“QEYDSIZ-ŞƏRTSIZ BƏRAƏT ISTƏYIRƏM!” – I Hissə

AR CM-nin 306.2, 213.1, 311.3.2, 311.3.3, 311.3.4 maddələrilə ittiham olunaraq, həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmədə etdiyi “Son Söz”ü hissələrlə oxucuların diqqətinə çatdırırıq.

 Əvəz Zeynallı 2011-ci il oktyabrın 19-da sabiq millət vəkili Gülər Əhmədovanın əsassız iddiaları ilə həbs olunub. Hazırda özü haqqında CM-nin 178 və 307-ci maddələrilə cinayət işi açılan G.Əhmədovanın özü isə 2013-cü il fevralın 13-də həbs olunub və Bakı İstintaq Təcridxanasında saxlanılır. 

I Hissə

 “… Hakimlərin qərar əllərində, hökm əllərindədir. Onların təkcə, Gülər Əhmədovaya, onun arxasında dayananlara gücləri çatmır. Amma mənə gücləri çatır, bizə gücü çatır. Gülərəsə gücü çatmır, çatmaz. Prokuror Ramazan Hadıyev gəlib orada oturar və 11 il iş oxuyar. Haradan? İndi mən deyəcəm haradan. Gülər Əhmədova haqqında bir neçə kəlmə demək istəyirəm. İctimaiyyətin və mətbuatın nümayəndələri də burada iştirak edirlər. Gülər Əhmədova turp kimi sapa-sağlamdır. Vəziyyəti lap əladır. Dünən onu BİT-da görmüşəm. Xüsusi imtiyazlı şəraitdə saxlanılır. Orda da yağ içində böyrək kimi bəsləyirlər. Hətta yolu da piyada getməyə qoymurlar, xüsusi maşında gətirib-aparırlar. Yəni onunla bağlı hər şey qaydasındadır. O baxımdan, Gülər Əhmədovanın vəkillərinin bir gün “ölür, qulağının arxasında şiş çıxır”, başqa gün, “beyni quruyur, şəkəri qalxır, təzyiqi oynayır” kimi bəyanatlarının arxasında 2 şey dayana bilər – ya bu qadını mafiya öldürəcək, ya da yalançı xəstəlikləri bəhanə gətirib, onu azadlığa buraxacaqlar. Mən bunu burada bir daha bəyan edirəm: G.Əhmədova ağrımır. Orada G.Əhmədovanı həkimlər hər cür müayinədən keçiriblər. G.Əhmədovanın sağlığı yerindədir. Ömrü uzun olsun, bundan sonra Allah onlara 100 il daha ömür versin ki, hər şeyi gözləri ilə görüb, talelərində yaşasınlar. Ona görə də G.Əhmədovanın gündə bir çağırış etməsi, ardınca da vəkilinin bu çağırışları təkzib edərək, “Əvəz Zeynallı bunları yuxuda görüb” deməsi, bu gün belə – məhkəmə günündə mətbuatda mesaj verməsi ki, Gülər Əhmədova Əvəz Zeynallıya qarşı ifadə verməyəcək – bu şeylərin hamısı dərindən təhlil olunmalıdır. Və bütün bunlar göründüyü qədər da sadə məsələlər deyil. Ona görə mən son ana qədər israr etdim ki, Gülər Əhmədova məhkəməyə gətirilməlidir, yalnız o halda bütün qaranlıq məqamlara aydınlıq gətirilə bilərdi. Gülər Əhmədova “Bizim Yol” qəzetinin müxbiri Natiq Cavadlıya müsahibə verib və orada ən azı 10 dəfə israrla deyib ki, Əvəz Zeynallını mən tutdurmamışam, bu işdə mənim əlim yoxdur. Xəbər göndərib ki, Əvəz Zeynallı, səni mən tutdurmamışam. Hamıya deyir ki, istəyirsiz, cinayət işinə baxın, onu mən tutdurmamışam. Bizim bu hörmətli prokuror – bağışlayın ki, “hörmətli” dedim – bizim bu prokuror ötən iclasda başdan-ayağa qədər, sicilləmə bir ittiham oxudu. 4 cildlik cinayət işinin başından ayağınadək Gülər Əhmədova var və mən onun ittihamları ilə buradayam. Mətbuat da, ictimaiyyət də, hakimlər də bilsinlər ki, hal-hazırda, bugünkü gün də Gülər Əhmədova mənim məsələmlə Ramiz Mehdiyevi şantaj edir. Əvəz Zeynallı ilə Ramiz Mehdiyevi şantaj edir. “Bizim Yol”a müsahibə verir ki, mən Ə.Zeynallının işində yoxam. Mənə başqa mənbələrlə xəbər göndərir ki, onu mən tutdurmamışam. Mən məhkəməyə dəvət olunsam, hər şeyi danışa bilərəm. Buradan da vəkil deyir ki, “Əvəz Zeynallı onu yuxuda görər”, “Gülər Əhmədova Əvəz Zeynallıya qarşı ifadə verməyəcək”. Gülər Əhmədova bu böyük mütəşəkkil cinayətkar dəstənin “banderşa”sı, mafiya üzvü kimi, bu mafiyanı, mafiyanın dədəsini Əvəz Zeynallı ilə təhdid edir. Onlara hədə-qorxu gəlir. Qəzetə müsahibəni verir, xəbəri yuxarı göndərir, imtiyazını alır, bir müddət sakitləşir, sonra da yenə işə düşür. Mən Gülərin aldığı nəfəsdən də xəbərdaram. Özüm də uşaq deyiləm ki, bütün bunları “sadəlövhlük” kimi qəbul edəm. Ona görə bir daha deyirəm ki, Gülər Əhmədova Ramiz Mehdiyevi və o mütəşəkkil cinayətkar dəstəni Əvəz Zeynallı ilə təhdid edir. Müsahibə verir, mesaj göndərir, cavab alandan sonra deyir, mənim dediklərimi o yuxuda görüb, sonra da məhz məhkəmə günü yenə mesaj verir ki, Əvəz Zeynallıya qarşı ifadə verməyəcəm. Bu ancaq bir mafiyanın oyunu ola bilər. Bu cür hərəkətlər mafiya yöntəmidir.

