“Qaynar Qazan”da Ruslan İzzətli (III hissə): “Əsl nurçular parlamentdədir, Yazıçılar İttifaqındadır, Prezident Aparatındadır”

Ruslan İzzətli: “Məhəmməd Əmin Rəsulzadənin cənazəsi bu ölkəyə gətirilməlidir”

 

Ruslan İzzətli ilə müsahibəyə bir çox səbəblər rəvac verdi. Əvvəla, ona görə ki, Ruslan İzzətli siyasətdə gənclərin ən parlaq nümayəndələrindən biridir. Hər müsahibi qərarlaşdıranda, bizə iradlar və təkliflər də gəlirdi. Ki, bəs niyə gənclərin nümayəndələrinə söz haqqı tanımırsınız. Bunun üçün də gənclərin nümayəndələrinin önə çıxmaları, gündəmin əsas adamlarından biri olması lazım. Təbii ki, şərt də deyil, amma önəmlidir həm də.

Ruslan İzzətli son günlərin öndə olan gənclərindən biridir. D-18 hərəkatı olaraq son dönəmlər ölkə gündəmində özlərinindən bəhs etdirə bilirlər. Sərt müxalif mövqeləri və aydın hədəfləri ilə özlərindən və əməllərindən hali edirlər cəmiyyəti. Onlar bu ölkənin Cümhuriyyət gözətçiləridir və ilin-günün bu vaxtında 1918-ci il Cümhuriyyətinə və Cümhuriyyətimizin böyük kişilərinə sahib çıxmaq gəncliyə də örnəkdir. Örnək olmalıdır.

Ruslan İzzətli Müsavatın 18 sentyabr mitinqinin ən parlaq çıxışlarından birini etdi. Ardınca Türkiyəyə səfər etdi və dərhal da hakimiyyətin yanlı və tərəfli mediası onu ölkədən qaçmaqda ittiham etdi. Bir neçə gün keçmədi ki, İzzətli ölkəyə qayıtdı, amma həmin yanlı media yazdığı yanlışlara görə ondan üzr istədimi, bilmədim.

Ruslan İzzətli həm də xarici təşkilatlarla, müxtəlif ölkənin səfirlikləri ilə, bir çox beynəlxalq təşkilatlarla yaxşı münasibətlət yarada bilib. Mən onu təzə tanıyıram, amma əminliklə deyə bilərəm ki, heç bir addımı da Azərbaycanın əleyhinə deyil. Gələcək təbii ki, hər şeyi daha aydın göstərəcək, ancaq bu ağılla və tədbirliliklə addımlasa, ona asan olacaq.

Mən Ruslana bu qədər və eyni zamanda sərt sualların gələcəyini təxmin etmirdim. Bir neçə sual olacağını və uzağı 30-40 dəqiqəyə də müsahibənin sonlanacağını gözləyirdim. Amma gözlədiyimdən çox fərqli oldu hər şey. Ruslana ən azı partiya sədrləri qədər sual gəldi və ona da heyrət etdim ki, suallar xüsusi amansızlığı ilə seçilirdi. Deməli, onun fəaliyyəti yetərli olmuşdu. Olmasaydı, bu qədər əsəb, kin, narahatçılıq dolu suallar haradan qaynaqlana bilərdi?

Müsahibə boyu da təmkini, səbri və ağır cavabları ilə seçildi Ruslan İzzətli. Cavablara səlis və düşünərək cavablar verdi. İttiham etmədi, sadəcə çalışıb bildiklərini söyləməyə çalışdı.

Beləcə, gənc liderlərdən Ruslan İzzətli ilə “Qaynar Qazan”da saat yarıma qədər danışdıq. Ölkədaxili məsələlərdən ölkəxarici problemlərə qədər, bir zamanlar müavini olduğu İqbal Ağazadədən “ənənəvi” adlandırdığı müxalifət partiyalarına, dövlət məmurlarına qədər kimlərdən danışmadıq ki. Qoy bu da Azərbaycan məsələlərinə “ənənəvi” yanaşmadan fərqli olsun. Gənc baxışı… Üçüncü baxış və s…

Ruslan İzzətlinin mənfi cəhətləri yoxmu? Müsahibə boyu, ya da müsahibədən əvvəl tənqid olunacaq bir özəlliyi olmadımı? Var təbii ki. Amma mən onun bu cəhətlərindən danışmaq istəmədim. Gəncləri dəstəkləmək və inkişaf etdirmək naminə o məqamlara göz yummaq da olar. Təki ortada belə cəsarətli, gözüpək və atılqan cavanlar olsun, onları sayı çoxalsın. Ruslan İzzətli kimi cavanlar çox olduqca, ölkənin də problemləri həllini tapacaq. Tapmalıdır…

“Qaynar Qazan”ın 26-cı qonağı D-18 hərəkatının sədri, gənc siyasətçi Ruslan İzzətlidir…

Əvəz Zeynallı

 

III sonuncu hissə

 

I hissəni bu linkdən oxuyun:

https://www.xural.com/qaynar-qazanda-ruslan-izz%C9%99tli-i-hiss%C9%99-qohumlarim-m%C9%99niml%C9%99-gorusm%C9%99kd%C9%99n-qorxurlar/ (“Qaynar Qazan”da Ruslan İzzətli (I hissə): “Qohumlarım mənimlə görüşməkdən qorxurlar”)

 

II hissəni bu linkdən oxuyun:

https://www.xural.com/qaynar-qazanda-ruslan-izz%C9%99tli-ii-hiss%C9%99-hakimiyy%C9%99ti-yalniz-yeni-quvv%C9%99l%C9%99r-v%C9%99-yeni-simalar-d%C9%99yis%C9%99c%C9%99k/ “Qaynar Qazan”da Ruslan İzzətli (II hissə): “Hakimiyyəti yalnız yeni qüvvələr və yeni simalar dəyişəcək!”

