“Qaynar Qazan”da Yalçın Qəhrəmanoğlu: “Əli İnsanov bu millətin, müxalifətin yanında olmalıdır”

“Qaynar Qazan”da 17-ci qonaq: Yalçın Qəhrəmanoğlu

 

Yalçın Qəhrəmanoğlu: “Talışlar haradan qardaşlarımız oldu?

 

Helsinkidən Kiyevə gələndə arada qalan 6 saatlıq zaman zərfində Ukraynada fəaliyyət göstərən aktiv diaspora üzvlərindən Yalçın Qəhrəmanoğlu ilə görüşmək fürsətimiz oldu. Onunla Azərbaycan Diasporasının Ukraynada, konkret olaraq Kiyevdə durumunu müzakirə etdik. Təbii ki, ürəkaçan heç nə yoxdur. Dünyanın bütün digər ölkərlərində olduğu kimi, Ukraynada da bölük-bölük halındayıq. Bölünmüş, parçalanmış vəziyyətdə hakimiyyətin yaratdığı və ya dəstəklədiyi bəzi təşkilatların əllərində əsir-yesir vəziyyətdəyik. Hətta müşahidə etdim ki, bəzi azərbaycanlılar onlara əngəl olacaq deyə, təşkilatlanmaq, hansısa təşkilat yaratmaq belə istəmirlər. Bu, mənə ağır gəldi. Hələ uzaq keçmişdə, Türkiyədə oxuduğum illəri yadıma saldı. Orada da belə idik. 80.000 azərbaycanlının yaşadığı Ankarada qurulan dərnəklərə həftəboyu gələn azərbaycanlıların sayı 50-60 adamı keçməzdi. Danışanda, soruşanda, deyəndə, sorğulayanda da olurduq pis adam. İndi Ukraynada – Kiyevdə də o vəziyyətdir. 500.000 azərbaycanlı yaşayır, bir deputatı yox, bir qəzeti yox, bir televiziya kanalı yox, bir meri yox. Belə yaşamaq, işləməkmi olar?

Yalçın Qəhrəmanoğlu və başının dəstəsi bizi Kiyevin “Borispol” hava limanında qarşıladı. Onlar gələndə Vidadi İsrafilov və Ənvər Dergaçla görüşmüşdük artıq. Əllərindən gələni etdilər ki, 5 saat ərzində planlaşdırdıqlarımızı edək. Etdik də. Yalçın Qəhrəmanoğlunun yanında tanış olduğumuz azərbaycanlıların hamısı savadlı, ağıllı, Azərbaycanın problemlərini bilən adamlar idilər. Necə deyərlər, bizi bizdən yaxşı tanıyırdılar. Qısa müddət ərzində Kiyevdə böyük potensialımızın olduğunu gördüm.

Bu dəfə “Qaynar Qazan”da 17-ci qonaq “Qərbi Azərbaycana Qayıdış Birliyi” sədrinin birinci müavini, təşkilatın Avropa təmsilçisi, Ukraynada diaspor fəalı Yalçın Qəhrəmanoğludur. Onunla Ukraynadan, oradakı azərbaycanlılardan və Diaspora fəaliyyətindən danışırıq.

Əvəz Zeynallı

Təşkilat yaratmadan işlərimizi daha yaxşı görə bilirik

SAM_0406

– Sizi “Qaynar Qazan”da salamlayıram.

Sağ olun.

– Siz bizim proqrama, biz isə Kiyevə xoş gəlmişik. Çox sağ olun, bizi yaxşı qarşıladığınıza görə..

– Siz də xoş gəlmisiniz…

– Mən sizin Ukraynadakı fəaliyyətinizlə maraqlanıram. Kənardan da maraqlanmışam, indi də bəzi məsələlər var ki, mənim üçün maraqlıdır. Burada hansı fəaliyyətlə məşğul olursunuz? Çünki Azərbaycan mediasında da sizin haqqınızda çox yazıldı, çox məsələlər müzakirə olundu. İndi isə özünüzdən bu haqda eşitmək istərdik.

– Mən 2008-ci ildən Ukraynada yaşayıram. Şəxsi həyatım, biznesim, ailəm buradadır. Bundan başqa, bizim həmyerlilərimizlə biz burada öz millətimiz naminə, öz dövlətimiz naminə, Azərbaycanın gələcəyi naminə, Ukraynada nüfuzumuzun yüksəlməsi naminə bir sıra işlər görmüşük.