 Hörmətli məhkəmə, mən burada hər zaman geniş çıxışlar etmişəm. Bir çox hadisələri əvvəlcədən dəyərləndirmişəm. Mən məhkəmə başlayan ilk günlərdə demişəm ki,

  Gülər Əhmədova, Ramiz Mehdiyev, Əli Həsənov, Vüqar Səfərli bu qəfəsə girəcəklər

 Ona görə də çox şeyləri bir daha təkrarlamağa lüzum da yoxdur. Mən indi “son söz”lə çıxış edəcəm və burada sübut edəcəm ki, mən əslində bir mütəşəkkil cinayəkar dəstənin maraq dairəsinə toxunduğum üçün onlar tərəfindən quraşdırılmış, saxta ittihamlarla həbs olunmuşam. Məni başqa yolla susdurmağı bacarmayanda, Güər Əhmədovanın şər və böhtanı ilə açılmış cinayət işi ilə həbs etdilər. Əgər bu cinayət işi istintaq və məhkəmə tərəfindən ədalətli araşdırılsaydı, G.Əhmədova haqqında cinayət işi E.Abdullayevin (ABU rektoru) məşhur videoseriallardan sonra deyil, ondan çox-çox əvvəl, Əvəz Zeynallının işində baş verərdi. Bu işdə nəinki G.Əhmədova, daha onlarla adam var idi ki, haqlarında cinayət işi qaldırılmalı idi, amma nə istintaq, nə də məhkəmə buna getmədi. Çünki maraqlar buna imkan vermirdi. Mən nə üçün həbs olundum? Məni Ramiz Mehdiyev nə üçün həbs etdirdi?

