“Qaynar Qazan”da İqbal Ağazadə (II hissə): “İsa Qəmbərə dedim:“…bizi elə günə salacaqlar ki””

İqbal Ağazadə: “Xalqın “Azadlıq” meydanına gəlməsinin əleyhinə idim”

Bu dəfə İqbal Ağazadəni “Qaynar Qazan”a dəvət etdik. Onunla uzun zamandır söhbətləşmək düşüncəmiz vardı. Zatən “Qaynar Qazan”ın hazırkı siyahısında 100 nəfərə qədər ictimai-siyasi xadim, elm adamı, gənc var. Onların bəziləri ilə danışıqlar aparırıq, bəziləri aylardır “bu gün-sabah” gələcəklərini deyirlər, bəziləri “qazan”dan çıxa bilməyəcəklərini düşünüb, bizi yola verirlər. Ayaz Mütəllibov kimi adamlar isə həm söz verir, həm zaman istəyir, həm də zamanı gələndə yenidən zamana ehtiyac duyurlar.

Bu pərakəndəliyin, qarışıq həftələrin qovuşuğunda bu hadisələrdən kənarlaşdırılan bir adamla danışmaq daha cazibədar gəldi. Fərqli fikirlər olsa da, İqbal Ağazadə bu ölkənin ən işləyən partiya sədrlərindən biridir – biri olub. Zaman-zaman ətrafına çoxlu adam toplaşıb, vitrinində maraqlı simalar yığışıb, amma bunların hamısı da qırılma dönəmlərində uzaqlaşıb. Əsasən də, seçkilərdə baş verib bu qırılmalar. Prezident seçkiləri hər zaman İqbal Ağazadənin qorxulu röyası olub. Bir tərəfdən prezidenti hələ təsdiq olunmamış təbrik edib, o biri tərəfdən qızıldan qiymətli kadrları ilə vidalaşmalı olub. Ən ziddiyyətli addımlar və söyləntilər gəzib haqqında. Ən deyilməz sözlər deyilib qarasınca.

Biz “Qaynar Qazan”da onlardan bir qismini soruşa bildik. Elə şeylər oldu ki, ona özü də yanaşmadı və biz də dərinə getmədik. Məsələn, komandasının 2013-cü il prezident seçkilərində dağılması hadisəsini bizə bizim duyduğumuz kimi danışmadı. Məxsusən, Nəsimi Məmmədlinin partiyadan gedişinin üstündən es keçdi. Dərinə də getmədik, hiss etdim ki, danışmaq istəmir. Ya da MTH haqqında danışdıqlarında da o qədər səmimiyyət görmədim. Zaman-zaman mən İqbal Ağazadənin MTN-in bəzi səlahiyyətli adamları ilə tələbə yoldaşı olduğunu eşitmişdim. Məsələn, mərhum İlqar Əliyevlə dost olduğunu öz dilindən eşitmişdim. Amma indi İqbal bəy o adamı tanımadığını deyir, mən də dərinə getmirəm. Deyirsə, deməli, elədir.

Çox sərt suallar vardı İqbal Ağazadəyə. Əksəriyyətini verdim. İlk dəfə idi ki, onu bu qədər tutqun görürdüm. Cavabları çox korrekt idi. Güman ki, verilən və veriləcəyi ehtimal olunan suallara da yaxşı hazırlaşmışdı. Yəni İqbal Ağazadə “Qaynar Qazan”a xüsusi hazırlıq görmüşdü və bunun ən yaxşısı kritik suallara cavab verməmək kimi qətiləşmişdi özlüyündə.

Yadımdadır, bir dəfə Türkiyənin TQRT kanalının baş redaktoru Heydər Əliyevlə canlı yayında müsahibə götürürdü və müsahibənin şirin yerində “Sayın Cümhurbaşqanı, KQB agentisinizmi” deyə soruşdu. Həmin baş redaktor reklam arasında MTN əməkdaşlarının otağa necə doluşduğunu və ondan üzr istəməyi necə tələb etdiklərini, bu məqamda Heydər Əliyevin otağa daxil olub onu necə xilas etdiyini şəxsən mənə anlatmışdı. O məqamı xatırladım və İqbal Ağazadəyə yönələn eyni tip sualları ünvanladım. Cavabları Heydər Əliyevin Türk jurnalistə verdiyi kimi səmimi deyildi, amma nəsə danışdı. Həm də bu sualı ona görə verdim ki, qoy, bütün siyasətçilərimiz bilsinlər ki, azad mətbuatın olduğu zamanlarda onlara hər cür sual verilə bilər. Hərənin öz mətbuatı olmamalı, kirayələdiyi qəzetlərin səhifələrində öz məlumatlarını yerləşdirməklə işlərini bitmiş hesab etməməlidirlər. Hər sualı gözləməlidir siyasətçi. Azad mətbuat və azad cəmiyyət bunu tələb edir.

İqbal Ağazadə zorun öhdəsindən gələn siyasət adamlarından biridir. 2003-cü il dəhşətindən keçib. Parlamentdə toxunulmazlığı qaldırılan və parlamentə həbsdən sonra yenidən qayıdan yeganə tarixə düşən deputatımız da odur. 2003-cü il seçkilərinin baş rollarından birini oynayan və bunun bədəlini çox ağır formada ödəyən də odur. Yenə vuruşur. Yenə döyüşür. Yenə planlar qurur, komanda formalaşdırır. Yenə “siyasətdəyəm”, “siyasətdən getmədim” mesajlarını verir. Görünür ki, “bitdi” deyənlər hələ bu adamla və bu adla çox qarşılaşacaqlar.

Partiyasını bu dəfə daha sakit gördüm. Ümiddə hər zaman insan qaynaşardı. Bu müsahibə ilə bağlı neçə dəfə gedib-gəldim, amma o illərin partiyasını görmədim. Yəqin deputatlıq bitəndən sonra get-gəl də azalıb. “Bağda ərik var idi…” misali. Bu süstlük qərargahın özündə də hiss olunur. Ümid hər zaman tər-təmiz, hər tərəfindən gül ətri gələn bir səliqə-sahmana malik olub, amma biz çəkiliş üçün kameraları hansı divara çevirdiksə, qara-qura. Görünür, illərdir divarlar təmizlənmir, əl gəzdirilmir. Kabinet isə siqaret və qəlyan qoxulu. O qədər ki, hiss olunur…

Ən dəhşətlisi İqbal Ağazadənin sınmayan adamlar haqqında dedikləri gəldi mənə: “…sənin müraciət etdiyin elektorat bu qədər  əyilibsə, bu qədər sınıbsa, bu qədər problemlər içərisində əzilibsə, xeyir ola, sən sınmadın, hamı sənin üçünmü çalışırdı, hamı bir sənin şəxsin üçünmü çalışırdı?” Cəmiyyətdə mübarizə adamlarının böyük mübarizələrini belə səthi dəyərləndirmək olmaz. Bu düşüncənin daşıyıcısı olan İqbal Ağazadənin prezidentliyi görün nə olar. Cəmiyyəti də sınan adamlar sındırmadımı? Hələ bunu böyük mübarizənin içində olan İqbal Ağazadənin deməsi, məni xəyal qırıqlığına uğratdı.