– Siz bu işləri fərd olaraq həyata keçirirsiniz, yoxsa?..

– Cəmiyyətdə çox təkliflər olur ki, biz birləşərək təşkilat yaradaq, amma bəzi obyektiv və subyektiv səbəblərə görə, biz bu təşkilatı yaratmırıq.

– Niyə yaratmırsınız?

– Niyə yaratmırıq? Biz təşkilat yaratmadan işlərimizi daha yaxşı görə bilirik.

Ukraynada 500.000 azərbaycanlı yaşayır

– Təşkilat yaratmaq işlərinizə maneçilik yaradır?

– Təşkilat yaratmağa maneçilik yoxdur. Burada – Ukraynada Azərbaycandan fərqli olaraq, müəyyən azadlıqlar var. Buna baxmayaraq, Azərbaycanın bir əli də buradadır. Sözsüz ki, maneçilik yarada bilərlər. Bir sıra maneələr yaradıla bilər. Amma biz Xüsusi Xidmət Orqanları kimi – nə adı var, nə fəaliyyəti bəllidir – onlar kimi lazım olan məqamda öz millətimizin nümayəndələrini bir araya gətirə bilirik. Əsas proqramımız da nədən ibarətdir? Biz burada təxminən 500 min nəfərik.

– Bütün Ukraynada 500 min azərbaycanlı yaşayır?

– Bəli, biz ruslardan sonra ikinci ən böyük diaspora sayılırıq. Buna baxmayaraq, hakimiyyət strukturlarında, parlamentdə, başqa yerlərdə biz yoxuq. Ona görə də biz öz həmyerlilərimizlə, dostlarımızla, belə bir məsələ qaldırdıq ki, gərək Ukraynanın ictimai-siyasi sferasına inteqrasiya olunaq. Biz başladıq bir sıra tədbirlər, forumlar, yığıncaqlar keçirməyə… İkinci əsas məqsədimiz də budur ki, burada tatar icması var. Liderləri də Mustafa Cəmiloğludur. Ukraynada bu hadisələr inkişaf elədikcə, biz onlarla əlaqə yaratdıq, dostluq münasibətləri yaratdıq.

– Krım Tatarlarının icmasının rəhbərliyi hazırda Kiyevdədir?   

– Onlar hazırda Kiyevdədirlər, ancaq təəssüflər olsun ki, hazırda Ukraynadan Krıma gediş-gəlişə qadağa qoyulub. Onlar burada hakimiyyətdə, parlamentdə təmsil olunublar. Bundan başqa, nazirlik səviyyəsində Krım-tatar məsələləri üzrə xidmətləri də var. Yəni hakimiyyətdə təmsil olunublar. Amma azərbaycanlılar hakimiyyətdə hələ də təmsil olunmayıblar. Biz Krım tatarları ilə münasibətləri necə qurduq? Uzun müddət qaçqın düşən Krım tatarlarına, hərbçilərin ailələrinə birləşərək, yardım, qayğı göstərə bildik. Onlar da bizim bu münasibətimizi qiymətləndirdilər – təşəkkür etdilər, təltiflər verdilər.

– Çox maraqlıdır, təşkilatınız yoxdur, amma təşkilat kimi işləyirsiniz.

– Təşkilat məsələsi demək olar ki, hər gün gündəmə gəlir, ancaq biz onu hələ ki, saxlamışıq.

– Ümumiyyətlə, Azərbaycan diasporasının Kiyevdə hər hansı təşkilatı varmı?

– Burada var, bəli. Burada iki diaspora təşkilatı var. Biz onlarla normal münasibət saxlayırıq.

– İşləyirlərmi? Normal fəaliyyət göstərirlərmi? Yoxsa hər şey burada da formal xarakter daşıyır?

– Nəsə bir iş görürlər, amma təəssüflər olsun ki, onlar da bu fəaliyyətlə nəyəsə nail ola bilmirlər.

Azərbaycan icması digər icmalar kimi tanınmayıb

– Yəni fəaliyyətləri qənaətbəxş deyil?..

