“QEYDSIZ-ŞƏRTSIZ BƏRAƏT ISTƏYIRƏM!” -VII Hissə

AR CM-nin 306.2, 213.1, 311.3.2, 311.3.3, 311.3.4 maddələrilə ittiham olunaraq, həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmədə etdiyi “Son Söz”ü hissələrlə oxucuların diqqətinə çatdırırıq.

Əvəz Zeynallı 2011-ci il oktyabrın 19-da sabiq millət vəkili Gülər Əhmədovanın əsassız iddiaları ilə həbs olunub. Hazırda özü haqqında CM-nin 178 və 307-ci maddələrilə cinayət işi açılan G.Əhmədovanın özü isə 2013-cü il fevralın 13-də həbs olunub və Bakı İstintaq Təcridxanasında saxlanılır. 

Gülər Əhmədova indi bizimlə Ramiz Mehdiyevi təhdid edir

 S.Tarverdiyev Milli Dövlətçilik Partiyası adından oktyabrın 8-də guya bəyanat verib, o bəyanatı da işə əlavə ediblər. Orada yazılır ki, “yaxşı ki, bu qəzet bağlandı”. Halbuki, “Xural” qəzetinin nəşrinə oktyabrın 19-da R.Mehdiyev tərəfindən yağmalanandan bir gün sonra qadağa qoyulub. Necə olur? Bunlar falçıdırlar, uzaqgörəndilər ki, 12 gün əvvəl bəyanat veriblər ki, “yaxşı ki, bu qəzet bağlandı?” Onlara bunu məhkəmədə deyəndə özləri də quruyub qaldılar. Tanıdığım, yaxın bildiyim adamlarla çox iblisanə oyun oynayıblar. Mən yanılmıramsa, Azərbaycan mətbuatının tarixində bizim işimiz yeganə işdir ki, bu qədər ictimai-siyasi xadim və iş adamı bir redaktorun üzünə qoydurulur. Baxın.

1. Akif Məmmədov sabiq “Kurort” SC-nin prezidenti, Ə.Həsənovun qudası S.Mehbalıyevin iş ortağıdır. 2. Sabir Tarverdiyev İrəvan Mühacir Hökumətinin prezidenti, Milli Dövlətçilik Partiyasının sədri, Sumqayıt Maşın bazarının sahibi, iş adamıdır.

3. Aydın Heydərov “İnturAvto” SC-nin prezidenti, Sabir Tarverdiyevin xalası oğludur.

4. Vüqar Səfərli KİV DF-nin icraçı direktoru, Əli Həsənovun cinayət ortağıdır. Onun rəhbərlik etdiyi qurumu ona görə yaradıblar ki, o müstəqil mətbuata dəstək versin, onlarsa müstəqil mətbuatı məhv etməklə məşğuldurlar. Buna nail olublar da…

5. Ağabəy Əsgərov “Azərbaycan” nəşriyyatının direktoru, əməkdar jurnalist, Əli Həsənovun iş ortağıdır. 6. Nüşabə Ələsgərli Əməkdar artistdir. Özünün 50 obyekti var, birinə də vergi ödəmir, “qaşın üstündə gözün var” deyən də yoxdur ona. Niyə? Çünki üzəduranlarıdır, ona görə.

7. Bunların arasında ən balaca adam Mürvət Həsənlidir. O da “Xəmsə” restoranının sahibidir. Bu yaxınlarda da 8 min toyuğunun oğurlandığını, oğurlandığı zaman onların stress keçirdərək, daha yumurtlamadığını bəhanə gətirərək, 8 nəfəri tutdurb, ocağını söndürüb.

Mənim işim yeganə işdir ki, Azərbaycanın rəhbər strukturları son dərəcə biabırçı, son dərəcə axmaq bir oyunla məni susdurmağa çaışıblar. Onlar nəyə ümid eləyib, belə bir yola üz tutublar,  bilinmir. Əvvəldən demişəm, yenə deyirəm. Bizə qarşı olan iddiaların hamısının kökündə tənqidi yazılarımız durur. Oktyabrın 3-də Sumqayıt maşın bazarı haqqında tənqidi yazılar gedib, 8-də partiyanın bəyanatı verilib. Həmin bəyanatda da ayın 20-də olacaq hadisəyə 12 gün əvvəl qiymət verilib. G.Əhmədovanın da iddiaları başdan-ayağadək yazılarla bağlıdır. Son müsahibələrində də də yalnız yazılardan danışır. Heç bir hədə-şantaj da xatırladılmır. O müsahibələrin hamısını məhkəməyə təqdim etmişik.

