“QEYDSIZ-ŞƏRTSIZ BƏRAƏT ISTƏYIRƏM!” – VI Hissə

 

AR CM-nin 306.2, 213.1, 311.3.2, 311.3.3, 311.3.4 maddələrilə ittiham olunaraq, həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmədə etdiyi “Son Söz”ü hissələrlə oxucuların diqqətinə çatdırırıq.

Əvəz Zeynallı 2011-ci il oktyabrın 19-da sabiq millət vəkili Gülər Əhmədovanın əsassız iddiaları ilə həbs olunub. Hazırda özü haqqında CM-nin 178 və 307-ci maddələrilə cinayət işi açılan G.Əhmədovanın özü isə 2013-cü il fevralın 13-də həbs olunub və Bakı İstintaq Təcridxanasında saxlanılır. 

Bu işin altında prokuror Ramazan Hadıyevin imzası var

 Kimin hansı sifarişi verməsindən asılı olmayaraq… O imzanın cavabını da vaxtında alacaq.

Əslində necə olmalı idi?

213.1 maddəsilə bizə vicdansız ekspertizanın təyin etdiyi 7 min manatı, bunların digər eksperti 4 min manata saldı. Biz də burada hesabladıq, hesablama apardıq. Bütün müvafiq orqanlardan lazım olan sənədləri tapıb məhkəməyə təqdim etmişik və qənaətimiz də o olub ki, uzaqbaşı min manat cəriməmiz ola bilər. Lap elə bizim cəriməmiz 7251 manat, 20 qəpikdir. O zaman prokuror nə etməli idi? Ya bu cəriməni ödətdirməli, ya da başqa cəza istəməli idi. O nə etdi? Həm cərimənin ödənilməsini, həm də qanunu ziddinə gedərək, mənim 2 il müddətinədək azadlıqdan məhrum edilməmi istədi. Həm bu pulu ödəsin, həm də həbs olunsun, deyə bilərmi? Deyə bilməz. Bu qanunların yazıldığı kitabı nə qədər yerə atmaq, nə qədər etiraz etmək lazımdır ki, daşıdığınız mundirə hörmət edib, qanunlarla hesablaşasınız? Sən deyə bilərsənmi ki, Ə.Zeynallı həm cəriməni ödəsin, həm də 2 il azadlıqdan məhrum edilsin? Bunu ancaq bir qanuni tələbi ola bilər. Əvəz Zeynallı 7251 manat 20 qəpiyi ödədiyi təqdirdə cinayət məsuliyyətindən azad edilsin, ödəmədiyi təqdirdə azadlıqdan məhrum edilsin. Necə ola bilər ki, sən qanunun açıq şəkildə göstərdiyi qeydi belə ayaqlarının altına alırsan, tapdalayırsan. Sənin marağın nədir ki, bu maddələrin ən agır cəza növlərini seçmisən? Ən ağır sanksiyaları tələb etməkdə məqsədin nədir? Bayaqdan burada sübut etdim ki, haqqımda 306.2 maddəsilə qaldırılan cinayət işinin mənimlə heç bir əlaqəsi yoxdur. 306.2 ilə mənə bir gün belə iş kəsilə bilməz. Qanunsuzluqdur. 11 ildən 3 ilini çıxdıq, 8 il qaldı. 213.1-dən də ortada avtomatik olaraq heç nə yoxdur. Ramazan Hadıyev oradan özünü assa da o cinayətlə də mənim heç bir bağlantım yoxdur. 8-dən də 2 ili çıxanda 6 il qaldı. 311-ci maddə ümumiyyətlə, mənə şamil edilə bilməz.

Hələ o da başqa bir şeydir ki, mən hüquqi yox, fiziki şəxsəm.

Mən ümumiyyətlə, dövlət məmuru deyiləm. Mən rüşvət ala bilmərəm. Mən o əhatə dairəsinə girmirəm. Bu ağır cinayətlər məhkəməsində son 1 bir ildə  ən azı 7-8 dənə qəzetə qarşı 311-ci maddə ilə iş açıblar. Sonradan da məhkəmələr onları açıb-buraxıblar ki, jurnalistə korrupsiya maddələrilə cinayət işi açıla bilməz. 6 ildən də 11 ili çıxanda “-5” qalır. Ramazan Hadıyevin mənə -5 il “can borcu” var. Sən necə prokurorsan ki, qanunun bütün tələblərini nəzərə almadan, 11 il iş oxuya bilirsən?