– Bəli. Biz azərbaycanlılar burada Krım icması, digər icmalar kimi tanınmamışıq, amma fikirləşirik ki, o təşkilatlar arasında, öz yığıncaqlarımızda təfriqələri, intriqaları bir kənara qoyub, millət naminə müəyyən işləri görməyə çalışaq. Krım tatarları ilə də bizim birliyimiz ondan ibarətdir ki, onlarla zəruri birlik yaradaq. Bu proses də hazırda gedir. Hesab edirəm ki, biz bir-birimizdən faydalanmalıyıq. Bilirsiniz ki, burada yaşayan azərbaycanlılar əsasən iqtisadi mühacirlərdir. Azərbaycanlılar çox işğüzar, zəhmətkeşdirlər, məncə, bizim bu birliyimiz faydalı olacaq. Çünki bizim həm də onlarla etnik köklərimiz var, bu da imkan verəcək ki, onlarla əlbir işləyək. Artıq bu istiqamətdə də müəyyən irəliləyişlər əldə etmişik.

– Bizim burada fəaliyyət göstərən həmin iki diaspora təşkilatı ilə koordinasiyalı işləyirsiniz, yoxsa yox?

– O diaspora təşkilatları ilə bizim heç bir koordinasiyamız yoxdur. Sadəcə, biz onlarla millət və dövlət naminə münasibəti korlamaq istəmirik.

– Deməli, normalda münasibətləriniz ürəkaçan deyil, siz də o münasibətlərin daha da korlanmağını istəmirsiniz?

– Yox… Münasibətlərimiz pis deyil. Amma sözsüz ki, onlar bizim toplantılarda…

…mütləq Bakı ilə razılaşmalıdırlar

SAM_0409

– Onlar həm də hakimiyyətyönlüdürlər?

– Hakimiyyətyönlüdürlər… Biz isə müstəqilik. Ona görə də bir az istədiyiniz kimi alınmır. Bəzi hallarda görürəm ki, onlar da hansısa işi görmək istəyirlər, amma onlarda bu azadlıq yoxdur. Onlar bütün məsələlərdə mütləq Bakı ilə razılaşmalıdırlar. Burada həm də Rusiya faktoru var. Mümkündür ki, görülən işlər Rusiyanın da xoşuna gələ bilməz və s.

– Uzun hekayədir, bu cür kriteriyalarla istəsən belə işləmək mümkün deyil.

– Bəli, amma biz azad, müstəqil insanlarıq.

– Krım diasporası Ukraynada güclüdürmü?

– Krım Tatarlarında bir yerliçilik var. Hətta təşkilatları da var «Крымкое землячество» deyirlər. Bizim də gələcək planlarımızdan biri budur ki, onlar kimi biz də burada Azərbaycan yerliçiliyi yaradaq. Yəni biz də burada «Азербайджанское землячество» yaradaq.

– Mən sizin danışdıqlarınızdan hiss etdim ki, burada siz də aktivsiniz. Azərbaycan mediasında sizinlə bağlı bəzi məsələlər də müzakirə olunur, haqqınızda danışılır. Sizə buradakı fəaliyyətinizlə bağlı maneələr varmı? Yəqin indidən təşkilatlanmağı da ona görə istəmirsiniz ki, sizə maneələr yaradılmasın?

– Bilirsinizmi, belə bir məsələ var – gərək hər şey yetişsin. Hər şeyin vaxtı gəlib çatmalıdır. Sözsüz ki, nə vaxtsa burada Azərbaycan yerliçiliyi kimi bir təşkilat yaratmaq üzərində düşündük.

– “Yerliçilik” deyəndə bütün azərbaycanlıları nəzərdə tutursunuz?

– Bəli, bizdən əvvəl bunu Krım tatarları yaradıblar, o da kifayət qədər yaxşı inkişaf edir, istənilən nəticəni də verir. Bu fəaliyyətlərinin nəticəsidir ki, onlar bu gün parlamentdə də, müvafiq dövlət qurumlarında da təmsil olunurlar və s. Biz də «Крымcкое землячество»ya oxşar «Азербайджанское землячество» yaratmaq niyyətindəyik.

Burada bizim azərbaycanlıların birliyi yoxdur

– Əgər Ukraynada yarım milyon azərbaycanlı yaşayırsa, o zaman palamentə də getmək olar, daha böyük işlər görmək olar. Biznes sektorunda da nailiyyətlər əldə etmək olar.

– Bəli, hər şey var. Amma çox təəssüflər olsun ki, burada bizim azərbaycanlıların birliyi yoxdur.

– Ümumi koordinasiya yoxdur…

– Koordinasiya yoxdur…

– O zaman bu istiqamətdə necə fəaliyyət göstərirsiniz?

– Bu istiqamətdə əlimizdən gələni edirik.