Bütün ehtiyatkarlığına, bütün önəmli məqamlarda susduğuna baxmayaraq, bu müsahibə də çox maraqlıdır. Xüsusilə, 2003-cü illə bağlı indiyə qədər mətbuata demədiyi məqamları açıqladı İqbal Ağazadə və inanıram ki, bu müsahibə də cəmiyyətdə böyük əks-səda yaradacaq.

Beləliklə, danışır “Qaynar Qazan”ın 25-ci qonağı, Ümid partiyasının sədri İqbal Ağazadə…

Əvəz Zeynallı

I hissəni bu linkdən oxuya bilərsiniz: 

(https://www.xural.com/qaynar-qazanda-iqbal-agazad%C9%99-i-hiss%C9%99-neoavtoritarizm-s%C9%99raitind%C9%99-yasayiriq/

“Qaynar Qazan”da İqbal Ağazadə (I hissə): “Neoavtoritarizm şəraitində yaşayırıq”)

II Hissə

Qalibiyyət reseptini birgə hazırlayırıq

dsc02434

– Cəfər bəy yenə sual verir. Buna oxşar Türkel Azərtürkün də sualı var: “Sizin müşahidəçilər seçkidə 10 manat alıb qoyurdular ciblərinə… Bir az da yeyib-içərək seçki qutusuna arxalarını çevirirdilər. Gözləri kor, dilləri lal, qulaqları kar olurdu. Sizin bu cür üzvlərinizə münasibətiniz necədir?”

– Harada? Yanlışdır.

– Sizin elə üzvləriniz olmayıb yəni?

– Əgər söhbət bizim partiyanın müşahidəçilərindən gedirsə, yanlışdır. Çünki bizim partiyamızın müşahidəçiləri namizədlərin hüquqlarını qoruyur və daha çox da namizədlərə, partiyaya bağlı adamlar olur. Namizədimiz olmadığı yerlərdə çox nadir hallarda bizim müşahidəçimiz olur. Məsələn, mənim öz ərazimdə – 35 saylı Xətai Seçki Dairəsində minə yaxın müşahidəçimiz var idi. Daha doğrusu, 500-dən bir az artıq müşahidəçimiz var idi. Fədakar insanlar idi. Sona qədər mübarizə apardılar.

– Türkel Azərtürk də onunla bağlı soruşur: “2013-cü il prezident seçkilərində mən müşahidəçi idim. Məntəqədə Ümidin, YAP-ın da müşahidəçiləri var idi. Ümidin müşahidəçisinə dedim ki, qanun pozuntuları ilə bağlı imza atsın. YAP-ın müşahidəçisi könüllü olaraq imza atdı, amma Ümidin müşahidəçisi dedi ki, məsləhətləşim, deyərəm. Bir daha həmin müşahidəçini görmədik…” Həqiqətən, göstəriş belə idi?

– Yox, heç vaxt belə göstəriş olmayıb. Bilirsinizmi, bizim də praktikada olub. Belə üzvlərimiz də ola bilər, o dediklərində haqlı da ola bilər. Amma genəldə bu münasibət olmayıb. Ola bilər, fərqli şəkildə. İnkar etmirəm, çünki nə məntəqəni yazmayıb, nə müşahidəçinin adını, soyadını yazmayıb, bilmirəm, çünki o, ümumilikdə danışır. Ümumilikdə danışdığına görə, gördüyünü danışır, mən onun xəyal etdiyini və yaxud da düşüncələrimi israrla ona qarşı qoya bilmərəm. Ola bilər ki, olub. Amma bəzən olur ki, bizim müşahidəçi vermədiyimiz yerlərdə icra hakimiyyəti sadəcə, Ümid adına və yaxud da başqa bir partiya adına müşahidəçi verir. Beynəlxalq təşkilatlardan gələndə, deyir ki, Ümid partiyasını təmsil edirəm. Amma əslində bizim partiyanın müşahidəçisi deyil. Belə praktika çox rast gəlinir, həddindən artıq çox rast gəlinir. Harada ki, bizim müşahidəçilər olmur, onların özləri bir siyahı yazıb verirlər.

– Onlara da nə deyirlər, eləyirlər?

– Orada möhür-filan lazım deyil. Yalandan vəsiqəni dairədə alıb keçirir, asır boynundan. Çünki müşahidəçinin vəsiqəsini biz partiya olaraq vermirik ki, orada bizim möhürümüz olsun. Vəsiqəni dairə verir.

– Cəmil Məmmədli soruşur ki, “Ümidə ümid varmı?”

– Çox ümid var. Çox ümid var, özü də həddən artıq. Yenə deyirəm, biz mübarizənin sistemini ən azı, düzgün anlayırıq və bu mübarizədə yeni insanların prosesə qoşulub komanda halında qalibiyyət reseptini birgə hazırlayırıq. Nə zamana çəkəcək, bilmirəm. Yenə deyirəm, siyasətin xammalı insandır. Bu, şahmat deyil ki, mənə desinlər ki, taxtada niyə pis oynayırdın?

Bunu aça bilmərəm

sam_2466

– Qulu Məmmədov soruşur: “Söhbət Azərbaycan kimi antidemokratik ölkədən gedirsə, mübarizənin öz spesifik yolları var.” Sizin sözünüzə qüvvət. Yəni “ən təsirli və rasional üsullarla işləmək lazımdır. İqbal bəy bugünkü ölkəmizdə mübarizənin hansı formasını məqbul hesab edir?

– Bunu aça bilmərəm. Bunu deyə bilmərəm.

– Özünüz hansı mübarizə üsulunun tərəfdarısınız?

– Mən bunu bu gün deyə bilmərəm. Ona görə yox ki, bu anti-konstitusiondur. Biz ümumiyyətlə zorakılığa çatmağın məqsədə…

– Məxfi saxlayırsınız hələ ki?

– Yəni partiya olaraq öz planımızdır. Bizim sadəcə bütün mübarizəmiz konstitusiya və qanun çərçivəsindədir. Sadəcə, bizim bütün proses seçkidən keçməlidir. Mən bir dəfə bunu qeyd eləmişəm və bir daha deyirəm. Azərbaycan seçicisi inqilab edəcək qədər bu hakimiyyətdən narazı deyil və həyatından narazı deyil, amma əleyhinə səs verə biləcək qədər narazıdır və gedib səs verə bilər. Bunu təşkil etmək lazımdır. Biz onu təşkil etdik. Bilirsinizmi, buna bəzən ironik yanaşırlar ki, “xalq acından ölür”, filan-filan, mən siyasətin içərisində olaraq həm də bir tədqiqatçıyam, prosesləri tədqiq eləyirəm. Siz gecələr bizim şəhərin mərkəzinə çıxın, Dənizkənarı parka çıxın. Siz axşamlar bir də restoranlara girin, baxın. Bu, hamı üçün şamil deyil, amma millətin ümumi əhvali-ruhiyyəsidir. Bu əhvali-ruhiyyənin içərisindən inqilab yetişdirmək, üsyan, sosial partlayış, bu, mümkün deyil..

