkədə milli barışıq olsun, sülh olsun. Ölkədə insanlar bir-birinin qanına susamasın. Bilirsiniz, Əvəz bəy, hara gedirik? Görün, nə qədər qisasçılıq var bu gün. Gəlib, deyirlər ki, filan nazirin özündən də qisas ala biməsək, oğlundan, nəvəsindən alacağıq. Hara gedir bu cəmiyyət? Biz azərbaycanlıyıq axı. Bizim ikinci bir vətənimiz yoxdur. Hakimiyyətin daxilində də ləyaqətli insanlar var. Bunların hamısının üstündən xətt çəkməyə də dəyməz. Məsələn, keçən ilin aprel döyüşlərində bizim Müdafiə nazirimiz nə qədər böyük işlər gördü. Zakir Həsənovun üstündən xətt çəkmək olarmı? Yox. Bu, Allahsızlıq olar, insafsızlıq olar. İşləyir, həyatını qoyur, canını qoyur. Ordumuz da bu gün güclənib. İndi nə vaxt komanda veriləcəksə, veriləcək. Qardaşım verəcəksə, onun vaxtında olacaq, mənim vaxtımda olacaqsa da, mən komanda verəcəm. İnşallah, Xankəndini də Azərbaycanın paytaxtı eləyəcəyik. İndi bütün bunların üstünə “pisdir, pisdir” deyib xətt çəkmək olmaz. İndi bütün pisləri deyirik. Məsələn, mən deyirəm ki, Abid Şərifovun orada oturmağı yersizdir.Yaşlaşıbdır, özünü idarə edə bilmir. Elçin Əfəndiyevin Allah atasına rəhmət eləsin, yaxşı, gözəl, adlı-sanlı insandır. Özü də gözəl insandır. Amma bu gün onların bu gücü yoxdur ki, rəhbərlik etdikləri qurumları idarə eləsinlər.

– Bəzi suallar var ki, bu mövzu ilə bağlıdır. Onları da oxuyum, hamısını bir yerdə əhatə edin.

– Buyurun…

 

Bu komandadan haqq-hesab soracağım adamlar çoxdur

– Hüseyn Tağıyev soruşur ki, “Onun kölgə kabinetində kimlərin adı var?” Xəyyam Rəvan soruşur ki, hakimiyyətə gələrsə, hakimiyyətdə olan hansı nazirlərlə işləyər? Ölkənin sonunu necə görür?”

– Mən sizə onu deyim ki, bu gün həmin komandanın adını açıqlamayacam. Açıqlayan kimi bizim hörmətli tamaşaçılarımız dərhal deyəcəklər ki, Hafiz Hacıyevin filankəslərlə əlaqəsi var. Görürsünüz ki, hələ heç bir əlaqəm olmadan, deyirlər ki, filankəslə əlaqəliyəm, behmənkəslə əlaqəliyəm. Bizim Azərbaycan xalqında bir balaca düzüb qoşmaq, onu buna calamaq məharəti var. Dərhal deyəcəklər ki, Hafiz Hacıyev dedi, deməli, Hafiz Hacıyevi öyrədən bunlardır. Görürsünüzmü, bu gün öz həyatımı risqə qoymuşam, öz təhlükəsizliyimdən keçmişəm, yaxşı günlərimdən keçmişəm, pis vəziyyətdə yaşayıram. Niyə? Millətimə görə… Hər bir məmurun nöqsanını üzünə deyirəm. Yaxşı, bu gün əgər mən desəm ki, Hafiz Hacıyevin komandasında – kölgə kabinetində filankəslər var, dərhal deyəcəklər ki, elə filankəslər öyrədib. Bəli, mənim bu komandada işləyəcəyim adamlar çoxdur, var. Onların hamısını yerdə qoymaq olmaz. Amma mənim bu komandadan haqq-hesab soracağım adamlar da çoxdur. Bunu da hörmətli Hüseyn bəy bilsin, Xəyyam bəy də bilsin ki, mənim bu komandanın içində haqq-hesab çürüdəcəyim insanlar, məmurlar və Vətənə, xalqa, prezidentə xəyanət edən insanlar çoxdur. Əlimdə kifayət qədər faktlar var, sağlıq olsun, mənim qardaşım İlham Əliyev onlarla haqq-hesab çəkə bilməsə, mən çəkəcəm. Axırıncı sual. Açığını deyim ki, ölkənin sonunu mən hələlik yaxşı görə bilmirəm. Əgər bu gedişatla, yaxın günlərdə, yaxın 1-2 ayda ciddi islahatlar başlamasa, mənasız söhbətdir. Bilirsiniz, kiməsə xoş gəlməkdən, yaltaqlanmaqdan ötrü nə qədər istəsəniz, demək olar ki, yaxşı olacaq. Yaxşı olmayacaq. Nə yaxşı olacaq? Yol xəritəsi tətbiq olunub, düzdürmü? Onun icrasına maneçilik törədirlər, tormozlayırlar məmurlar. Prezident təsdiqləyib verib. Milli Məclis də təsdiqləyib. Hökumət niyə addım atmır? Bax, budur məni narahat eləyən. Vaxt gedir, zaman gedir. Bu gün artıq yanvarın ortasıdır. Payıza götürüləsi taxılın bünövrəsi bu gündən qoyulmalıdır. Kartofun bünövrəsi bu gündən qoyulmalıdır. Ət, heyvandarlıq…

