“QEYDSIZ-ŞƏRTSIZ BƏRAƏT ISTƏYIRƏM!” – III Hissə

 AR CM-nin 306.2, 213.1, 311.3.2, 311.3.3, 311.3.4 maddələrilə ittiham olunaraq, həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmədə etdiyi “Son Söz”ü hissələrlə oxucuların diqqətinə çatdırırıq.

Əvəz Zeynallı 2011-ci il oktyabrın 19-da sabiq millət vəkili Gülər Əhmədovanın əsassız iddiaları ilə həbs olunub. Hazırda özü haqqında CM-nin 178 və 307-ci maddələrilə cinayət işi açılan G.Əhmədovanın özü isə 2013-cü il fevralın 13-də həbs olunub və Bakı İstintaq Təcridxanasında saxlanılır. 

“Gülər Əhmədovanın əsas işi, insanları şantaj etmək, üzünə durmaq, adam tutdurmaq, ev yıxmaq olub…”

 Danışmadı. Biz də qərarlaşdıq ki, həmin səsyazısı dunləniləndə T.Əhmədovun özü də burada iştirak etsin. Onun iştirakını təmin etmədiniz. Hətta prokuror da söz verdi ki, “bəli, əgər səs yazısında T.Əhmədovun dediklərini təsdiq edən bir şey olmazsa, o zaman onu gətirərik”. O da sözünün arxasından qaçdı. Aydın Heydərovun şahidi Əlirza Allahverdiyev adlı adamın da şəxsiyyətinin müəyyənləşdirilməsi üçün bir daha məhkəməyə gətiriləcəyinə söz vermişdi, amma eləmədi. O zaman da bura saxta bir şahid gətirmişdilər. Gülər Əhmədovanın digər şahidi Tənzilə Rüstəmxanlı da dedi ki, “mən heç nə bilmirəm, Gülərin yalançısıyam”. O da Əli Həsənovun cəbhəsinə girmək üçün hər yollara əl atmağa hazır olan adamdır. Onun da ümumiyyətlə, üzərimə qoyulan ittihamları təsdiqləyəcək heç nəyə şahid olmadığını gördük. Bu prokuror, 11 ay məhkəmə prosesi gedəndən sonra da “qıp-qırmızı” üzümüzə dayandı, həmin şahidlərin dedikərinə manasibət bildirəndə deyir, “ittiham təsdiqini tapıb”. Hansı, necə, nə cür təsdiqini tapıb? Oğlunun heç nədən xəbəri yoxdur. İstintaqı aparan müstəntiq Qabil Qasımov nə yazmışdısa, köçürüb, imza atdırıblar. 11 ayda o da sübut olundu ki, mənim guya şantaj məqsədilə dərc etdiyim “anonslar” olub. Sübut olundu ki, heç bir anons olmayıb. Heç o adamların heç biri də həmin “anonslar”ın mətnini belə xatırlaya bilmədilər. Olmayan yazını bu adamlar necə xatırlaya bilərdilər ki? İddia olunduğu kimi G.Əhmədovanı şantaj edəcək “Xural” qəzetində bir dənə də olsun yazı yoxdur, olmayıb. İttiham tərəfi bi anonsu sübut kimi ortaya qoydu. Orada da Gülər Əhmədovanın adı belə çəkilməyib. Gülər fala baxırdı ki, qəzetdə nə gedəcək? Qanun açıq şəkildə göstərir ki, sübut etmək yükü ittiham tərəfinin üzərindədir. Bütün şübhəli məqamlar təqsirləndirilən şəxsin lehinə tövsif olunur. Bir dənə də olsun, normal məqam yoxdur. Başdan- ayağa ittihamları fırıldaqdır, yalan və böhtandır. Gülərin dördüncü şahidi, ailəvi yaxın rəfiqəsi Rüxsarə Axundovanın ümumiyyətlə, heç nədən xəbəri yoxdur. Bəlkə Gülər bunu aldadıb və Rüxsarənin yalan ifadə verməsi üçün əsas yaratmağa çalışıb? Onun sözünə görə adamı nədəsə ittiham etmək olarmı? “Gülər ağlayıb”. Niyə ağlayıb? Bilmirik. Hansı yazıya görə? Onu da bilmirik.