– Mümkün deyil deyirsiniz?

– Mümkün deyil. Bunu hər kəs başından çıxarmalıdır.

– Amma narazılıqları seçki vasitəsilə aradan qaldırmaq mümkündür?

– Seçici o adamlardır hətta… Ona düzgün vəd versən, düzgün inandırsan ki, sən indikindən daha yaxşı yaşayacaqsan, mütləq gedib bu hakimiyyətin əleyhinə səs verəcək. Mütləq gedib səs verəcək! Çünki o da yaşayışından narazıdır… Sadə bir misal çəkim. “Torqovı”da – camaat arasında edilən ifadə kimi deyim – əgər ən elit restoranda oturan bir seçici ilə sadə bir yerdə oturan seçici inansa ki, sən hakimiyyətə gələndən sonra o da yuxarıdakı elit yerə çıxa biləcək, gedib sənə səs verəcək. Yox, o inanmasa ki, sən hakimiyyətə gələndən sonra onu ora çıxara bilməyəcəksən, o yerdəki yerini heç nəyə dəyişməz. Çünki həmin yerdə o istirahət edir, oranı dəyişməz…

– Yəni demək istəyirsiniz ki, indiki sandıqla, seçkilərlə hakimiyyəti dəyişmək olar?

– Yalnız… Bunun alternativi yoxdur.

– Mümkündürmü yəni?

– Əlbəttə, mümkündür.

– Bu gün hakimiyyət o “qayda”nı tanımır axı…

– Hakimiyyət  o qaydanı tanımaya bilər. Bir nəfər, iki nəfər, beş nəfər olanda… Amma bütövlükdə 125 dairə üzrə 125 lider bu gün gələn – sizi cavab verməyiniz üçün demirəm -, ritorik bir sual verim, hansı partiya, Ümid partiyası qarışıq, xalq üçün dəyərli bir yerlərdə işləyə bilən 125 namizəd verə bilər? Heç 50-sini də verə bilməz.

30 min bələdiyyə yerinə qarşı müxalifət 6 min namizəd vermişdi

sam_2472

– Təəssüf ki, heç kim… Hə… 

– Demək, sənin resursun budur da… Resurs budursa, seçicidən nə gözləyirsən? Sən hələ bir siyasi təşkilat olaraq adam kimi ortaya adam qoy, de ki, bu 125 dairə üzrə… Ya bunu bacarmırsan siyasi partiya olaraq, ya da qardaş de, mən bacarmıram, 10 partiyayıq, adama 12-ni verək. Bunu da etmək istəmirik. Hərəmiz namizəd xatirinə namizəd veririk. Tutaq ki, 2015-ci ildə 17-18 namizəd Ümid partiyasından qeydə alınmışdı. Bu, nəyi dəyişir ki? Bunun üçünü bir prosesdə saxlayırlar, üçünü digər prosesdə saxlayırlar, qalır ikisi, onlardan da heç birini parlamentə buraxmırlar. Sən bunu edə bilmirsənsə… Qalibiyyət budur da… Mən bir dəfə bu hesablamanı demişdim. 1999-cu ilin bələdiyyə seçkilərində təxminən 30 minə yaxın bələdiyyə yeri var idi. Biz o zaman partiya deyildik, partiya kimi iştirak eləmirdik. Onda bələdiyyələr indiki kimi birləşdirilməmişdi, 17 minə yaxın deyildi, 30 min yer var idi. 30 min bələdiyyə yerinə qarşı müxalifət 6 min namizəd vermişdi.

– Beşdə bir…

– Beşdə bir. Sonra da deyirsiniz ki, seçki saxtalaşdırılıb. Biz hakimiyyəti tanıyırıq axı – bunların yarısını hakimiyyət qeydə almır, yarısından da yarısı yararsız olur, xalq səs vermir. Yerdə qalır 800-900 nəfər ki, o vaxt təxminən bu qədər də adam seçilmişdi. Müxalifətin də olan səsi bu olur. Biz bunu da etiraf eləməliyik. Biz publikaya və yaxud da iqtidarın müxalifətini rolunu oynamağı tərgitməliyik. Bitməlidir bu dövr. Nə qədər iqtidarın müxalifəti olmaq olar? Mən hərdən zarafatyana həmişə demişəm ki, “qardaş, kim müxalifət olmaq istəyir, mən kömək eləyim. Amma siz də kömək edin mən iqtidar olum.” Nə qədər müxalifət olmaq uğrunda savaş gedir? Mən müxalifət deyiləm, amma dediyim söz budur, hakimiyyətə münasibətim budur, onun dəyişmək istəməyimə açıq çağırışlarım budur, seçiciyə mövqeyim budur. Ona görə bütün bunların hamısını nəhayətdə bitirib, bir sistem yaratmaq lazımdır. Biz onu edə bilmirik. Vəssalam. Bizim problemimiz bundadır.

– Aqil Əliyev sual verir: “İqbal Ağazadə prezident seçkilərində iştirak etdi, yəni müxalifətyönlü namizəd kimi. Amma dünyanın mötəbər qurumları İlham Əliyevin seçkilərdə 58 faiz saxtakarlıq etdiyini bəyan etdilər. Yəni onun legitimliyi şübhə doğurur. Amma İqbal bəy bütün bunlara baxmayaraq, prezident İlham Əliyevi təbrik etdi. Səmimi olaraq İqbal bəy bizim sualımıza cavab versə, çox şad olarıq”.

– Mən tarixçi deyiləm. Tarixə tarixçilər qiymət verəcək. Mən bir prosesdə iştirak edə siyasətçiyəm. Ən yaxın qonşumuz Türkiyəyə də baxın. Seçki gününə qədər sandıqlar oğurlandı…

– Bir-birilərinə nə gəldi deyirlər…

– …Hamı onu  apardı, bunu apardı. Hər şey qurtardı, hamı bir-birinin əlini sıxıb, yollarına davam etdilər. Azəbaycanda da bütün bu proseslərə tarixçilər qiymət verəcəklər. 2013-cü il seçkilərində nə oldu, necə oldu, filan proses bu cür oldu, amma bu, heç nəyi dəyişmədi. 2003-də də belə olub, 2008-ci ildə də belə olub. 98-də də, 93-də də belə olub. Hamısında biz etiraz edə-edə nəyi dəyişə bildik? Biz istəyirik ki, nəhayət, cəmiyyətdə elə münasibətlər sistemi quraq ki, bu cəmiyyətin hər hansı kataklizmi yaranmasın və dəyişikliklərdə xalq uduzmasın. Niyə bütün dönəmlərin hamısında iqtidar-müxalifət münasibətləri o qədər kəskin olub ki, düşmənçilikdən də ötə bir münasibətlər sistemi formalaşıb. Mən yenə deyirəm, 2013-cü ildə baş verən saxtakarlıqları da bilirəm, baş verən proseslərdə neqativ halları da bilirəm…

Nəticəni gözləyib prezidenti təbrik elədik

dsc02446

– Nəticəni gözləyib, təbrik etmək olmazdı?