Kimsə mənim əlimdən tutub, tribunaya qaldırmadı

sam_2563

Ənənəvilik məsələsində suallar var. Bir-birinin təkrarıdır. Qısa olaraq müəyyən detallara münasibətinizi öyrənmək istəyərdim. Türkel Azərtürk deyir ki, “Bir vaxtlar müxalifəti ənənəvi adlandırıb, bəyənmirdi. İndi müxalifət ənənəsinə xilaf çıxıb, yoxsa Ruslan bəy ənənəviləşib?” Həzi Bəy də sizə hörmətini izhar edir və soruşur ki, “Ruslan bəyi ənənəvi müxalifət yüzlələ insanın qarşısında tribunaya çıxardı və o, çıxış elədi. Sırf buna görə leksikonundan “ənənəvi müxalifət” ifadəsini çıxarmağı düşünürmü?” Görünür, “ənənəvi müxalifət” ifadəsi müxalifət partiyası tərəfdarlarına təsir edib.

– Əgər D-18-in ciddi bir fəaliyyəti yoxdursa, həqiqətən də biz – D-18 ciddi gəncləri təmsil etmiriksə, o zaman bu adamlar niyə bizim “ənənəvi müxalifət” ifadəmizdən narahat olurlar? Deməli, əslində apardığımız xətt və fəaliyyətimizdəki stabillik bu adamlar tərəfindən təqdir olunur. Çünki Azərbaycanda yeni qüvvə adı ilə çox az adam çıxdı ki, fəaliyyətləri stabil oldu. Bu gün özlərini “yeni siyasi qüvvə” kimi təqdim etdilər, sabah isə hakimiyyətin səfində yer aldılar. Amma D-18 yarandığı gündən bu günə qədər hökumətə qarşı münasibəti sərt və stabil oldu. Ənənəvi müxalifətə qarşı da mövqeyini bildirdi.

– Bu, həm də fərqdir, eləmi? İlkin Əli Məmmədli soruşur ki, “Ənənəvi müxalifətlə fərqləri nədən ibarətdir? İlk öncə ölkədə hansı sahədə dəyişikliklər etmək lazımdır?”

– Bir daha təkrar edirəm. Biz Müsavat partiyası ilə parlament və yaxud da prezident seçkilərində bir yerdə olmadıq ki, ortada prinsiplər məsələsi olsun. Çünki parlament, prezident seçkilərində bir yerdə olanlar eyni proqramı, eyni düşüncəni daşıyanların ittifaqıdır. Referendum məsələsində isə iki yol var idi – ya monarxiya, ya da cümhuriyyət. Ya sən hakimiyyətin səfində dayanıb monarxiyanı dəstəkləməlisən, ya da müxalifətdə olan hər kəs bir araya gəlib, cümhuriyyəti dəstəkləməlidir. Kimsə də mənim əlimdən tutub, tribunaya qaldırmayıb. D-18-in apardığı ardıcıl, stabil mübarizə nəticəsində D-18 çıxdı və onun son zamanlarda atdığı addım və yaşadığı proseslər də bir çoxlarını təəccübləndirdi. Fərqimiz nədir? Biz insanları ideoloji düşüncələrinə görə ayırmırıq. Biz ölkədə parlamentar respublikanın qurulmasının tərəfdarıyıq. Bizim hərbiyə baxışımız fərqlidir. Məsələn, hərbi islahatlar. Biz hərbiyə çağırış yaş həddinin 18-dən 21-ə qaldırılmasının 35-dən 27-ə endirilməsinin tərəfdarıyıq. Biz universitet rektorlarının müəllim və tələbə heyətləri tərəfindən seçilməsinin tərəfdarıyıq. Biz hər bir vətəndaşın məcburi tibbi sığorta olunmasının tərəfdarıyıq. Estetik əməliyyatdan başqa digər əməliyyatların dövlət tərəfindən maliyyələşdirilməsinin tərəfdarıyıq. Biz bu düşüncələrimizi də bütün regionlarda və rayonlarda yaşayan həmvətənlərimizə çatdırırıq.

 

Azərbaycanda 9 milyonluq xalqı 44 nazirlik,  Almaniyada 50 milyonluq xalqı 15 nazirlik idarə edir

 sam_2561

– Pərvin Dadaşov soruşur ki, heç olmasa bir proqramları varmı?

– Bizim proqramımız var və hətta broşürlər şəklində regionlarda, rayonlarda paylamışıq. Gənclər siyasəti, təhsil siyasəti, hərb siyasəti, ölkənin idarəedilməsində aparılacaq islahatlar və s. Bu gün 9 milyonluq xalqı 44 nazirlik və komitə idarə edir. Almaniyada isə 50 milyonluq xalqı cəmi 15 nazirlik idarə edir. Biz kiçik hökumət modelinin yaradılmasının tərəfdarıyıq. Əlavə olaraq, biz dövlətin hər şeyə sahib olmasını istəmirik. D-18 Hərəkatının belə bir şüarı var: “İnsanı yaşat ki, dövlət yaşasın!” Dövlətdə hər şey insan üçün olmalıdır. Bayraq da, dövlət də, onun hakimiyyəti də hər şeydən öncə insana xidmət eləməlidir. İnsan dövlətə xidmət etməməlidir. Yəni “insanı əz, dövlət ucalsın”, – düşüncəsi olmamalıdır. Dövlət insanı ucaltmalıdır. Vətəndaş sağlam, güclü, ayaqda olacaqsa, o dövləti heç kim işğal edə bilməz. Amma vətəndaş ələbaxımlı olacaqsa, o, 30 manata görə vəhhabi də ola bilər, İŞID-çi da ola bilər, hətta başqa radikal qruplara da qoşular. Bu gün ölkənin əsas problemi insan problemidir. Çünki dövlət vətəndaşına sahib çıxmır, başqaları sahib çıxır. Dövlət vətəndaşını ac, günü 10 manata möhtac saxlayır, başqaları daha artıq – 40-50 manata onu qazanır. Bu məsələlərdə dövlət və vətəndaş düşüncəsi aradan çıxır və insanlar gündəlik yaşam mübarizəsinə qalxırlar. O baxımdan biz bu düşüncənin trəfdarıyıq ki, dövlətdə hər şey insanın rifahı naminə qurulmalıdır. Digər məsələlər haqqında… Bizim xarici siyasətə baxışımız, avroatlantik məkana inteqrasiyamız, sosial islahatlar – gənclərin ev və iş problemlərinin həll edilməsi proqramımızda əks olunub. Biz bu yaxınlarda dostlarımız vasitəsilə yazdıq. Bakıda 600 mindən çox sənədsiz evlər var. Onlara sənədlərin verilmə mexanizminin sadələşdirilməsi haqda D-18 olaraq biz Dövlət Daşınmaz Əmlakın Reyestri Xidmətinə təkliflərimizi göndərdik.