Eyni zamanda qanunla G.Əhmədovanın şahidlərinin dördü də saxtadır. Qanunda – AR CPM-nin 125-ci maddəsində açıq şəkildə yazılır ki, “şahidlər yalnız öz adından ifadə verə bilərlər…” Şahidin dindirilməsi haqqında maddələr göstərir ki, şahidlər yalnız birinci şəxsin adından dindirilə və ya ifadə verə bilər. Bu nə deməkdir? Yəni hadisənin içərisində özləri iştirak edən adamlar şahid ola bilərlər. G.Əhmədovanın bütün şahidləri onun adından danışırlar. Qanun göstərir ki, o halda G.Əhmədovanın “adından danışmaq olardı ki, iddiaçı ölsün”. Gülər ölməyib. Hələ ölməyib. İnşallah ölməz də. Yəni, əgər Gülər Əhmədova ölsəydi, o zaman onun saxta və yalançı şahidlərinin verdiyi ifadələr mötəbər sübut kimi bəlkə də tanına bilərdi. Gülər Əhmədova siyasi hakimiyyətdəki gücündən və nüfuzundan istifadə edərək, həmin o dörd şahidi istintaqa pərçimləyib. İstintaq da Gülərin qorxusundan – bu gün də həbsdə olan Gülər Əhmədovanın adı gələndə dəli olursunuz, o zaman görün vəziyyət necə olub – bütün hadisələri saxtalaşdırıb və mənim üzərimə saxta ittihamları qoyaraq, həbs etdirmək istəyib. Ötən məhkəmə proseslərindən açıq şəkildə aydın oldu ki, Gülərin həm şahidlərinin heç birinin hansısa yazılardan və anonslardan xəbəri olmayıb, həm də həmin şahidlərin hamısı qanunla şahid kimi dindirilə bilməzlər. Çünki Gülər Əhmədovanın özü ölməyib. Qanun onların heç birini şahid qismində tanıya bilməz. Ramazan Hadıyev özünü burada “biabır etməklə”lə deyil ki… Hər şey ortadadır. S.Tarverdiyevin dediyi kimi, “qanun bir gün dürmələnib, adamın gözünə girəcək, axı…” Qanun açıq deyir – OLMAZ.

Bu adamların şahid kimi dedikləri ifadələr qəbul edilə bilməz. Şahidin qanunla təmzinlənən halı və vəzifələri var. İstintaq böyük bir səhv eləyib, yalançının yanına dörd şahid qoşub. Bu adam öz oğlunu belə şahid kimi göstərməkdən çəkinməyib. İndi həmin oğlunu, Allah salamat qaytarsın, cəbhə bölgəsinə apardılar ki, anası burada səsini çıxarsa, onu da orada öldürüb, göndərsinlər. Həmin oğlunu, siz məhkəmə heyəti demədinizmi ki, səsyazısı dinləniləndə bura gətirdəcəyik? Niyə eləmədiniz? Niyə təkrar onu bura gətirmədiniz? Gülərin oğlu idi, ona görə? Bütün dediklərim onu sübut edir ki, 311.3 ilə 311.3.4 bu cinayət işində yoxdur. Hələ mən Gülərin həbs olunmasını, Gülərin məhz özünün cinayət törətməsini, özünün rüşvət alıb-verməsini, Gülərin Ramiz Mehdiyevin əlində alət olmasını, Gülərin R.Mehdiyevin pul yığanı və sayanı olmasını, onun ciayətlərinin əsl şahidi olan Sevinc Babayevanı necə ölkədən çıxarıb, qaçırdığını, sonradan onu necə öldürtdüyünü demirəm. Bu gün də məlum olur ki, Gülər Əhmədovanın əsas işi, insanları şantaj etmək, üzünə durmaq, adam tutdurmaq, ev yıxmaq, çıraq keçirmək olub. Və bu adam o mafiyanın bu işlərini görməsi üçün görəvli adamı olub. Həmin mafiyada – mütəşəkkil cinayətkar dəstədə bunun rəsmən vəzifəsi bu olub. Bacarmayıblar, şantaj ediblər. Bacarmayıblar, adamı susdurmaq üçün üzünə durub, həbsə atdırıblar. Mən ilk məhkəmə iclasında – 2012-ci ilin may ayının 14-də sizə vəsatət vermişəm.

 G.Əhmədova haqqında CM-nin ən azı 6 maddəsilə cinayət işinin açılmasını

 11 ay əvvəldən demişdim

 Vəsatətimi qəbul etmədiniz. Dediklərimdən çox az müddət sonra prokurorluq bu adam haqqında başqa cinayətlərini faş edən maddələrlə cinayət işi açdı. Baxın, G.Əhmədova hansı maddələrlə cinayət məsuliyyətinə cəlb olunmalıdır:

  1. AR CM maddə 156 – Şantaj
  2. Maddə 163 – Jurnalistlik fəaliyyətinə maneçilik törətmə
  3. Maddə 312.1 – Nüfuz alveri
  4. Maddə 312.2 – Rüşvət təklif eləmə
  5. Maddə 178 – Dələduzluq.