– Yalçın bəy, siz həm də Azərbaycanda Milli Şuranın üzvü olmalısınız…

– Bəli, mən Milli Şuranın üzvüyəm. İlk Milli Şura yaranan məqamda burada biz vətənsevər insanlarla bir yerdə Şuranın təsis iclasını keçirdik. Milli Şuraya dəstək forumu keçirdik.

– Belə deyək, burada kifayət qədər millişuraçılar var?

– Bəli, Azərbaycanı sevən insanlar var, sözsüz ki… Milli Şura yaranan məqamlarda mən çalışırdım ki, azərbaycanlıları birləşdirən bir Birlik olsun və biz də orada iştirak edək. Doğrudan da Azərbaycan milləti harada olmasından asılı olmayaraq, birləşməlidir. MŞ-ya sədr Rüstəm İbrahimbəyov seçildi, sonra isə Cəmil Həsənliyə həvalə olundu və bütün bu işləri o davam etdirməyə başladı. Cəmil Həsənlinin fəaliyyəti mənə öz ailəmi xatırlatdı. Çoxları başa düşmür, amma mən müəllim ailəsində böyüdüyüm üçün müəyyən şeyləri daha yaxşı başa düşürəm. Cəmil Həsənli hakimiyyətə çox güclü iddiası olan adamdır. O, yaxşı ziyalıdır, onun bütün ətrafı kitablardır. O, əxlaq-tərbiyə ilə formalaşan bir adamdır. Mən onun yanında necə olmayım? Borcumdur onun yanında olmaq və sözsüz ki, mən Milli Şuranı dəstəklədim.

– Ukrayna hakimiyyətində demokratlar da var – belə demək mümkündürsə, gələcək perspektivləri necə görürsünüz? Yəni bu fəaliyyətinizin bir neçə ildən sonra hara qədər irəliləyə biləcəyini təxmin edirsinizmi? Hədəfləriniz nədir?

– Mən demək istərdim ki, Ukraynada müstəqillik var. Sözsüz ki, Azərbaycan da şükür Allaha ki, müstəqildir. Amma Ukraynada müstəqil olmaqla yanaşı, bir azadlıqlar da var. Bundan başqa, bir islahatlar da gözlənilir. Lakin Azərbaycanda Ukraynadan fərqli olaraq islahatlar gözlənilmir. Sözsüz ki, bizim hər birimiz Azərbaycanda müəyyən islahatların getməsinin tərəfindəyik. Lakin insan hüquqlarını nəzərdə tutan azadlıqlar olmasa, biz islahatlara nail ola bimərik.

Ukraynada azadlıq var, amma islahat yoxdur

SAM_0407

– Yəni “öncə azadlıq, sonra isə islahatlar”, – deyirsiniz?   

– Bəli, burada azadlıq var, amma islahat yoxdur. İslahatın da olmaması onunla əlaqədardır ki, burada siyasət  oliqarxların əlindədir.

– “Maydan” insanların istədikləri nəticəni vermədi?

– Maydan insanların istədikləri nəticələri verməsə də, özünün bir nəticəsi oldu. Sadəcə, burada uzun müddətdir ki. istər siyasətçilər olsun, istərsə də müxalifət hər zaman oliqarxların nəzarətindədirlər. Tarixə nəzər salsaq, görərsiniz ki, bir Roma olub, bir də Karfagen dövləti olub.

– Bəli.

– Karfagen dövləti məğlub olaraq, yer üzündən silinib. Roma isə uzun illər dövlət olaraq yaşayıb. Amma Karfagen əslində Romadan güclü olub, sadəcə oranı oliqarxlar idarə etdiyi üçün dövlət kimi yaşaya bilməyib. Ukraynada da çox təəssüflər olsun ki, hər şey oliqarxların nəzarəti altındadır. Bütün siyasi məsələlərin arxasında oliqarxlar dayanır.

– Yəni demək istəyirsiniz ki, istər Yuşşenko olsun, istərsə də Yanukoviç – Ukrayna oliqarxlar tərəfindən idarə olunub?

– Bəli, hətta burada Lvov şəhərinin meri var, Sadavoy. Onun bir sözü var ki, “Ukraynanı başa düşmək bir az çətindir. Təəssüf ki, bizim iqtidar da, müxalifət də pelmeni kimi, ya yağın içindədirlər, ya da qaymağın”. Yəni eyni adamlardır, gah müxalifət olurlar, gah da iqtidar. Azərbaycana baxanda burada fərqli bir cəmiyyət, fərqli siyasət var.