– Nəticəni gözləyib təbrik elədik.

– Deyirlər ki, siz həmin gecə təbrik etmisiniz..

– Yanlışdır… Səhvdir… Kim onu deyirsə, yanlış deyir. Bilirsinizmi, mən bəzən özüm haqqında belə nağıllar, belə yaxşı rəvayətlər eşidirəm. Amma bir də var, həqiqət ola onun içərisində. Məsələn, 2003-cü il hadisələri ilə bağlı eşidirəm, “xalqı meydana apardı, filan-filan elədi”. Halbuki…

– Elə suallar da var…

– Varmı elə suallar?

– Var… Deməli, 2013-cü il hadisələri ilə bağlı adının çəkilməsini istəməyən bir profildən sual var: “2013-cü il seçkilərindən sonra prezidenti təbrik Ümidi bitirdi. Həm partiyanın aparıcı adamları partiyadan ayrıldı, həm də siz nüfuzunuzu tamamilə itirdiniz. Bundan sonra millət vəkilliyinə də seçilmədiniz. Bu təbrik olmasaydı, sizin üçün, Ümid üçün dahamı pis olacaqdı?”

– Gəlin, o zaman belə danışaq. O sualın xarakteri mənim üçün aydındır. Mən təxmin edirəm. “Partiyadan nüfuzlu adamlar getdi”, – deyən, özünü nüfuzlu adamlardan hesab edənlərdən biridir. Amma yenə də izah edirəm.

– Amma bayaq sizin söhbət etdiyiniz komandanın önəmli simaları 2013-cü ildə partiyadan getdilər.

– Önəmli simalar getmədi…

– Niyə, Ruslan İzzətli getdi…

– Ruslan İzzətli və Aynur İmran getdi, vəssalam.

– Ondan sonra Nəsimi Məmmədli də getdi…

– Nəsimi özü getməyib, onu vəzifədən mən azad eləmişəm.

– Amma Nəsiminin gedişi ilə bağlı da bəzi əfsanələr gəzir. 

– O əfsanələrin hamısına cavab verə bilərəm. 2013-cü illə bağlı suala konkret cavab verə bilərəm…

Bunu ilk dəfədir mətbuata deyirəm…

dsc02450

– Siz gecə danışmısınız, qərara gəlmisiniz ki, bəyanat verəsiniz.

– Xahiş edirəm, elə şey olmayıb… Mənim adımdan heç kəs danışmasın. 2013-cü ildə seçkidən bir gün əvvəl iclas olub. Rəyasət Heyətində hamı oturub. Demişəm ki, xahiş edirəm, mövqeyinizi ifadə edin. Prezident seçkilərinin nəticələri aşağı-yuxarı bizə bəllidir. O zaman mövqeyimiz necə olacaq? Hamı belə “plavnı” (ötəri) üstündən keçmək istəyib. Gördüyünüz o balaca vərəqlər stolun üstündə olub. Mən görəndə ki heç kim ortaya ciddi rəy qoymur, bunu ilk dəfədir mətbuata deyirəm…

– Bir ehtiyatkarlıq var yəni?

– Yəni adamlar mövqelərini ifadə etmək istəmirlər. Mən isə mövqeyimi heç ifadə etmirəm. Deyirəm ki, siz mövqeyinizi deyin, mən sizi dinləyim. Bu zaman o balaca vərəqlərdə yazıram – “tanıyaq”, “tanımayaq”? Birinci sual, ikinci sual…

– Mini referendum?

– Mini referendum. Mən bu vərəqləri tamamlayınca hamı danışdı qurtardı. Gördüm ki, heç kim mövqeyini ifadə eləmədi. Dedim ki, xahiş edirəm, qalxın ayağa, çıxın çölə. Özüm də onlarla bərabər çölə çıxdım. Ora bir dənə qab qoyduq. Bir-bir içəri çağırdıq. Dedim, xahiş edirəm, girin içəri, gizlin səs verin. Gizli səsvermədə mənim ifadə etdiyim rəy oldu. Nə etməli idim? Partiyanın demokratik prinsiplərinin əleyhinə çıxmalı idim? Və həmin adamlar gecə mənə israrla sübut etməyə çalışırdılar ki, o mövqeni qoyun qırağa, bizim mövqeyimizi ifadə edin. Necə olardı bu?

– Gizlin rəy çıxdı ki, “tanıyaq”?

– Bəli. Gizlin rəy çıxdı ki, tanıyaq… Partiyanın mövqeyi bu idi. Bundan demokratik kimsə başqa nə edə bilərdi? Zəng elədik. İştirak etməyən Faiq bəy idi, Anar bəy idi – iki müavin. Zəng elədik onlara, dedilər ki, biz tanıyırıq, tanımağın tərəfdarıyıq və mövqeyimizi də açıq bildiririk. Yaxşı, bu qədər demokratikliyin əleyhinə kim gedə bilərdi ki?

– Yox… Belədirsə, heç kim.

– Bu gün israrla bunun əksini deyirlər. Partiyanın müavinliyində təmsil olunan Rüfət – hər kəs bilir, Bakir, Səməd, Elman əleyhinə səs vermişdilər. Amma onların heç biri partiyadan dışlanmadı ki… Əleyhinə səs verib, bu da onun mövqeyidir. Amma ümumi qərar var, mən nə edim?

– Onda belə çıxır ki, Aynur, Ruslan lehinə səs veriblər?

– Mən deyə bilmərəm, kim lehinə, kim əleyhinə səs verib.

