Qiyamçı damğası

azad

Azad Mursaliyev

Azərbaycan Müqavimət Alyansı (AzMA) adından “qiyamçı rektorun başçılıq etdiyi üçlük” kimi qələmə verilən Abdullayev Elşad, Əliyev Riyad və Rzayev Qabil barələrində ilginc ittihamlarla “zəngin” bir bəyanata təsadüf etdim. Açığı deyim, “Azərbaycan Müqavimət Alyansı” adlandırılan təşkilatın fəaliyyyətini izləməmişəm (ola bilər, mənim diqqətsizliyimdən irəli gəlir), heç bu təşkilata kimlərin rəhbərlik etməsinə dair məlumatım da yoxdur. Sadəcə olaraq bəyanatda əksini tapmış ittihamlara dair fikirimi bildirməyi özümə borc bildim. İlk olaraq bu bəyanatın ərsəyə gəlmə səbəblərini bir daha nəzərdən keçirmək məqsədəuyğun olardı. Başlayaq ondan ki, adı çəkilən təşkilat ondan narahatdır ki, bəyanatda göstərildiyi kimi “qiyamçılar” daima bu xalqın Qənimət Zahid, Yeganə Əmiraslanova, Fikrət Hüseynov kimi qiymətli insanlarını hədəfə alıblar. Hər birimizin həqiqətə baxışımızı nəzərə alaraq qismən də olsa təşkilatın yuxarıda adları çəkilən bəzi insanlar, xüsusilə Qənimət Zahid barəsində “dəyərli insan” fikirlərini qəbul edib, təqdir edirəm. Düzə ölüm yoxdur. Lakin maraqlı olan məqam budur ki, “qıiyamçıların” Qənimət Zahidlə aralarında baş verən hər hansı bir anlaşılmazlıq barəsində (məlumatsızam) nədənsə adı vurğulanan təşkilat bu günə qədər heç bir bəyanat yaymamış, eyni zamanda zənnim məni aldatmırsa, bəyanatda qeyd olunduğu kimi digər “qiymətli insanlar” barəsində də heç bir açıqlama olmamışdır vaxtında. Bu gün isə “qiyamçılar”la professor Ataxan Əbilov arasında çaxnaşma düşən məqamda bəyanatın verilməsi və həmin bəyanatda Qənimət Zahidin adının hallandırılması diqqətdən kənarda qalmır. Yəqin ki, az qala respublikanın ən hörmətli mətbuat orqanının başında duranlardan birisi olan Qənimət Zahid lazım gəlsəydi, “qıyamçılar”ı özü öz qəzetində “O olmasın, bu olsun” filmində deyildiyi kimi “biabır edərdi”. O, bunu etməyibsə və ona görə vaxtında səs-küy qaldırmayan AzMA bu gün birdən-birə öz bəyanatına Qənimət Zahid və ya digər “qiymətli insanların” koloritini niyə verir? Bəkə məsələ heç də bu təşkilatın yuxarıda adları qeyd olunan insanlara görə deyil, konkret olaraq professor Ataxan Əbilova görə narahatçılığından irəli gəlir? Olsun. Kimlərisə müdafiə etmək, onlara qarşı edilən “ədalətsizliyə” görə narahat olmaq əsl vətəndaş mövqeyidir, təqdirə layiqdir. Amma bir şərtlə, əgər sən həqiqət carçısı mövqeyindən çıxış edirsənsə, baş verənlərə obyektiv münasibət bildirəcəksən, haqqın yanında olacaqsan. Sual olunur, “qiyamçı” kmi qələmə verdiyiniz insanlar Ataxan Əbilovdan nə istəyirlər, onu nədə qınayırlar və respublika içtimayəti arasında özünə görə hörməti olan tanınmış hüquqşunas, professor Ataxan Əbilov hansı səbəblərən şəxsən “qiyamçılara” tutarlı cavab vermir? Bəlkə məsələ heç də sizin israr etdiyiniz kimi deyil? Mənim bildiyim budur ki, Ataxan Əbilov separatçı TMR-in təşkilatçılarından biri