– Cavid Qurbanlı da soruşur: “Ölkənin gəlirlərinin ən azı 70 faizi neftdən asılıdır və bu asılılığı aradan qaldırmaq üçün hansı təklif və planlarınız var?”

– Bu ölkədə 600 mindən çox sənədsiz evlər var. Bu gün Bakıda da əsas problem budur, insan ev tikib, illərdir həmin evdə yaşayır, amma onun evinə rəsmi sənəd verilmir.

– Hə, mənim də evim sənədsizdir…

– Dövlət Bakının ərazisinə görə – mərkəzi, ya da şəhərdən kənarda olmasına görə, qiymətləri müəyyənləşdirməlidir. Məsələn, kvadrat metri 1000-4000 AZN arası müəyyən edilsin. Biz dostlarla həmin proqramı hazırlamışdıq. O proqramı sizə də göndərə bilərəm. 2014-cü ilə qədər tikilən evləri nəzərdə tutmuşduq. Bu ilə qədər sənədlərin verilməsi büdcəyə 2.7 milyard manat pul gətirəcək. Bu gün halbuki bu məbləği əldə etmək üçün Dünya Bankına müraciət edilib. Bu addımı atmaqla dövlət həm vətəndaşının problemini həll etmiş olur, bununla vətəndaş icra başçılarına 20-50 min arası rüşvət verib evini tikmir – bu pul dövlətin büdcəsinə gedir – nəticədə həm də sənədsiz evlər problemi həll olunur. Görünür, dövlət bunda da maraqlı deyil.

Əsl nurçular parlamentdədir, Yazıçılar İttifaqındadır, Prezident Aparatındadır

dsc02509

– Tural Qurbanlı yazır: “Bir ara nurçuları tərifləyirdi, o söhbətin axırı nə oldu?”

– Heç bir zaman nurçuları tərifləyən mövqeyim olmayıb. Mənim nurçu dostlarım olub. Mən heç bir zaman bunu gizlətməmişəm. Mən ermənilərlə görüşəndə də oradan çəkilmiş şəkli birinci özüm yaymışam. Ona görə ki, başqaları bunu yayıb, məsələni provokasiyaya çəkməsinlər ki, guya bunu gizlədirəm. Mən nurçularla görüşmüşəm, şəklini də özüm yaymışam. Sabah başqaları ilə görüşsəm, onu da özüm yayacam. Çünki mən siyasətlə məşğulam və hər kəs mənimlə görüşmək istəyə bilər, mən hər kəslə görüşə bilərəm. Təbii ki, prinsip və düşüncələrimə sadiq qalmaq şərtilə… 2012-2014-cü illərdə nurçular haqqında bir yazım çıxmışdı: “Nurçuluq dini cərəyan, yoxsa siyasi xətt ”. O zaman da bizdən fərqli olaraq, bu hakimiyyət nurçuların liderinə Fətullah Gülən əfəndi deyirdi. Türkiyə hakimiyyəti də ona, “gəl, bu intizar bitsin”, – deyirdi. Amma mən tənqid edirdim. Çünki hər zaman onun tərəfində olmuşam ki, nurçu olmur, kim olur-olsun, din dövlətdən uzaq olmalıdır. Din dövlətə sirayət etdikdə artıq həm din məcrasından çıxır, həm də dövlət məcrasından çıxır. O zaman da mənə nurçu deyənlərə öz bloqumda cavab vermişdim ki, bu ölkədə nurçuların məktəbinə lisenziyanı mən verməmişəm. Bu ölkədə Qafqaz Universitetinin açılmasına icazəni də mən verməmişəm. Bu ölkədə Təhsil nazirliyində, Maliyyə Nazirliyində, Prezident Aparatında nurçuların işləməsinə mən icazə verməmişəm. Bu ölkədə Fətulla Gülən əfəndinin kitablarını tərifləyib, tərcümə edən də mən olmamışam, bu hakimiyyət olub. Bu hakimiyyəti ittiham edib, ona sözünüzü deyə bilmirsinizsə, məni ittiham edirsinizsə, bu, vicdanlı və obyektiv insanlar tərəfindən çox iyrənc qarşılanır. Bu gün də Fətullahçı adı ilə başqalarını tuturlar, amma yenə də əsl nurçular parlamentdədir, Yazıçılar İttifaqındadır, Prezident Aparatındadır və digər nazirliklərdə təmsil olunurlar. Məktəblərinin adları dəyişdirilsə də, fəaliyyətlərinə bu gün də davam edirlər. Bu məktəblər hazırda prezidentin müşaviri Əli Həsənovun şəxsən özünun birbaşa  kurasiyası altındadır. Xəzər TV də birbaşa nurçularındır. Sadəcə, Əli Həsənov bu məsələdən sonra onların hamısını öz monopoliyasına aldı. Yeganə sahə təhsil sahəsi idi ki, burada monopoliya yox idi. Bu məsələdə qazanan Əli Həsənov oldu, dövlət olmadı. Əli Həsənov təhsillə bağlı keçirilən kursları da nəzarəti altına aldı. Sadəcə adı “Araz” olmadı, başqa bir ad oldu. Hərə bir ad qoydu, amma əvvəlki müəllimlər yenə də orada çalışırlar. Dövlət əgər Fətullah Güləni axtarırsa, öz yanındakılara və birinci adamlarına baxsın.

 

Vicdansız insanların ən axırıncı versiyası…

 sam_2567

– Kərim Abi yazır: “Türkiyədə oxuyub, ABŞ-a səfər edirsiniz. Soruşanda da deyirsiniz ki, sizə Türkiyədəki dostlarınız köməklik edirlər. Axı biz də bilirik ki, türk qardaşlarımız iqtisadi qazancları olmayan yerlərə yatırım etmirlər. Uzaqbaşı bir kostyum ala, ya da 100-200 dollar yardım edərlər. Bunu desəniz, arqumentiniz absurd olacaq. Sizin maliyyənizin Ramiz Mehdiyev tərəfindən verildiyi iddia edilir və əlimizdə olan məlumata görə, bu yardım sonradan kəsildiyi üçün təmtəraqlı ofisiniz də əlinizdən alındı”.