 Mən Türkiyədən – Ankara Dövlət Universitetinin Hüquq fakultəsini bitirdikdən sonra – 1999-cu ildə Azərbaycana qayıtdım. Hələ Türkiyədə olarkən, mən Azərbaycanın problemlərini, siyasi mənzərəsini əks etdirən “Böyük Gələcək” dərgisinin təsisçisi olmuşam. Türkiyənin ən tanınmış siyasətçiləri, prezidentləri, siyasi partiya liderləri informaiya blokadasında qalan Azərbaycan haqqında fikirlərini məhz bu dərgi vasitəsilə çatdırırdılar. Azərbaycana qayırdıqdan sonra mənim problemlərim başladı. Bu gün Ramazan Hadıyev haqqımda qaldırılmış cinayət işini ağırlaşdıraraq- “residiv” yaratmaq istəyir. Elə həftə olub ki, mənə qarşı qaldırılan CM-nin 147-ci maddəsilə biz bir neçə məhkəmə prosesinin iştirakçısı olmuşuq. Guya hüquq təhsili alan bu prokuror hələ də bilmir ki, 147-ci maddə “residiv” yaratmır. Mən jurnalistlik fəaliyyətimin cinayət olduğunu da bu prokurordan eşitdim. Heç adam öldürənlərə, dövlətin malını dağıdanlara, insan alverilə məşğul olanlara, dövlətin təməlini dağıdanlara qarşı bu cür ağırlaşdırıcı maddələr qoşulmur. Bu prokurora qiymət yazıb, kursdan-kursa keçirən müəllimlərin barmaqları qurusun!

 Mən “Xural” qəzetini 2002-ci ildə təsis etdim və oktyabrın 6-da qəzetin ilk sayı nəşr olundu. Bizim btün fəaliyyətimiz, yaşadıqlarımız, gördüklərmiz, eşitdiklərimiz, əldə etdiyimiz bütün məlumatlar anbaan “Xural” qəzetinin səhifələrində var. Nəyimiz var idisə, hər şeyimizi cəmiyyətlə paylaşmışıq.

 Kişi kimi mübarizə aparmışıq, heç kəsin arxasında gizlənməmişik

  Nə də yazmışıq, onun audiosu və videosu da ortada olub. Əslində hansı gün başımıza nə gəlibsə, onu qəzetdə yazmışıq. Ona görə də bizi araşdırmaq üçün məni həbs etməyə ehtiyac yox idi. Elə qəzeti oxumaq yetərli idi. Amma yox. Bizdə hər şey tamam fərqlidir. Söz davası aparmaq qabiliyyətində olmayan mütəşəkkil cinayətkar dəstə, bandit kimi məni həbs elədi, bandit kimi evimdə, redaksiyamda, maşınımda axtarış apardı, bandit kimi hər şeyimi apardılar. Heç bu gün də bilmirəm ki, mənim mobil telefonlarım haradadır?