Ramella xanım, bu cinayət işində guya mənim qeydiyyatda olduğum ünvana göndərildiyi iddia olunan bildirişi aylardır, sizdən ala bilmədim. O sənəd saxtadır. Saxta olduğu üçün də mənə vermədiniz. Cinayət işi ilə ilk tanış olduğum zaman demişdim. Gülərin telefonlarıma göndərdiyi mesajlar saxtadır. Məlum oldu ki,

 Gülər mesajlarla insanları şantaj edir.

 Sevinc Babayevanın oğlu Ayxan Məmmədovu da mesajlarla şantaj eləmişdi. İndi də o yolla başqalarını şantaj edir. Yəni bu qadın professional şəkildə, bu dəstədə insanları məhz şantaj etməklə məşğul olub. Mesaj məsləsini dəqiqləşdirmək üçün, nə illah elədik, 11 ayda mən həbs olunarkən əlimdən alınan telefonları tapıb, özümə qaytara bilmədiniz ki, bu mesajlara aydınlıq gətirək. Azercell Korrupsiyaya qarşı Mübarizə İdarəsinin ünvanına bütün mesajları göndərib. O saxta mesajların da məntiqi olaraq ardıcıllığa qoyanda qurama olduğunu bilmək çətin deyil. “Sabah filan saatda gələrsiz” Mesaja baxın. Sonra da Gülər mənə mesaj atır ki, “icazə ver, redaksiyaya gəlim”. Məntiqlə mən bu adama görüş saatını deyirəmsə, necə olur ki, bu yenidən mənimlə görüşmək istədiyini yazır. Bunu ağlı, dəngəsi yerindədirmi ki, o cür mesaja, bu cür cavab yazır. Yox.. Mesaj saxtadır. Guya indi istintaq demək istəyib ki, mən bunu redaksiyaya çağırmışam ki, ondan pul alam. Amma istintaqın Gülərdən mənə gələn mesajın saatını saxtalaşdırmaq ağlına gəlməyib. Ona görə də ardıcıllıq pozulub və belə biabırçı bir mənzərə yaranıb.

Həmin Gülər Əhmədovanın şahidi dindirmə protokollarında göstərdiyi əl telefonlarının nömrəsi başqadır, bu işdə mənə mesaj gəldiyi iddia olunan telefonlar başqa telefonlardır. Mən dəfələrlə bu haqda dedim, vəsatət də qaldırdım ki, yoxlama və araşdırma aparılması üçün sorgu göndərilsin, görək bu telefonlar G.Əhmədovanın öz adına olan telefonlardırmı? Gülər heç bir ifadəsində yazmayıb ki, mənim telefonlarım. O yazıb ki, istifadə etdiyim telefonlar. Bəyəm istintaq üçün bunu araşdırmaq çətin idi? Onlar da biliblər ki, Gülərin telefonları o telefonlar deyil. Ona görə də deyəndə ki, məhkəmə istintaqı yenilənsin, hər şeyə görə, vəsatət qaldıranda ki, bu telefonların kimə aid olduğu yoxlanılsın, eləmədiniz. İstintaqın qərarı var. Həmin qərarın surətini məhkəmə bizə vermədi. Həmin sənəddə istintaq qərara alıb ki, G.Əhmədovanın da telefonlarına gəlib-gedən zənglər və SMS məzmunları götürülsün. Bəs niyə götürmədiniz? İndi istintaqı yeniləsəydiniz, hər şey gül kimi açılacaqdı. Onsuz da bu iş nə vaxt olsa, açılacaq. G.Əhmədova kiminlə həmin ərəfədə danışıbsa, özü də bunların heç kimdən qorxuları yoxdur, onlara baxanda nəticə çıxarmaq olardı ki, mənim həbsimdən əvvəl bu adam kimlərdən təlimat alıb. İstintaqda Gülərin telefonları kimi göstərilən telefonlar, ona məxsus deyil. Mənim telefonlarıma gələn bütün zənglər çıxarılıb. Qanun deyir ki, lüzumsuz dəlillərin toplanmasına yol verilmir. Hər yola əl atılıb.