– Əleyhinə səs verənlərin adlarını dediniz…

Tabe olmayıb gedənlər, onun fürsətçilliyini etməsinlər

sam_2449

– Onlar da əleyhinə səs verə bilərlər və yaxud da veriblər, problem bu deyil…

– Hə…

– Amma veribsə də, çoxluq kimin tərəfindədirsə, sən bunu qəbul etməlisən. Çünki sən hüquqlarını partiyaya veribsən. Qərar qəbul olunana qədər hər kəs partiyada fikrini ifadə edə bilər. Qərar qəbul olunandan sonra hər kəs qərara tabe olmağa borcludur. Və ya tabe olmayıb gedirsə, onun fürsətçiliyini etməsin. Demokratiyadır… Bu şəraitdə göstərsinlər ki, hansısa partiyada məsələyə bu şəkildə yanaşıblar. Səsvermə ilə olub eee… Bu elə-belə, İqbal Ağazadə yatdı yuxusunda gördü və s. olmadı. Və yaxud da kimlərdənsə gizli oldu. Səsverməyə çıxardıq, səsvermə bu cür oldu. Nə etməli idim, Sizcə?

– Maraqlıdır… Amma Ruslan İzzətlinin iddiasına görə, bu haqda əvvəlcədən qərara gəlinib və səhəri gün də sizin APA-da münasibətiniz öyrənilib, sonra…

– Əzizim, baxın. Qərar… Baxın, o nüfuzlu adamların sualını da sizə dedim, siz özünüz də ifadə etdiniz ki, Ruslanın dediyinə görə… Mən də iddia edirəm ki, bu məsələ səsvermə ilə olub, Əvəz bəy. Bu səsvermənin iştirakçılarının hamısı da burada olub. Mən istəmirəm köhnəyə qayıdım. Mən istəmirəm köhnəyə qayıdım. Kimlər unutsa da, mən unutmamışam. Ki, “siz o əleyhinə səs verənlərin mövqeyini boş verin, əsas bizim mövqeyimizdir”. Başa düşmürəm, bu nə cür yanaşmadır? “Əsas bizim mövqeyimizdir”, – nə deməkdir?

– O sual Ruslan İzzətlinin sualı deyildi. Yanlışlıq olmasın…

– Kimin sualı olursa olsun…

– Amma onu da soruşmaq istəyirəm, komandanın üzvləri – Akif Qurbanov da var idi…

– Akif Qurbanov MSK-da təmsil olunandan sonra partiyada təmsil olunmurdu, komanda üzvü deyildi…

– Amma indi MSK-da təmsil olunmur ki… Partiyada da deyil..

– Olsun. Bu, onun öz seçimidir.

– İqbal bəy, bəs Nəsimi Məmmədlinin gedişi nə ilə bağlı idi?

– Necə deyib sizə?

– Bilmirəm…

– Siz bilərsiniz…

Nəsimi Məmmədlini azad etmişəm

dsc02436

– Yox… Mən…

– Nəsimi Məmmədli kimi bütün müavinləri azad etmişəm. Nəsimi Məmmədli İcra Aparatının rəhbəri idi, onu da vəzifəsindən azad eləmişəm. Sonra da İcra Aparatının rəhbəri vəzifəsinə təyin etməmişəm.Vəssalam.

– Uzun illərdir bu vəzifədə işləyib, o baxımdan deyirəm…

– Olsun. İşləsin.

– Bir səbəb olmalıdır…

– Səbəb də bizə qalsın. Amma mən onu yenidən vəzifəyə təyin etməmişəm. Bu da Nizamnamə ilə mənim hüququmdur.

– Təbii ki…

– Bu qədər sadə…

– O mənada soruşmaq istəyirəm, Azərbaycanın bugünkü durumunda komanda qurmaq çətin deyil ki?

– Yox.

– Komandanı qurursunuz, müəyyən müddət keçir, müəyyən müddətdən sonra sanki dağılır…

– Dağılmır.

– İndi qurduğunuz komanda 2018-ci il prezident seçkilərinə keçə biləcəkmi? Onda da ortaya bir problem çıxmayacaq ki?

– Yox… Bilirsinizmi, necədir? Birincisi, 2001-ci ilin səhv etmirəmsə, sentyabr ayının 9-u idi, Türkiyədə idim. Ayın 11-də oturub televiziyada canlı izləyirdim…

– Hə… Sizin partiyada o vaxtlar qiyam qalxanda?

– Qiyam qalxmamışdı, 3 nəfər idi, qalanını da bir partiyanın nümayəndələrindən yığıb bir yerə, getmişdilər. Mənə zəng vurub, dedilər ki, “bəs, sizi partiya sədrliyindən xaric ediblər, partiyanın adını dəyişiblər-filan”. Qayıtdım, gəldim. Hamı öz yerində, 3 nəfər yoxdur. Allah birinə rəhmət eləsin, rəhmətə getdi.

– Allah rəhmət eləsin…

– Hə… Sonra həmin adamı tapdım, kiminlə oturublar, kimdən nə qədər pul alıblar, bunu nədən ötrü ediblər-filan. Axırda da partiyanın adını dəyişiblər. Xeyli jurnalist yığışmışdı və partiyanın rəhbər strukturları da var idi. Dedim, “bəs deyirdiniz ki, mənim bu ölkədə heç nüfuzum-zadım yoxdur? Partiyadan cəmi 3 adam gedib, maşallah, Bastiliya qalası alınmış kimi, indi hamınız buradasınız”. Partiyadan kimsə gedə bilər, gələ bilər. Bunlar heç önəmli deyil. Əsas odur ki, partiyanın bütövlükdə strukturları, mexanizmi işləsin. Partiyanın strukturları və mexanizmi 2002-ci ildən necə qurulubsa, o şəkildə də davam edir. Mən də sabah gedə bilərəm, amma partiya yerində qalacaq. Artıq biz bu sistemi qururuq partiyada.

Mən prinsiplərimi heç bir vaxt heç nəyə qurban vermərəm

sam_2448

– Əslində, o sualı axırda verəcəkdim sizə. Amma Şamil Beydullayev onu soruşub: “Heydər Əliyev öz siyasi varisi kimi İlham Əliyevi seçdi, İsa Qəmbər də Arif Hacılını. Ümid partiyasının sədrliyindən gedəcəyiniz təqdirdə siyasi varisiniz kim olacaq?”

– Mənim siyasi varisim…

– Yəni demək istəyirsiniz ki, siyasi varis haqqında danışmaq hələ tezdir?

– Yox. Mənim siyasi varisimi partiya üzvləri müəyyənləşdirəcək. Mən, bilirsinizmi, bu sahədə çox səmimi adamam. Mən dostlara qarşı oyun oynamağı… Ümumiyyətlə, məni tanıyan hər kəs bilir ki, mən dəyər adamıyam. Mən prinsiplərimi heç bir vaxt heç nəyə qurban vermərəm. Əgər ağzımdan bir söz çıxıbsa, onu yerinə yetirmək üçün bəzən bütün siyasi karyeramdan və həyatımdan hətta keçərəm, amma demişəmsə, edəcəm. Bunu hər kəs bilir. Demişəmsə, edəcəm. Bu, mütləqdir. Ona görə də mən oyunu sevmirəm ki, üzdə deyim, siz gedin demokratik seçki keçirdin, alt yapıda da deyim ki, yox filankəsi seçin… Bu, mənim prinsiplərim deyil. Getmək lazım olanda mən deyəcəm ki, “dostlar, mən gedirəm, özünüzə başqan seçin – kimi istəyirsinizsə, seçin”.