– Mən hər zaman Azərbaycanda Rusiyanın hegemonluq etdiyini və hətta Rusiyanın siyasi hakimiyyətdə kadrlarının olduğunu demişəm. Bu məsələdə də ən çox elə Ramiz Mehdiyevi qabartmışam. Bizi nə adlandırırlar?  “Qərbin V kolonu” Mən o zaman bu məsələ ilə bağlı bir yazı da yazmışdım ki, bu ölkədə “V kolon” varsa, Rusiyanın kolonudur və başında da Ramiz Mehdiyev dayanır. Bunu mən deyəndə o adamlar harada idilər? Bizim ofisimizdə tədbirlər keçirilib, gəlib bağlayıblar. Maliyyə probleminə görə bağlamayıblar ki… Mən yenə ofis tutmaq istəyirəm, amma bizimlə müqavilə bağlayan yoxdur. Biz də çalışırıq ki, elə bir ofis icarəyə götürək ki, onun sahibi ən azı Azərbaycanda yaşamasın. Polis və digər qurumlar ona təzyiq göstərməsin. Bizim adımızı Ramiz Mehdiyevə bağlamaq da ən axırıncı versiyalardan biridir. Hətta vicdansız insanların ən axırıncı versiyasıdır.

– Həsənov Vüsal soruşur: “Siz də ictimailəşdikdən sonra, müxalifətçi kimi məşhurlaşdıqdan sonra, Müsavat partiyasına qarşı çıxmayacaqsınız ki? Bir çoxları bu taktikanı seçiblər. Ona görə soruşdum ki, qərəz və aşağılayıcılıq kimi qəbul etməyəsiniz”.

– Çox təəssüf ki, bizim dostlarımız da hakimiyyət kimi düşünürlər. Yəni mən filankəslə bu gün bir yerdəyəm, birdən sabah məni atar, mənə qarşı çıxar. Filankəsi Milli Məclisə buraxa bilərik, birdən parlamentdə mənə qarşı “istefa” deyər. Biz bu gün bir yerdəyik. Bir yolu da getdik – referendum məsələsində… Yenə də münasibətlərimiz var. Mən Əli Kərimliyə də, İsa Qəmbərə də, Arif Hacılıya da, hər kəsə hörmətlə yanaşmışam ki, demokratik bir cəmiyyəti qurmağı bacarmasalar da, ölkənin Özbəkistanın prototipi olmasının qarşısını alıblar. Yəni onların böyük əməkləri var və müxalifətdə 20 il duruş gətirmək də hər insanın işi deyil. Nə qədər insanlar satıldı, amma bu insanlar dimdik hakimiyyətin qarşısında dayandılar. Amma sabah Arif bəy və ya digər dostumuzun bir yanlışı olacaqsa, onu tənqid etməyim? Necə olur ki, mən hakimiyyətin nöqsanlarını tənqid edirəm, alqışlayırsınız, amma öz dostlarımın bir yanlışı olarsa, tənqid etməyim? Mənim üçün fərqi yoxdur – hakimiyyət, müxalifət və yaxud da bizim üzvümüz… Yanlışlığı olacaqsa, prinsiplərində hər hansı bir sapmalar olacaqsa, mən tənqid edəcəm.

– Həsənov Vüsal bu dəfə sizə başqa bir sual verir: “Ruslan bəy, xahiş edirəm, Əvəz Zeynallıya sual verin. Nə vaxta kimi müxalifəti “Qaynar Qazan”da sorğulayacaqsınız? Nədən görəvlilərdən birini “Qaynar Qazan”a çağırmırsınız?” Bu, deyəsən bizim müxalifətçi dostlarımızdandır. Həmişə də bunu irad bildirir. Amma mən buradan bir də bəyan edirəm ki, biz hakimiyyətdə olan, indi hakimiyyətin səfində yer alan hətta deputatları belə “Qaynar Qazan”a gətirə bilmirik. Mən icra hakimiyyəti başçılarına, hətta Bakı şəhər İcra hakimiyyətinin başçısına belə yazılı, rəsmi müraciət etmişəm. Hələ bir çoxları ilə də yazışmalarım var ki, onların adlarını hələlik açıqlamıram. Hətta MİS müdirindən tutmuş deputatlara qədər “Qaynar Qazan”a gəlməkdən çəkinirlər. Vüsal bəy elə bilməsin ki, biz tək müxalifətdaxili – belə deyək – “razborkalar”la məşğuluq. Biz sadəcə danışan və dəvətimizi qəbul edən adamlarla “Qaynar Qazan”da görüşürük. Amma kaş ki, o imkan da yaransın ki, məmurları da dəvət edək və onlar da danışsınlar. Nazilə Əliyeva Müsavat partiyasının son mitinqdəki çıxışınızı təqdir edib. Sizdən bir qədər qürurla bəhs edib və sonra da yazıb: “Müsavat partiyasının hakimiyyəti dövründə Ruslan bəy özünü hansı vəzifədə görür?” Belə çıxır ki, son çıxışınızdan sonra sizi əməlli-başlı müsavatçı kimi görənlər var.

– Mən tam səmimi olaraq deyirəm və bunu dostlarım da yaxşı bilirlər ki, hətta parlament seçkilərində belə namizəd olmaq istəmərəm. Mənim tək bir xəyalım var ki, Azərbaycanda tam demokratik bir cəmiyyət qurulsun və xalqımın da sevimlisi olum.

Məhəmməd Əmin Rəsulzadənin cənazəsi bu ölkəyə gətirilməlidir

sam_2564

– “Xəyalım” dediniz, burada maraqlı bir sual var. Ayaz Həsənli deyir: “Bir məsələni xüsusilə qeyd etmək istəyirəm ki, Ruslan İzzətli dostluqda hər zaman vəfalı birisidir. Bir siyasətçi kimi cəsarətinin, prinsipiallığının həmişə vurğunu olmuşam. Sualım isə budur: Ən böyük xəyalı nədir?”

– Mənim ən böyük arzum – bunu yaxın ətrafım da bilir. Ölkəmizdə cümhuriyyətin bərpa olunması və Məhəmməd Əmin Rəsulzadənin cənazəsinin bu ölkəyə gətirilməsidir. Ən böyük arzum budur. Məsələn, bu ölkədə deputat və ya nazir olmaq arzum yoxdur. Mən hər dəfə Türkiyəyə səfər edəndə ilk olaraq hava limanından Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edirəm və həyatımda yeganə məkandır ki, utanaraq ora gedirəm.