– Yaza hazırlıq…

– Bəli, yaza hazırlıq lazımdır. Gərək yazda əkəsən ki, payızda da biçəsən. Bu yoxdur. Və yaxud da ki, yeni sənaye müəssisələri hanı, var? Yoxdur. Yol xəritəsində göstərilən Azərbaycan iqtisadiyyatının inkişafını 2017-ci ildə qaldırmaqdan ötəri ilin əvvəlindən 10 gün keçib. Yəni Azərbaycan hakimiyyətinin daxilində bütün bu prosesləri tormozlayan məmurlar var. Bu məmurlarla mən haqq-hesabı çürütməliyəm.

– Vüqar Aslan soruşur: “Hafiz Hacıyevə görə ölkəni ən çox yeyb-talayan məmur hansıdır? Cavabı faktlarla əsaslandırsın, zəhmət olmasa…”

– Vüqar bəy çox gözəl bilir ki, Azərbaycanın sərvətlərini talayıb, aparıb, xaricdə nələr edirlər, nələr alıblar. Mən dedim, demişəm və bu gün də sözümün üstündə dururam. Mən bunları dəfələrlə demişəm. Bəlkə tamaşaçılara da xoş deyil ki, mən dəfələrlə onların adlarını hallandırmışam. Ziya Məmmədov 37 milyon dollara Londonda, ən bahalı yerdə oğluna ev alıb. 37 milyon elə-belə pul deyil. 37 milyon dollara…

– Hafiz bəy, prezidentin də oğluna Dubayda ev aldığı deyilir…

– Yalan söhbətdir. Bəlkə də yalan söhbətdir. Bilirsən, prezidentin… Bunu o vaxt dedilər. O faktı da kimlər verib. Onu da biz bilirik. O faktı kim verib, onu da bilirik. Düzdür, sonradan Xədicə xanımın araşdırmaları ortaya çıxdı, ofşor zonalar və s. Bunların hamısı bəllidir, faktları yayanlar bəllidir. Mənim əlimdə olan fakta görə deyə bilmərəm ki, prezidentin harada nəyi var, nəyi yoxdur. Bunu mən deyə bilmərəm. Mənim əlimdə fakt yoxdur. Məsələn, mənim əlimdə fakt var, şəklini çəkib, gətiriblər, onu deyə bilərəm.

– Yəni əlinizdə fakt olan haqda danışırsınız…

– Bəli, mənim əlimdə fakt var ki, İsmət Abbasovun oğlunun Londondakı evləri…

 

Xədicə İsmayıl türməyə düşəndə mən onu müdafiə elədim

 

– Amma Xədicə xanımın da əlində fakt var idi…

– Görünür, fakt var, deyir də… İndi mən gedib onun yerinə… Düzdür, Xədicə xanım türməyə düşəndə mən onu müdafiə elədim…

– Yeri gəlmişkən, siz siyasi məhbuslar məsələsini o vaxt ölkə rəhbərliyinin diqqətinə qədər aparıb çıxarmışdınız…

– Bəli, mən çatdırdım ki, bu, mənasız bir fikirdir. Xədicə xanımı tutmaq ölkənin beynəlxalq imicinə zərbə vurmaqdır. Bu hakimiyyətin daxilində olan bəzi qrupların məqsədi prezident İlham Əliyevi elə bil aparıb siyasi tora salmaqdır . Nə ehtiyac vardı ki? Xədicə xanım tutulur, Amerikanın – Senatın, Konqresin üzvlərini qaldırırlar ayağa… Və yaxud da Leyla xanımı tutmağın nə əhəmiyyəti var idi? Nə oldu? Nə dəyişdi?

– Rəsul Cəfərov, İntiqam Əliyev və s.

– Bəli, yəni bu adamları həbs etməklə bu hakimiyyət nə əldə etdi? Bunlar bilirsiniz kimlərdir? Bunlar hakimiyyətin daxilində o qüvvələrdir ki, Avropa dövlətlərində, Qərb dövlətlərində olan siyasi gücləri üz-üzə qoymağa çalışırlar. Mən bunları dedim, o vaxt…

– Ümumiyyətlə, siyasi məhbus məsələsinə gələk… Bir vaxtlar siz də siyasi məhbus olmusunuz…

– Bəli.