– Həsən Səftərli soruşur: “İqbal nə vaxtdan “KQB” agentidir?”

– Nə?

– “İqbal nə vaxtdan “KQB” agentidir?”

– Vallah, mən “KQB”ni görməmişəm. Heç vaxt.

– Ümumiyyətlə, MTN-lə bağlı xeyli suallar gəlib. Ona görə bu sualı verdim.

– Verin…

– “2003-cü ildə İqbal Ağzadə bu rejimə qarşı kəskin müxalifətdə idi. 16 oktyabrda onun insanları necə Azadlıq meydanına çağırdığının şəxsən şahidiyəm.”

– Kimdir, o?

– İlkin Cabbarlı.

– Şəxsən şahididir?

– Bəli.

– “Sonradan mövqeyi 180 dərəcə dəyişdi. Sonra da mətbuat yazdı ki, siz hakimiyyətin adamı, MTN-nin agentisiniz. Nəyə görə bu hakimiyyət sizi parlament seçkilərinə buraxmadı?” Yəqin ki son seçkiləri deyir.

– Əvvəla, yanlış görüb…

– Üzr istəyirəm, “Azadlıq” qəzetinin müxbiri Xaliq Qarayev də sual verir: “Eldar Mahmudovun revanşına ümidi varmı?”

– Əvvəla, birinci suala cavab verim…

– Bəli, buyurun.

– O adam yanlış görüb.

– Yəni şahidi olmayıb?

– Paradoksal bir şeydir. Deməli, 2003-cü ildə hökumət məni ittiham edirdi. Şahidlərin də ifadəsində belə bir məqam var idi ki, “İqbal Ağazadə Müsavat partiyasının keçmiş qərargahının pəncərəsindən çıxış elədi, hamını meydana göndərdi. Sonra da ağ “Volqa”da – QAZ-24 markalı maşında gəldi, çıxdı tribunaya dedi ki, sizlə döyüşənlərlə siz də döyüşün. Peyğəmbər də buyurur ki, kim sizə qarşıdırsa, siz də onlara qarşı olun”. Mənə qarşı olan ifadələrin hamısı bu idi.

Xalqın “Azadlıq” meydanına gəlməsinin əleyhinə idim

dsc02437

– Çünki o zaman mən də mitinq də idim...

– Üzr istəyirəm, mənə qarşı olan ifadələr bunlar idi. Buna Pənah bəygil etiraz etmək istədilər, dedim etiraz etməyin, xahiş edirəm, bu şəkildə də protokollaşdırın. Bütün şahidlərin dediklərini bu şəkildə də protokollaşdırdılar. Hamısı da deyirdilər ki, “bəli, biz İqbal Ağazadəni gördük, o, Müsavat partiyasının qərərgahının pəncərəsindən çıxış edirdi və xalqı meydana aparırdı. Sonra filan maşında tribunaya gəldi, çıxış edəndə də belə dedi”. Hamı bu ifadəni verəndə mən də dedim, “sualım yoxdur”. Sonra xahiş elədim, videokaseti qoyduq. Gördük ki, həqiqətən də Müsavat partiyasının pəncrəsində bir nəfər çıxış edir və xalqı meydana göndərir. Sonra həmin adam QAZ-24-də gəlir. Çıxır tribunaya və həmin çıxışları yenə eləyir. Və ifadə də olduğu kimidir.

– Amma o adam İqbal Ağazadə deyil?

– Amma o, İqbal Ağazadə deyil. Bu adam da yanlış görüb. Mən meydana xalqdan sonra gəlmişəm. Mən ümumiyyətlə, 2003-cü il hadisələrilə bağlı çox danışmamışam. Amma danışmaq lazımdırsa, deyim. Mən 2003-cü ildə xalqın “Azadlıq” meydanına gəlməsinin və ümumiyyətlə, o hadisələrin qəti əleyhinə idim.

– Yəni mitinq keçirilməsinin əleyhinə idiniz?

– Biz 18 oktyabr mitinqinə icazəni…

– Hətta icazə də alınmışdı…

– Oktyabrın 12-də mitinqdən sonra İsa Qəmbərin qarşısında biz şərt qoyduq ki, 15 oktyabrın ssenarisini bilməliyik. Biz bu qədər mübarizə ilə gəlmişik. Dedi, o zaman gedin ssenarini hazırlayın. Getdik hazırlamağa…

İsa Qəmbər hazırladığımız planın heç bir bəndini yerinə yetirmədi

sam_2468

– Oktyabrın 15-də nə olacaq?

– 15-də və ondan sonrakı günlərdə nə olacaq və biz nə edəcəyik. Ayın 12-də getdik bu planı hazırlamağa. Həbs olunanlar da aşağı-yuxarı həmin planı hazırlayan 4 nəfər idi. Amma bizim planın heç birində bu hadisələr yox idi. Heç birində. Sadəcə, ayın 13-dən sonra Müsavat rəhbərliyi, konkret İsa Qəmbər bizim hazırladığımız planın heç bir bəndini yerinə yetirmədi.

– Həmin plan razılaşdırılmışdımı ki, məhz onun üzərində hərəkət ediləcək?

– Hə, razılaşdırılmışdı. Heç bir bəndini yerinə yetirmədi. Oktyabrın 15-də seçki günü mən qərargahda idim. Burada mənim yanımda da yoldaşlar var idi. Adlarını çəkmək istəmirəm ki, kimlər var idi. Partiyanın qarşısında da 3 min nəfərə qədər seçici yığışmışdı. Qəflətən mənə zəng gldi ki, bəs Müsavat partiyasının qarşısında mitinq başlayıb. Mən İsa Qəmbərlə danışdım, dedim, “bu, nə deməkdir, siz bilmirsiniz ki, indi bütün bunları çəkib televiziyada göstərəcəklər, sabah da bir adam bizim arxamızda dayanmayacaq? Axı, bizim planda yox idi Müsavatın qarşısında mitinq keçirmək…”

– Axı İqbal bəy, “Yeni Müsavat” durmadan bunu tirajlayırdı. Manşet manşetin ardınca gəlirdi.

– Mən öz adımdan danışıram.

– Yəni sizin bu haqda bilməməyinizin qarşılığında bunu dedim.

– Biz başqa plan hazırlamışdıq. O plan da prezidentliyə namizədlə…

– O planı hazırlayanda mətbuata demişdinizmi ki, sizin planınız var?

– O, mənim səlahiyyətimə daxil deyildi, İsa Qəmbərin səlahiyyətinə daxil idi.

– Amma bu haqda deməli idimi?

– Deməli idi, ya deməməli idi, onu da özü bilər. Etməyibsə, deməməli idi. Etməyibsə, deməli, deməməli idi ki, etməyib.