– Çox utancverici bir məkandır, bəli…

– Onun məzarının Azərbaycana gətirilməsini arzulayıram. Müsavat partiyası hakimiyyətə gələrsə, inanıram ki, bu ölkədə kifayət qədər savadlı kadrlar var, onları hakimiyyətə dəvət edər. Mənimsə, nazir və yaxud da deputat olmaq fikrim yoxdur. Sual oluna bilər ki, o zaman mən niyə seçkilərə qatılmışdım? Mən bunu seçicilərlə görüşümdə də qeyd etmişdim. Mən sübut etmək istədim ki, bu ölkədə heç də hər şey pulla alınıb satılmır. Ona görə seçkilərə qatılmışdım. Amma mənim deputat, nazir, prezident olmaq iddiam yoxdur.

– Çoxlu tənqidi suallar da gəlib. Bundan əvvəlki tənqidi suallara çox sağ ol ki, səmimi cavablar verdin. Amma burada bir sual da var. Səidə Nağızadə deyir ki, bir çoxları, – hətta ölkə rəhbərliyinin də adını çəkib, İlham Əliyevi hərbi xidmətdə olmamaqda ittiham edir, Ruslan İzzətli necə, hərbi xidmətdə olubmu? Kişilik məktəbini keçməyən gələcəkdə xalqa necə xidmət edə bilər?

– Bəli, mən hərbi xidmətdə olmamışam. Yalandan deyə də bilmərəm ki, olmuşam.

– Deputat Zahid Oruc da hərbi xidmətdə olmayıb, amma parlamentdə Təhlükəsizlik Komitəsinin üzvüdür.

– Bu ölkədə mən kifayət qədər adamın adını çəkərəm ki, ümumiyyətlə, məmur, nazir övladları, nazirlər, Ali Baş Komandan başda olmaqla hərbi xidmətdə olmayıblar. Necə olur ki, prezident hərbi xidmətdə olmasa da, Ali Baş Komandan və prezident ola bilir, amma mən hərbi xidmətdə olmadığım üçün müxalifətçi və siyasətçi ola bilmərəm? İkincisi də, mənim atam Nazirlər Komitəsinin sədri olmayıb ki, səlahiyyətlərindən sui-istifadə edib, məni hərbi xidmətdən yayındırsın. Mən sadə bir ailənin övladıyam. Hərbi Komissarlığa getmişəm və əgər Azərbaycanda müharibə şəraiti yaranarsa, artıq mənim orduya yararlı kimi ön cəbhədə olmamağımla bağlı vəsiqəm də var. Mən 3 ildən bir Komissiyadan keçirəm. Nə zaman Hərbi Komissarlıq lazım biləcəksə, o zaman da orduya aparacaq. Digər məsələyə qalanda, mən müxalifətdəyəm və hakimiyyəti sərt tənqid edirəm. O zaman hakimiyyət məni əsgərliyə aparaydı da… Təbii, görünür ki, hazırda yararlılıq problemi var. O üzdən məni hərbi xidmətə aparmırlar. Amma mən Zahid Orucun hansı səbəblərdən hərbi xidmətdən yayındığını bilməsəm də, tək onu bilirəm ki, Azərbaycan hakimiyyətində kifayət qədər səlahiyyətli adamlar var ki, atalarının Sovet hakimiyyəti dövründə vəzifə tutduqları üçün hərbi xidmətdə olmayıblar. Amma mənim o lüksüm yoxdur.

2010-cu ildəki Azər Həsrəti dəstəkləmişik, indiki Azər Həsrəti yox

dsc02520

– Təqdiredici suallar da var. Zakir İsmayıl yazır: “Savadlı və əqidəli gəncdir. Tutduğu yolu və son zamanlar apardığı siyasəti bəyənirəm. Çoxlarından irəlidədir. Belə də davam edərək, bugünkü mövqelərini qoruya bilsə, ona yalnız uğurlar olsun, demək qalır”. Raqif bəy də uğurlar diləyir. Turan Dövləti profilindən yazıblar ki, “Bilirsinizmi, Əvəz bəy, səhv yol seçib, sonra səhvini başa düşüb düz yol seçənə hərə bir çamur atır. Elə onun üçün də millət pis günə qalıb. Ruslan bəyə uğurlar”. Bilmirəm, bu mövqenin – səhv yol gedib, sonra düz yola gəlməyin sizə dəxli varmı? Amma hər halda, təqdiredici suallardandır. Tural Məmmədov deyir: “Mitinqdə çox yaxşı çıxış etdi. Tutduğu mövqeyə görə uğurlar arzu edirəm. Bir də spekulizasyonlar uğur olan yerdə hər zaman olacaq”. Burada Azər Həsrət də maraqlı bir rəy yazıb, “Təşəkkür edirəm ki, 2010-cu il parlament seçkilərində mənə dəstək olub”.

– Bütöv Azərbaycan Gənclər Təşkilatı 2009-cu ildə yaranıb və mən də 2010-cu ilin avqust ayına qədər oranın sədri olmuşam. O zaman bizimlə görüşən bir qrup ziyalını parlament seçkilərində dəstəkləmişdik. Onların arasında müsavatçı da, cəbhəçi də var idi, Azər Həsrət də var idi. Bəli, biz Azər Həsrəti 34 saylı Xətai Seçki Dairəsindən dəstəkləmişik. Lakin biz 2010-cu ildəki Azər Həsrəti dəstəkləmişik, indiki Azər Həsrəti yox. Mən bir gənc kimi – o zaman 22 yaşım var idi – 2010-cu ildə Azər Həsrəti tanıyanda o prinsipial, öz dəyərləri olan, ölkədə demokratiyanın problemlərini görən bir Azər Həsrət var idi. Amma indi Xəzər TV-də onun verilişlərinə baxıram və fərqli bir Azər Həsrət görürəm. Əgər bu gün o öz namizədliyini irəli sürsəydi, çox təəssüf ki onu dəstəkləyə bilməzdim. Əksinə, ona qarşı həmin dairədə savaş açardıq.