– Siyasi məhbuslar məsələsinə necə baxırsınız?

– Çox pis baxıram. Bilirsiniz necədir, Əvəz bəy, siz də, mən də türmədə olmuşuq. Ədalətsizcəsinə tutulmuşuq. Bir yazının, bir haqq sözü deməyimizin üstündə… Qərəzçilik eləməyə dəyməz…

– Yeri gəlmişkən, Tehran Abdullayev yazır ki, “ölkənin bu duruma düşməsinin səbəbkarı kimdir və siyasi məhbuslar haqqında nə deyə bilər?” Sarvan Hüseynov yazır ki, “ölkəmizdə siyasi məhbuslar varmı?” Mirfail Hadıyev soruşur ki, “ölkəmizdə siyasi məhbusların olmasını danmır ki?”

– Yox, qətiyyən…

– Yeri gəlmişkən, bu gün də Mehman Hüseynov həbs olunub (Müsahibə Mehman Hüseynovun həbs olunduğu gün götürülüb – Red.). İstərdim bu haqda da fikrinizi bildirəsiniz.

– Bilirsinizmi, Mehman gənc və cəsarətli oğlandır. Mehman nə iş görür ki? Gedir Səlim Müslümovun 5 mərtəbəli evini çəkir. Burada nə pis şey var ki? Səlim Müslümov 1750 manat maaşla Zeytunluqdakı o villanı nə ilə tikdirir? Niyə ondan soruşmurlar ki, “ay yoldaş nazir, sən bunu nə ilə tikirsən?”

– Əslində, Səlim Müslümov da bunu inkar eləmədi, dedi, “Mən fəxr edirəm, mənim çox yerdə də evlərim var…”

– Nə ilə? Əslində, bu məsələ ilə hüquq-mühafizə orqanları məşğul olmalıdırlar.

 

Səlim Müslümov rüşvətxordur

– Qanunla Səlim Müslümov həbs olunmalıdır, Mehman Hüseynov yox. Deyilmi?

– Mən elə sizin vasitənizlə hörmətli Zakir müəllim Qaralov – ona mənim böyük hörmətim var – və Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edirəm, həmin faktı araşdırmalı idilər və öyrənməli idilər ki, bu nazir ayda 1750 manat maaşla bu evi necə tikir? Ayda 1750 manat məvaciblə 5 mərtəbəli villa tikmək olarmı? Bu adam nə pis iş görüb? Çəkib və məsələ ictimailəşib. Deməli, nazir rüşvətxordur, bu adam pensionerlərin təqaüdlərinə göz tikir. Mən bunu deyirəm həmişə… Bu adam pensionerlə 50/50-yə iş görür. Aldığı pensiya 6 ay Səlim Müslümova gedir, 6 ay da pensionerin cibində qalır. Bu da saymamazlığın bir formasıdır. Nümayişkəranə şəkildə çıxıb deyir ki, “elə hamısını mənim adıma yazın…” Sənin adına yazılanlar var, narahat olma, hamısı var. Gələcəkdə bunların hamısının hesabı ondan soruşulacaqdır. Amma bilirsinizmi, nətəridir? Bir onu tutmağa nə ehtiyac var ki? Yoxdur. Yenə beynəlxalq təşkilatları üstümüzə qaldırmaqdır. Yenə beynəlxalq təşkilatları Azərbaycanın dövlət başçısının üzərinə qaldırmaq, prezidenti xaricdə olduğu səfərlərdə gözüqıpıq saxlamaqdır.

– Beynəlxalq qınaq gələcək?

– Bir şeyi sizə xatırladım, qoy tamaşaçılar da bilsinlər. Prezident Amerikada olanda Vaşinqtonda görüşlər keçirir, Barak Obama ilə, Con Kerri ilə və digər məsul şəxslərlə görüşlər keçirir. Həmin anda Azərbaycanda hakimiyyətdə olan insanlar bir neçə nəfəri həbs etdirirlər. İndi dövran da elədir ki, internetlə bütün məlumatları çatdırırlar. Prezident ayrı bir şey deyir, burada da ayrı bir şeyi deyirlər. Yəni bütün bunların hamısı da xəyanətdir. Xəyanət necə olur? Xəyanətin qaşı-gözü olmur ki, Əvəz bəy.

– Siz İlham Əliyevlə görüşlərinizdə, təmaslarınızda siyasi məhbuslar məsələsini ona deyibsinizmi?