Gülərin əlahəzrət “fakt” dediyi audioyazıya gəlincə isə, vəkil E.Sadığov da məhkəmədə bu audio yazının istintaq zamanı tutumunun 1 gbt həcmində dəyişdirildiyini sübut etdi. 2011-ci il 22 dekabrında bu audioyazı diskə köçürülüb. Gülər Əhmədovanın görüntüsü ilə seriallar yayımlandı, adamın boynuna qoymaq mümkün deyil. Avropaya, Rusiyaya adam göndərir. Daha nə bilim kimləri saxtakarlıq aparmaq üçün öz cinayətlərinə sövq edir. Qanun açıq şəkildə deyir ki, aldatma və işgəncə ilə əldə olunan sübutlar dəlil olaraq qəbul edilə bilməz. Hələ onu da demirəm ki, mənə “qardaşlıq elə, mən də sənə bacılıq edim” deyən adamdan necə rüşvət tələb etmək olar? Bu adam mənə bacılıq təklif edirsə, mən ondan nə üçün rüşvət tələb etməliyəm ki? Zatən mənə bacılıq edir də… Deməli, Gülər Əhmədovanın mənim məkanıma gəlməsi, mənim yanımda məndən xəbərsiz səsimi yazması, o səsi istintaqa verib, haqqımda cinayət işi açdırması, məni şərləməsi cinayətdir. Ancaq E.Abdullayevin öz otağında, öz məkanında özünü bu cinayətkar dəstədən müdafiə etmək üçün  apardığı videoçəkilişlər cinayət deyil, özünümüdafiədir. Iki dünya bir olsa da, bunun qanuni yolu budur. Hər zaman E.Abdullayevin əleyhinə yazmışam, onunla olan münasibətlərimi də hamı bilir. Amma bu gün o adam Azərbaycanı lərzəyə salan “təmiz əl” əməliyyatını aparır. Burada səsyazısı dinlənildi. Səsləri tanımadım. Gülərin kabluk səsindən başqa heç bir səs aydın eşidilmirdi. Əsas danışan adam da Gülərin özü idi, pul təklif edirdi və deyirdi “qəzetə kömək etmək istəyirəm, imtina edəndə də dedi, öz qəzetimin xərclərini hesablayıram. Özü hesabladı, 26 minə çıxdı, sonra da dedi ki, onun yarısını verəcəm”. Bunu harasında hədə-qorxu var? Dəfələrlə disklərə köçürülüb, həcmi dəyişdirilən “sübut” sübut kimi qəbul edilə bilməz. İbtidai istintaq da çox böyük səhv buraxıb. İttiham tərəfi qanunun bütün müddəalarını pozub. Qanun açıq şəkildə deyir. CM-nin 125-ci maddəsi – Sübutların mümkünlüyü. Zorakılıq, hədə-qorxu, işgəncə və yaxud digər qeyri insani, insan ləyaqətlərini alçaldan hərəkətlərin tətbiq edilməsilə əldə olunursa, sübut sübut sayıla bilməz.

Mən hər zaman bunun əleyhinə olmuşam. Bizim işimizi bizə qadağan elədilər, indi özləri bir-birlərini çəkirlər. Biz çəkə bilərik, biz yaza bilərik! Bu bizim peşəmizdən irəli gəlir. Bizi çəkdilər, bizi şərlədilər. Gülər adamın səsini necə yazıb, onu şantaj edə bilər? Bu adam deputatdır, əlində də min səlahiyyət var. Allah qoymasa, qanunları da hamıdan gözəl bilməlidir. Bunu qorxudurdumsa, haqqında dediyi kimi yazılar yazırdımsa, məhkəməyə müraciət edəydi. Niyə eləmədi? Çünki yuxarıdan Ramiz Mehdiyev ona dedi ki, get, üzünə dur. AR CM-nin 125.3 maddəsi deyir, 125.2 maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar – Gülərin diski, Gülərin telefon yazısı, mesajları ona aiddir – sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Bu maddələri nə qədər oxumaq olar? Qanun açıq deyir ki, bu fırıldağı siz sübut kimi qəbul edə bilməzsiniz. Siz sübut kimi qəbul edibsiniz. Hər zaman demişəm, bir daha xatırladıram. 10 min manat söhbəti olmayıb. O saxta səsyazısında da 10 min manat söhbəti olmayıb. Öz-özünə hesab aparıb, sonra da deyib ki, o qədər yox, amma yarısı qədər qəzetə kömək edərəm. O adam mənim yox, öz səsini mənim otağımda yazmağa gəlmişdi.