 Mən burada ilk gündən deyirdim ki, təqdimat verin, bunun deputat toxunulmazlığını qaldırın. Bu adam fırıldaqçıdır, yalançı və dələduzdur. Sizin hamınız mənə gülürdünüz. Prokuror da özündən getmişdi. Gördün? İndi mən sizə gülürəm. Nəyə gülürdünüz? Məhkəmə rişğənd yeridir? Yoxsa sizin məntiqinizlə, bir balaca vəzifəsi olan adam başqalarının üzünə dayanıb, şər-böhtan atıb, onu susdura bilər? İndi özünüz də deyirsiniz ki, bu adam dələduz və fırıldaqçıdır. Ramazan, mən deyən oldu, olmadı? Oldu.

Gördülər ki, mənə qarşı 311.3.3, və 311.3.4 ilə qaldırılan ittihamları təsdiq edə bilməyəcəklər, dərhal ona 311.3.2 –ni qoşdular. CM-nin 311.3.3 və 311.3.4 maddələri istintaqın 311.3.2-i isə Prezident Aparatının “taxtabaş” şöbə müdirinin ağlının məhsuludur.  Bizdə necə olur? Əvvəlcə adamı tuturlar, sonra ona qarşı ittihamlar quraşdırırlar. Administrasiyanın bu işi yönləndirən mətbuat “prokuror”u Əli Həsənov yəqin ki, bir hüquqşünasla məsləhətləşib, o da buna başa salıb ki, 311.3.3, və 311.3.4 ilə jurnalisti həbs etdirə bilməzsən. O zaman nə edək? Bu ölkədə ən asan şey bir baş redaktorun üzünə iki min adamı qoymaqdır. O qədər inciyən, yaralanan, cinayətinin faş olmasını istəməyən, tənqid elədiyimiz, darmadağın elədiyimiz adamlar olub ki… Azərbaycanı çapıb, talayan o qədər düşməni, banditi var ki! Hələ mən təəccüb elədim ki, nə yaxşı 3 nəfərlə kifayətləndilər. “Mən Əvəz Zeynallıya 2005-ci ildə 100 manat vermişəm…” Burada demişəm, bir daha təkrarlamaq istəmirəm. Amma verənin də, alanın da, ittiham oxuyanın da, sifariş verənin də, ölüsünə-dirisinə lənət… Bura üç “gülməşəkər” gəldi. Hörmətli baş prokuror, E.Abdullayevin işində qaş-qabağını sallaya-sallaya dedi ki, E.Abdullayevdən soruşmaq lazımdır ki, 7 ildir harada idiniz? Həmin Baş prokurorluğun həmin Korrupsiyaya qarşı Mübarizə İdarəsinin həmin bu istintaqı aparan gülməşəkərləri niyə soruşmadılar ki, “Aydın Heydərov, 7 ildir harada ölmüşdün? Akif Məmmədov 7 ildir bəs sən harada idin? Sabir Tarverdiyev, 7 ildir nə olmuşdu ki, şikayət etmirdin?” Sabir Tarvediyev bu zalda demədimi ki, “əgər mənim orada imzam varsa, 14 balam ölsün?” Ramella xanıma üzünü tutub demədimi ki, “nə lazımdır eləyim, amma Əvəzi buraxın?” Üzədurmaq belə olur. O adamların hamısı banditdir. Azərbaycan dövlətini gəmirən banditlərdir.