“Maydan” hər zaman təkrarlana bilər

SAM_0408

– Çox maraqlıdır, deməli, belə çıxır ki, Ukraynada hər zaman “Maydan” təkrarlana bilər…

– Hər zaman ola bilər, bəli. Amma bəzən Avropaya nəzər salanda oranın inkişaf etmiş dövlətləri iddia edirlər ki, “biz maydanlarla Avropa dəyərlərinə sahib olduq”. Yəni istədiyimiz cəmiyyət uğrunda mübarizə apardıq, mübarizələrlə nail olduq. Cəmiyyət susqun olanda, öz haqlarını tələb etməyəndə bunun sonu da pis olur. Biz bu faktoru Azərbaycanda yaşayırıq, bilirik.

– Azərbaycanla əlaqələriniz varmı?

– Azərbaycanla əlaqələrimiz var. Bildiyiniz kimi, mən Azərbaycanda ilk siyasi addımımı Əli İnsanovun Hüquqlarının müdafiə Komitəsində təmsil olunaraq, atmışam. Bu günə kimi də onun hüquqlarını müdafiə etmişəm. Hər zaman bu məsələyə toxunanda Mark Tvenin sözləri yadıma düşür: “Əjdaha ilə vuruşmaq istəyirsənsə, sənin özünün yanında da əjdaha olmalıdır”. Mənim Əli İnsanova bir şəxsiyyət kimi böyük hörmətim var. Onunla bağlı bütün məlumatları toplayıram. El ağsaqqallarından onunla bağlı böyük fikirlər eşitmişəm, xoş sözlər eşitmişəm. Əli İnsanov bu millətin, müxalifətin yanında olmalıdır. Bundan başqa da biz Qərbi Azərbaycanlıların təşkilatlanması ilə bağlı bir sıra işlər görmüşük. Böyük bir toplumla əlaqələrimiz var. Bu gün də əlaqələrimiz var.

– Əli İnsanovla əlaqələriniz varmı?

– Yox, Əli İnsanovla şəxsi əlaqəm yoxdur. Amma bu prosesi izləyirəm. Lazım olanda mən də öz fikirlərimi söyləyirəm. Mən Əli İnsanovla bağlı hər zaman sözlərimi demişəm və heç bir zaman da fikirlərimdən, düşüncələrimdən dönməmişəm. Əli İnsanov Azərbaycan müxalifəti, Azərbaycan insanı üçün də çox lazımlı bir şəxsiyyətdir, çox böyük bir fiqurdur. Şübhəsiz ki, elə bir fiqurun gələcəkdə Azərbaycan xalqının yanında olması bizi böyük parçalanmadan qoruya bilər.

– Yəni siz hesab edirsiniz ki, Əli İnsanov həbsdən sonra Azərbaycanın müxalifətində təmsil olunmalıdır?

– Bizdə nüfuzlu şəxslər var ki, onlardan biri də sizsiniz.

– Əstəğfürullah…

– Amma doğrudan da elədir. Məsələn, Xədicə İsmayıl, İlqar Məmmədov, bir çox dindar qardaşlarımız var ki, onların bəziləri bu gün də həbsdədirlər (Xədicə İsmayıl artıq azadlıqdadır – Red.). Onlar bizim millətin nüfuzlu insanlarıdır. Biz hesab edirik ki, onların hər biri xalqın sıralarında olmalıdırlar, həbsxanalarda oturmamalıdırlar. Onlar cəmiyyəti müdafiə etməlidirlər. Cəmiyyət onlardan asılıdır. Onlar cəmiyyətə lazımlıdırlar. Əli İnsanov da sözsüz ki, o fiqurlardan biridir və bəlkə də ən ciddi fiqurdur.

Bölücülük siyasətinin, regionçuluq söhbətinin əleyhinəyik

– Yalçın bəy, buradakı təşkilatlanma necə bilirsiniz, Azərbaycandan gələn bütün insanları – talışları, ləzgiləri, digər etnos qrupları da əhatə eləməlidir, yoxsa yalnız siz yerlişilik prinsipi əsasında müəyyən qrup insanlarla təşkilatlanırsınız?

– Sözsüz… Azərbaycanda vaxtilə hakimiyyət tərəfindən qoyulmuş ayrıçılıq, bölücülük siyasətinin, regionçuluq söhbətinin əleyhinəyik. Ona görə də burada elə söhbətlər yoxdur. Biz hər zaman belə təxribatların qarşısını alırıq.