İsa Qəmbərə dedim ki, “…bizi elə günə salacaqlar ki”

sam_2478

– Bu, çox maraqlı söhbətdir. Bəlkə bu mövzu ilə bağlı ayrı söhbət edə bilərik.

– Mən dedim ki, bu yanlış bir şeydir. Dedi, “xahiş edirəm, dur gəl bura”. Dedim, “mən ora gələn kimi koridoru bağlayacaqlar, mən də qalacam orada. Və mənimlə birgə gələn adamları da bir yerdə döyəcəklər, çəkib göstərəcəklər, daha bizim arxamızda adam dayanmayacaq”. Dedi, “xahiş edirəm, gəl.” Getdim. Doğrudan da mən içəri girən kimi koridoru bağladılar. Qalxdım, İsa Qəmbərin birbaşa arxa otağına keçdim. Kabinetində adamlar var idi, yanlarından keçib getdim. Dedim, “xahiş edirəm, çıxın camaata müraciət eləyin”. Dedi, “yox”. Dedim, “siz yanlış hərəkət edirsiniz, bu, bizim bütün prosesi bitirəcək”. Dedi, “yox”. “Yox, o zaman gerisini siz bilərsiniz”. Dedi, “ay belə xəbərlər almışıq-filan”. Dedim, “yanlış xəbərlər almısınız. Burada bizi elə günə salacaqlar ki, bizim daha ayaq üstə durmağa halımız olmayacaq”. Oktyabrın 16-da səhər Müsavatın qərargahına getdik. Mən Pənaha zəng vurdum ki, “İsa bəyi də götür, gəl bizim qərargaha, məsləhətləşək”. Səhər saat 10.30-da qərargaha gəlmişəm. Rauf Arifoğlu, Etimad Əsədov da bura gəliblər. Saat 12-də də Pənah Hüseyn gəldi. Soruşdum, “bəs, İsa bəy hanı?” Dedi ki, “İsa bəy gəlmədi”. Pənah Hüseyn də çox dilxor vəziyyətdə idi. Oturduq bir az söhbətləşdik. Arif Hacılıya da zəng vurdum, dedi ki, “mən səhərə qədər Müsvatda olmuşam, indi yatıram, bir azdan orada olacam”. Sərdar Cəlaloğluna zəng vurdum, dedi ki, “qərargah mühasirədədir, çıxa bilmirəm”. Səhv etmirəmsə, saat 2-yə 15 dəqiqə qalmışdı, İsa Qəmbər Pənah Hüseynə zəng vurdu ki, “bəs, Xalça muzeyinin qarşısına adamlar yığışıb, ora gəlin”. Pənah Hüseyn dedi, “dur, gedək”. Dedim, “mən getmirəm”.

Dedim, “sür, gedirəm qərargaha, bu, iğtişaşdır”

sam_2469

– Maraqlıdır, deməli, siz mitinqlərin və yığılmağın tam əleyhinə olubsunuz?

– Həmin günü o prosesləri mən bilirdim ki, hökumət hansı təxribatlarla hara gətirib çıxaracaq və biz məğlub olacağıq. Dedim, “mən getmirəm”. Verdi, Pənah Hüseynin telefonu ilə İsa Qəmbər mənimlə danışdı ki, “xahiş edirəm, gəlin”. Dedim, “mən gəlirəm, amma deyəsən, bu son gəlişim olacaq, bitəcək”. Pənah Hüseynlə bir yerdə durub çıxdıq. Lakin çatmadıq. Xalçaçılıq muzeyinin arxasına çatanda, artıq kütlə gəlirdi. İlk daşa basılan maşınlardan biri də mənim maşınım idi. Hə… Biz getdik, xeyli qabaqdan geriyə qayıtdıq. Dedim, “sür, gedirəm qərargaha, bu, iğtişaşdır və bunu bu yerə gətirib çıxarmamalı idik biz”. Pənah Hüseyn durur, hər kəs durur. Gəlib çıxdıq Milli Bankın yeni tikilən binasının yanına. Ora az qalmış bir nəfər Pənah Hüseynə zəng vurdu ki, “xalq meydana girdi”. Pənah Hüseyn dedi ki, “meydana gedək”. Dedim ki, “yox, mən meydana da getmirəm, bu, hökumətin ssenarisidir, qovub-qovub meydana salırlar, sonra da dalını-qabağını kəsib, mühasirədə şumla, məhv elə”. Pənah Hüseyn dedi ki, “onda saxla, mən düşüm”. “Ərzurumun gədiyindən keçəndə” əsərində deyildiyi kimi, orada mənə güc gəldi. Dedim, “Pənah bəy, yaxşı, bir yerdə gedək”. Onda mən getdim, meydana çıxdım.

– Amma tribunaya da çıxdınız…

– Tribunaya çıxdım, amma heç bir şey danışmadım. Sadəcə, adamları salamladım. Gördüm ki, burada nə danışmağa bir şey var, nə də qulaq asmağa. Heç nə… 4 dəfə İsa Qəmbərə tribunadan zəng etmişəm ki, heç olmasa… Birinci, onu deyim. Tribunaya qalxanda – videokasetlərdə bu var – Arif Hacılını gördüm, işarə elədim ki, “hər şey yaxşıdır, mikrofonu gətir, mitinqə başlamalıyıq”. Yəni əgər bura qədər gəlmişiksə, artıq mitinqə başlamalıyıq.

4-cü dəfə İsa Qəmbər cavab verdi ki…

dsc02440

– Deməli, artıq onda fikriniz dəyişmişdi. Dediniz ki, artıq gəlmişiksə, mitinqə başlayaq?

– Fikrim dəyişməyib, amma gəlmişiksə, prosesi yönləndirməliyik də… daha durub, çaşqın-çaşqın baxmamalıyıq ki… Biz mitinqə başlasaydıq, daha deməzdik ki, prosesi hökumət yönləndirdi. Dedim, mikrofonları gətirin. Arif bəy də həqiqətən getdi, mikrofonları gətirdi. Onda 4 dəfə İsa Qəmbərə zəng eləmişəm. “Gəlirsiniz?”, “Düşünürəm…” Dedim ki, “gəlin, bu, bizim bu prosesləri qanuni məcraya yönəltməmizin yeganə şansıdır, gəlin, heç olmasa, mitinqə başlayaq. Adamlarımızı sakitləşdirək, mitinqə başlayaq. Qoy mitinqi dağıtmış görsünlər, daha əlində daş-kəsək atan insanları yox. Çünki bu insanları onlar yönləndirib, bu istiqamətə onlar gətirib”. Biz bilmirdik ki, Xalçaçılıq muzeyinin qarşısındakı qarşıdurmanı Çingiz Mamedov başlamışdı? Biz onu görməmişdik? Biz onu videolarda bütün prosesi təhlil edərkən baxmışdıq. Dayanmış mitinqçilərə ilk təpiyi atan, ilk qarşıdurma yaradan polislər deyildi? Biz bütün bunların hamısını müşahidə eləmişdik. İsa Qəmbər dedi, “yox, gələ bilmərəm”. 4-cü dəfə zəng eləyəndə soruşdum ki, “haradasınız?” Dedi, “yoldayam”. Dedim, “gəlirsiniz?” Dedi, “yox, evə gedirəm”…

– Allah… Allah…

– Düşdüm tribunadan.