– İlhamoğlu Kamal yazır: “İqbal Ağazadə ilə olan fikir ayrılıqları və Ümid partiyasından getməsilə bağlı da danışsa maraqlı olardı”. Onu da qeyd edim ki, İqbal Ağazadə “Qaynar Qazan”ın son qonağı idi və həmin müsahibədə sizin haqqınızda, komanda haqqında verdiyi açıqlamalar da kifayət qədər ciddidir. Mən çox istərdim ki, bu məsələ ətrafında da öz açıqlamalarınızı verəsiniz.

– İqbal Ağazadə məni 2012-ci ilin avqust ayında Ümid partiyasına dəvət etmişdi. Əvvəlcə “125-lər Klubu” yaradıldı, ora dəvət aldım. Yəni müstəqil olaraq namizədlər toplaşırdı və bəyanatlar bu Klub adı ilə verilirdi. Sonra isə mənim İqbal Ağazadə ilə görüşümüz oldu və mən partiyaya Rəyasət Heyətinin üzvü və Gənclərlə iş üzrə sədr müavin təyin edildim. Mən Rəyasət Heyətinin ən gənc üzvü idim. Bir il birlikdə çalışdıq. İqbal Ağazadə…

– …Üzr istəyirəm. Ümid partiyasının rəhbərliyində də, sizdə də regional balans əsasdır? Çünki bütün qarabağlılar orada idilər. Digər qurumlarda da bu prinsiplər qorunur. Əli İnsanov Səhiyyə naziri olanda bütün səhiyyə ermənistanlılar idi. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov olanda bütün nazirlik naxçıvanlılardan ibarət idi. Səlim Müslümovun Sosial Müdafiə Nazirliyində hər kəs ağsuludur. Yeri gəldi bunları dedim. Çünki İqbal Ağazadə “İsa Qəmbər qarabağlı deyil”, – deyincə belə bir fikir yaranır. Ümidə baxanda siz də, Nəsimi Məmmədli də qarabağlısınız.

– Orada Qarabağdan olanlar çoxdur. Amma tam səmimi demək istəyirəm ki, mən İqbal Ağazadənin qarabağlı olduğu üçün o partiyaya getməmişdim. Qarabağlıların siyasi lider kimi görə biləcəkləri şəxs isə indiyə qədər İsa Qəmbər olub, İqbal Ağazadə olmayıb. Qarabağlılar daha çox İs Qəmbəri dəstəkləyiblər, İqbal Ağazadəni yox.

Ümidin Qarabağ rayon şöbələri niyə yoxdur?

 dsc02513

– O zaman “İsa Qəmbər qarabağlı deyil”, iddiası nədir?

– O, İqbal Ağazadənin öz düşüncəsi və illüziyasıdır, bilmirəm. Mən İsa bəyin vəkili də deyiləm, bu məsələyə özü münasibət bildirsə, yaxşı olar. Mən Qarabağda böyümüşəm və siyasi cəhətdən bizim tərəfin insanları daha çox İsa Qəmbəri dəstəkləyiblər. Məsələn, Müsavat partiyasının ən güclü rayon şöbələrindən biri Ağdamda olub. Bu gün də Qarabağda var. İsa Qəmbər qarabağlı deyilsə, İqbal Ağazadə qarabağlıdırsa, onda İqbal Ağazadə zəhmət çəksin, Qarabağın 6-7 rayonundan 2-3 rayon şöbəsi göstərsin görüm, onun partiyasının bu rayonlarda rayon şöbələri varmı? Ağdamda, Fizulidə, Laçın, Cəbrayıl, Şuşa rayon şöbələri varmı? Qarabağda 2-3 rayon şöbəsi yoxdur. Tək Füzulidə də öz qohum-əqrəbalarıdır.

– Ümidin Qarabağda rayon şöbələri yoxdur?

– Yoxdur. Hətta bizi Ağdamda dəstəkləyən üzvlərimiz var idi. Nəsimi Məmmədlinin qohumlarından kimsə təmsil olunurdu, amma rayon şöbəmiz yox idi. Biz Bərdə də və Tərtərdə dayanırdıq. Qarabağa tam girə bilmirdik. Qaşqınların rayonlarında bizim rayon şöbəmiz yox idi. Mən hər zaman deyirdim ki, 3-4 nəfər ağdamlı müavininiz var, partiyanın Ağdam rayon şöbəsi olmaması ayıbdır.

– Niyə?

– Qura bilmədik də rayon şöbələrini… İnsanları məcbur gətirə bilməzdik ki… Gəlmədilər, qurula bilmədi. Yəni öncə, “filankəs qarabağlı deyil”, deyib özünü qarabağlı elektoratının lideri kimi göstərən adam əvvəlcə həmin rayonda olan partiyanın rayon şöbələrini göstərsin, sonra danışsın.

 

İqbal Ağazadə yazılarımı saytlardan çıxartdırdı

dsc02511

– Yox, insaf var. Özü də göstərmir. Özü deyir ki, “mən bütün Azərbaycanın səsinə iddia edirəm”. Amma “İsa Qəmbər də qarabağlı deyil”.