– Yəni azərbaycanlıların hamısı bir yerdədir…

– Bəli… Hamısı bir yerdədir. O ki qaldı Azərbaycandakı milli azlıqlara, cəmiyyətdə yer tutan bir ifadə var: “Talışlar bizim qardaşlarımızdır!” Mənə bu, pis təsir edir. Mən hər zaman bu fikrə qəzəblənirəm. Necə olur ki, talışlar bizim qardaşımız olur? Talışlar haradan qardaşlarımız oldu? Bizim qardaşlarımız türklərdir, tatarlardır, ərəblərdir və s. Talışlar bizim canımızdır. Bir orqanizmimiz var, hamımızın bir Anamız var. O da bizim Azərbaycanımızdır.

– Yəni hətta “qardaş” demək onları bizdən bir köynək uzalaşdıra bilər…

– Sözsüz ki…

– Yəni onlar qardaşdan da irəlidirlər…

– Sözsüz ki, elədir. Onlar bizim canımızdırlar. Qardaş olmaq yaxın olmaqdır. Hətta mən ukraynalıları da özümə qardaş sayıram. Amma söhbət talışlardan gedirsə, onlar bizim canımızdırlar. Bizim bir orqanizmimiz var, bir Anamız var, o da Azərbaycanımızdır.

Azərbaycana pul göndərməkdən yorulublar

SAM_0405

– Eşq olsun. Azərbaycana çatdırmaq istədiyiniz nə sözünüz var?

– Çox təəssüflər olsun ki, son illər Azərbaycandan bizi sevindirən xəbərlər eşitmirik. Çox kədərlənirik, çox həyəcan keçiririk. Düzdür, son dəfə Qarabağda gedən vuruşlarla bağlı bir ruh yüksəkliyi yaşadıq. Nəticəsi nə olacaq, onu vaxt göstərər. Azərbaycandan zəng gələn kimi bilirsən ki, nəsə bir problem, nəsə ağır məqam var. İnsanların dolanışı ağırdır, çox çətindir. Bir daha təkrar eirəm, Ukraynada yaşayan insanların əksəriyyəti iqtisadi mühacirlərdir. Azərbaycana pul göndərməkdən yorulublar. Ukraynada da iqtisadi böhran var. Bununla əlaqədar burada da özünəməxsus çətinliklər var. Amma Azərbaycan bizi sevindirmir. İstəyirik Azərbaycanla bağlı xoş şeylər eşidək. Təəssüflər olsun ki, Azərbaycandan gələn xəbərlər bizi sevindirmir. Azərbaycana nə arzulayıram? Bu, bizim dualarımızda da var. Azərbaycana hər zaman dönməyə də hazırıq. Azərbaycanda millət naminə işlər görməyə hazırıq. Millət, dövlət məsələsində sözsüz ki, müxalif fikir ola bilməz. Bütün bunlarla yanaşı, biz Azərbaycanda doğrudanda çox güclü, ciddi bir müxalif qüvvənin arzusundayıq. Azərbaycan xalqına, həmçinin Azərbaycan ziyalılarına salamımı söyləmək istərdim. Azərbaycan müxalifətçilərinə – Milli Şurada, AXCP-də, Müsavat Partiyasında doğrudan da bu millət naminə zəhmət çəkən, əziyyət çəkən insanlara böyük hörmət bəsləyirəm və sözsüz ki, onların fəaliyyətlərini də izləyirəm və kömək eləməyə də hazıram. Ona görə ki, Azərbaycanda o şəraitdə o insanlar işləyirlər. Jurnalistlər var, peşə fəaliyyətinə görə həbs olunublar, Xədicə xanım, Seymur Həzi kimi qeyrətli insanlarımızın Allah qapısını açsın. Nə yaxşı ki, bu gün Azərbaycanda fəaliyyət göstərən Əvəz bəy kimi, xaricdə fəaliyyət göstərən Qənimət bəy kimi jurnalistlərimiz, Meydan TV kimi mediamız var. Bu insanların qarşısında mən ancaq baş əyirəm. Halal olsun bu insanlara. Allah bizim millətimizi qorusun, Allah torpaqlarımız uğrunda canından keçən şəhidlərimizə də rəhmət eləsin.

– Sağ olun, təşəkkür edirəm.

– Siz sağ olun!

5 may 2016-cı il

Ukrayna, Kiyev

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button