– Bilirsinizmi, nətəridir? Əgər mən desəm ki, axşamacan prezidentin yanındayam, bu da yalan olar. Mən öz fikirlərimi ictimaiyyətə çatdırmağı da bacarıram, müəyyən faktları… Yersiz tutulmaların mən əleyhinəyəm. Bunu birmənalı şəkildə hamı bilməlidir. Məsələn, biz Leyla Yunusu tutduq, nə qazandıq? Buraxdıq, nə qazandıq? O, niyə tutulmalıydı ki?

– Daha da ziyan oldu.

– Daha da ziyan oldu. Xədicə İsmayıl nəyə görə tutulurdu, nəyə görə də buraxılırdı? Axı bu nə etdi? Əksinə, üzərimizə yeridilər, pis imic formalaşdı. Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi gündəmə gəldi.

– Haqlı olaraq… Nə ehtiyac var idi ki?

– Bilirsinizmi, nətəridir? Qoy canı çıxsın o məmur düzgün işləsin, aylıq 1750 manat qazancı ilə 5 mərtəbəli bina tikdirmək iddiasında olmasın, Mehman da gedib onun şəklini çəkib verməsin. Nazirdən soruşmaq lazımdır ki, sən o qədər pulu haradan alıbsan? Bax, bu məsələdə ədalətli olanda cəmiyyətdə gəlib hər şey öz yerini alır.

– Maraqlı bir şeydir ki, Mehman Hüseynov Kəmaləddin Heydərovun da villasının içini çəkib vermişdi.

– Vallah, baxmamışam… Düzdür, Qəbələdə elə bir şey var, amma o da məndə olan məlumata görə dövlətin xaricdən gələn qonaqların qəbulu üçün tikilmiş bir yerdir. Bu təcrübə bütün dövlətlərdə var. Məsələn, mən xaricdə çox olmuşam. Fransada da, Almaniyada da, Avstriyada da olmuşam…

– Hafiz bəy, bunların evində olmusunuz. Deyirlər, unitazları da qızıldandır?

– Yox, yalan deyirlər…

– Stəkanları, nəlbəkiləri…

– Yox, bu yalan söhbətdir. Şişirdirlər. Bunu da şişirdənlər öz övladlarıdır. Bunların övladlarının boyunlarını yerə soxum… Bunların övladları özlərini belə çox açıq şəkildə, biabırçı şəkildə aparırlar. Ona görə də qıcıq yaradırlar. Yoxdur, elə bir şey… İndi hansı ağılsız məmur tualetini qızıldan edər? Bunun nə mənası var? Mən bunu görməmişəm.

– Doğrudan mənası yoxdur…

– Doğrudan mənasızdır. Mənasız şeylərdir, mənasız şeylərin də dalına düşməyə dəyməz. Bəzən xırdaçılığa çox gedirik. Real məsələlər qalır qıraqda, xırdaçılığa gedirik ki, filankəsin evində filan şey var. Bu da düzgün deyil. Tramp dünyanın milyarderidir, indi də ABŞ-ın prezidenti oldu.

 

Millət də özünü qoyun yerinə qoymasın da…

 

– Bayaq sizə verdiyim sual yarımçıq qaldı. Sizi Jirinovski ilə sizi müqayisə edənlər də var, Trampla müqayisə edənlər də var.

– Bilirsinizmi, onu deyim ki, Jirinovski ilə mənim münasibətlərinm də var. Azərbaycanın əleyhinə danışanda, cəhd eləmişəm, onun aparatının rəhbəri ilə də danışmışam, onun özünə də fikirlərimi çatdırmışam. Jirinovski öz xalqını sevən insandır. Millətini sevən bir adamdır. Bunun nəyi pisdir ki? Bilirsiniz, mən millətimi sevdiyimə görə…

– Amma bizi də təhqir eləməsin də…

– Bizi nə vaxt təhqir etdi? Gəldi burada bizə nə qədər tərif dedi. Getdi Türkiyədə…

– Deməmişdi ki, “Heydər Əliyev dünyada ən zəngin adamdır, onun 9 milyon qoyunu var…”?

– Millət də özünü qoyun yerinə qoymasın da… Bu millət də özünün bir millət kimi qürurunu hiss elətdirsin də… Bəzən millət ondan ötrü canı yanana arxasını çevirir, başını kəsənin isə ayağının altında başını əyir. Hər şeyi biz siyasətçilərdə görürlər.

– Millət nə eləsin, Hafiz bəy? 200-ə qədər siyasi məhbus var. Hər gün yeni insanlar həbs olunur…

– Nə olar ki? Siyasi məhbusların sayı lap 500-1000 olsun. Azərbaycanın 9 milyonu da tutulası deyil ki…

– Deməli, millət də qoyun deyil…

 

II hissənin sonu

 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button