 Məhkəmənin diqqətinə “Xural”ın 8-15 may 2011-ci il tarixli sayını təqdim edirəm. İkinci səhifəyə diqqət edin. Biz bu səhifədə “Xural”dan əlinizi çəkin!” adlı kampaniyamız barəsində məlumat var. Mətbuat konfarsı keçirərək, bu kampaniya barəsində cəmiyyətə məlumat vermişik. Ortaya da qapağı deşilmiş 3 kq-lıq banka qoymuşuq. Kampaniyaya “500 Böyük Oxucu” cəlb etməyə başlamışıq ki, bizi Ramiz Mehdiyevin əlindən alsınlar. Söhbət 2011-ci ilin may ayından gedir. Ramiz Mehdiyev bizi 2010-cu ilin iyun ayında artıq məhkəməyə vermişdi. Burada da yazmışıq, kampaniya kimlərin məhkəmə cərimələrini ödəmək üçün keçirilir –  Ramiz Mehdiyevin, Vüqar Səfərlinin, Ağabəy Əsgərovun və Nüşabə Ələsgərlinin. Bizi bu adamların iddiası ilə susdurmaq istəyirdilər, biz də oxucularımıza müraciət etmişdik ki, bizi bunların əlindən alın! O vaxt  ATƏT-in Söz və Media azadlığı üzrə xüsusi nümayəndəsi  Dunya Myatoviç Azərbaycana gəlmişdi və biz onunla görüşdük. Mən ona da dedim ki, R.Mehdiyev bizi susdurmaq üçün bütün vasitələrə əl atır. Dunya Myatoviç də o zaman bildirdi ki, “Xural”ın məsələsi onların da diqqətindədir və biz bu məsələni ölkənin prezidenti İlham Əliyevə çatdıracağıq. Mən mətbuat konfransından qayıtdığım yarım saat müddətində icraçılar artıq redaksiyanı mühasirəyə almışdılar. Gəldilər və birinci dəfə əmlakımız o zaman siyahıya alındı – mayın 15-də. Ramiz Mehdiyevin “Xural”ın başına açdığı oyunları “Xural”da günbəgün, anbaan əks olunub. 15-21 may 2011-ci il tarixli sayımızın manşeti bu cür nəşr olundu – “Ramiz Mehdiyev azad sözü boğur! Etiraz edirik!” Biz bu manşetlə dərc olunanda Gülər Əhmədovanın nəfəsindən belə xəbərimiz yox idi. Prokuror sübut istəyir? Bu adam məni ifşa etdiyini deyir? İfşa belə olur, Ramazan Hadıyev! Həmin sayımızda yazıram, “Eheyyy, Azərbaycan dövlətinin prezidenti, Ramiz Mehdiyev bizi boğur!” Daha kimə səslənə bilərdim ki? Həmin məqalədə yazıram: “Həşəmətli Ramiz Mehdiyev, nə yeyir, nə içir, harada qalır hikkəsilə bizi yoxlamaq qərarına gəlib. Mənə öz iş otağında R.Mehdiyevin o baş, bu başa var-gəl edərək, bu adam nə yeyir, nə içir deyə bağırdığını dedilər. İşə bir bax. Bütün Azərbaycanı öz şəxsi malına çevirənlər, evlərinə vertolyotla enənlər, bizim başımızı soxacağımız bir daxmamızın olmasını istəmirlər. Ölkənin ən müxtəlif yerlərində Ramiz Mehdiyevin onlarla villası var ki, hər birinin dəyəri ən azı 1 milyon dollardır.” Mən jurnalistəm və görürəm ki, artıq bu adam heç nəyə baxmadan, müstəqil mətbuat anlayışına varmadan üzərimizə gəlir. Çıxış yolu axtarıram. Azərbaycanın çox azlıqda qalan müstəqil qələm əhlinə müraciət edirəm – “bəlkə etiraz səsimizi qaldıraq. Ölkənin ən qüdrətli fiquru olan Ramiz Mehdiyev dövlətin bütün arsenalını üzərimə salır. Hələ məni nələrin gözlədiyini də bilmirəm”.  Amma buradan bütün dünyaya, Azərbaycana üzümü tutub 15 may 2011-ci ildə yazıram – “yanımdan ötən yelin, dırnağıma toxunan daşın da məsuliyyəti Ramiz Mehdiyevin üzərindədir. Mənim ailəmin, yaxınlarımın, kollektivimin, dostlarımın birinin başından bir tük əksik olsa, Ramiz Mehdiyevdən və onun qan qoxuyan komandsından biləcəyəm”. Sonda da, təbii olaraq yazıram ki, “Mən R.Mehdiyevdən, onun komandasından qorxmuram! Hamı görəcək, hər şeyi də biləcək”. Hamı gördü də, hər şeyi də yaxşı bildi ki, bu adam hansı işlərlə məşğul olurmuş. Bu yazdıqlarım da tarixdir və əminəm ki, bütün bunları bir gün siz burada onun özünə oxuyacaqsınız. Gülməyin. O komandanın bütün üzvlərinin cinayət işlərini məhz sizə verəcəklər, hökmü də siz burada oxuyacaqsınız. Mən də həmin məhkəmələrdə iştirak edəcəyəm. Bu minvalla hadisələr cərəyan etməyə başladı. 2011-ci ilin iyunun 25-də biz bu cinayətkar şəbəkənin ən əsas adamlarından biri olan Əli Həsənovun bütün fəaliyətilə bağlı araşdırma yazılar dərc elədik. Artıq iyulun 25-də üzərimizə saxta ittihamlarla qoyulan məhkəmə qərararı icraata yönləndirildi.

 (Ardı martın 12-də)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button