 10 min manat söhbəti PA-nın şöbə müdiri Əli Həsənovun otağında aparılıb

 Əgər söhbət Gülərin dediyidirsə, hesab onun apardığı hesabdırsa, o zaman o 26 min manat deyib. Onun yarısından söhbət gedirsə, o zaman bu pulun yarı məbləği 13 min manatdır. 10 min haradan çıxdı? Plan onun kabinetindən çıxıb. Bu gün də Əli Həsənov dövlətin milli teleseriallar çəkmək üçün ayırdığı 10 milyon manatı oğlu Şamxal Həsənova həvalə edib. Korrupsiya faktı budur. Mənim əməlimdə korrupsiya elementləri axtaran Əli Həsənovun özünün iş fəaliyyəti yoxlanılmalıdır, özü haqqında korrupsiya maddələrilə cinayət işi qaldırılmalıdır. Bu adamda bilmirəm, “vicdan” deyilən bir şey varmı? Yoxsa, bu da Gülər kimi heç bir zaman cəzasını almayacağını düşünür?

Bunlar nə boyda olduqlarını zənn ediblər ki, gündən-günə yüksələn, sözün kəsərini artıran, müstəqillik əhatəsini genişləndirən, Əli Həsənovun cibindən, əlindən asılı olmayan bir gündəlik qəzetin baş redaktorunu şərləyib tutdururlar, ürəkləri soyumur, hələ utanmaz-utanmaz törədilməyən cinayət müqabilində ona 11 il iş oxuyurlar? Mən Əli İnsanovam, yoxsa Fərhad Əliyevəm? Mən Zakir Qaralovam, Ziya Məmmədovam, Fikrət Məmmədovam, kiməm? Mən hansı səlahiyyətlərimdən istifadə edib, korrupsiya əməli törədə bilərdim? Mən jurnalistəm. 16 aydır da həbsdə heç bir səbəb olmadan saxlanılıram. Bunlar əgər məni yazılarıma görə həbs etməmişdilərsə, o zaman kollektivimin “ASİ” adlı çıxarmaq istədikləri qəzetin nəşrinə niyə qadağa qoydular. Biz həbsimdən sonra da “Xural”ı nəşr etdirmək istədik, amma “Ekspress” nəşriyyatından birbaşa bizə bildirdilər ki,

PA-dan Əli Həsənov şəxsən zəng vurub, qəzetin nəşr olunmasına qadağa qoyub

 O zaman bu nə ittihamlardır, mənə qarşı irəli sürmüsünüz? Sizin hikkəniz, qəzəbiniz nə həddədir ki, mənə 11 il iş istəyirsiniz? Bilirlər ki, bunların KİV DF adlı oyuncaq qurumlarını, Mətbuat Şurası adlı fırıldaqçı mətbuat oyuncağını, MTRŞ adlı ailə bandasını faktlarla üz-üzə qoyacaq yeganə adam mənəm. MTRŞ-nın bir başa üzvü var, onun 6-sı Ə.Həsənovun sinif yoldaşı, əqrəbasıdır, biri də arvadı. Bu ölkə Əli Həsənov kimi adamların arvad-uşağından ibarət deyil axı.  İttiham tərəfi saxta sübutları, olmayan şeyləri məhkəməyə təqdim edib. Ramella xanım, necə olubdur ki, siz onları icraata götürübsünüz, qəbul etmisiniz? Sübutların dəyərləndirilməsində deyilir ki, sübutlar tam, hərtərəfli, obyektiv şəkildə tərif edilməli, daxili inam formalaşmalı və vicdani qənaətlə hökm oxunmalıdır. Varmı, vicdan, ədalət, insanlıq? Humanistliyiniz varmı? Ehtimallarla, “mən yuxuda gördüm ki, Əvəz Zeynallı məndən pul istəyib”, deməklə, niyə bu adam bizim köləmiz olmur, deməklə 11 il iş oxumaq olarmı? Özü də havadan…

Ötən 16 ayda hadisələr elə cərəyan edib ki, hər şey məhkəmənin araşdırması olmadan da aydınlaşıb.

 (Ardı növbəti sayımızda)

XuralTAC

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button