– Əslində, kimisə bir regiondan deyil kimi ittiham etmək regionçuluq kafasının, zehniyyətinin düşüncə tərzidir. Çünki kimin naxçıvanlı, kimininsə, “yeraz” olub-olmamasının onun siyasətdə olmasına nə aidiyyatı var? O adam lap qarabağlı deyil, Qərbi azərbaycanlıdır. Bunun onun fəaliyyətinə nə dəxli var? Əgər o məsələni dartışırsa, deməli, zehniyyətində bir problem var və ona görə də dedikləri regionçuluq kafasından irəli gəlir. Amma mən İqbal Ağazadənin qarabağlı olduğu üçün o partiyaya getməmişəm. Mən bir il Ümid partiyasında olmuşam. İqbal Ağazadə də, onun yanındakılar da bilirlər ki, o partiyaya 2-3 sadiq adam var idisə, onlardan biri də mən idim. Mən partiya üçün çox şeylər etdim. Biz orada konfranslı Gənclər Komitəsi qurduq. İqbal Ağazadənin seçkilərdən xeyli öncə, səhv etmirəmsə, sentyabr ayı idi, Demokrat Partiyanın Akt zalında 400 nəfər gənclə görüşünü keçirdik. Bunu hər kəs gördü. Və AXCP-dən sonra biz ilk partiya olduq ki, Akt zalını gənclərlə doldurduq. Onu etduk. Kəndbəkənd konfrans keçirirdik. Mən gedirdim, regionlarda görüşürdüm, insanları cəlb edirdik və s. Mənim müavin olmaqla yanaşı, partiyada kurator olduğum sahə, cavabdeh olduğum bölgə Şamaxıdan Bakıya qədər olan ərazi idi ki, biz oranın sakinlərilə görüşürdük. 2013-cü il seçkilərinə qədər mən İqbal Ağazadəni özümə qarşı nə bir sayğısızlıqda görmüşəm, nə də mənim ona qarşı bir sayğısızlığım olmayıb. Amma siyasi dartışmalarımız çox olub. Məsələn, mən hakimiyyəti sərt tənqid eləmişəm. Birinci şəxsi əsgər ölümlərinə görə istefaya çağırmışam və demişəm ki, əgər cəmi bir ildə 100-ə yaxın əsgər ölürsə, o zaman bu hərb sahəsində hökumətin ciddi problemlərinin olduğunu göstərir. Ya bu problemlər həll olunmalıdır, ya da Ali Baş komandan istefa verməlidir. Mən bunu demişəm və Rəyasət Heyətində çox böyük səs-küy yaranıb ki, mən niyə onu istefaya çağırmışam. Bu məlumat bütün xəbər saytlarından çıxarılıb, bir saytda isə qalıb. Siz bu gün də faktxeber.az saytına girin, o xəbər hələ də orada durur. Digər saytlardan isə çıxartdırdı. İqbal Ağazadə deyir ki, 2013-cü il prezident seçkilərində mən mövqe bildirməmişəm, heç kim mövqe bildirməyib. Necə olur ki, mən hökumətin birinci şəxsini istefaya çağıranda sən mənim xəbərlərimi saytlardan çıxarırdın? Amma indi bu məsələdə sən daha prinsipial görünürsən?

– Bu xəbərləri İqbal Ağazadə sizdən xəbərsiz çıxardı?

– Bəli. Mənim xəbərim olmadan “məni və partiyanı qorumaq” məqsədilə… Bunu hər kəs bilir, orada olanlar da bilıirlər. Sadəcə bir var dəyərlər, prinsiplər, bir də var yaşamaq və keçinmək – həyatı başa vurmaq. Dəyər və prinsiplərlə yaşayan insanlar o partiyada varsa, onlar qalxıb, mənim haqlı olduğumu deyə bilərlər. İndi rəhbərliyin tərkibi çox dəyişib və ora yeni insanlar gəliblər. Onları demirəm…

– Orada mini referendum keçirilib, səsvermə olub…

– Bəli, keçirilib. Amma Rəyasət Heyəti yox. İqbal Ağazadə şöbə müdirlərini dəvət etmişdi. Hər bir partiyanın bir idarəetmə mexanizmi var. Qurultay ən ali orqandır. İkinci ali orqan Ali Məclisdir. Keçid dönəmi üçün isə Rəyasət Heyətidir . Rəyasət Heyətində isə təmsil olunan kimlərdir, o bəllidir. Mən gedib səs xatirinə, şöbə müdirlərini cəlb edim ki, səs artırılsın, bu doğöru deyil. Seçki gününün axşamı isə mən etiraz eləmişəm ki, təbrik etmək olmaz. Hətta bu olmursa, belə biz yazmalıyıq ki, rəqəmlər şişirdilib və reallığı əks elətdirmir. İzah da etmişəm ki, 2008-ci ildə partiya olaraq təbrik eləmisiniz, bundan nə qazanmısınız? Bələdiyyələrə buraxmadılar, parlamentdə bir nəfər oldu, DSK-dan sizi buraxmadılar və s. Demirdiniz ki, “2008-ci ildə təbrik eləmişik, siyasi mədəniyyət göstərmişik, yol açmışıq”. Axı o zaman da sənin siyasi mədəniyyətinin qarşılığında qarşı tərəf sənə pis cavab verdi. Sənə qarşı daha kəskin münasibət göstərdi. Niyə müsbət cavab vermədi? 2013-cü ildə hansı səbəblərdən təbrik etməli idik? Total saxtakarlıq var, seçki mühiti yoxdur. Seçkilərə qədər bütün proseslər hakimiyyətin lehinə, müxalifətin əleyhinə gedib. Hansı düşüncə ilə siz hakimiyyəti təbrik etməlisiniz. Orada olanlar şahiddirlər. Bəyanat yazıldı. Bəyanatı, səhv etmirəmsə Seçki Qərərgahının rəhbəri Taleh Əliyev yazdı ki, biz bunu sabah mətbuata verəcəyik. Səhər saat 10-da mənə mətbuatdan zəng vurdular ki, siz İlham Əliyevi prezident seçildiyi üçün təbrik etmisinizmi? Mən də dedim ki, “Xeyr, yalan məlumatdır. Bizim saat 11-12-də bəyanatımız yayılacaq”. Mən qərargaha getdim. İqbal Ağazadənin APA-da İlham Əliyevə təbrik açıqlaması çıxmışdı. Mən dəfələrlə onun özünə zəng etdim. 5-6 dəfə və o telefonu açmadı. Və mən də orada, onun  köməkçisinin yanında istefamı sosial şəbəkədə elan etdim və qərargahdan çıxdım. Mən istefa verəndən sonra bir dəfə də olsun mətbuata çıxıb, şoumenlik etməmişəm. Nə qədər mətbuatdan müraciət edənlər olubsa, hamısına demişəm ki, bu haqda açıqlamamı sosial şəbəkədəki profilimdə yazmışam. Bu məsələ də artıq mənim üçün qapanıbdır.  Mən münasibətlərə və keçmişə dəyər verən adamam. Biz bir il bir yerdə olmuşuq. Amma sonra onları tərəfindən müəyyən fikirlər və şayiələr yayıldı və s. Sonra İqbal Ağazadənin özü ilə görüşdük. Dedi ki, APA fikrini təkzib edib: “Mən əslində belə deməmişəm…” Mən də dedim ki, siz APA-nı verin məhkəməyə, mən də üzr istəyib partiyaya qayıdıram. Müavin deyildim, yenə müavin olaram. Amma İqbal Ağazadə biz istefa verən də bütün mətbuata məlumat yaymışdı ki, biz əslində onun müavinləri deyilik, üzvləriyik. MSK-ya təqdim olunan sənəddə məni Rəyasət Heyətinin üzvü və partiyanın Gənclərlə iş üzrə müavin kimi göstərmişdi. İstefaya qədər “onlar mənim müavinlərim deyil, üzvlərimdir”, deməsi nə qədər reallığı əks etdirmirdisə, bu gün sizə verdiyi müsahibədə də dedikləri reallığı o qədər əks etdirmir. Mən bunu İqbal Ağazadənin opponentliyi üçün demirəm. Mənim üçün o, keçmişdə qalıb və gedib. Sadəcə olaraq, bu gün əgər mənə suallar gəlirsə ki, “niyə bir yerdə idiniz? Və yaxud da niyə ayrıldınız?” – insanlara tam aydın olsun deyə, mən bütün bunları qeyd etdim. Mənim İqbal Ağazadəyə qarşı nə bir kinim, nə də bir nifrətim var. Çox təəssüf, o, elə düşünür ki, ona ünvanlanan tənqidlər, yazılar tərəfimdən olunur. Mənim ona qarşı heç bir tənqidi fikirlərim olmayıb. Siz də buna şahidsiniz. Onun müsahibəsi elan olunanda mən ona nə şəxsi olaraq, nə də açıq olaraq sual qoymadım…