olub (ola bilər yanılıram, buna hörmətli professor aydınlıq gətirməlidir). O, separatçı Əlikram Hümbətov tərəfindən 1993-cü il tarixində separatçı TMR-in hansısa məsul vəzifəsinə təyin edilibmiş. Separatçı Əlikram Hümbətovun tərəfdarı kimi hətta respublikanın bəzi aidiyyatı orqanlarında da faktla bağlı sorğu-sual olunub. Bu məsələdən az qala 15 il keçməsinə baxmayaraq, hörmətli professor içtimayyətə lazım deyil, ən azından mühacirətdə olduğu, dostluq etdiyi insanlara bir dəfə də olsun belə Azərbaycanın parçalanması istiqamətində aktiv fəaliyyət aparan birisinin yanında olmamasına, onu dəstəkləməməsinə dair açıqlama vermir, əksinə, bir təşkilatda bulunduğu insanları qıcıqlandıracaq addımlarından belə vaz keçmir. Elə bu səbəbdən də Ataxan Əbiov haqqlı olaraq AAMBŞ-dan xarıc edilir. İndi növbəti sual olunur. Kimdir xalqımızı və bütövlükdə Azərbaycan dövlətinin mənafelərini ciddi zərbə altına qoyan, kimdir çəkinmədən Azərbaycanda yaşayan xalqlar arasında əsrlər boyu mövcüd olan dosluğu, həmrəyliyi, qardaşlığı hədəf alan? Kimdir qiyamçı? Əgər qiyam — “ölkədə mövcud olan hakimiyyətə qarşı dövlət çevrilişi etmək məqsədi ilə hərbi qruplaşmaların silahlı çıxışı” mənasını verirsə, o zaman qiyamçı Əlikram Hümbətovu və onu dəstəkləyənləri adlandırmaq lazımdır, əzizlərim. Bəyanat müəllifləri qeyd edirlər ki, “qiyamçıların” hədəf planında hələ neçə-neçə həmvətənlimizin yer alacağı barədə də məlumatları var. Əslində, əgər “qiyamçıların” hədəfində Əlikram kimi Azərbaycan torpağının suyunu içib, çörəyini yeyib bu xalqa xəyanət edən “həmvətənimiz” bundan sonra da olacaqsa, o zaman onlara ancaq və ancaq uğurlar arzulamaq lazımdır. Çünki kütləvi informasiya vasitələrindən bizə yaxşı məlumdur ki, 1993-cü ildə Əlikram Hümbətov tərəfindən qondarma respublikanın məsul vəzifələrinə təyin olunan yeganə professor Ataxan Əbilov olmayıb. Mənim təklifim budur ki, bu bəyanatla Azərbaycan cəmiyyətinə səslənib, onu yanlış informasiya ilə yükləmək əvəzinə, AzMA hörmətli professor Ataxan Əbilovu Azərbaycanın ən ağrılı məsələsi olan Dağlıq Qarabağ konflikti haqqında, istərsə də Azərbaycanda demokratiya və insan hüquqları ilə bağlı fəaliyyətini qabartmadan öncə Azərbaycan-Talış xalqlarının mənafeyini satan Əlikram Hümbətovun dağıdıcı fəaliyyətini qınamasına dair bir bəyanatda bulunmasına dəvət etsin. Hesab edirəm belə olduğu halda hörmətli professoru qınayanlar da nə qədər böyük bir yanlışlığa yol verdiklərini qəbul edəcəklər. Bu dartışmanın başqa həlli yolu varsa söyləyin. Yeri gəlmişkən, professor Elşad Abdullayevi “orqan alverçisi”, “ermənilərə kilsə tikən”, “silah gəzdirən”, “adam oğrusu”, “odioz rektor”, “dogma qardaşını oğurlayıb, sonra öldürən” (əstəğfürullah) və onlarla bu kimi saxta damğalarına “qiyamçı” damğasının əlavə olunması münasibəti ilə təbrik edirəm.

Dəlixanadır-dəlixana.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button