 Gülər ANS-də deyirdi ki, “Bunu susdurmaq mümkün deyildi, Bu ağır yükün altına mən girdim”

 Məni daşımağa sənin çiyinlərin dözərdimi? Dözmədi də…

Aydın Heydərov, Akif Məmmədov, Ağabəy Əsgərov, hamısı burada yazılardan danışdılar. Nə yazmışdıq ki? Yazmışdıq, “Azərbaycan” nəşriyyatının ərazisində “novostroyka” evlər tikdirib, oradan Ramiz Mehdiyevə, Əli Həsənova evlər verib. Yazıya görə, bura gəlmişik. İndi də məlum olur ki, mənim burada üzümə duranların hamısı Ramiz Mehdiyev komandasının adamlarıdır. R.Mehdiyev o adamların əli ilə məni həbs etdirib, bu gün də məhkəməyə təzyiq göstərərək, məni uzun müddətə həbsə göndərmək niyyətindədir. Mənim işimdə hər hansı bir cinayət əməli yoxdur, ola da bilməz.

Bu gün beynəlxalq qurumlar ciddi şəkildə demokratik dövlət olmaq üçün Azərbaycandan müstəqil mətbuatın varlığını tələb edirlər. ABŞ-ın qurucu prezidentlərindən biri olan Cefersondan soruşanda ki, “Mətbuatsız hakimiyyət, yoxsa hakimiyyətsiz mətbuat?” O tarixi cavab verib ki, “hakimiyyətsiz mətbuat”. Yəni hakimiyyətdən asılı olmayan, müstəqil mətbuat olmadan dövlət inkişafda ola bilməz. Bunun qarşılığında bizim hakimiyyətdə olan səlahiyyətli qüvvələr bütün cəhdlə müstəqil mətbuatın səsini boğub, dövləti inkişaf etməyə qoymurlar.

Mən 10 il Türkiyədə oxudum, işlədim və Avropa mətbuatının içində oldum. Mənim Türkiyə mətbuatında dərc olunan yazılarım cildlənsə, Ramazan Hadıyevin qarşısındakı kitabdan qalın olar. Mən Avropa, dünya mətbuatının ən layiqli sıralarına çıxmaq uğrunda mübarizə aparıram və hər zaman da bu mübarizəni davam etdirəcəm. Mən gələcəyimi müstəqil mətbuatın inkişafında görürəm. Ona görə də bu ölkədə CM-nin 147-148-ci maddələrlə jurnalistləri həbs etmirlər. Çünki bu maddələrlə jurnalisti həbsə atmaq mümkün deyil. Heç 306 ilə də, 213-lə də mümkün deyil. Bir ara məni CM-nin 303-cü maddəsilə hədələdilər. Onunla da mümkün deyil. Bu adamlar müstəqil mətbuata qarşı o qədər qəzəbli oldular ki, 311-ci maddəni işə saldılar. Bütün dünya korrupsiya əməlinə pis baxır. Düzgün hesablama aparmadılar, düşündülər ki, 311-lə məni şərləyəcəklər, hamı da bunlara inanacaq. Amma beynəlxalq qurumların ilk sualı o oldu ki, “jurnalistdən necə ola bilər ki, korrupsioner olsun?” Bununla da bunların 311-ci maddəsi fiasko oldu.

“Xural”ın və Əvəz Zeynallının məsələsi əvvəldən axıradək sözün məsələsidir.

Biz müstəqil mətbuat çıxardığımıza, mətbuatın müstəqilliyini tələb etdiyimizə və bu yolda ardıcıl addımlar atdığımız üçün həbs olumuşuq. Azərbaycanda çox yazar var ki, qələmindən “qan damır”. Amma onlara, “gözün üstə qaşın var” deyən yoxdur. Bilirsinizmi, nə üçün? Ardıcıl və mütəmadi deyillər. Ardıcıllıq məqsədlərin bir çoxuna nail olmağa imkan verir.

Mən mətbuatın başına açdıqları oyun müqabilində Ə.Həsənov və V.Səfərli barəsində Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etməyə hazırlaşırdım. Məni mübarizə apardığım şeylərə görə həbs etdilər. Sizin çiyinlərinizi boş yerə ağır bir yükün altına verdilər. G.Əhmədovanın çiyinləri dözmədi. R.Hadıyevin də çiyinləri dözməyəcək. Çünki haqq sözün altında çiyin dözməz. Haqq söz adamı parça-parça edər.

Möhtərəm hakimlər, bu işdə bəraətdən başqa, hər hansı işin oxunmasını Allahsızlıq və vicdansızlıq hesab edirəm. Ona görə də bu məhkəmədən yalnız bəraət istəyirəm.

Bilmirəm, sizin o müşavirə otağınızda dövlət telefonu varmı? Bilmirəm, siz o telefondan gələcək zəngi gözləyəcəksinizmi? Bilmirəm, kimlərin sözü sizin üçün daha etibarlı olacaq, amma mənim işimdə, bu işdə, bəraətdən başqa hansısa bir qərar nə mənim tərəfimdən, nə cəmiyyət tərəfindən, nə də beynəlxalq qurumlar tərəfindən müsbət qəbul olunmayacaq. O baxımdan da,

 MƏN SIZDƏN QEYD-ŞƏRTSİZ BƏRAƏT İSTƏYİRƏM!

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button