İqbal Ağazadə reabilitasiya olunar, təzədən müxalifətə gələr

dsc02510

– Hə… Orada İqbal Ağazadə elə anlamışdı ki, o sualları siz göndərmisiniz.

– Siz də şahidsiniz ki, belə bir şey olmayıb. O, mənim maraq dairəmdə olub və keçib. Ola bilər, sabah da bir ciddi siyansi ittifaq ola bilər. İqbal Ağazadə reabilitasiya olunar, təzədən müxalifətə gələr. Biz yenə siyasi qurum olaraq bir yerdə ola bilərik. Mənim ona qarşı heç bir kinim və nifrətim yoxdur.

– Bir komandada da işləmisiniz. Bu gün də suallar gəldi, İqbal Ağazadənin özünə də verdim. Ümid partiyasında olubsunuz deyə soruşuram. Bu MTN olayları, MTN hadisələri, partiyanın MTN-ə yaxın olması haqqında sizin bilgiləriniz, məlumatınız varmı? O partiyanın rəhbəırliyində olmusunuz, ona görə soruşuram.

– O, İqbal Ağazadənin şəxsinə aid bir şeydir. Yəni mən bununla bağlı partiyada olarkən bir şey hiss etməmişəm ki, biz MTN-nin qurumuyuq. Amma təbii ki, mın hiss etmişəm ki, bizim hakimiyyətə qarşı sərt bir mövqeyimiz yoxdur. Yəni birbaşa birinciyə və onun şəxsinə yoxdur. Lakin ümumi olaraq hakimiyyət və müəyyən qruplar tənqid olunub. Mən heç bilə də bilməzdim ki, o kimə işləyir. Bəlkə heç bu məlumat reallığı da əks etdirmir, yalan bir şeydir. Amma hər bir lider atacağı addımdan özü sorumludur. Bu gün atdığı addım görün İqbal Ağazadəni hara gətirib çıxardı. 2003-cü ildən indi qədər baxın. Kifayət qədər intellektual, təcrübəsi və fərqli siyasi baxışları olan gənc siyasi lider idi. İqbal Ağazadə irəli gəlmək əvəzinə, əksinə geriyə gedir. Çünki İqbal Ağazadə həm ona dəstək verənləri aldatdı, müxalifətçi imicini yaratmağı bacarmadı. Həm də xalqı aldatdı, dedi ki, “mən müxalifətəm. Mən prinsipialam. Baxın, siyasi məhbus, demokratiya məsələlərini qabardıram”. Amma sonunda nə baş verdi? Getdi, siyasi məhbusları “cinayətkar” adlandırdı. Həm xalqı və həm də sənə sahib çıxanları aldadanda axırda bu cür olur. Hökumət də onun xırını göstərdi. Ona görə də siyasətdə harada olursansa, ol – hökumıtin yanında da ola bilərsən, xalqın yanında da ola bilərsən, – o seçimi lider olaraq özün edirsən. Çünki hər kəs etdiyi seçimin bədəlini sonra ödəyəcək. Harada seçim edirsənsə, et, amma səmimi ol. Səmimi olmayıb, ikili oyun oynayanda axırda bu cür olur.

– Ceyhun Mirzəlinin bir sualı ilə axırda yekunnlaşdırmaq istəyirəm: “Tolstoya, yoxsa Dostoyevskiyə üstünlük verir?” Ümumiyyətlə, bu yazıçıların əsərlərini oxumusanmı?

– Tolstoyun, Dostoyevskinin əsərlərini oxumuşam. Amma daha çox Dostoyevskiyə üstünlük verərdim.

– Ümumiyyətlə hansı ədəbiyyatı oxuyursan?

– Daha çox siyasi ədəbiyyatı oxuyuram.

– Məsələn, ən son hansını oxumusan?

– Corc Oruelin “Heyvanıstan” əsərini oxumuşam. Tam da siyasi ədəbiyyat deyil, amma – Corc Oruel “1984”-dən sonra siyasətə yaxın bir əsər yaradıb. Çünki diktatorial ölkəni ən fantastik şəkildə təsəvvür edərək yazıb. Bu yaxınlıarda Lətifə xanımın M.K.Atatürkə məktublarını oxudum. İqtisadiyyat və beynəlxlq münasibətlərlə bağlı kitablar oxuyurm. Siyasi ideologiya, siyasi tarix, regiondakı siyasi durum və s. Məsələn, bu yaxınlarda “Orta doğudakı konfliktlər” əsərini almışam və hazırda onu oxuyuram. Əlavə Hendveyin “Modern dövlət və siyasi ideolojilər” kitabını da daha çox oxuyuram. Çünki beynəlxalq münasibətlərdə həm də dərs vəsaitidir. Həm də düşüncəsi və yazdıqları daha təsiçlidir. Kisencerin “Yeni dünya düzəni” kitabını bu yaxınlarda bitirdim. Yenə siyasi kitablar oxuyacam və bir müddətdən sonra yenidən bədii ədəbiyyata keçəcəm.

– Təşəkkürlər, çox sağ olun.

– Siz də sağ olun.

– Minnətdaram.

dsc02518

SON

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button