– Çox maraqlı şeylərdir…

– Tribunadan düşdüm, gördüm Rauf Arifoğlu ağzını bağlayıb, – onda qaz atırdılar – Daxili Qoşunlara tərəf gedir. Mühafizəçimi göndərdim ki, Raufu çağırın. Rauf gəldi, dedim ki, “İsa Qəmbər evə getdi, daha burada qalmağın mənası yoxdur”…

– Və siz də çıxdınız?

– Çıxdıq, gəldik bura, qərargahımıza. Artıq meydanda insanları sıxışdırmağa başlamışdılar. Pənaha zəng vurdum ki, “haradasan?” Dedi, “Bakı mehmanxanasının yanındayam”. Dedim, “biz Raufla qərargaha getdik. Sən də gəl bura”. Qərargaha Raufla bir yerdə gəldik. Pənah gəlib bura çata bilmədi, buranı artıq mühasirəyə almışdılar. Biz buranın digər qapısından çıxıb maşına oturduq getdik evə və Rauf, Pənah, mən – üçümüz bəyanatı hazırladıq. Bütün günü işlədik. Mən İsa Qəmbərə yenə təklif etdim ki, “Əgər proses bu yerə gəlib çatıbsa, bu qədər qarşıdurma, bu qədər repressiya varsa, sabaha eyni vaxta mitinq təşkil etmək lazımdır. Heç olmasa, bizimlə danışığa gəlsinlər ki, biz tələblərimizi qoyaq. Bizi həbs edin, amma digər sıravilərə toxunmayın”. İsa Qəmbər çox sərt reaksiya verdi ki, “mitinq elan etmək olmaz, mən əleyhinəyəm”. Səhv etmirəmsə, yalnız “Hürriyyət” bizim o bəyanatımızı verdi, başqa heç bir qəzet vermədi. Bu yaxınlarda sizin “Qaynar Qazan”da oxudum 2003 hadisələri ilə bağlı. İsa Qəmbər meydana getməyi ilə bağlı necə demişdi? Xatirinizdən çıxıb yəqin.

İnsanları meydana kim göndərdi?

sam_2477

– İsa Qəmbər yeni şeylər demişdi.

– Demişdi ki, “meydana insanları biz göndərdik. “Azadlıq” meydanında filan-filan oldu”. Sizə bir material göstərəcəm. Bunu öz müsahibənizlə tutuşdurub, öz rəyinizi yazarsınız. Demişdi ki, “cavabdeh mənəm, mən demişdim ki, getsinlər-filan”… (Yerindən durur və “Yeni Müsavat”ın 2003-cü il oktyabr saylarından birini gətirib oxumağa başlayır – Ə.Z.) Bu, “Yeni Müsavat” qəzetində dərc olunmuş və həmin gün ANS telekanalına verdiyi müsahibədir: “Bütün Azərbaycan rəhbərliyi və polis İqbal Ağazadə kimi fədakar insanlara minnətdar olmalıdır ki, onlar insanları küçələrdən çıxarıb, meydana topladılar ki, küçələrdəki o hadisələr baş verməsin”… 15-20 il keçəndən sonra “mən eləmişəm”, demək çox asandır. “Mən dedim”, “Mən etdim”, “Mən inasnları belə elədim…” Amma həmin gecə hər şeyi İqbal Ağazadənin üzərinə yükləyirdi. Hər kəs…

– Çox maraqlıdır. O zaman mənim üçün bir mənzərə açılır. Bu hadisələrdən sonra uzun illər Müsavat partiyası və İsa Qəmbər sizi heç yaxına qoymadı.

– Heç mənim özüm də yaxın durmaq istəmirdim…

– Hətta sizə istiqamətlənən, ünvanlanan mesajlar verdi. Niyə, səbəbi nə idi?

– Adamlar bəzən məyus olanda və yaxud da bütün o proseslərin hamısına birgə yaşadığı və qarşı tərəfin də haqqı olduğu məqamlarda bəzən ictimai rəydən istifadə eləyib üzərinə getməklə daha yaxşı fon yaratmaq istəyirlər. Mən heç kimə qarşı kinli deyiləm. Yəni mənim üçün bunlar da arxada qalıb, bu da bir tarixdir. Baxmayaraq ki, tarixin hansı dönəmidir və necədir-filandır. Amma mənim üçün tarixdir. Heç kimə qarşı da mənim kinim, qəzəbim, filanım yoxdur. Amma 2003-cü ildə məni ittiham edəndə ki, insanları meydana çıxarıb, mən meydana çıxarmamışam. Mən sadəcə meydanda başsız qalmış insanların qarşısına getmişəm. Videomateriallar var, baxın. Meydana mən gələndə, “İqbal bəy” qışqırırdılar.

– O zamanın çox qabarıq və ən öndə olan adamlarından biri idiniz…

– Mən sadəcə meydana çıxmağın qəti əleyhinə olmuşam. Çünki oktyabrın 18-i günü “Qələbə” meydanında bizim mitinqimiz gözlənilirdi. İcazəli mitinq idi və biz də ora hazırlaşırdıq. Onun alt yapısını necə hazırlamışdıq, istəsəniz, bir gün bu haqda geniş danışarıq.

– Mənə çox maraqlıdır…

– 2003-cü ildə… Biz bundan danışarıq, amma biz, şəxsən mən onun əleyhinə idim. Bütün plan da onun üzərində qurulmuşdu. Ayın 18-i ilə bağlı da mitinq qərarı var idi. Mən 2003-cü il 16 oktyabrında “Azadlıq” meydanına getməyin qəti əleyhinə olmuşam. Lakin xalq meydana çıxandan sonra onu başsız qoymayaraq – çoxlarından fərqli olaraq – Pənah Hüseyn, mən, Rauf Arifoğlu, Arif Hacılı, İbrahim İbrahimli – biz meydanda olmuşuq.

– Bir sual da var. Bu haqda kuluarlarda da danışılır. Bilmirəm, nə dərəcədə realdır, amma yeri gəldi soruşum. İsa Qəmbərin sizə qarşı münasibətinin birdən-birə bu qədər aqressivləşməsi və sərtləşməsi, həm də Qarabağ elektoratının yeni bir lider tapması ilə əlaqədar deyil?

II hissənin sonu

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button