Əli Həsənovun qudası Səttar Mehbalıyevin iş ortağıdır bu Akif Məmmədov. Əli Həsənovun xəttilə də cinayət işinə qoşulub. Amma o da burada dedi ki, “mən Əvəz Zeynallıya heç vaxt rüşvət verməmişəm. Azərbaycan dövlətini çapıb, talayan banditlərini mən qorxutdum? Mən onları qorxutmuşdum ki, 7 il yatmışdılar, şikayət etməmişdilər? Xeyr. Mənim qorxumdan yatmayıblar? Məni 2011-ci il oktyabrın 28-də həbs edəndən bir gün sonra o adamları zorla istintaq evindən götürüb. O bədbəxt Xanoğlan Muxtarov bunların qorxusundan şəkər xəstəliyi tutub. O biri bədbəxt Mürvət Həsənlini Allah bir dəfə vurmuşdu, yenə vurub. Hələ onu da demirəm ki, prokuror onun burada dediklərinin heç birinə əhəmiyyət verməyib israrla onu istiqamətləndirirdi, bəs “ibtidai istintaqa verdiyiniz ifadəni təsdiqləyirsinizmi?” Mürvət də dedi, “bəli, təsdiqləyirəm”. Sonra da mənə baxıb dedi ki, “bu işdə yoxam”. Ay Mürvət, mənə qarşı ifadə vermisənmi? “Yox, yox…” Ay Mürvət, ifadəni təsdiqləyirsənmi, “hə”… Həm üzümə durur, həm də durmur. Bu necə olur? O da, bu da… Mən Ramazan Hadıyevə bircə ona görə təşəkkür edirəm ki, Mürvət Həsənli dedikcə ki, mən Əvəz Zeynallıya pul verməmişəm, o Mürvətin istintaqa verdiyi ifadəsinin altından çəkdiyi imzanı ona göstərdi ki, bu sənin imzandırmı? O da, “hə” dedi. Hətta Ramella xanım kimi təcrübəli bir hakim də bu zaldan onun dediklərinə əsəbsiz qulaq asa bilmədi, dedi ki, bunun ifadəsində ziddiyyət var. Bütün hallarda hətta Mürvət də dilinə rüşvət sözünü ala bilmədi. Vüqar Məmmədov ümumiyyətlə, üzə çıxmadı. Dubaya getdi, nə bilim orada nə işlə məşğul olur. İnsanlara təzyiq edə-edə, şantaj və hədə-qorxu ilə istintaqa daxil edən də sizsiniz. Bəlkə eşitmədiniz? Amma yenə təkrar edirəm, Akif Məmmədov burada açıq dedi ki, “nə Əvəz Zeynallı məndən rüşvət istəməyib, nə də ki mən ona rüşvət verməmişəm”. Sabir Tarverdiyev bütün ölənlərinin ruhuna and içdi, min oyundan çıxdı burada, amma mənə rüşvət verdiyini demədi. Dedi, “Elmar Vəliyevdən yazı yazmamaq üçün məndən kompyuter istədi”. Hələ bu da işin başqa tərəfidir ki, niyə bu “xəstə”istintaq araşdırmayıb ki, E.Vəliyevin adamı niyə buna zəng vurub nəsə xahiş etməlidir? Kimdir o adam? Əgər S.Tarverdiyev deyirsə ki, Elmar Vəliyevlə onun heç bir tanışlıq əlaqəsi yoxdur, niyə Elmar Vəliyevin özündən bu məsələylə bağlı ifadə alınmayıb? Hətta Ramella xanım kimi əzəmətli bir hakim, ona dedi ki, ağsaqqal kişisən, danışığına fikir ver. O da nəsə demək istədi, hətta hakimlərə də pul təklif elədi, “Gələcəm yanınıza, görəcəm sizi” dedi. Sonra nə oldu,  bilmirəm. Aydın Heydərovu bura məcburi qaydada gətirdiniz. Adam üzəduranlığını axıradək edə bilmədi, zaldan baş götürüb, qaçdı. Ürəyini tutub qaçdı. Adamdan sonra səs də çıxmadı. Maraqlanan da olmadı ki, adam öldümü, qaldımı? Ölübdürsə, işin içindən adını çıxaraydınız, qalıbsa bura niyə gətirmədiniz? Bu adam istintaqa yalan ifadə verməyə gedəndə ürəyi tutmalı idi, məhkəməyə gəlib mənim üzümə dayananda yox. Gedəndə dedi ki, məni idarəyə də zorla aparmışdınız, bura da zorla gətizdirdiniz. Hamı onun dediklərini eşitdi, burada əyləşən yüz adam onun dediklərinin şahididir. Niyə zorla adamlara təzyiq edərək, üzəduranlıq etdirirsiniz? Marağınız nə idi. Mənim heç 2005-ci ildən neçə illər əvvəldə də bu adamlarla əlaqəm olmayıb. Onların heç mobil telefonlarının nömrəsi belə məndə olmayıb. Bu adamın varlığını belə unutmuşam. Haradan çıxdı bu adamlar? Üzə dürmağa keyfiyyətli adamlar tapa bilmədinizmi? Nə oldu? Təsdiq edə bildinizmi? Prokurorluq hər şeyi beləmi təsdiq edir? Siz xəstəsiniz, dəlisiniz, nəsiniz? Belə də istintaq aparmaq olarmı? Belə də adam həbs etdirmək olarmı? Belə biabırçılıq olarmı? Hər şeyi bir kənara qoyaq. Məni susdurmaq üçün həbs etmək istəyirdilərsə, elə o pulu Gülərə, Tənziləyə verib, yanıma göndərəydilər də…

 (Ardı növbəti sayımızda)

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button